Tarixin qan
yaddaşı: reallıqlar və
çağırışlar
Müstəqillik dövründə
Azərbaycanda xalqın milli-tarixi yaddaşının bərpa
olunması və mənəvi özünüdərk proseslərinin
daha da dərinləşdirilərək möhkəmləndirilməsi
istiqamətində həyata keçirilməkdə davam edən
müdrik və uzaqgörən dövlət siyasəti ölkəmizdə
yeni təfəkkürün formalaşdırılmasına
geniş imkan yaradır. Bu yolla dövlət müstəqilliyinin
daha əsaslı şəkildə dərk etdirilməsi, traixdən
alınan ibrət dərsləri zəminində böyük gələcəyə
doğru inamlı addımların atılması strategiyası
uğurla həyata keçirilir.
Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş bu uzaqgörən
siyasətin ölkəmizdə uğurla davam etdirilməsi
xalqımızın möhkəm milli əsaslar üzərində
qətiyyətlə irəliyə baxışının əsas
məzmununu və inkişaf istiqamətlərini müəyyən
edir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında”kı 18 yanvar
2018-ci il tarixli sərəncamı aparılan ardıcıl
siyasətin məntiqi davamı olmaqla bərabər, yeni tarixi
şəraitdə məsuliyyətli siyasi və elmi vəzifələri
meydana qoyan əhəmiyyətli proqram sənədidir. Ölkə
Prezidentinin mühüm tarixi əhəmiyyətə malik olan
sərəncamında Azərbaycan xalqının haqsız-ədalətsiz
yerə məkrli dövlətlər və maraqlı qüvvələr
tərəfindən soyqırımına məruz
qoyulmalarının obyektiv siyasi qiyməti verilmişdir.
Mövcud dövlət sərəncamı ümumiyyətlə,
azərbaycanlıların soyqırımı faciəsinin real
səbəbləri və nəticələrini obyektiv surətdə
əks etdirən mühüm dövlət sənədidir.
Prezident İlham Əliyevin sərəncamında
ifadə etdiyi fikirlər ermənilərin və onların
havadarlarının törətdikləri qanlı cinayətlərin,
acı fəlakətlərin gerçək mənzərəsini
dolğun surətdə ifadə edir: “Erməni millətçiləri
tarixin müxtəlif mərhələlərində mifik
“Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək
məqsədi ilə soydaşlarımıza qarşı etnik
təmizləmə, deportasiya və soyqırımıları
həyata keçirmişlər. Azərbaycan xalqının
başına gətirilən ən dəhşətli faciələrdən
biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel
aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət
göstərən daşnak-bolşevik silahlı dəstələri
tərəfindən xüsusi qəddarlıqla törədilmiş
kütləvi qırğınlardır. ...Sonrakı dövrlərdə
daha da azğınlaşan erməni millətçiləri
qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur,
Naxçıvan, Şirvan, İrəvan və digər
bölgələrdə kütləvi qətllər, talanlar və
etnik təmizləmələr həyata keçirmişlər”.
Məlum olduğu kimi, həqiqətən,
XX əsr boyu Azərbaycan xalqına və ümumən
türk millətinə qarşı Şərqi Anadoluda,
Qafqazda və Orta Asiyada, hətta İranda bir neçə dəfə
ağır və dəhşətli soyqırımı və
deportasiya hadisələrinin təşkil olunduğunu
danılmaz tarixi sənədlər təsdiq edir.
Bu, böyük qlobal oyunun əsas
təşkilatçıları çar Rusiyası və
Qafqazda marağı olan bəzi Qərb gücləri,
icraçıları isə bədnam ermənilər idi. Lakin
azərbaycanlıları və ümumiyyətlə, türk-müsəlman
əhalisini məhv etməyə yönəldilmiş
soyqırımı kimi faciəli tarixi hadisələrin tədqiq
edilib öyrənilməsi, xalqa çatdırılması
uzun müddət ərzində mümkün
olmamışdır. Keçmiş ermənipərəst sovet
rejimi Azərbaycanda, Qafqazda və Orta Asiyada
soyqırımı, repressiya və deportasiya kimi qanlı hadisələri
unutdurmaq, tarixdən silmək üçün geniş tədbirlər
həyata keçirmiş, arxivlərdən istifadəyə
ciddi qadağalar qoymuşdur. Tarix kitablarında və dərsliklərdə
də həmin hadisələrə yer ayrılması
mümkün olmamışdır. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında”kı 18 yanvar
2018-ci il tarixli sərəncamında deyildiyi kimi, “Azərbaycan
Xalq Cümhuriyyətinin hökuməti ermənilərin
törətdikləri ağır cinayətlərin araşdırılması
üçün Fövqəladə İstintaq Komissiyası
yaratmış, komissiyanın üzə
çıxardığı həqiqətlərin xalqın
yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə
çatdırılması üçün bir sıra tədbirlər
görmüşdür. Lakin Xalq Cümhuriyyətinin
süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin
sona qədər təhqiq edilməsinin və ona müvafiq
siyasi-hüquqi qiymət verilməsinin qarşısı
alınmışdır.”
