Şənbə gecəsinin
faciəsi
20 Yanvar
1990-cı il. O gecə sinoptiklər Bakıya qərənfil yağışı deməmişdi.
Amma sabah
üzü şəhərin
küçə və
meydanları qərənfil
yağışına qərq
olmuşdu. Çiçəklərin ləçəyindən süzülən şeh damcıları isə insanların göz yaşlarına qarışmışdı.
Anaların fəryadı, şəhid
balasının naləsi
hər tərəfi bürümüşdü.
Xalq bu böyük faciənin içərisində
səbir, təmkin göstərirdi. İgid övladları ilə
- şəhidlərlə böyük
ehtiramla vidalaşırdı.
Bu, adicə yas
mərasimi deyildi, həm də xalqımızın birlik,
oyanış günü
idi. Sübut etməyə çalışırdıq
ki, ən dəhşətli hədələr
də, güllə, mərmi yağışı
da bizi müstəqillik
yolumuzdan döndərə
bilməz. Xalqımızın mərd oğulları o gecə ittifaq bostanına azadlıq toxumu səpirdilər.
Biz qürurla, milli təəssübkeşliklə
məqsədimizə doğru
inamla gedirdik. Qan bahasına azad yaşamaq arzularımızı
həqiqətə çevirirdik.
Bu yol ağır
sınaqlardan keçirdi.
Qırmızı ordunun qara niyyətli əsgərləri
heç nəyə, heç kəsə zərrə qədər də güzəşt etmirdi. Böyüklü-kiçikli - hamını hədəf
seçir, günahsız
adamları yerindəcə
güllələyirdilər.
O gecənin təşvişini, vahiməsini
ailəmiz də yaşadı. O qaranlıq
gecədə kiçik
qızım dünyaya
göz açırdı.
Amma xəstəxanaya gedən yollar təhlükədə
idi, dörd tərəfdən güllə
səsi eşidilirdi.
Ən dolayı yollar axtarırdıq. Onda
qonşumuz Vahid kişi köməyimizə
çatdı. Öz maşını
ilə gizli yollarla bizi xəstəxanaya
çatdırdı. Təhlükəni
hamı hiss edirdi. Səhəri
gün xəstəxananın
zədəli divarlarını
görəndə mat-məəttəl
qaldıq. İllərlə inandığımız “xilaskar”
ordunun əsgərləri
təzəcə doğulan
körpələri də
hədəf seçmişdilər.
Yolboyu onlarca təcili yardım maşınını
güllə yağışına
tutmuşdular. Adamlar öz
itkilərini, yaralıları
və o gecənin şəhidlərini axtarırdılar.
Bu çətin axtarışlar nəticəsində
bəzən adamların
bütöv cəsədi
yox, bir parça qolu, qıçı tapılırdı.
Adamlar bu tale yazısı ilə barışmasalar da, sovet ordusunun
əsgərləri güzəştsiz
hücumlarını davam
etdirirdilər.
O gecənin sabahısı Bakı qəmli libas geyinmişdi. Böyük şəhər informasiya
blokadası içərisində
idi. Səsimiz, sözümüz elə bu şəhərin
divarları arasında
itib-batırdı. Dünyanı, sülhsevər adamları
köməyə çağırmaq
istəyirdik.
