Yaqub Mahmudov: 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir

 

Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilib.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilədək iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birlikdə olduğunu bildirib, 20 Yanvar faciəsinin Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir. O deyib: “Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostovbaşqa yerlərdən səfərbərliyə alınmış erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.

20 Yanvar faciəsinin birbaşa səbəbkarı olan Mixail Qorbaçova Nobel sülh mükafatı verildiyini bildirən Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov deyib: “Bu adam sülhsevər və sülhün bərqərar olunmasına çalışan biri idisə, Bakıda niyə əliyalın insanları tankla qırdırdı?!”.

Tarix İnstitutunun şöbə müdiri İlqar Niftəliyev qeyd edib ki, 20 Yanvar faciəsi sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir.

Digər çıxış edənlər də 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə qanla yazıldığını və xalqımızın azadlıq mübarizəsində şərəfli səhifə olduğunu söyləyiblər.

 

Azərbaycan.- 2018.- 20 yanvar.- S.5.