Azərbaycan Respublikasının Silahlı Qüvvələri
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə edilən əsas
anlayışlar aşağıdakılardır:
1.0.1. Azərbaycan
Respublikasının Silahlı Qüvvələri (bundan sonra -
Silahlı Qüvvələr) - Azərbaycan
Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi
bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin
və müdafiəsinin təmin edilməsi məqsədilə
yaradılmış, Azərbaycan Ordusundan və başqa
silahlı birləşmələrdən ibarət hərbi təsisat;
1.0.2. Azərbaycan Ordusu - Silahlı
Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan
Respublikasına qarşı yönəlmiş təcavüzün
dəf edilməsini, ərazi bütövlüyünün və
toxunulmazlığının silahlı müdafiəsini təmin
edən və fəaliyyəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təşkil edilən silahlı
birləşmə;
1.0.3. Azərbaycan
Respublikasının başqa silahlı birləşmələri
(bundan sonra - başqa silahlı birləşmələr) -
Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu
qanunla müəyyən edilmiş xüsusi vəzifələri
yerinə yetirən və hərbi xidmət nəzərdə
tutulan dövlət orqanları (dövlət
orqanlarının strukturuna daxil olan qurumlar). Başqa
silahlı birləşmələrə aid dövlət
orqanlarının (dövlət orqanlarının strukturuna
daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
Maddə 2. Silahlı Qüvvələrin
fəaliyyətinin hüquqi əsasları
2.1. Silahlı Qüvvələrin fəaliyyətinin
hüquqi əsasını Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr,
bu qanun və Silahlı Qüvvələrin fəaliyyətini
tənzimləyən digər normativ hüquqi aktlar təşkil
edir.
2.2. Azərbaycan Ordusunun və
başqa silahlı birləşmələrin fəaliyyətinin
hüquqi əsasları Azərbaycan Respublikasının
müvafiq qanunları ilə müəyyən edilir.
2-ci fəsil
Silahlı Qüvvələrin
təyinatı, vəzifələri və fəaliyyətinin təşkili
Maddə 3. Silahlı Qüvvələrin
təyinatı
Silahlı Qüvvələr Azərbaycan
Respublikasının silahlı müdafiəsi, təcavüzün
dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi
doktrinasında nəzərdə tutulmuş məqsədlərin
reallaşdırılması, habelə Azərbaycan
Respublikasının təhlükəsizliyinin və milli
maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun,
suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin
qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik
və hərbi xidmətə çağırış,
mülki müdafiənin təşkili, dövlət
mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin
edilməsi və mühafizə olunan obyektlərin
qorunması, məhkumların və həbsdə saxlanılan
şəxslərin müşayiəti və mühafizəsi
üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi
üçün dövlət tərəfindən
yaradılır.
Maddə 4. Silahlı Qüvvələrin
əsas vəzifələri
4.1. Dinc dövrdə Silahlı
Qüvvələrin əsas vəzifələri
aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikasına
qarşı təcavüzün qarşısını
almağa və onu dəf etməyə hazır olmaq;
4.1.2. əməliyyat
şəraitini, onun təhlükəli dəyişməsini
izləmək və Azərbaycan Respublikasına qarşı təcavüzə
hazırlığı vaxtında aşkar etmək və nəzarətdə
saxlamaq;
4.1.3. hərbi idarəetmə
orqanlarının, qoşunların (qüvvələrin)
döyüşə və səfərbərliyə
hazırlığını təcavüzün
qarşısının alınmasını təmin edəcək
səviyyədə saxlamaq;
