Azərbaycan bu dəfə də dünyanın iqtisadi nəhənglərinin maraq dairəsində olacaq

 

Davos Forumunda ən yüksək səviyyədə təmsil edilməyimiz ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır

 

Bu gün İsveçrədə Davos İqtisadi Forumumun iştirakçıları növbəti - 48-ci dəfə toplaşırlar. “Önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına” həsr edilən budəfəki forumun əsas mövzuları beynəlxalq təhlükəsizlik, ətraf mühitqlobal iqtisadiyyata aiddir. Afrikadan 10, Yaxın Şərq ölkələri və Şimali Afrikadan 9, Latın Amerikası ölkələrindən 6 hökumət və dövlət başçısının, o cümlədən ABŞ Prezidenti Donald Trampın, Fransa Prezidenti Emmanuel Makronun, Böyük Britaniyanın Baş naziri Tereza Meyin iştirakının gözlənildiyi forumda Azərbaycan da ən yüksək səviyyədə təmsil edilir.

Prezident İlham Əliyevin belə mötəbər iqtisadi foruma dəvət edilməsi ölkəmizə olan maraqdan, dövlət başçısına olan inamdan irəli gəlir. Bu da səbəbsiz deyil. Artıq neçə illərdir Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar dünyanın nüfuzlu beynəlxalq biznes və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. İslahatların mərkəzində isə azad sahibkarlığın inkişafına, mülkiyyət toxunulmazlığının qanunla qorunmasına, biznesin tərəqqisinə dövlət dəstəyi durur. Həmin istiqamətlərdə mütəmadi olaraq qanunvericilik bazası təkmilləşdirilir, istər yerli, istərsə də xarici sahibkarların biznesə çıxışı asanlaşdırılır. Xüsusilə xarici investisiyaların qanunla qorunması əcnəbi sahibkarların ölkəmizdə fəaliyyətinin qarantına çevrilir. Bunun nəticəsidir ki, dünyada baş verən iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatına xarici sərmayənin qoyulması davam edir.

Ölkəmizdə biznes qurmaq prosedurları da daim təkmilləşdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir çox lüzumsuz yoxlamalar dayandırılmış, lisenziyaların alınması məcburi olan bir çox sahələrdən belə tələb aradan qaldırılmışdır. Lisenziyanın alınması məcburi olan sahələrdə də sənədləşmə prosedurları sadələşdirilmişdir. Bütün bunlar ölkəmizin beynəlxalq qurumlar tərəfindən müəyyən edilən reytinqlərdə yerinin yüksəlməsini təmin edir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında beynəlxalq qurumlar tərəfindən ölkəmizdə həyata keçirilən islahatlara yüksək qiymət verildiyini qeyd edərək demişdir:Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq, doğrudan da, böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidirbunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuqinkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır”.

Yeri gəlmişkən qeyd edək ki, hər ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Ümumdünya İqtisadi Forumunda il ərzində dünya əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, fikir mübadilələri aparılır. Dünya ölkələrinin dövlət və hökumət başçılarının, eyni zamanda beynəlxalq əhəmiyyətli müxtəlif iri korporasiyaların rəhbərlərinin bir araya gəldiyi forumda dünya iqtisadiyyatında baş verən hadisələr dəyərləndirilir, perspektivlər müəyyənləşdirilir. Təsadüfi deyil ki, Davos Forumunda keçirilən görüşlərdən sonra müxtəlif ölkələrdə burada əldə edilən razılığa əsasən nəhəng layihələr icra edilir.

Azərbaycan 1995-ci ildən Ümumdünya İqtisadi Forumunda dövlət başçısı səviyyəsində təmsil olunur. Bugünədək Prezident İlham Əliyev forumda dəfələrlə müxtəlif ölkələrin liderləri və biznes nümayəndələri ilə səmərəli görüşlər keçirib. Belə görüşlər Azərbaycanda aparılan iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəmizə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq, eləcə də dünyanın aparıcı adamları ilə birbaşa ünsiyyət qurmaqla onları ölkəmizin iqtisadiyyatına investisiya yatırmağa təşviq etmək baxımından çox səmərə verir. Belə təmaslar həmçinin xarici investorlarda dövlət başçısının timsalında Azərbaycana olan etimadı artırır və nəticədə həmin investorların ölkəmizdə yeni sahələrə vəsait yatırmasına gətirib çıxarır. Bu, dünya arenasına müstəqil dövlət kimi nisbətən yeni qədəm qoymuş ölkə üçün vacibdir.

Prezident İlham Əliyev ötən ilDavos Forumunda keçirdiyi görüşlərdə və çıxışlarda ölkəmizin qazandığı iqtisadi uğurları təhlil edərək forum iştirakçılarının nəzərinə çatdırmışdır ki, bu da onların böyük marağına səbəb olmuşdur. Nəticədə dünyanın aparıcı şirkətləri, qlobal iqtisadiyyatın trendlərini müəyyən edənlər fərdi qaydada Azərbaycan iqtisadiyyatını öyrənməyə başlamışlar. Ötən dövrdən keçən müddət göstərir ki, Prezidentin apardığı bu siyasət öz bəhrəsini verir. Belə ki, hər dəfə olduğu kimi, bu dəfə də forumdan sonra dünyanın iri şirkətləri Azərbaycanla həvəslə əməkdaşlıq edir, ölkəmizdə həyata keçirilən layihələrin icrasına qoşulurlar.

Qeyd edildiyi kimi, Davos İqtisadi Forumunda siyasi məsələlərin müzakirəsinə də geniş imkanlar olur. Odur ki, Prezident İlham Əliyev həmin tədbirlərdə ölkəmizin qazandığı iqtisadi nailiyyətləri təbliğ etməklə yanaşı, Ermənistanın işğalçılıq siyasətini də ifşa edir. Prezident forum iştirakçılarının diqqətinə Ermənistanın Dağlıq Qarabağı işğal etməsi, ölkəmizə maddi ziyan vurmasını və əhalinin doğma yurdlarından qovulmasını çatdırır. Dağlıq Qarabağ məsələsinin Davos Forumu kimi mötəbər beynəlxalq tədbirdə gündəmə gətirilməsi haqlı mövqeyimizin dünyanın aparıcı dövlətlərinin liderlərinin və biznes elitasının nəzərinə çatdırılması üçün vacibdir. Bir sözlə, Davos forumunda ölkəmizin iştirakı ona həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 23 yanvar.- S.4.