Moskvada Qara Yanvar qurbanlarının xatirəsi anılıb

 

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda baş vermiş faciənin 28-ci ildönümü ilə bağlı mərasim keçirilib. Tədbirdə xarici dövlətlərin səfirləri, Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barelyefinin və faciə qurbanlarının siyahısı yazılmış stendin önünə tər çiçəklər düzüblər.

Qonaqlara rusingilis dillərində o dəhşətli gecədə baş verənlər haqqında məlumat verilib, 28 il əvvəl törədilən qanlı cinayətlərin xronikası açıqlanıb. Qeyd edilib ki, sovet imperiyasının hərbi hissələrinin Bakıya hücumu, dinc və silahsız insanların, o cümlədən uşaq, qadın və qocaların gülləboran edilməsi, azadlıq uğrunda mübarizə aparan xalqa qarşı təcavüz nəticəsində 147 nəfər öldürülüb, 638 vətəndaşımız yaralanıb.

20 Yanvar hadisələrindən ətraflı bəhs edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, bu dəhşətli gecə xalqımızın yaddaşından heç vaxt silinməyəcək, şəhid olmuş faciə qurbanlarının xatirəsi əbədi yaşayacaq. “O məşum gecədə heç bir günahı olmayan Azərbaycan vətəndaşları həlak olublar. Yəqin ki, dövlətin öz vətəndaşlarını tanklarla əzməsi ən qorxunc hadisədir. Bu, Sovet İttifaqının bitdiyibir dövlət kimi öz varlığını davam etdirə bilməyəcəyinin məlum olduğu qırmızı xəttin keçilməsi oldu. Azərbaycanlıların partiya biletlərini torbalarla necə gətirdiyini və küçələrdə yandırdığını xatırlayıram. Alçaldılmasına dözə bilməyən xalq hiddət və qəzəblə dərk etdi ki, milli qürur hissi qalib gəlməlidir”, - deyə səfir əlavə edib.

O vurğulayıb ki, Azərbaycanın Moskvadakı səfirliyinin binası Rusiya paytaxtında yaşayan və işləyən həmvətənlərimiz üçün Qara Yanvar hadisələri ilə əlaqədar xüsusi önəmə malikdir: “1990-cı il yanvarın 21-də görkəmli siyasi xadim və Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev öz oğlu ilə birlikdə bu binaya gəlib və kommunist rejimi şəraitində cəsarətlə bu hadisələrin cinayət olduğunu bəyan edib. Bu, 1990-cı il yanvarın 20-nə keçən gecə törədilmiş cinayətə verilən ilk siyasi qiymət idi. İdeoloji sistemə qarşı bu cür ittiham irəli sürmək üçün böyük mərdlik və cəsarət tələb olunurdu və Heydər Əliyev bunu etdi”.

P.Bülbüloğlu qeyd edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri olduqdan sonra həmin faciəli hadisələr haqqında bütün faktları toplamaq üçün komissiya yaratdı.

Səfir çıxışının sonunda deyib: “Bu gün burada Azərbaycan gəncliyinin çoxlu nümayəndələri də varonlara demək istəyirəm ki, azərbaycanlılar 20 Yanvar faciəsini heç vaxt unutmamalıdırlar. Azərbaycan inkişaf edir, ölkəmiz bütün dünyanın hesablaşdığı suveren dövlətdir və bu, Azərbaycan xalqına əl qaldırmağa cəsarət edən təcavüzkarlar üçün ən yaxşı cavabdır”.

 

Azərbaycan.- 2018.- 20 yanvar.- S.6.