4.1.4. konstitusiya
quruluşunun, suverenliyin, ictimai qaydanın qorunmasında və
ictimai təhlükəsizliyin təmin edilməsində
iştirak etmək;
4.1.5. Azərbaycan
Respublikasının dövlət sərhədini mühafizə
etmək;
4.1.6. əhalinin və
ərazinin (Azərbaycan Respublikası ərazisinin
hüdudları daxilində torpaq, su və hava məkanının,
istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf
mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə
mülki müdafiəni təşkil etmək;
4.1.7. fövqəladə
halların aradan qaldırılmasında iştirak etmək;
4.1.8. Azərbaycan
Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini,
enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya
qurğularını, xüsusi yükləri, hərbi obyektləri
və digər mühüm dövlət obyektlərini
mühafizə etmək;
4.1.9. azadlıqdan
məhrumetmə cəzasına məhkum olunmuş, habelə
barələrində həbs qətimkan tədbiri
seçilmiş şəxslərin mühafizəsi və
müşayiət olunmasını, həmçinin penitensiar
müəssisələrin mühafizəsini həyata
keçirmək;
4.1.10. hərbi
idarəetmə orqanlarının və qoşunların
(qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik
və mənəvi-psixoloji hazırlıq plan və
proqramlarını daim təkmilləşdirmək;
4.1.11. hərbi
texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək,
yeniləmək və döyüşə hazır vəziyyətdə
saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək;
4.1.12. səfərbərlik
və hərbi xidmətə çağırış
üzrə tədbirlər kompleksini təkmilləşdirmək;
4.1.13. peşəkar
hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək,
hərbi-elmi potensialı artırmaq;
4.1.14. beynəlxalq
terrorçuluq və mütəşəkkil cinayətkarlıqla
mübarizə aparmaq;
4.1.15. beynəlxalq
hərbi əməkdaşlığı həyata keçirmək;
4.1.16. Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərinə əsasən
sülhün və təhlükəsizliyin dəstəklənməsi
(bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak
etmək və həmin öhdəliklərdən irəli gələn
digər vəzifələri yerinə yetirmək;
4.1.17. ölkə
ərazisinin müdafiəsi üzrə tədbirlərin və
mülki müdafiə planı layihəsinin
hazırlanmasında iştirak etmək.
4.2. Dinc dövrdə yerinə yetirilən
əsas vəzifələrə əlavə olaraq, real təhdid
dövründə Silahlı Qüvvələrin əsas vəzifələri
aşağıdakılardır:
4.2.1. döyüşə
və səfərbərliyə hazırlığın səviyyəsini
artırmaq, bununla bağlı əlavə tədbirlər
kompleksini həyata keçirmək;
4.2.2. fövqəladə
və hərbi vəziyyət rejimlərinin təmin edilməsi,
ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin
yerinə yetirilməsində iştirak etmək.
4.3. Dinc və real təhdid dövrlərində
yerinə yetirilən əsas vəzifələrə əlavə
olaraq, səfərbərlik və müharibə (silahlı
münaqişə) dövründə Silahlı Qüvvələrin
əsas vəzifələri aşağıdakılardır:
4.3.1. tam və ya
qismən səfərbərlik üzrə tədbirləri
vaxtında yerinə yetirmək;
4.3.2. ərazi
müdafiəsi üzrə vəzifələri yerinə yetirmək;
4.3.3. Azərbaycan
Respublikasına qarşı təcavüzü dəf etmək,
ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyatlar
aparmaq, düşmən qüvvələrini məğlubiyyətə
uğratmaq, onları Azərbaycan Respublikasının
maraqlarına uyğun şərtlərlə hərbi əməliyyatları
dayandırmağa (sülh danışıqları aparmağa
və sülh sazişi bağlamağa) məcbur etmək.