Sovet hakimiyyəti illərində
Azərbaycan xalqının “erməni-müsəlman davası”
haqqında təsəvvürləri törədilmiş
qanlı faciələrin xalq yaddaşındakı silinməz
izlərindən və böyük Azərbaycan dramaturqu Cəfər
Cabbarlının “1905-ci ildə” pyesindəki səhnələrdən
dərinə və uzağa gedə bilməmişdir. Dövlət
ideologiyası səviyyəsində birtərəfli qaydada təbliğ
olunan xalqlar dostluğu ideyası həm də türk-müsəlman
əhalisinin tarixi yaddaşının silinməsi, izlərinin
itirilməsi qayəsini izləmişdir. Həmin mənfur
siyasətin mahiyyəti görkəmli yazıçı
Çingiz Aytmatovun “manqurtlaşdırma” haqqındakı məşhur
pritçasında bütün dərinliyi ilə ifadə
olunmuşdur. Türkiyədə Qərbin təsiri, İranda
isə o zamankı rejimlərin iradələri ilə qanlı
erməni olayları diqqət mərkəzindən kənarda
saxlanılmışdır. Yalnız Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra ölkəmizdə
tariximizin ağ ləkələrinin aradan
qaldırılmasına, tarixi proseslərin obyektiv qiymətləndirilməsi
istiqamətində araşdırmaların aparılmasına,
gerçək mövqedən əsərlərin
yazılıb meydana çıxarılmasına və xalqa
çatdırılmasına normal imkanlar
yaradılmışdır. Bu mənada görkəmli dövlət
xadimi, ümummilli lider Heydər Əliyevin fəaliyyətinin
bütün dövrlərindəki Azərbaycan tarixinin yenidən
öyrənilməsinə dair
çağırışları, xüsusən ulu öndərin
26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il 31
martın dövlət səviyyəsində “Azərbaycan
Soyqırımı Günü” kimi qeyd olunması haqqında
qərarı qəbul etməsi, həmçinin həyata
keçirilən dövlət əhəmiyyətli tədbirlər:
soyqırımılarına və deportasiyalara dair sərəncamlar,
arxivlərin açılması, ölkədə
senzuranın ləğv edilməsi sahəsində atılan
mühüm addımlar həmin istiqamətdə obyektiv tarixi
tədqiqatların aparılmasına, milli-tarixi yaddaşın
bərpasına böyük yol açmışdır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar
həyata keçirdiyi siyasətdə ardıcıl olaraq
problemin köklü şəkildə
aydınlaşdırılması və qiymətləndirilməsi
mövqeyindən çıxış etməsi bu sahədə
mövcud gərgin münaqişə vəziyyətinə gətirib
çıxaran amillər sırasında
soyqırımıların və deportasiyaların mahiyyətinin
açıqlanmasına şərait yaradır. Artıq son
illərdə Türkiyədə və Orta Asiyada da proses həmin
istiqamətdə inkişaf etməkdədir.
Ölkəmizdə dövlət səviyyəsində
aparılan siyasət Azərbaycan elmində, ədəbiyyat və
incəsənət əsərlərində özünün
geniş əks-sədasını tapır.
Doğrudur, aparılan aşkar və
obyektiv ideoloji mübarizə zəminində son illərdə
tariximizin bu qanlı-qadalı hadisələrinə dair bir
sıra elmi və bədii əsərlər də meydana
çıxmışdır. Ancaq etiraf edilməlidir ki, Ermənistan
tərəfinin və onların xaricdəki tərəfdarlarının
beynəlxalq aləmdə yaydıqları uydurma təbliğatla
müqayisədə Azərbaycan elmi-ədəbi fikrinin
obyektiv mövqeyini ifadə edən daha sanballı və
çoxsaylı əsərlərə ehtiyac var. Bu mənada
Milli Elmlər Akademiyasında 2014-cü ildə
yaradılmış “Azərbaycanlılara qarşı
soyqırımıların tədqiqi Komissiyası” zamanın
irəli çıxardığı tarixi missiyanı daha
sistemli şəkildə həyata keçirmək, həmin
sahədə koordinasiya işlərini təşkil etmək, səyləri
və qüvvələri birləşdirmək vəzifələrini
yerinə yetirmək qayəsini daşıyır.
