Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxışı

 

29 avqust 1991-ci il

 

 ... 20 Yanvar faciəsi dövründən il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan Prezidenti Ayaz Mütəllibova. Nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Tamerlan Qarayevin verdiyi arayışla mən razı ola bilmərəm. Çünki bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı məsələnin hüquqi cəhətinə, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunmasına, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə başqa tədbirlər həyata keçirmək olmur.

Elmira Qafarova: Verilib, sessiyada, ayın 20-də.

Heydər Əliyev: Bəs verilibsə, kim bu hərbi təcavüzün günahkarıdır? Bu günləri deyirlər ki, Yazov, Kryuçkov, Bakatin, Girenko, Qorbaçov. Bu doğrudur. Bəs Azərbaycan rəhbərliyindən kimdir günahkar? Bəli, bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa üzvləri. Bəli, əgər başqa adamlar da günahkardırsa, aydınlaşdırmaq lazımdır. Başqa qüvvələr də günahkardırlarsa, demokratik qüvvələr, Xalq Cəbhəsi, onlara da siyasi qiymət vermək lazımdır. Bunları aydınlaşdırmayana qədər Azərbaycanda siyasi sabitliyi əldə etmək olmaz. Əgər bu məsələyə siyasi qiymət verilibsə, Ayaz Mütəllibovdan xahiş edirəm desin, nə üçün Qorbaçov 3 nazirin təyin olunması barədə 9 respublikanın rəhbərlərindən razılıq alarkən, Ayaz Mütəllibov Bakatinin Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunmasına etiraz etməmişdir? Əgər edibsə, bəs niyə çıxışında demədi? Nə üçün 20 Yanvar faciəsinin günahkarlarından biri olan Vəzirov Azərbaycan Respublikasından Xalq Deputatları Qurultayını hazırlama Komissiyasına üzv seçilibdi? Onu ora kim təqdim edib? Azərbaycan Respublikasının rəhbərləri əgər bunu ediblərsə, onlar Azərbaycan xalqının qarşısında günah edirlər, mən bunu tam açıqlığı ilə demək istəyirəm.

Bütün bu məsələləri aydınlaşdırmadan - şübhəsiz ki, mən də çıxış edən deputatların təklifləri ilə razıyam - Azərbaycanda prezident seçkiləri keçirmək olmaz. Sonra Azərbaycan Respublikası Ali Soveti deputatlarının əksəriyyəti, tam əksəriyyəti kommunist olduqlarına görə, Kommunist Partiyasının rəhbər orqanlarında fəaliyyət göstərən adamlar parlamentə deputat seçildiklərinə görə və Azərbaycan Kommunist Partiyası çox şeylərdə günahkar olduğuna görə mən hesab edirəm ki, Azərbaycan Respublikasının parlamenti buraxılmalıdır və yenidən seçkilər aparılmalıdır. Mən belə kəskin çıxış edərkən düşünürəm ki, indi mənim çıxışımdan sonra xüsusi hazırlanmış adamlar çıxıb mənim əleyhimə sözlər deyəcəklər. Mən bu sözlərə öyrənmişəm. Ona görə də heç narahat olmayın. Mən öz vicdanım qarşısında cavabdeh olaraq bu gün bu çıxışı edirəm.

 

Azərbaycan.- 2018.- 20 yanvar.- S.2.