Maddə 5. Silahlı Qüvvələrin
hərbi quruculuq və fəaliyyət prinsipləri
5.0. Silahlı Qüvvələrin hərbi
quruculuq və fəaliyyət prinsipləri
aşağıdakılardır:
5.0.1. vahid və mərkəzləşdirilmiş
rəhbərlik;
5.0.2. hərbi
quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;
5.0.3. beynəlxalq
hərbi quruculuq təcrübəsindən səmərəli
istifadə;
5.0.4. döyüşə
və səfərbərliyə daimi hazırlıq;
5.0.5. döyüş
potensialının müasir hərbi elmin və texnikanın ən
yeni nailiyyətləri səviyyəsində
saxlanılması, texniki bazanın daima yenilənməsi;
5.0.6. təşkilati
strukturun, döyüş hazırlığının və
say tərkibinin yerinə yetirilən vəzifələrə,
beynəlxalq öhdəliklərə və Azərbaycan
Respublikasının iqtisadi imkanlarına uyğunluğu;
5.0.7. Silahlı Qüvvələrin
şəxsi heyətinin müddətli həqiqi hərbi xidmət
keçmək üçün
çağırışçılarla və həqiqi hərbi
xidmətə könüllü daxilolma əsasında komplektləşməsi;
5.0.8. dövlət
sirrinin qorunması;
5.0.9. hərbi intizamın möhkəmləndirilməsi,
şəxsi heyətdə Azərbaycan Respublikasına, Azərbaycan
xalqına, hərbi anda sədaqət hissinin, öz vətəninin
tarixinə və ənənələrinə dərin məhəbbətin,
vətənin müdafiəsi naminə yüksək şəxsi
məsuliyyətin formalaşdırılması, gənclərdə
hərbi xidmətə marağın yüksəldilməsi;
5.0.10. qanunun
aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan
və onun konstitusion hüquq və azadlıqlarına hörmət;
5.0.11. hərbi
qulluqçuların və mülki işçilərin,
onların ailə üzvlərinin sosial müdafiəsinin təmin
edilməsi və sosial-məişət şəraitinin
yaxşılaşdırılması;
5.0.12. Silahlı Qüvvələrdə
siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının
və dini qurumların yaradılmasının və fəaliyyətinin
qadağan edilməsi.
Maddə 6. Silahlı Qüvvələrin
tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyəti
6.1. Silahlı Qüvvələrin
tərkib hissəsi olan qurumlar dinc və real təhdid dövrlərində
dövlətin hərbi təhlükəsizliyi və
silahlı müdafiəsi üzrə vəzifələrini Azərbaycan
Respublikasının Hərbi Doktrinasına, müvafiq sahə
üzrə dövlət siyasətinə və qanunlarına
uyğun olaraq qarşılıqlı əlaqədə həyata
keçirirlər.
6.2. Səfərbərlik və
müharibə (silahlı münaqişə) dövründə
Silahlı Qüvvələrin dövlətin hərbi təhlükəsizliyi
və silahlı müdafiəsi üzrə mərkəzləşdirilmiş
birgə fəaliyyəti Azərbaycan Respublikası Təhlükəsizlik
Şurasının qərarları və Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanının əmrləri əsasında həyata
keçirilir.
3-cü fəsil
Silahlı Qüvvələrin
idarə edilməsi və təminatı
Maddə 7. Silahlı Qüvvələrin
idarə edilməsi
7.1. Silahlı Qüvvələrə
ümumi rəhbərliyi Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanı həyata
keçirir.
7.2. Səfərbərlik və
müharibə (silahlı münaqişə) dövründə
Silahlı Qüvvələrin tərkib hissəsi olan
qurumların komandanlığına daxil olan vəzifəli
şəxslər arasında səlahiyyət
bölgüsü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ali Baş Komandanı tərəfindən aparılır.
Maddə 8. Silahlı Qüvvələrin
maliyyə təminatı
8.1. Silahlı Qüvvələrin
maliyyə təminatı dövlət büdcəsi və
qanunla nəzərdə tutulmuş digər mənbələr
hesabına həyata keçirilir.
8.2. Silahlı Qüvvələrin
tərkib hissəsi olan qurumların maliyyələşdirilməsi
Azərbaycan Respublikasının dövlət büdcəsində
ayrıca sətirlə müəyyən edilir və həmin
qurumlar üçün xidməti yaşayış evlərinin,
sosial-mədəni və xüsusi obyektlərin tikintisi
üçün vəsait ayrıca nəzərdə tutulur.