Komissiyanın tərkibində soyqırımıları və
deportasiya məsələlərini tədqiq və təbliğ
edən işçi qrupları üzrə fəaliyyət
proqramı ardıcıl olaraq həyata keçirilir. Artıq
qısa müddətdə həyata keçirilmiş tədbirlər
nəticəsində Milli Azərbaycan Tarixi Muzeyində
yaradılmış və müasir texnologiya ilə təchiz
edilmiş “Soyqırımıların tarixi” salonlarında XX əsr
ərzində xalqımıza qarşı yönəldilmiş
soyqırımıların tarixinə dair nadir sənədlər
və fotoşəkillərlə tanış olmaq
mümkündür. Akademiyanın Tarix, Ədəbiyyat,
Arxeologiya və Etnoqrafiya, Hüquq və İnsan Haqları
institutlarında Azərbaycanda soyqırımıları
mövzusuna həsr edilmiş beynəlxalq səviyyəli elmi
konfransların keçirilməsi, elmi-tədqiqat əsərlərinin,
çap olunmuş kitabların tədqimatları və
müzakirələri mövcud problemin
araşdırılıb öyrənilməsinə diqqətin
artırılmasına xidmət edir.
Abbasqulu ağa Bakıxanov adına
Tarix İnstitutunun 2014-cü ildən etibarən ardıcıl
olaraq təşkil etdiyi Azərbaycanda, Qafqazda və Şərqi
Avropada türk-müsəlman əhalisinə qarşı həyata
keçirilmiş soyqırımı hadisələrinin tarixinə
və ibrət dərslərinə həsr olunmuş beynəlxalq
elmi konfranslar əhatə dairəsinin və
iştirakçıların tərkibinin genişliyi, tədqiqat
materiallarının dərinliyi və zənginliyi ilə səciyyələnir.
Tarixçi alimlərin beynəlxalq elmi konfransları XX əsrin
əvvəllərində Ermənistan tərəfinin və
onların havadarlarının qanlı cinayətlər,
kütləvi qətliamlar həyata keçirdiyi regionlarda -
Qubada, Gəncədə, Şamaxıda, Lənkəranda təşkil
etmələri azərbaycanlı tədqiqatçılarla
yanaşı, bu genişmiqyaslı elmi tədbirlərin
iştirakçıları olan xarici ölkə alimlərinin
hadisələrin real mənzərəsi və gerçək
mahiyyəti ilə yaxından tanış olmalarına şərait
yaradır. Xüsusən, beynəlxalq elmi konfransın Quba
soyqırımı məzarlığı muzeyinin bazasında
təşkil edilib keçirilməsi beynəlxalq elmi ictimaiyyətin
obyektiv reallıqlarla üz-üzə fikir mübadiləsi
aparmasına, real müzakirələr keçirməsinə
meydan açmışdır. Quba Soyqırımı Muzeyi ilə
əyani tanışlıq Rusiya, Türkiyə, Almaniya,
Hollandiya, Gürcüstan, Özbəkistan, Dağıstan alimlərinin
XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara
qarşı törətdikləri qanlı cinayətlərin
real şəkildə beynəlxalq ictimaiyyətə
çatdırılmasını təmin etməyə imkan
yaradır. Eyni zamanda, Tarix İnstitutunun keçirdiyi
konfranslar azərbaycanlılara qarşı törədilmiş
soyqırımılara münasibətdə dünya alimlərinin
həmrəyliyinin formalaşdırılması
baxımından da əhəmiyyətlidir.
Bunula yanaşı, Quba
Soyqırımı məzarlığında muzey kompleksinin
yenidən qurulmasına dair yaradılmış komissiyanın
apardığı iş də faciə qurbanlarının
xatirəsinin əbədiləşdirilməsinə dair əhəmiyyətli
təşəbbüslərin və təkliflərin meydana
çıxması, bir sıra əməli addımların
atılması ilə nəticələnmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasında hazırlanıb çap edilmiş nəşrlər
sırasında Qafqazşünaslıq İnstitutunun 2017-ci ildə
AMEA-nın “Elm” nəşriyyatında ingilis dilində çap
etdirdiyi “Soyqırımı həqiqətləri” kitabı
mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan
tədqiqatçıları ilə yanaşı, bu problem ətrafında
araşdırma aparmış görkəmli xarici ölkə
alimlərinin - Türkiyə, Rusiya, ABŞ, Fransa, İsrail,
Özbəkistan və Gürcüstanın tanınmış
elm adamlarının məqalələrinə geniş yer
ayrılması məsələnin obyektiv mahiyyətinin
dünyaya çatdırılması baxımından çox
əhəmiyyətli addımdır.