O qanlı günlərdə iş yerimizə döndüyüm günü xatırlayıram. O vaxtlar Azərbaycan televiziyası da susdurulmuşdu. Televiziyanın həyətinə daxil olanda qəribə mənzərənin şahidi olduq. Azərbaycan televiziyası sovet əsgərlərinin tam nəzarətində idi. Hətta əməkdaşların televiziyanın həyətinə daxil olmasına da ciddi qadağalar yaratmışdılar. Əsgərlər ora-bura qaçışır, balaca meydanda Bakı komendantı əl-qolunu ölçə-ölçə dolaşırdı, daha doğrusu, gəlib-gedənlərə nəzarət edirdi. Belə bir anda televiziyanın giriş qapısında xalq şairi Bəxtiyar Vahabzadə göründü. Özü də çılğın, hiddətli, əsəbi - heç cür özünü cilovlaya bilmirdi. Və heç nəyə məhəl qoymadan düz meydanın mərkəzinə qədər yeridi. Üzünü komendanta tutub: - Axı bizim günahımız nə idi? Bu xalq sizə neyləmişdi ki, bu qədər qan tökdünüz? Komendant onun dediklərini anlamasa da, əmr etdi ki, bu adamı uzaqlaşdırın. Onda Bəxtiyar müəllim tərəddüd etmədən, heç nədən çəkinmədən komendantın yaxasından yapışdı. Onu var gücü ilə silkələyib əsəblərini sakitləşdirmək üçün birbaşa üzünə tüpürdü: - Sən buna layiqsən, - dedi. Bu məqamda komendant əlini silaha atdı. Onda Bəxtiyar müəllimin həndəvərində olan adamların hamısı irəli yeridi. Televiziyanın ovaxtkı baş rejissoru Vasif Babayev və rəhmətlik Alı Mustafayev komendanta anlatdılar ki, bu, sıradan bir adam deyil, xalq şairi, millət vəkili, ittifaq məkanında tanınan ziyalı, alim Bəxtiyar Vahabzadədir. Nədənsə, bu sözlərdən sonra komendant xeyli mat-mat baxıb əlini silahından çəkdi və işarə etdi ki, bu adamı dərhal uzaqlaşdırın. Onda Bəxtiyar müəllimi əhatəyə alanların hamısı onu öz qolları üstündə televiziyanın giriş qapısına qədər apardılar. Onda keçirdiyim qürur hissini bu gün də unuda bilmirəm. Fəxr edirdim ki, hörmətli müəllimim Bəxtiyar Vahabzadə xalq, millət üçün bu qədər təəssübkeşlik, canfəşanlıq göstərir. Əsl ziyalı mövqeyi ilə hamını mat qoya bilirdi. O hadisəni xatırladıqca Bəxtiyar müəllimin çöhrəsi bu gün də gözlərim önünə gəlir. Bütün mədəniyyəti, mənəvi zənginliyi ilə seçilən Bəxtiyar müəllim o gün az qala özünə bənzəmirdi. Sözün düzü, Bəxtiyar müəllimi bu qədər əsəbi görməmişdim. Doğrudur, onun hərəkətlərində qeyri-adi cəhətlər çox idi. Amma millət, xalq təəssübkeşliyindən söhbət düşəndə heç nəyə güzəşt etmirdi. Allah ona qəni-qəni rəhmət eləsin!
Nə yaxşı ki, o çətin günlərdə xalqımızın belə müdrik oğulları, dəyərli ziyalıları var idi. Həmin gün Bəxtiyar müəllim yollar axtarırdı ki, səsimizi, sözümüzü dünyaya çatdıra, xalqımızı informasiya blokadasından çıxara bilək. Həmin gün olmasa da, səhəri gün Bəxtiyar Vahabzadə “Azadlıq” radiosu ilə əlaqə yaratdı. Haqq səsimizi dünyaya çatdırmaq üçün vaxt istədi. Öz nüfuzundan, mövqeyindən istifadə edib millət, xalq üçün gücü çatan, imkanı yetən bir iş görmək istədi.
O ağır günlərdən, dəhşətli hadisədən 28 il ötür. Amma xalqımız o günləri, şəhid balasının harayını, anaların fəryadını bir an da unutmur. İllər, qərinələr ötəcək, amma o ağır günün, şənbə gecəsinin faciəsini heç vaxt unuda bilməyəcəyik... O gün tökülən qan əvəzinə, itirdiyimiz canlar əvəzinə azadlığımızı qazanırdıq. Bu gün onu qorumaq üçün, müstəqilliyimizi əbədiləşdirmək, möhtəşəm dövlətçilik ənənələri yaratmaq üçün hələ çox iş görməliyik. Biz gələn nəsillərə sübut etməliyik ki, ötən günlərin faciəsini unutmasınlar. Elə əsl varislik də belə yaranır, nəsildən-nəslə ötürülür, heç nə unudulmur...
İllər ötsə də, müqəddəs Şəhidlər xiyabanı o günlərin sorağını, ağrısını qoruyub saxlayır. Biz şəhidlərə - zirvədə olan övladlarımıza hörmətlə, ehtiramla yanaşırıq. Bu ziyarətgah bizim üçün müqəddəs yerdir. Dünənin məktəblisi də, sabahın ziyalısı da o yerdən ötəndə ayaq saxlayır. O ziyarətgaha ehtiramını, hörmətini bildirir. Aradan 28 il ötsə də, o gecənin ağrı-acısı unudulmur. Adamlar geriyə boylanır, itkilərini, qazancını ölçüyə-biçiyə gətirir və qürurla deyirik ki, bizim qazancımız uzun illər arzuladığımız azadlıq, müstəqillik olub! Millət üçün, xalq üçün bundan böyük sərvət ola bilməz! Biz o sərvəti dönə-dönə qoruyuruq və qoruyacağıq!
Bəşir ŞƏRİFLİ
Azərbaycan.-
2018.- 20 yanvar.- S.6.