Şıltaq dahi - Lev Landau

 

Elm xadimləri

 

Öz doğum tarixi barədə belə deyirdi: “Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam”. Xatırladaq ki, dahi fizik Lev Davidoviç Landau 1908-ci il yanvarın 22-də Odlar yurdu Azərbaycanda, Bakı şəhərinin yaxınlığında yerləşən Balaxanı qəsəbəsində dünyaya göz açıb.

 

Bakı xatirələri

 

Valideynləri Peterburqda yaşamış, 1900-cü ilin əvvəllərində orada ailə qurmuşdular. Bakıya David Lvoviç Landaunun neft mühəndisi olması səbəbindən gəldilər. O, bura neft mədənlərində işləməyə göndərilmişdi. Bakının yaxınlığındakı Balaxanı qəsəbəsi gənc ailənin yeni yaşayış məskəni oldu. Levin anası Lyubov Veniaminovna Qarkavi burada mamaça-ginekoloq, atası David Lvoviç Landau isə neft mühəndisi işləyirdi.

Neftçıxarma, nefttəmizləmə və neftnəqletmə üzrə böyük bir şirkətdə yüksək vəzifədə çalışdığı vaxtlarda David Landau şəhərin mərkəzində Torqovı (indiki Nizami) və Krasnovodsk (indiki Səməd Vurğun) küçələrinin tinində altı otaqlı rahat mənzil aldı və ailəsi ilə Bakıya köçdü.

Bu iri sənaye və mədəniyyət mərkəzi kimi tanınan şəhərdə Lev Landaunun yüksək səviyyədə təhsil alması üçün yaxşı məktəblər, universitet vardı. Valideynləri Levlə bacısı Sofyanın təhsilinə xüsusi qayğı göstərirdilər. Onlar uşaqlarının əvvəlcə evdə təhsil almalarını əhəmiyyətli hesab etdilər. Otaqlarından birini sinif otağına çevirdilər. Yazıb-oxumağı uşaqlara anaları öyrətdi. Levin riyaziyyatla ilk tanışlığına vasitəçi isə atası oldu. David Landau oğlu ilə məşğul olmaqdan zövq alırdı. Çünki söylədiklərini iti düşüncəsi, riyazi qabiliyyəti sayəsində balaca Lev çox tez qavrayırdı.

Uşaqlara dərs demək üçün evə musiqi, rəsm və ritmika müəllimləri dəvət olundu. Ancaq fortepiano dərslərini sevməyən Lev ata-anasının danlaqları ilə də yola gəlmirdi. Fikri-zikri riyazi hesablamaların yanında idi. On iki yaşında diferensiallaşma, on üç yaşında inteqrallama əməliyyatlarını aparmağı bilirdi.

Bakıdakı yəhudi gimnaziyasında təhsilə 1916-cı ildə başladı. Bu çəlimsiz, cılız oğlan qəribəlikləri ilə gimnaziyada hər kəsi heyrətləndirirdi. Məktəbi on üç yaşında bitirdi. Universitetə yaşı çatmadığından valideynlərinin məsləhəti ilə Bakı İqtisadiyyat Texnikumuna daxil oldu. 1922-ci ildə isə on dörd yaşlı Lev Landau artıq Bakı Dövlət Universitetinin tələbəsi idi. Həm də universitetin iki fakültəsində - fizika-riyaziyyat və kimya fakültələrində təhsil almağa başladı. Elmi axtarışlara da burada, tələbə ikən başladı. Universitetdə “Matezis” Tələbə Elmi Cəmiyyətinin toplantılarında qeyri-adi istedadından xəbər verən çıxışları, təhsildə göstərdiyi yüksək nəticələr sayəsində diqqət mərkəzində idi. O, 1924-cü ildə SSRİ-nin ikinci mərkəzi şəhərinə - Leninqrada (indiki Peterburq) oxumağa göndərildi.

 

SSRİ-nin ikinci paytaxtında...

 

 On altı yaşlı Lev Landau Leninqrad Dövlət Universitetinin fizika fakültəsində təhsilini davam etdirdi.

1926-cı ildə “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olundu. O ilin dekabrında Moskvada keçirilən rus fiziklərinin beşinci qurultayında “Klassik və dalğa mexanikasının əlaqəsinə dair məsələyə aid” adlı məruzəsi və elmi müzakirələrdə çıxışları iştirakçılara güclü təsir bağışladı.