8.3. Silahlı Qüvvələrin
maliyyələşməsinə ayrılmış vəsait və
onun xərclənməsi üzərində nəzarət
“Büdcə sistemi haqqında” və “Hesablama Palatası
haqqında” Azərbaycan Respublikasının qanunları və
həmin qanunlara əsasən qəbul edilmiş müvafiq
normativ hüquqi aktlar ilə müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 9. Silahlı Qüvvələrin
əmlakı və maddi-texniki təminatı
9.1. Silahlı Qüvvələrin
fəaliyyətinin təmin edilməsi və ona həvalə
edilmiş vəzifə və tapşırıqların yerinə
yetirilməsi üçün istifadə edilən hərbi
infrastruktur obyektləri, silah və hərbi texnikanın
bütün növləri, maddi vasitələr və digər
daşınar və daşınmaz əmlak Silahlı Qüvvələrin
istifadəsində olan əmlakdır.
9.2. Silahlı Qüvvələrin
istifadəsində olan əmlak dövlət mülkiyyəti
olmaqla hərbi əmlakdan və digər təyinatlı əmlakdan
ibarətdir.
9.3. Silahlı Qüvvələrin
maddi-texniki təminatı, silah və hərbi texnikanın
alınması da daxil olmaqla, dövlət müdafiə
sifarişlərinə, Silahlı Qüvvələrin tərkib
hissəsi olan qurumlar tərəfindən bağlanmış
müqavilələrə, həmçinin Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə müvafiq olaraq həyata
keçirilir.
9.4. Silahlı Qüvvələrin
səfərbərlik ehtiyacının, həmçinin təyinatına
uyğun olaraq üzərinə qoyulmuş vəzifələrin
icrasının təmin edilməsi məqsədi ilə
Silahlı Qüvvələrdə silah, hərbi texnika və
digər maddi vasitələrin toxunulmaz ehtiyatı
yaradılır.
9.5. Silahlı Qüvvələrin
maddi-texniki təminatını müvafiq icra hakimiyyəti
orqanı təşkil edir.
9.6. Silahlı Qüvvələrin
dinc, real təhdid, səfərbərlik və müharibə
(silahlı münaqişə) dövrlərində maddi-texniki
vasitələrlə təmin edilməsi qaydası və tələbat
norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
4-cü fəsil
Silahlı Qüvvələrdə
xidmət
Maddə 10. Silahlı Qüvvələrin
şəxsi heyəti və komplektləşdirilməsi
10.1. Silahlı Qüvvələrin
şəxsi heyəti hərbi qulluqçulardan, dövlət
qulluqçularından və digər mülki işçilərdən
ibarətdir.
10.2. Silahlı Qüvvələr
hərbi xidmətə çağırış və hərbi
xidmətə könüllü daxilolma, həmçinin
işə, o cümlədən, dövlət qulluğuna qəbul
edilmə əsasında komplektləşdirilir. Silahlı
Qüvvələrin komplektləşdirilməsi bu qanunun
10.3-cü maddəsində qeyd olunmuş normativ hüquqi
aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş
vəzifələrin xüsusiyyətləri nəzərə
alınmaqla həyata keçirilir.
10.3. Silahlı Qüvvələrdə
hərbi qulluqçuların hərbi xidmət keçməsi
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə
haqqında” Əsasnamə, dövlət
qulluqçularının qulluğu “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikasının Qanunu, digər
mülki işçilərin əmək münasibətləri
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə tənzimlənir.
10.4. Silahlı Qüvvələrin
hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə,
ixtisas hazırlığına, hüquqi biliyə və fiziki
hazırlığa malik olmalı, onlara təhkim edilmiş
müvafiq silah, texnika və vasitələrdən istifadə
etməyi bacarmalıdırlar.
10.5. Silahlı Qüvvələrin
hərbi qulluqçularının başqa dövlətlərin
ixtisaslaşdırılmış təhsil müəssisələrində
təhsil alması beynəlxalq müqavilələr əsasında
təşkil edilir.
