Yüz on yaşlı birinci

 

1908-ci ilin yanvarı... Qəzetlər, jurnallar 22 yaşlı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasından yazırdılar. Hər yazıda böyük sevinc ifadəsini tapırdı. Üzeyir bəy millətinin adına bir yenilik yazmışdı. Bundan sonra musiqi tarixində Şərqin ilk opera müəllifi olaraq azərbaycanlı bəstəkarın adı çəkiləcəkdi.

 

Şuşadan yol gələn arzu...

 

Əsər 1907-ci ildə yazıldı. Ancaq məhəbbətin ölməzliyindən bəhs edən bu əfsanə Üzeyir bəyin diqqətini çoxdan cəlb etmişdi. O zaman ki, XIX əsrin sonları idi və Üzeyir Hacıbəyli hələ Şuşada yaşayırdı. Azərbaycanın əsrarəngiz Qarabağının göz bəbəyi sayılan, Şərqin konservatoriyası adlandırılan bu şəhərin mədəni həyatı olduqca zəngin və rəngarəng idi. Şuşalıların məclisləri şeirsiz, musiqisiz, muğamsız olmazdı.

Şuşa dünyada gedən tərəqqiyə də göz yummamışdı. Övladları təhsil almaq, müxtəlif ixtisaslara yiyələnmək üçün Rusiya, Fransa, Almaniya, Polşa və başqa Avropa ölkələrinə gedirdilər. Yay aylarında doğma şəhərə dönən, tətillərini burada keçirən həmin gənclər Şuşanın mədəni həyatına yeni ab-hava gətirirdilər.

Yenə belə gözəl yay günlərindən biri idi. Şuşa əhli bu dəfə yazıçı Əbdürrəhim bəy Haqverdiyevin Füzulinin poeması əsasında hazırladığı “Məcnun Leylinin məzarı üstündə” səhnəciyinə tamaşa etmək üçün toplaşmışdı. Məşhur xanəndə Cabbar Qaryağdıoğlu Məcnun libasında səhnəyə çıxdı. Onun yanıqlı səsi tarzən Mirzə Sadıqcanın ifa etdiyi kədərli musiqi sədaları ilə qoşalaşdı...

O vaxt Üzeyir bəy tamaşaçıların arasında deyildi. Yaxşı səsi olduğu üçün o da bu səhnəcikdə xor dəstəsində oxuyurdu. Bu tamaşanı, Cabbar Qaryağdıoğlunun Məcnununun yanıqlı ifasını şuşalılar uzun illər unutmadılar. Həmin günün təəssüratı Üzeyir Hacıbəyliyə bu dəyərli operanı yazdırdı. “Bakinski raboçi” qəzetinin 1938-ci il 16 mart tarixli sayında dərc olunan “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” adlı məqaləsində ilk operanın yaranma tarixini müəllif belə xatırlayırdı: “Leyli və Məcnun” necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında, “Məcnun Leylinin məzarı üstündə” səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim”.

...1908-ci ildə “Kaspi” qəzetində operanın ilk afişa-elanı verilir: “Tağıyev teatrında müsəlman dilində opera. Şənbə günü, 12 yanvar 1908-ci il. “Nicat” müsəlman mədəni-maarif cəmiyyətinin teatr bölməsi müəlliflərin və həvəskar ifaçıların iştirakı ilə ilk dəfə müsəlman səhnəsində “Leyli və Məcnun” operası təqdim edəcək. 5 pərdə, 6 şəkildə olan bu tamaşa Füzulinin poeması və Ü. və C.Hacıbəyov qardaşlarının musiqisi əsasında hazırlanmışdır. Tamaşa 9-un yarısında başlayır. Şərq orkestri (tardan ibarət) Qurbanın rəhbərliyi ilə idarə olunacaq”.

 

Mələklərə məxsus hövsələ və inadkarlıq...

