Azərbaycan beynəlxalq əməkdaşlığa
mühüm töhfələr verir
“IBM” şirkəti Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə
yaradıb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 24-də Davosda
“IBM” şirkətinin baş
icraçı direktoru
xanım Cinni Rometti ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xanım Cinni Rometti Azərbaycan ilə əməkdaşlığın uğurlu olduğunu, “IBM” şirkətinin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda birgə müəssisə yaratdığını vurğuladı. Bunun da ölkəmizin coğrafi mövqeyi, uğurlu inkişafı və innovasiyaya yüksək qiymət verməsi ilə bağlı olduğunu deyən Cinni Rometti bu müəssisənin yaradılması ilə Azərbaycanda insan kapitalının daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.
Qeyd edək ki,
“IBM” şirkətinin Azərbaycana yatırdığı investisiya nəticəsində yüksək
ixtisaslı kadrlardan ibarət yeni iş yerləri
açılacaq, SOCAR-“IBM” əməkdaşlığı nəticəsində
ən müasir texnologiyalardan
istifadəyə geniş imkan
yaradılacaq, SOCAR-ın əməkdaşları müasir texnologiyalardan
istifadə edərək bilik və
bacarıqlarını təkmilləşdirəcəklər.
Layihə üzərində 1500-dək işçi
çalışacaq ki, bu
da dünya səviyyəli
mütəxəssislərin hazırlanmasına rəvac verəcək.
Layihədə Bakı Ali Neft
Məktəbinin, o cümlədən Azərbaycanın
digər universitetlərinin iştirakı da
təmin olunacaq. Bu
layihənin icrası nəticəsində ölkəmizin regionda innovasiyaların tətbiqi sahəsində
nüfuzu daha da artacaq.
Azərbaycan.- 2018.- 25 yanvar.- S.1.