Bundan başqa, Milli Elmlər
Akademiyası Memarlıq və İncəsənət
İnstitutunda elmi-tədqiqat işi kimi icra olunmuş “Erməni
təcavüzünə məruz qalmış Azərbaycan
memarlıq abidələri” monoqrafiyası ictimai və humanitar
elmlərin son illərdə əldə etdiyi mühüm elmi
nəticələrdən biri sayılmağa layiqdir.
Monoqrafiyada ölkəmizin işğal altında qalmış
ərazilərinə qarşı törədilən erməni
vandalizminin gerçək mahiyyəti danılmaz faktlar əsasında
aydınlaşdırılmışdır. Həmçinin
“Azərbaycanlılara qarşı soyqırımıların
tədqiqi Komissiyası”nın Memarlıq və İncəsənət
İnstitutu ilə birlikdə akademiyanın müxtəlif
elmi-tədqiqat institutlarında çalışan əməkdaşların
rəsm əsərlərindən ibarət təşkil etdiyi
“Tarixin qan yaddaşı” adlı təsviri sənət sərgisi
Azərbaycan gerçəkliyinin daha dərindən dərkinə
və vətənpərvərlik tərbiyəsinə müsbət
təsir göstərmişdir.
Bütün bunlarla bərabər,
beynəlxalq səviyyəli elmi tədbirlərdə tarixi sənədlərlə,
arxeoloji materiallarla yanaşı, xalq yaddaşında qorunub
saxlanılan hadisə və əhvalatların da təhlilə
cəlb edilməsi, hadisələrin
iştirakçısı olmuş şəxslərin şəcərəsinin
daşıyıcılarının xatirələrindən də
istifadə olunması qanlı faciələrin
aydınlaşdırılmasına daha bir işıq
salır. Bu baxımdan, “Azərbaycanlılara qarşı
soyqırımıların tədqiqi Komissiyası”nın Milli
Elmlər Akademiyasının Folklor İnstitutu ilə birlikdə
2-3 mart 2015-ci il tarixdə “Soyqırımılar - xalq
yaddaşında” mövzusunda keçirdiyi beynəlxalq elmi
konfrans mühüm əhəmiyyətə malikdir. Bu,
mövcud problemə sənədlərlə yanaşı, xalq
yaddaşı materialları vasitəsi ilə yeni elmi
baxışın konkret ifadəsini diqqət mərkəzinə
çəkən ilk forum kimi aktuallıq
qazanmışdır. Bundan başqa, Azərbaycan Milli Elmlər
Akademiyası Azərbaycanlılara qarşı
soyqırımıların tədqiqi Komissiyasının Nizami
adına Ədəbiyyat İnstitutu və “Yeni yurd” İctimai
Birliyi ilə 7 aprel 2015-ci il tarixdə “Çanaqqala zəfəri
və müasir dövr” mövzusunda təşkil etdiyi elmi-ədəbi
gecədə də Türkiyə Cümhuriyyətində XX əsrin
əvvəllərində baş verən qanlı hadisələr
həmin dövrdəki Azərbaycan olayları ilə və
Dağlıq Qarabağ hadisələri ilə üzvi əlaqədə
təqdim olunmuşdur.
Azərbaycan Milli Elmlər
Akademiyasının Əlyazmalar, Hüquq və İnsan
Haqları, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat
institutlarında, Milli Azərbaycan ədəbiyyatı Muzeyində
müxtəlif istiqamətdə keçirilmiş tədbirlər
uzun illər qadağan olunmuş, azərbaycanlılara
qarşı soyqırımı faciələrinin yeni nəsillərə
çatdırılmasında, vətənpəvərlik tərbiyəsinin
qüvvətləndirilməsində mühüm rol
oynamışdır.
Qeyd olunanlar müstəqillik
dövrü Azərbaycan elmi və ictimai fikrinin əldə
etdiyi əhəmiyyətli nəticələrdir. Lakin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqənda”kı 18 yanvar
2018-ci il tarixli sərəncamı Azərbaycan elmi və ədəbi
fikri qarşısında daha mühüm vəzifələr
qoyur. Prezidentin sərəncamındakı “erməni-bolşevik
silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara
qarşı bəşəri cinayətlər barədə həqiqətlərin
dünya ictimaiyyətinə daha dolğun şəkildə
çatdırılması” vəzifəsi problemə yenidən
və daha əsaslı şəkildə
yanaşılmasını, məsələnin beynəlxalq səviyyədə
təqdim olunmasının forma və üsullarının
tapılıb həyata keçirilməsini tələb edir.
