Dərin və sürətli islahatlar 2017-ci ildə iqtisadi inkişafın əsas təminatçısı oldu

 

Ötən il “Made in Azerbaijan” brendi ilə 3179 çeşiddə məhsul ixrac edilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.

 

Prezident tapşırıqlarının icrası fəaliyyət prioritetidir

 

Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin ötən il sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirdiyini, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, sərmayə qoyuluşlarının artırılması, xarici borcların azaldılması, Dövlət İnvestisiya Proqramı çərçivəsində infrastruktur layihələrinin icrası, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin bu ilin birinci yarısında istifadəyə verilməsi, sənaye parklarının və məhəllələrinin təşkili prosesinin davam etdirilməsi, on yeni xalça fabrikinin açılması və ilin sonuna qədər onların sayının 20-yə çatdırılması, yeni iş yerlərinin yaradılması və bəzilərinin bağlanması səbəblərinin təhlili, sahibkarlara güzəştli kreditlərin davam etdirilməsi istiqamətlərində tapşırıqlar verib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında həmçinin sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması, məktəblərin, uşaq bağçalarının sayının artırılması və təmiri, qəzalı və təmirsiz məktəblərin aradan qaldırılması, yeni xəstəxanaların və Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, taxılçılıqla bağlı əlavə tədbirlərin görülməsi kimi vəzifələr qarşıya qoyub. Dövlət başçısı idxaldan asılılığın azaldılması, suvarılmayan ən azı 100 min hektar torpaqlara suyun verilməsi, 300 subartezian quyusunun qazılması, fındıqçılığın, zeytunçuluğun inkişafı, yeni zeytun bağlarının salınması, tütünçülüyün bərpası və tütünün nəinki xammal, həm də hazır məhsul kimi ixracı, arıçılığın ixrac potensialının genişləndirilməsi, turizmin inkişafı, ixracyönümlü məhsulların həcminin artırılması, ticarət nümayəndəliklərinin yaradıldığı və ixrac missiyalarının təşkil edildiyi ölkələrə ixracın genişləndirilməsi və s. barədə tapşırıqlarını da verib.

İqtisadiyyat Nazirliyinin ötən il ərzində gördüyü işlərdən danışan nazir Şahin Mustafayev qeyd edib ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və sahəvi dövlət proqramlarında, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilir.

Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2017-ci ildə tikinti materialları, mədənçıxarma, elektrik enerjisi və digər məhsulların istehsalı, eləcə də emal üzrə yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib.

 

İnvestisiya dəyəri 2,7 milyard dollar olan layihə

 

2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə - “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, “MST Engineering Services” MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, “Alco Lubricant” MMC-nin sürtkü yağları istehsalı zavodu və “STDC” MMC-nin Data Mərkəzi açılıb, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyirici-boyaq və “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. 2018-ci ildə SKSP-də daha 6 müəssisə fəaliyyətə başlayacaq.

Ümumilikdə SKSP-nin 15 rezidenti var. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq layihələrə 1,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda sənaye parkında istehsalat və tikinti sahəsində 8400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Ötən il dövlət başçısının iştirakı ilə Balaxanı Sənaye Parkı istifadəyə verilib. Hazırda sənaye parkının işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti var. Bu rezidentlər tərəfindən sənaye parkına 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb. Sahibkarların marağını nəzərə alaraq Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Artıq sahibkarlar polietilen və polipropilen və polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalından biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün müraciət ediblər.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında yerləşən müəssisələr üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaqdır. Sənaye parkında inşa olunan “Mingəçevir Tekstil” fabriki bu ilin I rübündə istismara veriləcək. Ümumi dəyəri 65 milyon ABŞ dolları olan müəssisədə 550 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Onlarla gəmi istifadəyə verilib, 100-ə yaxın gəminin təmiri aparılıb

 

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir. Zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, təchizat və digər təyinatlı gəmilərin tikintisi həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi təmiri işləri həyata keçirilib. 2017-ci ilin sentyabr ayında BP şirkətinin sifarişi ilə tikilən və dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” sualtı tikinti gəmisi istismara verilib. Hazırda müəssisə tərəfindən 2 ədəd “Ro-pax” tipli gəmi bərənin və 2 ədəd neftdaşıyan tankerin inşası işləri davam etdirilir.

Əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında təməli qoyulmuş 2 dərman zavodunun - Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” və Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” zavodlarının, eləcə də birdəfəlik şprislər istehsal edəcək “Diamed Co” zavodunun tikintisi istiqamətində müvafiq tədbirlər görülür. Bu zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. Ümumilikdə bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. 2017-ci ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukraynanın “İndar” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılmasına dair imzalanan anlaşma memorandumuna əsasən, “İndar” şirkəti sənaye parkında beynəlxalq standartlara uyğun infuziya və inyeksiya məhlulları istehsal edəcək. Eyni zamanda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə danışıqlar aparılır.

 

Sənaye parklarında 11 minə yaxın iş yeri açılıb

 

Ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən indiyədək 2,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və 11 minə yaxın iş yeri açılıb. Növbəti mərhələdə isə 1,1 milyard ABŞ dollarından çox investisiya yatırılması və 7500-dən artıq yeni iş yeri açılması nəzərdə tutulur.

2017-ci ildə Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin təşkili işləri isə davam etdirilir.

Nazir Şahin Mustafayev sənaye parkları və məhəllələrinin tikintisi istiqamətində işlərin, o cümlədən sənaye zonalarına yeni rezidentlərin cəlb olunması və bu sahədə təbliğatın davam etdirilməsi, eləcə də digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində araşdırmaların sürətləndirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

 

Bakı Dəniz Ticarət Limanının 50-70 faiz genişləndirilməsi nəzərdə tutulur

 

Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikinti işləri və liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir. Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən, Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün icra olunacaq işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib. Hazırda limanda tikinti işləri sürətlə davam etdirilir və bu işlər kompleksin bütün seqmentlərini əhatə edir. Tikinti işlərinə 1500-ə yaxın işçi qüvvəsi və 300-ə qədər müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub. Bu ilin yanvar ayının əvvəlində dövlət başçısının iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal müasir texniki tələblərə uyğun tikilib. 2018-ci ilin mart ayının sonunadək limanda 7 ümumi yük körpüsünün tikintisinin, anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin quraşdırılmasının başa çatdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası 2018-ci ilin may ayında başa çatdırılacaqdır.

Dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı Dəniz Ticarət Limanının birinci mərhələsinin bu ilin birinci yarısında istifadəyə verilməsi, gələcəkdə tələbat artdıqca limanın 50-70 faiz genişləndirilməsi nəzərdə tutulur.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalçaçılıq müəssisəsinin tikintisi işləri yekunlaşıb, dövlət başçısının iştirakı ilə 3 xalçaçılıq müəssisəsi açılıb. Bu sahədə ümumilikdə 1600 yeni iş yeri yaradılıb. Hazırda daha 10 müəssisənin, həmçinin 5 yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi üçün hazırlıq işləri aparılır.

İclasda vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq, arıçılıq və digər sahələrin inkişafı istiqamətində qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası məqsədilə əkin sahələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması işləri görülür, sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Kollegiya iclasında qeyd edilib ki, ötən il pambıqçılıqla məşğul olan 195 sahibkara 10,2 milyon manat, tütünçülük sahəsi üzrə 100-ə yaxın sahibkara 1,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 900-dən çox yeni iş yeri açılıb.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsinin tikintisi başa çatdırılıb və hazırda istehsal avadanlıqları quraşdırılır. Müəssisə bu ilin fevralında istifadəyə veriləcək. Cocuq Mərcanlı kəndində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilir.

Dövlət başçısının tapşırığına əsasən, yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsi, meliorativ tədbirlərin aparılması davam etdiriləcək və bunun üçün Dövlət İnvestisiya Proqramına uyğun olaraq müvafiq vəsaitlər ayrılıb.

 

Sahibkarlara iki il ərzində 5 min lisenziya verilib

 

İslahatlar ili kimi tarixə düşən 2017-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib, bu sahədə bir sıra islahatlar aparılıb. İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2017-ci ildə sahibkarlara 1646 lisenziya verilib ki, bunun da 1027-si yeni, 619-u müddətsiz lisenziya ilə əvəz edilmiş və ya yenidən rəsmiləşdirilmişdir. Lisenziyaların verilməsinə başlanıldığı 2 noyabr 2015-ci il tarixdən indiyədək isə sahibkarlara ümumilikdə 5 min lisenziya verilib. Bu lisenziyaların 2694-ü yeni, 2306-sı isə müddətsiz lisenziya ilə əvəz edilmiş və ya yenidən rəsmiləşdirilmiş lisenziyalardır. Lisenziyalar əsasən əczaçılıq, tikinti-quraşdırma işləri, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri sahələrinə verilib.

2017-ci ildə “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən kommersiya hüquqi şəxslərin 141 qrant müqaviləsi qeydiyyata alınıb.

 

Sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib

 

Ötən il vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib. Müqayisə üçün 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub. Vergi yoxlamaları, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək artırılıb.