Leninqrad universitetini bitirəndə on doqquz yaşı vardı. Həmin il - 1927-ci ildə Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasına daxil oldu. Gənc aspirant nəzəri fizika sahəsində ciddi tədqiqatlara başladı. Yeni tədqiqat işi “Dalğa mexanikasında tormozlanma problemi” adlanırdı. O, şüalanma nəticəsində tormozlanma mexanizmini analiz edərək kvant mexanikasına yeni anlayış - sıxlıq matrisası anlayışını daxil etdi.

1929-cu ilin oktyabrında Xalq Maarif Komissarlığının qərarı ilə təcrübə keçmək üçün Avropanın elm mərkəzləri sayılan Almaniya, İngiltərə və Danimarkaya göndərildi. Elmi ezamiyyətdə olduğu il yarım müddətdə bir çox məşhur fiziklərlə görüşdü, onların məruzələrini dinlədi, seminarlarında iştirak etdi. Berlin Universitetində Albert Eynşteynlə görüşən iyirmi bir yaşlı Lev Landau çoxlarının elmi polemikaya girişməyə cəsarət etmədiyi məşhur alimə onunla söhbət etmək istəyini bildirdi. Albert Eynşteyn onu evinə dəvət etdi. Görüşdə gənc Lev Landau özünə əminliklə alimlə kvant mexanikası haqqında elmi mübahisəyə girişdi.

Ömrünün sonunadək müəllimi hesab etdiyi Nils Borla isə Danimarkanın paytaxtında - Kopenhagendə görüşdü. Müasir fizikanın yaradıcılarından biri, kvant mexanikasının banisi, Nəzəri Fizika İnstitutunun direktoru Nils Bor müxtəlif ölkələrdən yanına gələn gənc, istedadlı fiziklərə diqqətlə, hörmətlə yanaşırdı. Lev Landau isə öz fitri istedadı ilə bu məşhur alimi ilk görüşdən heyran etdi.

 

Landau elm məktəbinin yaranması

 

1931-ci ildə Leninqrada qayıtdı. Böyük enerji ilə Leninqrad Fizika-Texnika İnstitutunda işə başladı. O zamanlar həmin instituta Abram İoffe rəhbərlik edirdi. Həddindən artıq cəsarətli, qeyri-adi istedada malik Lev Landaunu institutda çalışan gənclər çox sevir, bir sözünü iki etmirdilər. Həm onun bu birliyini dağıtmaq, həm də aralarında yaranmış narazılığa görə Abram İoffe direktoru olduğu institutdan Landaunu uzaqlaşdırmaq qərarına gəldi. Lev Landau 1932-ci ildə Xarkovda açılan Ukrayna Fizika-Texnika İnstitutuna göndərildi.

Yeni iş yerində də günəş kimi parladı. O, Ukrayna Fizika-Texnika İnstitutunun Fizika kafedrasının müdiri işləməklə yanaşı, Xarkov Mexanika-Maşınqayırma İnstitutunda nəzəri fizika kafedrasına rəhbərlik etdi.

Həyat sevgisi, yaratmaq eşqi ilə dolu gənc alim burada yaradıcılığının çox məhsuldar dövrünü yaşayırdı. Elmi tədqiqatlarla bərabər, o, 1932-1937-ci illərdə Ukrayna Fizika-Texnika, Xarkov Fizika-Maşınqayırma institutlarında, Ukrayna Dövlət Universitetində mühazirələr oxuyurdu.

Elmə böyük xidmətlərindən biri də Landau elmi məktəbinin əsasını qoyması oldu. Otuz yaşlı Landaunun ardıcıllarının çoxu isə elə öz həmyaşıdları idi. Məktəbə istedadlı gənc fiziklərin seçilməsi üçün o, “Nəzəri minimum” adlı geniş əhatəli xüsusi proqram işləyib hazırladı. Yalnız bu imtahandan keçənlər Landau elmi məktəbinə qəbul olunurdular.

1935-ci ildə tələbələrinə kömək məqsədilə Lüfşis ilə birlikdə “Nəzəri fizika kursu” dərsliyini yazdı. Sonrakı iyirmi ildə bu dərslik daha da təkmilləşdirilərək dönə-dönə çap olundu, bir çox xarici dillərə tərcümə edildi.

O, 1936-1937-ci illərdə isə “Fazaların ikinci növ dəyişmələri” və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyələrini yaratdı.