Bu baxımdan, Azərbaycan alimləri və yaradıcı
ziyalıları aşağıda qeyd olunan məsələlərin
həllini özlərinin müasir mərhələdəki əsas
vəzifələri sırasında görürlər:
1. Azərbaycanlılara,
türk-müsəlman əhalisinə qarşı
soyqırımılar haqqında arxiv sənədlərini və
dövri mətbuat materiallarını arxivlərdən və
kitabxanalardan aşkar edib toplanılması işini davam etdirməklə
Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində
nəşr etdirib yaymaq;
2. XX əsr ərzində erməni-Azərbaycan
münaqişəsinə həsr edilmiş elmi və bədii
əsərlərin: M.S.Ordubadinin “Qanlı sənələr”,
Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz” əsərlərinin,
Mir Möhsün Nəvvabın mövzu ilə bağlı əsərinin
xarici dillərdə nəşr edilib yayılmasını təmin
etmək;
3. Erməni-Azərbaycan və
Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan
və xarici ölkə alimlərinin ən yaxşı məqalələrindən
ibarət toplu hazırlayıb ingilis, rus və ərəb dillərində
kitab halında nəşr etdirmək;
4. Azərbaycanlılara,
türk-müsəlman əhalisinə qarşı yönəldilmiş
soyqırımılarına dair tədqiqatları Avropa dillərinə
və rus dilinə tərcümə edərək dünya
ictimaiyyətinə çatdırmaq;
5. Xalq yaddaşı
materiallarının toplanması, sistemləşdirilməsi,
kitab halında çap edilməsi işini təşkil etmək.
Tədqiqat prosesində arxiv sənədləri ilə xalq
yaddaşı materiallarının sintezinə nail olmaq;
6. Dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq
simpoziumlarda obyektiv elmi məruzələrlə
çıxış etmək və dünya ictimaiyyətinə
real gerçəkliyi çatdırmaq;
7. Azərbaycanlılara
qarşı soyqırımıların tarixini və ibrət
dərslərini əks etdirən sənədli filmin
hazırlanmasına və ictimaiyyətə təqdim
olunmasına nail olmaq;
8. Soyqırımılara və
deportasiyalara həsr edilmiş rəsm əsərlərinin
çəkilməsini təşviq etmək, həmin təsviri
sənət əsərlərinin sərgilərini keçirmək
və kataloqunu nəşr etdirmək;
9. Bir əsrdən artıq davam edən
soyqırımıları və deportasiya hadisələri əsasında
müxtəlif janrlarda bədii əsərlərin
yazılması zərurətini ədəbi ictimaiyyətə
çatdırmaq və bu mövzuda bədii filmlərin
çəkilib xalqımıza və dünya ictimaiyyətinə
çatdırılmasını təmin etmək;
10. Azərbaycanlılara
qarşı törədilmiş soyqırımılar zəminində
Xocalı faciəsinin soyqırımı olması mahiyyətini
elmi şəkildə əsaslandırmaq və təbliğ
etmək.
Azərbaycan alimləri və ədiblərinin
əsas məqsədi ölkənin və xalqın real tarixini
öyrənib gerçək şəkildə gələcək
nəsillərə çatdırmaqdan, yalançı, saxta
erməni təbliğatının qarşısının
alınmasından və dünya ictimaiyyətinin obyektiv
mövqedən məlumatlandırılmasından ibarətdir.
Bu isə əsl alim və yüksək vətəndaş
mövqeyi deməkdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında”kı
mühüm tarixi-siyasi əhəmiyyətə malik olan sərəncamı
nəticə etibarilə ölkəmizdə müstəqil
dövlətçiliyin daha da möhkəmləndirilməsinə
böyük təkan verən mühüm dövlət tədbiridir.
Bu mühüm ictimai-siyasi əhəmiyyətə malik olan sərəncam
tarixdə baş vermiş hadisələrin mahiyyəti və
qarşıda duran vəzifələrin strategiyası
haqqında proqramdır. Azərbaycan elmi ictimaiyyəti,
yaradıcı ziyalıları bu məsuliyyətli və
şərəfli proqramı yüksək səviyyədə
yerinə yetirmək üçün bütün qüvvələrini
səfərbər etməyi özlərinə şərəfli
borc hesab edirlər.
İsa
HƏBİBBƏYLİ,
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri, akademik
Azərbaycan.
- 2018.- 23 yanvar.- S.7.