Kamil qaboy çalanda...
Musiqi alətdə, nəğmə dildə ifa edilir. Bəzi ifaçılar haqqında söz düşəndə deyirlər ki, musiqi onun barmaqlarında dil açmışdı. Ona görə də ifa etdiyi musiqi aləti ilə xalqın yaddaşına yazılan sənətkarlarımız barmaqla sayılacaq qədər olsalar da, şöhrətləri dildə-ağızda, el-obada, mahaldan-mahala dolaşmaqda, dünya xalqlarının da diqqətini cəlb etməkdədirlər.
Belələrindən biri də məşhur qaboy ifaçısı Kamil Cəlilovdur ki, dinləyicilərini daim kövrək hisslərə kökləyir, düşündürür, musiqinin dili ilə qəlblərin ağrı-acısını ifadə edir. Qəribədir ki, onun ifalarını radio dalğalarından, televiziya kanallarından dinləyirik və təəssüf ki, ancaq matəm günlərində. Səbəbini özü çox sadə bir şəkildə dilə gətirib: “Neçə il əvvəl xalq yazıçısı Anar bir verilişdə musiqi ilə bağlı söhbətində dedi:
“...ney ağlayır, hönkürür, sızıldayır, özünü, necə deyərlər, şəhid eləyir, amma, onun səsini eşitmirlər. Lakin bir dumbul ortalığa düşür, hay-həşir salır, onun səsini tez eşidirlər”.
Daha ağrılı bir məqam: ustad onun ancaq qəmli mahnılar ifa etməsi barədə yayılan söz-söhbətlərdən üzülür: “Bəziləri elə bilirlər ki, ancaq matəm mərasimlərində çıxış edə bilərəm. Mənim çox zəngin repertuarım var: “Azərbaycan təranələri”ndən tutmuş, bəstəkarlarımızın mahnılarınadək...”
Əslində, özü də etiraf edir ki, ifalarının əksəriyyəti həzin, qəmli musiqilərdir. Görəsən, onları lentə aldıranda ağlına haradan gəlirdi: xalqımız dəhşətli faciələrlə, itkilərlə üzləşəcək, onun musiqiləri isə həmin matəm günlərində səsləndiriləcək? O, çox kövrəkdir: xalqımızın üzləşdiyi faciələr, itkilər ona çox pis təsir edir. Etiraflarından da bunu duymaq çətin deyil: “Tarix kitablarında xalqımızın başına gələn faciələr barəsində oxumuşam. Bundan sonra həmin faciələrdə çəkdiyimiz əzabları mən musiqilərimə köçürmüşəm. İfama qulaq asanda özüm də kədərlənirəm”.
Onun adı gələndə, ilk olaraq göz önündə
“milli qaboy
ifaçısı” canlanır
O, özgə aləti doğma dildə dilləndirməyi bacaran ustaddır. Soyuqqanlı alman xalqının musiqi alətini istiqanlı millətə sevdirmək o qədər də asan deyil. Bu barədəki fikirləri maraqlı olduğu qədər də səmimidir: “Qaboy çox çətin və şıltaq alətdir. Onda istədiyim səsi almaq üçün bəzi dəyişikliklər etmişəm. Muğamlarda gəzişmələr etmək üçün bəzi əlavələr lazım gəlib. Muğam çalanda xanəndələrimizin vurduğu zəngulələrdən istifadə etmişəm. Qaboy çalan çoxdur. Amma muğamı ilk dəfə mən ifa etmişəm. Qaboyun müştüyünü özüm düzəldirəm. Bəzən bir müştüyü düzəltməyə 2-3 ay vaxt lazım gəlir”.
Maestro Niyazinin ustadın sənətkarlığına verdiyi qiymət onun yaddaşına əbədi yazılıb: “Kamil o qədər sadədir ki, özü bilmir onda necə böyüklük var. Bəlkə elə bu böyüklükdən xəbərsiz olduğuna görə Kamil sənət zirvəsinə yüksələ bilib”.
“Sarı gəlin”in nakam eşqi Kamil Cəlilovun “ağlayan” qaboyu ilə dil açmışdı
Daşa toxunan bir eşq el nəğməsinin ahəngində nəinki dil, əslində, gül açırdı. Hər kəs bu ah-amanın fəryadına göz yaşı ilə münasibət bildirirdi…Çox keçmədi ki, qanlı-qadalı günlər başladı.1990-cı ilin qanlı Yanvarında Kamilin qaboyu da matəm libası geyindi. Qaboy dərdimizin, kədərimizin, azadlıq aşiqlərinin nakam ömürlərinin, tanklar altında qalıb qaralan işıqlı arzu və istəklərinin, söndürülmüş tale ulduzlarının fəryadını dilə gətirdi.
