Heydər Əliyevin 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində
keçirilmiş yığıncaqda
çıxışı
- Əziz həmvətənlərim, xanımlar və cənablar!
Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.
Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm.
Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.
Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq, iş təkcə bununla bitmir.
İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir.
Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.
Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər.
Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?
Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu
birləşməsinin olduğu
mənə yaxşı
bəllidir. Azərbaycanda
kifayət qədər
- 4-cü ordu, Xəzər
Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası,
Hava Hücumundan Müdafiə Qoşunları,
DİN-in daxili qoşun
birləşmələri vardır.
Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən
də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan
əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov,
öz xalqı qarşısında məsuliyyət
daşımalıdır. Ölkənin ali
siyasi rəhbərliyinə
yanlış məlumat
verənlər də məsuliyyət daşımalıdır.
Zənnimcə, ölkənin
ali siyasi
rəhbərliyinə vəziyyət
barədə vaxtında
kifayət qədər
düzgün, dəqiq,
obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə
qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.
21 yanvar 1990-cı il,
Moskva
Azərbaycan.-
2018.- 20 yanvar.- S.2.