Maddə 11. Silahlı Qüvvələrin
hərbi qulluqçularının hüquqi statusu
Silahlı Qüvvələrin hərbi
qulluqçularının əsas hüquq və vəzifələri,
təminatları və hərbi xidmətlə əlaqədar
hüquqlarının məhdudlaşdırılması Azərbaycan
Respublikasının Konstitusiyası, “Hərbi
qulluqçuların statusu haqqında” Azərbaycan
Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə
haqqında” Əsasnamə və digər qanunlar, o cümlədən
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
nizamnamələri ilə tənzimlənir.
Maddə 12. Silahlı Qüvvələrdə
hüquqi və sosial müdafiə
Silahlı Qüvvələrdə hərbi
qulluqçuların, dövlət qulluqçularının və
digər mülki işçilərin, onların ailə
üzvlərinin, həmçinin ehtiyata və istefaya
buraxılmış şəxslərin hüquqi və sosial
müdafiəsi müvafiq olaraq “Hərbi qulluqçuların
statusu haqqında”, “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə və
digər qanunvericilik aktlarına müvafiq olaraq həyata
keçirilir.
Maddə 13. Silahlı Qüvvələrin
hərbi qulluqçuları tərəfindən hərbi xidmət
vəzifələrinin icrası
13.1. Silahlı Qüvvələrin
hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci
maddəsi ilə nəzərdə tutulmuş hallarda hərbi
xidmət vəzifələrini icra edən hesab edilirlər.
13.2. Silahlı Qüvvələrin
hərbi qulluqçuları hərbi xidmət vəzifələrini
yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi
nizamnamələrinin tələblərini və komandirlərin
(rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları)
icra edirlər.
13.3. Silahlı Qüvvələrin
təyinatı ilə bağlı olmayan vəzifələrin
icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti
orqanının təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisinin qərarına əsasən
həyata keçirilir.
5-ci fəsil
Yekun müddəalar
Maddə 14. Silahlı Qüvvələrin
şəxsi heyətinin məsuliyyəti
14.1. Silahlı Qüvvələrin
hərbi qulluqçularının, dövlət
qulluqçularının və digər mülki
işçilərinin intizam məsuliyyəti müvafiq olaraq
Silahlı Qüvvələrin hərbi nizamnamələri,
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
14.2. Silahlı Qüvvələrin
hərbi qulluqçularının, dövlət
qulluqçularının və digər mülki
işçilərinin inzibati və cinayət məsuliyyəti
müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsi və Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə tənzimlənir.
14.3. Silahlı Qüvvələrin
hərbi qulluqçularının dövlətə
vurduqları ziyana görə maddi məsuliyyətinin əsasları,
vurulan ziyanın miqdarının müəyyən edilməsi
və ödənilməsi qaydaları “Hərbi
qulluqçuların dövlətə vurduqları ziyana
görə maddi məsuliyyəti haqqında” Əsasnamə ilə
tənzimlənir.
14.4. Silahlı Qüvvələrin
hərbi qulluqçularının, dövlət
qulluqçularının və digər mülki
işçilərinin xidməti vəzifələrin
icrası zamanı son zərurət və zəruri müdafiə
vəziyyətində vurduqları ziyana (zərərə) və
mülki hüquq pozuntularına görə mülki məsuliyyətləri
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq həll edilir.
Maddə 15. Silahlı Qüvvələrin fəaliyyətinə
nəzarət
15.1. Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir.
15.2. Silahlı Qüvvələrin fəaliyyətinə idarədaxili nəzarəti Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığı və həmin qurumların daxil olduğu dövlət orqanlarının rəhbərləri həyata keçirir.
15.3. Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirirlər.
Maddə 16. Yekun müddəa
Bu qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, ¹ 19-20, maddə 329; 1992,
¹ 5, maddə 102, ¹ 11, maddə 409; 1993, ¹ 23-24, maddə 670; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 15; 2005, ¹ 7, maddə 576) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2017-ci il
Azərbaycan.-
2018.-23 yanvar.- S.3.