Kamil Cəlilov həm böyük sənət ustadı, həm də geniş qəlbə malik, həssas ürək sahibidir ki, belə yanğılı nəğmələr, könülləri sızıldadan melodiyalar müəllifi kimi sevilir. Məhz buna görədir ki, nəfəsindən qopan hər melodiya bizi ovsunlayır...
Muğam və segahın özünəməxsuz ifaçısı kimi yaddaşlara yazılan unudulmaz Rübabə Muradova Kamil Cəlilova belə vəsiyyət etmişdi: “Mən öləndə tabutum önündə bir “segah” çal. Bil ki, onda sən məni behiştə yola salmış olarsan”.
Kamil Cəlilov sadəcə qaboy çalmır. O, gözlərini yumaraq öz qaboyu ilə birlikdə məhz oxuyur və bu ifanın başqalarından, yəni müğənnilərdən fərqi ondadır ki, sözlər deyilmir: dinləyəni varlığından alan çox möcüzəli bir səs tufan qoparır: “Segah”ı Şövkət Ələkbərovadan öyrənmişəm. O, ilk dəfə mənə qulaq asandan sonra çox kövrəkcəsinə dedi: “Kamil, elə də “Segah” olardı çaldın?! Axı, bir fikirləşmirsən ki, bu xalqı qırıb-çatdın. O cür də yanğı olarmı?!” Bütün ifalarım mənə doğmadır. Ancaq mənimlə həmişə yaxın olan “Segah”dır. İnsan dünyaya gəldiyi gündən anasının laylasından başlamış ölümünə - “Yasin”in avazına qədər “Segah”la baş-başadır”.
Ulu babaları Laçından pərvazlanan Kamil müəllimin ürəyi böyük arzularla döyünür: yurdlarından ötrü qovrulan qaçqın-köçkünləri öz torpaqlarına dönəydi. İşğal edilmiş torpaqlarımızda çal-çağır başlayaydı: “Onda qaboyumu götürüb ilk getdiyim yer Şuşa olacaq.
“Ərimgəldi” qayasına çıxıb “Azərbaycan təranələri”ni çalardım. Çünki bu musiqinin ahəngində bir qətiyyətlilik, qürur və məğrurluq var...”
Balaban ilə çaldığı melodiya “Voyager qızıl plastinkası”na daxil edilən, “Şöhrət” ordenli Kamil Cəlilov düz 60 ildir ki, qaboyda muğam diliylə bizi dünənimizə səsləyir. Bu çağırışın ahəngində biz “Zəminxarə”, “Rahab”, “Zabul”, “Şur”, “Çahargah”, “Kəsmə-şikəstə”... kimi əbədiyaşar muğamlarımızı dinləyirik. Yarım əsrə yaxın müddətdə cəmi 3 qaboy dəyişib. Sonuncu qəlb həmdəmi ilə sirdaşlığı 30 ildən çoxdur. Qaboyu simfonik orkestrdən qoparıb xalq çalğı alətlərinin sırasına qoşub.
Dərdlərini ifasında anlatmağa çalışan Kamil müəllimin söhbətlərini dinləyəndə də sanki qaboya qulaq kəsilirsən. Uşaqlığından ağrı-acılı bir ömür yolu keçib. Sonra da deyirlər ki, niyə belə yanğılı dili, nəfəsi var? Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Atası Cəlil Böyük Vətən müharibəsindən iki ayağı şikəst qayıtdıqdan sonra Kamil cavan bacı itirib. Onun ölümünü heç unuda bilmir: “Can verəndə yaş yarımlıq körpəsini ona göstərdilər. Gözlərindən iki gilə yaş gəldi və dərindən nəfəs alıb canını tapşırdı. Anamı da tez itirdim. Ona görə də həmişə dərdimi qaboyla bölüşürdüm. Bacım xəstə olanda anam deyirdi ki, o, müvəqqəti qonaqdır. Sonra bildim ki, öləcək. Evimizin zirzəmisinə girib o qədər ağlayırdım ki... Sonralar da xalqımızın başına gələn faciələr mənə çox pis təsir elədi...”
“Azərbaycan təranələri” mənə yuxuda gəlib, sonra durub gecə ilə onu maqnitofona hissə-hissə yazmışam. Ümummilli lider Heydər Əliyev deyirdi: “Cəlilov, “Azərbaycan təranələri”ni dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını, bir sözlə, mənzərəsini görürəm”.
Prezident təqaüdçüsü 40 ilə yaxındır ki, toylarda ifa etməyə getmir. 20 Yanvarda, Xocalı faciəsinin ildönümlərində radiolarda, telekanallarda, Şəhidlər xiyabanında ifaları səslənir. “Zəmin-xarə”sinə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb. 20 Yanvar günlərində o, daha çox anılır, yada salınır və sənətinin vurğunu olduğu duyulur. Çünki bunu qazanmağı bacaran sənətkardır. Deyirlər ki, qaboy şəhid analarının ürəyinə su səpir. Şəhidlərin harayını, şikayətini o, qaboyunun dili ilə bütün dünyaya çatdırır.