İndiyədək sahibkarlara investisiya dəyəri 2 mlrd. manatdan çox olan layihələr üzrə 236 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1162 təsdiqedici sənəd verilib. 8 iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 0,4%-i Bakı şəhərinin, 38,1 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5 faizi isə digər şəhər və rayonların payına düşür. Layihələrin 38,1 faizi kənd təsərrüfatını, 61,9 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 16 minə yaxın yeni iş yerinin açılacağı gözlənilir.

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 38-i 2017-ci ildə olmaqla indiyədək 338 sahibkar və menecer Almaniyada 1 ay müddətində “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçib. Proqram çərçivəsində gənc sahibkar və menecerlər 2018-ci ildə də Almaniyada ixtisasartırma kurslarına göndəriləcək. Aqrar sahədə fəaliyyət göstərən gənc sahibkar və menecerlərdən ibarət növbəti qrup isə bu ilin fevralında Almaniyaya göndəriləcək.

2017-ci ildə Yevlaxda yerləşən Aran Regional İnkişaf Mərkəzində 2-ci regional biznes inkubator yaradılıb və hazırda burada 21 gənc biznes sahəsində biliklərini artırır, sahibkarlıq sahəsində formalaşırlar. Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində də 2014-cü ildən biznes inkubator fəaliyyət göstərir və indiyədək 50-yə yaxın gənc bu imkanlardan yararlanıb.

Bununla yanaşı, ötən il Quba-Xaçmaz və Aran Regional İnkişaf mərkəzlərində qadınlar üçün də biznes inkubatorlar fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2017-ci ildə Bakıda və ölkə regionlarında 2500-dən artıq dinləyicinin iştirakı ilə biznes planların və investisiya layihələrinin hazırlanması, marketinq, menecment, brendləşdirmə, ekoloji təmiz kənd təsərrüfatının inkişafı və s. mövzularda 124 tədbir keçirilib, 750-yə yaxın məsləhət xidmətləri göstərilib.

 

Özəl sektora dövlət dəstəyi gücləndirilir

 

Kollegiya iclasında özəl bölmədə həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün hər il olduğu kimi, ötən il də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. İclasda sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, fındıqçılığın, tütünçülüyün, arıçılığın, zeytunçuluğun inkişafı, yeni zeytun bağlarının salınmasının dəstəklənməsi, o cümlədən bu sahələrə güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.

İclasda idxaldan asılılığın azaldılmasının, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinin, eləcə də qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Bildirilib ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev ticarət nümayəndəliklərinin yaradıldığı və ixrac missiyalarının təşkil edildiyi ölkələrə və bölgələrə ixracın həcminin artırılması barədə tapşırıq verib. Tapşırığın icrası məqsədilə nazirliyin struktur bölmələrinə müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq fərman və sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bildirilib ki, ixracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində sahibkarlara 2,9 mln. manatı 2017-ci ildə olmaqla 3,5 mln manata yaxın vəsait geri ödənilib.

 

10 ölkəyə ixrac missiyası təşkil edilib

 

Prezident İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” 5 oktyabr 2016-cı il tarixli fərmanından irəli gələn vəzifələrin icrası ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, eləcə də yerli və xarici bazarlarda rəqabətədavamlı məhsulların çeşidlərinin artırılmasına mühüm təkan verib. Fərmanın icrası istiqamətində 2017-ci ildə 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil olunmuş 5 beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub.

Bu tədbirlər çərçivəsində Səudiyyə Ərəbistanı, İspaniya, Misir, Əfqanıstan, Rusiya, Belarus, Litva və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab məhsullarının, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsullarının, bal, çay kimi kənd təsərrüfatı və qida sənayesi məhsullarının, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 70-ə yaxın müqavilə imzalanıb və razılaşmalar əldə olunub. “Rosiya 24” telekanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxları nümayiş olunub, şirkətlərin sifarişi əsasında 30-dan çox məhsul üzrə araşdırmalar aparılıb. Bundan başqa, “Buta Airways” təyyarələrində reklam yerləşdirilib, təyyarələrdə təklif olunan Azərbaycan məhsullarının siyahısı genişləndirilib. “SOCAR Georgia Petroleum” şirkətinin yanacaqdoldurma məntəqələri üçün 10 stend hazırlanıb və həmin stendlər yanvar ayının sonunadək məntəqələrdə yerləşdiriləcək.

Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 11 yanvar tarixli fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilmişdir. Fərmana uyğun olaraq 2018-ci ildə də xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil olunacaq, beynəlxalq sərgilərdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara mailyyə dəstəyi daha da gücləndiriləcəkdir. Bu il Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi məqsədilə təşkil ediləcək tədbirlərdə 2018-ci ilin əvvəlində təqdimatı keçirilmiş yeni “Made in Azerbaijan” loqosundan istifadə olunacaq.

 

Azərbaycanın xaricdəki Ticarət Evlərinin sayı artır

 

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2017-ci ildə Belarusda Azərbaycanın Ticarət Evi fəaliyyətə başlayıb. Belarus Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Artıq Azərbaycan Ticarət Evi Belarusa alkoqollu içkilər idxal etmək hüququ da əldə edib. Bununla da, Azərbaycan Ticarət Evi bu hüquqa malik olan 29 dövlət və özəl müəssisənin yeni siyahısında yer alıb.

Latviyada Azərbaycan Ticarət Evi artıq qeydiyyata alınıb və bu il fəaliyyətə başlayacaq. Ukraynada isə Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilib və hazırda onların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.

Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 2017-ci ildə 10 iclası keçirilib, Xurma, Tütün, Çay, Mebel, Tekstil, Tikinti Materialları İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb, 160-dan çox şirkətə ixraca dair xidmətlər göstərilib.

Görülmüş tədbirlər nəticəsində 2017-ci ildə qeyri-neft ixracı 24,4 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6 faiz, sənaye məhsullarının ixracı 20,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 14,5 faiz artıb. Ötən il Azərbaycandan 3179 çeşiddə məhsul ixrac edilib.

Kollegiya iclasında ixrac missiyalarının, işgüzar görüşlərin səmərəliliyinin daha da artırılması, ixracda xüsusi əhəmiyyət kəsb edən qablaşdırma müəssisəsinin qısa müddətdə yaradılması istiqamətində nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

 

Ötən il Azərbaycandan keçən tranzit yük avtomobillərinin sayı 20 faiz artıb

 

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar 2017-ci ildə də ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, “Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin olunacaq.

Tranzit yüklərin daşınmasında iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2017-ci ildə ölkə ərazisindən 25 mindən çox yük avtomobili keçib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Ümumiyyətlə, görülmüş işlər nəticəsində 2017-ci ildə ölkə ərazisindən 10,4 milyon ton tranzit yük daşınmışdır ki, bu da 2016-cı illə müqayisədə 16 faiz çoxdur. Ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu da Azərbaycanın tranzit potensialının daha səmərəli reallaşdırılmasında önəmli olacaqdır.

Kollegiya iclasında qeyd edilib ki, Azərbaycanın turizm potensialı, ölkədəki siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun inkişafı üçün geniş imkanlar açır. Bu imkanların reallaşdırılması üçün dövlət başçısının tapşırığına uyğun olaraq əlavə tədbirlər görüləcəkdir.

 

Neftçala Sənaye Zonasında modul tipli məktəblər inşa olunacaq

 

Dövlət başçısının tapşırığına uyğun olaraq, 2018-ci ildə də sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya tamamilə yenidənqurulması işləri davam etdiriləcək, modul tipli məktəblər inşa olunacaq. Dövlət İnvestisiya Proqramında da bu məsələnin həlli üçün müvafiq vəsait nəzərdə tutulub. Bu modul tipli məktəblər Neftçala Sənaye Zonasında hazırlanacaqdır.

İstehlak bazarında satılan malların keyfiyyət və təhlükəsizliyinə nəzarət məqsədilə 2017-ci ildə 6374 nümunənin müayinəsi aparılmış, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə ötən il Bakıda və regionlarda 13 konfrans və “dəyirmi masa” təşkil edilmiş, ticarət qaydalarına əməl olunması ilə bağlı 10 maarifləndirici məlumat 560 mindən artıq elektron ünvana göndərilmiş, istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılmışdır.

Ötən il mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunmasının təşkili istiqamətində tədbirlər davam etdirilib. Artıq Bakı şəhərinin ayrı-ayrı ünvanlarında və Abşeron rayonunda yerləşən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) 70-ə yaxını Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 40-dan çox MMMC-nin yaradılması istiqamətində işlər davam etdirilir. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərlərində yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi və MMMC-nin yaradılması ilə bağlı müvafiq maarifləndirici və təşkilati işlər həyata keçirilir.

İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması, onların sayının və keyfiyyətinin artırılması və bu sahədə vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə işlər 2017-ci ildə də davam etdirilib. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən 14-ü interaktiv, 5-i informativ olmaqla vətəndaşlara 19 elektron xidmət göstərilir. Nazirlik tərəfindən göstərilən 6 elektron xidmət artıq “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin də “E-hökumət” portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür.