 

Tamaşa nəzərdə tutulduğu kimi keçmədi. Tarzənlər səhnəyə çıxmaqdan imtina etdilər. Üzeyir Hacıbəyli orkestri gücləndirmək üçün tamaşaya iki saat qalmış tarı skripka ilə əvəz edərək nota salmalı oldu. Üzeyir bəy özü seminariya dostları - Əli Terequlov, Ağəli Qasımov, Fərhad Ağayev, Qayıbov, İsmayılov və digərləri ilə birlikdə orkestrdə skripkada çaldı. Tarda isə Qurban Pirimov və Şirin Axundov müşayiət etdilər. Bəstəkarın kiçik qardaşı, tərcüməçi, jurnalist, ictimai xadim Ceyhun bəy operanın ilk tamaşasında İbn Səlam və Nofəl rollarında oynadı. Sonralar - Fransada mühacirətdə olarkən o, müəlliflik məsələsinə də aydınlıq gətirdi. Ceyhun bəy yazırdı: “Opera yazmaq Üzeyir bəyin təşəbbüsü idi. Mən sadəcə, Füzuli əsərlərinin uyğun irihəcmli hissələrindən və muğamların seçilməsində qardaşıma kömək etmi-şəm”. Ceyhun bəy sevimli qardaşının çəkdiyi əziyyətləri belə xatırlayırdı: “Bəzən o, gecə saat ikiyə-üçə qədər oturub işləyir, mələklərə məxsus hövsələ və inadkarlıqla səhnədə vokal musiqi ifasının harmonik ansamblını yaratmağa çalışırdı”.

Tamaşanın hazırlanması da böyük zəhmət hesabına başa gəldi. Bəstəkar operasına qüdrətli bir şairin - Məhəmməd Füzulinin eyni adlı poemasını mövzu seçmiş, Azərbaycan xalq musiqisi ilə ona qol-qanad vermişdi. “Leyli və Məcnun” operasını səhnələşdirənlər də, ifa edənlər də şairin şeiriyyətindəki ucalığı, böyüklüyü dərk etməli, musiqimizin gözəlliyini duymağı bacarmalı idilər. Yoxsa Üzeyir Hacıbəylinin görmək istədiyi tamaşa alınmayacaqdı.

Məsələyə bəstəkarın nə qədər həssaslıqla yanaşdığı o dövrdə qələmə alınmış müxtəlif məqalələrdə, xatirələrdə əksini tapıb. Hüseynqulu Sarabski xatirələrində yazırdı: “Bir gün... “Əlmənsur”u oynadıq. Axırıncı pərdədə bir ərəb “Sədayi-qayibanə” oxuyur, o rolu mən oynayırdım. Ərəb qiyafəsində “Hicaz” üstə oxudum. O gecə Üzeyir bəy Hacıbəyov teatrda imiş”. Gənc Hüseynqulu Sarabskinin aktyorluq məharətini görən Üzeyir bəy tərəddüdsüz onu baş rola - Məcnun roluna dəvət etdi. Bu seçim yalnız “Leyli və Məcnun” tamaşası üçün uğurlu olmadı. Hüseynqulu Sarabski də həmin tamaşanı minnətdarlıqla xatırlayır, yazırdı ki, vaxtilə aktyorluq etdiyimə görə mənə tənə edənlər indi Məcnun deyə çağıraraq aqlışlayır, hörmətlə qarşılayırdılar. Akytor 30 illik səhnə həyatı boyunca bu rolu 400 dəfə oynadı və hər dəfə öz Məcnununa yeni çalarlar əlavə etdi. Ona görə ədəbiyyatşünas alim Əziz Şərif yazırdı: “Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır. Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır. İnsan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim. Lakin göz yaşlarım durmadan axırdı”.

İki gəncin nakam məhəbbətindən, faciəli taleyindən bəhs edən “Leyli və Məcnun” operasında orta əsr Şərqinin ziddiyyətli mühiti təsvir olunsa da, bir çox problemlər yazıldığı dövrlə səsləşirdi. XX əsrin ilk onilliyində Azərbaycanda nəinki qızlar, hətta oğlanlar belə səhnəyə çıxmağa çəkinirdilər. Belə bir zamanda Leyli roluna ifaçı tapmaq müşkül məsələyə çevrildi. Bu dəfə də qadın rolunu kişi oynayacaqdı. Amma elə ifaçı tapılmalı idi ki, səsi, xarici görünüşü çox uyğunsuz görünməsin. Və on iki yaşlı çayçı şagirdi Əbdürrəhim Fərəcovu Leylini oynamağa razı salmaq asan olmadı...

...İlk milli operamızın premyerası 1908-ci il yanvarın 12-də, yeni təqvimlə 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında keçirildi. Tamaşa istedadlı aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluşunda, böyük yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin dirijorluğu ilə təqdim edildi. İlk milli operamızın rəssamı isə Əli bəy Hüseynzadə hesab olunur.