1937-ci ilin fevralında Moskva Fiziki Problemlər İnstitutunun direktoru Pyotr Kapitsadan aldığı dəvəti qəbul etdi. İnstitutda nəzəriyyə şöbəsinə rəhbərlik etməyə başladı.

 

Sevgisi

 

Landau Xarkovda gözəl Konkordi Drobensevaya ilk tanışlıqdan vuruldu. Kora konditer fabrikində mühəndis-texnoloq idi. 1932-ci ildə onun üçün Moskvaya köçən Kora ilə evləndi. 1946-cı ildə onların oğlu İqor dünyaya gəldi. İqor sonralar fizik-eksperimentator oldu, atasının çox böyük elmi nəticələr aldığı institutda çalışdı. Ancaq o, atası səviyyəsində alim ola bilmədi.

XX əsrin otuzuncu illərinin sonunda Sovet İttifaqının bütün ərazilərini bürüyən repressiya bəlasından dünya şöhrətli Lev Landau da xilas ola bilmədi. 1938-ci ilin 27 aprelində həbs edilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasına salındı. Ona qarşı casusluq, ziyankarlıq, antistalin vərəqələrinin tərtib edilməsi kimi ağır ittihamlar irəli sürülürdü.

Akademik Kapitsa SSRİ-nin rəhbərinə ünvanladığı məktubda Lev Landaunun fizika üçün, dünya elmi üçün çox əhəmiyyətli olduğunu yazırdı: “Yoldaş Stalin, sizə məlum olduğu kimi, dövlətimizin və hökumətimizin tapşırığı ilə mən çox mühüm bir elmi iş üzərində işləyirəm. İşin eksperimental hissəsində böyük uğurlar əldə olunub. Lakin maye heliumla bağlı nəzəri məsələlərin işlənilməməsi ucbatından tapşırıq yerinə yetirilə bilmir. Bu nəzəri problemin öhdəsindən yalnız Lev Landau gələ bilər”.

Məktubuna cavab ala bilməyən Kapitsa bu dəfə Molotova müraciət etdi. Stalinin tapşırığı ilə Molotov onu görüşə çağırdı. Kapitsanın zəmanəti ilə Landau 1939-cu ilin 29 aprelində həbsdən buraxıldı.

Həbsdən azad olunan Landau həyatının sonlarınadək Moskva Fiziki Problemlər İnstitutunda çalışdı. İnstitutda mövcud olan sağlam yaradıcı mühit onun daha məhsuldar işləməsinə şərait yaratdı.

O vaxtlar bu elm ocağında maye helium üzrə tədqiqatlar aparılırdı. Lev Landau problemin həllinə nail oldu və 1940-1941-ci illərdə “Maye heliumun yüksək axıcılığı” nəzəriyyəsini yaratdı.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Moskva Fiziki Problemlər İnstitutu kollektivi ilə birlikdə Kazan şəhərinə köçürüldü. Landau həmkarları ilə xüsusi tapşırıq üzərində çalışdı.

Onun elmi irsi olduqca zəngin, geniş və müxtəlifdir. 40 il ərzində bu nəticələri əldə etmək Lev Landau istedadı ilə mümkündür. Ona qədər aparılan ciddi tədqiqatlarda müsbət nəticələr alınmamış, həlli qeyri-mümkün hesab edilən bir çox məsələləri Lev Landau yoluna qoydu.

 

Qəribəlikləri

 

Yalanı sevməyən, həyatını fizikadan kənarda təsəvvür etməyən, məişətin insanı cılızlaşdırdığını deyən, həyat yoldaşı Koranın və dostlarının “Dau” deyə çağırdıqları, sevilən, əzizlənən, gözlənilməz hərəkətlərinə göz yumulan, şıltaqlıqlarına bir dahinin əməlləri kimi baxılan Lev Landau...

Yaradıcılığı insanın ən ali, ən böyük həyat sevinci sayan, tanıyanları heyrətamiz iş qabiliyyəti ilə təəccübləndirən şöhrətli alim həm də uşaq kimi sadəlövh idi. Akademik Kapitsa onun haqqında deyirdi: “Dau elə bil öz kəşflərindən bixəbərdir, elə bil bütün bunları özünü unutmağa qədər gedib çıxan ilahi bir vəcd ilə eləmişdi. Bəzən məni ona görə gülmək tuturdu ki, nə elədiyini ona təzədən başa salmaq lazım gəlirdi. Təzə şey eşidibmiş kimi bərk sevinirdi. Mən bir çox eksperimentlərimin nəzəri izahını ona həvalə etmişdim. Ekstra-klass intellekti bu eksperimentləri bir göz qırpımında qavrayırdı”.