 

2017-ci ildə 1953 sahibkara 146 milyon manat güzəştli kredit verilib

 

İclasda Nazirliyin struktur bölmələrinin rəhbərlərinin müvafiq sahələr üzrə məruzələri dinlənilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun 2017-ci il üzrə fəaliyyətinə, o cümlədən aqroparkların yaradılması sahəsində görülmüş işlərə dair məlumat verib. Bildirilib ki, fondun tarixində ilk dəfə olaraq ötən il dövlət büdcəsindən vəsait ayrılmadan investisiya layihələri maliyyələşdirilib. Belə ki, 2017-ci ildə fond tərəfindən 1953 sahibkara geri qaytarılan vəsaitlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. Dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 61 istehsal, emal və infrastruktur müəssisəsi 2017-ci ildə fəaliyyətə başlayıb. 2018-ci ildə daha 40 layihənin başa çatdırılması nəzərdə tutulur.

Sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 2017-ci ildə 3800 sahibkarın iştirakı ilə 40 işgüzar forum keçirilib. Ümumilikdə indiyədək layihələrin ümumi dəyəri 4 milyard manatdan çox olan 34600 sahibkara 2,1 milyard manat güzəştli kredit verilib.

Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi 2018-ci ildə davam etdiriləcək. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlıq subyektlərinə aqroparkların, ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, texniki bitkiçilik, idxaləvəzləyici qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə ilkin olaraq 170 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulur.

 

43 aqropark yaradılacaq

 

Dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 28 rayonu üzrə qeyri-səmərəli və istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarda 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Aqroparkların yaradılmasına 251 milyon manat, o cümlədən infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və 102 milyon manat güzəştli kredit ayrılmış, 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilmiş, kompleks aqrolizinq xidmətləri göstərilmişdir.

Aqroparkların 3-də birinci mərhələ başa çatdırılmış, 25-də tikinti-quraşdırma və 15-də isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcəkdir. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaqdır.

 

Sənaye məhəllələrinin sayı artacaq

 

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf məruzəsində sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, 2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Artıq 6 müəssisə fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə ümumilikdə 45,3 mln. manat investisiya yatırılıb, 500-ə yaxın yeni iş yeri yaradılıb. 2018-ci ilin birinci rübündə Neftçala Sənaye Məhəlləsində “Azproduct” MMC (balıq konservi və soyudulmuş balıq üzrə ixtisaslaşmış), “Gilan Pivot” MMC (PİVOT suvarma sistemləri istehsalı), “Azərmaş” ASC və “İran Khodro” birgə avtomobil zavodunun fəaliyyətə başlaması nəzərdə tutulur. Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 5 ha genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.

Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və birinci mərhələ çərçivəsində tikinti işləri 2018-ci ilin fevral ayında başa çatdırılacaq və sənaye məhəlləsindəki istehsal sahələri sahibkarların istifadəsinə veriləcək. Ümumi ərazisi 10 hektar olan Masallı Sənaye Məhəlləsində birinci mərhələdə üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. Sahibkarlar tərəfindən artıq ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlk olaraq sənaye məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin icrasına başlanılacaq. 200-dən çox yerinin açılacağı bu layihələrdən 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı sahələrini əhatə edir. Bu müəssisələrin cari ilin aprel ayında fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaqdır.

Dövlət başçısının ötən il imzaladığı sərəncama əsasən, Hacıqabul Sənaye Məhəlləsi yaradılır. Sənaye məhəlləsində tikinti işlərinə 2018-ci ilin fevralında başlanılması və iyul ayında başa çatdırılması nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfərdən çox işçi cəlb olunacaqdır. Sənaye məhəlləsi əsasən ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Hacıqabul Sənaye Məhəlləsinə sahibkar marağı böyükdür və artıq 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.

2017-ci ildə dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin yaradılması barədə sərəncam imzalayıb və sənaye məhəlləsinin təməlini qoyub. 20,3 hektar ərazidə salınacaq sənaye məhəlləsində tikinti işlərinə 2018-ci ilin fevral ayının sonlarında başlanılması və birinci mərhələnin iyul ayında başa çatdırılması nəzərdə tutulur. Sənaye məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması nəzərdə tutulur.

Dövlət başçısının tapşırığına uyğun olaraq, digər rayonlarda da sənaye məhəllələrinin yaradılması istiqamətində iş aparılır.

Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb. Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2018-ci il üçün İş Planı təsdiq olunub, cari məsələlər müzakirə edilib.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 25 yanavr.- S.1; 4.