Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında
çıxışı
7 mart 1991-ci il
... 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.
Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir. Deputat Qarayevin məruzəsindəki məlumatlar buna tam əsas verir. Məsələnin müzakirəsinin təxirə salınması, uzadılması 20 Yanvar faciəsini ört-basdır etmək niyyəti kimi qəbul oluna bilər. Buna yol vermək olmaz.
Xalq deputatı kimi Bakıda bir ildən artıq müddətdə fövqəladə vəziyyətin hökm sürməsini başa düşə bilmirəm. Aydın deyil ki, sovet ordusunun qoşun hissələri kimi kimdən qoruyur.
Bəziləri deyir ki, 20 Yanvarda Bakıya çağırılmamış qoşun hissələri gəlibdir. Əgər onlar, doğrudan da, çağırılmamışdırlarsa, respublika dövləti öz suveren hüquqlarından istifadə edərək onları dərhal geri qaytarmalı idi. Lakin belə olmayıb. Əksinə, qoşunların Bakıda indiyə qədər saxlanılması zəruri hesab olunur.
Elmira Qafarovanın "vətəndaş müharibəsi baş verər" sözləri ilə deputatları və xalqı qorxutması da əsassızdır. Anlamaq olmur: kim kiminlə müharibəyə hazırlaşıb? Bu çox ciddi məsələdir. Əgər belə bir təhlükə varsa, məsələ Ali Sovetin sessiyasında müzakirə olunmalı, lazımi tədbir görülməlidir.
Azərbaycan.- 2018.- 20 yanvar.- S.2.