O qan ağlayan günlərdə Məmməd Aslanın “Ağla, qərənfil, ağla” misraları, sanki Habilin kamanında, Kamilin qaboyunda dil açıb ağı deyirdi:
Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla,
qərənfil, ağla!
Ustadın ailəsində onun sənətinin fanatları olsa da, yolunu davam etdirənlər yoxdur. O, bundan təəssüflənmir də: “Üç qızım var. Musiqiçimiz yoxdur. Bəziləri elə bilir bəstəkarın oğlu gərək bəstəkar, şairin oğlu şair olsun. Mənə dedilər, nəvələrdən biri musiqiçi olsun, dedim, yox, Allah tərəfindən verilməyibsə, zorla şair, bəstəkar, müğənni olmaz”.
...Nəğmə dalğalı Xəzərin sahilində, Buzovna kəndində dünyaya gəlib. Orta təhsilini Bakıdakı 176 saylı məktəbdə alıb. Eyni zamanda 1 saylı musiqi məktəbində də oxuyub. Orta məktəbdə müxtəlif tədbirlərdə qarmon və nağara çalıb, şənlikləri yola verib. Sonra Asəf Zeynallı adına musiqi məktəbini və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub: “ Konservatoriyada oxuyanda bizə dərs proqramına uyğun olaraq qaboyda klassik bəstəkarların əsərlərini çalmağı öyrədirdilər. Amma mən hər dəfə qaboyu əlimə alanda ürəyimdən muğamlarımızı çalmaq keçirdi. Buna görə də boş vaxtlarımda sinfə tək girib, qaboyda muğam çalmağa çalışırdım. Doqquz-on muğamı ifa eləmişəm. Məsələn, “Bayatı-Kürd”, “Segah”, “Zəminxarə”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Humayun” və ritmik muğamlardan “Qarabağ şikəstəsi”ni çalmışam. Çoxlu sayda xalq və bəstəkar mahnılarını da buraya əlavə etsək, görün nə qədər olur. Hamısı da televiziya və radioda lentlərdədir.
Bir dəfə “Dan ulduzu” ilə İtaliyaya qastrola getmişdik. Konsertlərimiz çox maraqla qarşılanırdı. Mən də arabir qaboyla mahnıya uyğun solo çalırdım. Konsertlərin birində Gülarə xanım dedi ki, Kamil, axırda çıxıb bir muğam çalarsan, qoy bizim musiqinin gözəlliyini eşitsinlər. Mən isə dedim ki, bunlar muğamatı nə başa düşəcəklər? Ancaq Gülarə xanımın sözünə əməl etdim. Əvvəlcə “Küçələrə su səpmişəm” xalq mahnısını çaldım, keçdim “Bayatı-Şiraz”a, dalınca da “Bayatı-İsfahan”ı ifa etdim. Zəngulələri eləyəndə zaldan bir alqışlar qopdu ki, məəttəl qaldım. Sən demə, dinləyicilər arasında çoxlu türklər, cənublu soydaşlarımız varmış. Alqışlar bitəndən sonra səhnəyə bir kişi qalxdı. Yanıma gəlib dedi ki, mən neçə illərdir konservatoriyada qaboy ifaçılığına aid dərs deyirəm, ancaq heç vaxt belə səslər eşitməmişəm, siz buna necə nail olmusunuz? Bunun notu var sizdə? Sonra o, mənim qaboyumu alıb diqqətlə baxdı. Mən dedim ki, notu yoxdur, bu, bizim milli muğamlarımızın inprovizasiyasıdır, ürəyimdən gələn səslərdir...
“Azərbaycan təranələri”ni, “Naxçıvan təranələri”ni mən yazmışam. İnanın, bu çalğıların hamısı mənə elə bil yuxuda verilib. Bu əsərlər ulu öndər Heydər Əliyevin də çox xoşuna gəlirdi. Ulu öndər deyirdi ki, Kamil Cəlilov virtuoz, yaradıcı, novator sənətkardır. Bu sözlər mənim əməyimə verilən çox yüksək qiymətdir”.
Bu il 80 illik yubileyi keçiriləcək xalq artisti, Prezident təqaüdçüsü Kamil Cəlilov da öz sənəti ilə adını qoşalaşdırmış ifaçılardandır. O Kamil ki, Şərq xalqlarına məxsus, almanların musiqi aləti kimi tanıdılan qaboyu milliləşdirib. O, sevincli günlərimizdə qaboyu ilə bizi sevindirib, kədərli anlarımızda yalnız gözlərimizi deyil, ürəklərimizi də ağladıb...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2018.- 24 yanvar.- S.6.