Landau dövrünün dahi alimlərini sıralayır, birinci yerə Albert Eynşteyni qoyurdu. Deyirdi: “Eynşteynin nisbilik nəzəriyyəsi ilə tanış olandan sonra insan zəkasının hansı möcüzələrə qadir olduğuna bir daha inandım”. İkinci yerdə onun üçün Nils Bor gəlirdi. Landau bu dahi alimlə yanaşı işlədiyi üçün həmişə fəxr edirdi. Borun həyat yoldaşı Landaunu belə xatırlayırdı: “Dau çox qeyri-adi cavan idi. Bir də görürdün, yaşca özündən böyük bir alimi əməlli-başlı ələ saldı. Ancaq bu şıltaq dahinin Nils Borla münasibəti ata-oğul münasibətlərinə daha çox oxşayırdı”.

 

Elmi fəaliyyətinə vaxtsız son qoyan avtomobil qəzası

 

1950-ci illərdə və 1960-cı illərin əvvəllərində o, fizikanın bir çox sahələrində tədqiqatlar aparır, elmi əsərlər yazır, müxtəlif universitetlərdə və institutlarda mühazirələr oxuyurdu.

1962-ci il yanvarın 7-də “Volqa” markalı xidməti maşını Moskvanın Dmitrov şosesində ağır yük maşını ilə toqquşdu. Sürücünün yanında oturmuş Landau kəllə-beyin travması və ciddi bədən xəsarətləri ilə huşsuz vəziyyətdə Moskvanın Timiryazev rayonundakı 50 nömrəli xəstəxanasına aparıldı. Həmin gündən bu xəstəxana dünyanın ən şöhrətli alimlərinin, fiziklərinin diqqət mərkəzinə çevrildi. Landau 59 gün komada qaldı. Ən məşhur həkimlər onun müalicəsində iştirak edirdilər. Çatışmayan dərmanlar təyyarə ilə Amerika və Avropa ölkələrindən gətirilirdi. Çox ciddi yaralara baxmayaraq, Landau ölümün caynağından alındı. O, həyata qayıtdı, amma... Beyin travması alan akademik artıq elementar riyazi hesablamaları belə apara bilmirdi.

 

Nobel mükafatlı alim

 

1962-ci ilin sentyabrında SSRİ Elmlər Akademiyasının xəstəxanasına köçürüldü. Həmin ilin noyabrında Landaunun yatdığı xəstəxanaya məktub gəldi. Məktubda yazılmışdı: “Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”.

Alim xəstəxanada olduğu üçün Nobel mükafatını özü ala bilməzdi. Məşhur fizikin Stokholma gedə bilməməsi nəzərə alındı, Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim etdi.

1964-cü ilin 25 yanvarında evinə döndü. Amma elmi işə qayıda bilmədi. Arvadının və oğlunun fikrincə, Landau tədricən normal vəziyyətinə qayıdıb və fizika ilə məşğul olmağa yaxın olub. Amma 1968-ci il martın 24-də alimin səhhəti kəskin pisləşdi. Yenidən xəstəxanaya aparıldı 1968-ci il aprelin 1-də Lev Landau dünyadan köçdü.

 

Hər bir insan hökmən xoşbəxt olmalıdır

 

O, bütün elmi dərəcələri aldı, kimsənin əli yetməyən zirvələri fəth etdi. Akademik, Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər Akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının, Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fiziki Lev Davidoviç Landau kvant mexanikası, bərk cisimlər fizikası, maqnetizm, aşağı temperaturlar fizikası, kosmik şüalar fizikası, hidrodinamika, sahənin kvant nəzəriyyəsi, atom nüvəsinin fizikası, fiziki plazma və elementar hissəciklər fizikası və elmin daha neçə-neçə sahəsi ilə məşğul oldu. Haqqında deyirdilər: “XX əsrin nəhəng fizika binasında onun üçün bağlı qapılar yoxdur”.

Onun yeganə, fizika ilə əlaqəsi olmayan nəzəriyyəsi xoşbəxtlik nəzəriyyəsidir. Lev Landau hesab edirdi ki, hər bir insan xoşbəxt, özü də hökmən xoşbəxt olmalıdır...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 24 yanvar.- S.6.