“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”
sənədli filmi Los-Ancelesdə nümayiş etdirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los-Ancelesdə yerləşən, ABŞ-ın ən böyük və məşhur tibb mərkəzlərindən olan Cedars-Sinai Tibb Mərkəzində nümayiş etdirilib.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə keçirilmiş tədbirdə tanınmış həkimlər, xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, yerli KİV nümayəndələri, Azərbaycan, yəhudi və digər icmaların fəalları iştirak ediblər.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Cedars-Sinai Tibb Mərkəzinin tanınmış kardioloqu İzhar Xaruzi sözügedən filmin tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından yüksək önəm daşıdığını bildirib.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan neft sənayesinin inkişaf tarixi haqqında danışıb. O, XIX əsrdən başlayaraq neftin ölkəmizin sosial, iqtisadi və siyasi həyatında önəmli rol oynadığını qeyd edib. Diplomat İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasında azərbaycanlıların həm ön, həm də arxa cəbhədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edərək, müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını, bunun ovaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadətini və Bakı neftinin strateji rolunu qeyd edən diplomat 1941-1945-ci illərdə Sovet İttifaqında neft hasilatının 70 faizdən çoxunun, yanacaq istehsalının isə 80 faizdən çoxunun Bakının payına düşdüyünü vurğulayıb. O, bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini və 2015-ci ildə məşhur “National Geographic” telekanalı vasitəsilə müxtəlif dillərdə bütün dünyaya yayımlandığını diqqətə çatdırıb. N.Ağayev bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır.
Çıxışlardan sonra filmin nümayişi
keçirilib. Film tamaşaçılar
tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Daha sonra baş konsul qonaqları
maraqlandıran sualları cavablandırıb.
Azərbaycan.-
2018.- 24 yanvar.- S. 6.