Pakistanın “National Herald Tribune” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə verilib
Pakistanın “National Herald
Tribune” qəzetində “20 Yanvar
– Qara Yanvar və Azərbaycanın müstəqilliyi” sərlövhəli
məqalə dərc olunub.
AZƏRTAC xəbər
verir ki, yazıda 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında
məlumat verilir. Azərbaycan
xalqına “dərs vermək” məqsədilə
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə 26 minlik, əsasən ermənilərdən
ibarət olan sovet qoşununun Bakıya yeridildyi, dinc əhalini atəşə tutduğu,
tanklarla qarşısına
keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə
nəticəsində aralarında
qadın və uşaqların, Bakıda yaşayan digər millətlərin nümayəndələrinin
də olduğu 130-dan
çox insanın şəhidlik zirvəsinə
yüksəldiyi, 700 nəfərin
yaralandığı və
841 nəfərin həbs
edildiyi vurğulanır.
Qeyd olunur ki, o vaxt Moskvada
yaşayan ulu öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq
Azərbaycanın Moskvadakı
nümayəndəliyinə gedərək faciənin baş verməsində Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyini açıq şəkildə
ittiham edib və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Məqalədə 1990-cı il
yanvarın 22-də bir
milyondan çox insanın şəhidləri
dəfn etmək üçün küçələrə
çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük matəm elan olunduğu diqqətə çatdırılır
və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirdiyi bildirilir. Həmçinin hadisəyə beynəlxalq
reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların
hesabatları vurğulanır.
Müəllif 20 Yanvar hadisələrinin
Azərbaycan tarixində
dönüş və
qurur nöqtəsi olduğunu bildirir, təzyiqlərə və
çətinliklərə baxmayaraq Azərbaycan xalqının əzmlə
mübarizə apardığına
və nəticədə
1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna
diqqət çəkir.
Sonda bildirilir ki, Azərbaycan Prezidentinin Sərəncamı
ilə 20 Yanvar şəhidlərinin ailələri
dövlət himayəsinə
götürülüb, xalq
öz qəhrəman oğul və qızlarını unutmayıb
və hər il yüz minlərlə
insan Şəhidlər
Xiyabanına gedərək
onların ruhuna ehtiramını bildirir.
Azərbaycan.- 2018.- 20 yanvar.- S.6.