Operanın ilk ifaçıları - Məcnun (Qeys) - H.Sarabski, Ümmülqeys (Məcnunun anası) - Kazımovski, Əbülqeys (Məcnunun atası) - Mirzə Muxtar, Leyli - 12 yaşlı çayçı şagirdi Ə.Fərəcov, Ümmülleyli (Leylinin anası) - C.Vəzirov, Leylinin atası - İ.Qasımov, İbn Səlam - C.Dağıstani, Zeyd - İ.Qasımov, 7 ərəb rolunda - Məmmədov, Səfərov, Vəzirov və başqaları oldular.

“Leyli və Məcnun” operasının sonrakı tamaşalarına Üzeyir bəy özü dirijorluq etdi. Böyük qardaşı Zülfüqar bəy Hacıbəyov isə həmin tamaşalarda Məcnunun atası və Zeyd rollarında səhnəyə çıxdı.

...Uğurlu keçən premyera, tamaşaçı alqışları Əbdürrəhim Fərəcovu inadından döndərə bilmədi. Elə ilk tamaşadan sonra bir də əyninə qadın paltarı geyinməyəcəyinə and içdi və bir daha teatra ayaq basmadı.

Tamaşaya yeni Leyli tapmaq üçün Üzeyir bəy çox düşündü, çox axtardı. Sonunda bu rolu Bakı realnı məktəbinin tələbəsi olan xalası oğlu Əhməd bəy Bədəlbəyova təklif etdi. Operanın ilk tamaşasında xor heyətində oxuyan Əhməd bəy Leyli rolunda səhnəyə çıxmağa razılıq verdi. Tamaşanın afişalarında “Leyli - Ağdamski” yazılmağa başladı. 1920-ci ilədək Əhməd bəy Ağdamski (Bədəlbəyov) Leyli rolunda çıxış etdi. Bu rol onu aktyor kimi məşhurlaşdırdı. Sonralar Üzeyir bəyin bütün opera və operettalarında qadın rollarının mahir ifaçısı oldu...

Opera çox keçmədi ki, Azərbaycandan kənarda da məşhurlaşdı. Əsər azərbaycanlı aktyorların ifasında Zaqafqaziyanın, Orta Asiyanın, İranın bir çox şəhərlərində uğurla göstərildi.

 

110 yaşlı opera

 

Aktyor və rejissor Hüseyn Ərəblinskidən sonra opera görkəmli incəsənət xadimləri Soltan Dadaşovun (1935, 1958), Mehdi Məmmədovun (1955, 1976), Firidun Səfərovun (1994), son illər isə Hafiz Quliyevin quruluşlarında oynanıldı.

Keçən əsrdə opera səhnəmizin 30-a yaxın Leylisi, 20-dək Məcnunu oldu. Bu rollar Əhməd Ağdamski, Əhməd Qəmərlinski, Hüseynağa Hacıbababəyov, Göyərçin Əliyeva, Həqiqət Rzayeva, Sona Rzayeva, Məhbubə Paşayeva, Sürəyya Qacar, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Arif Babayev, İslam Rzayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Nəzakət Teymurova və başqalarının sənət taleyinə öz möhürünü vurdu.

Tamaşanın böyük məhəbbətlə qarşılanmasının əsas səbəbi şübhəsiz ki, məzmunu qədər musiqisinin də doğma olması idi. Müəllif “Leyli və Məcnun” operasında xalq musiqisindən, muğam, mahnı və rəqslərdən, el havalarından ustalıqla istifadə etmişdi. Qızların xorlarında “Evləri var xana-xana”, “Bu gələn yara bənzər”, Əbülqeysin ifasında “Rast” və “Cahargah”, Məcnunun ifasında “Şikəsteyi-Fars”, “Bayatı-Şiraz”, “Segah”, eləcə də “Şur”, “Simayi-şəms”, operanın uvertürasında və Nofəlin partiyasında “Heyratı”, axırda “Arazbarı” zərb muğamları tamaşaçını heyran edirdi. Dahi bəstəkar yazırdı: “Mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin dramatik planını hazırlamaq idi... “Leyli və Məcnun”da əsl xalq musiqisi ilə məşhur klassik süjet birləşmişdi”.

Üzeyir bəyin bu uğurundan ruhlanan böyük qardaşı Zülfüqar Hacıbəyov “Aşıq Qərib”, yaxın dostu Müslüm Maqomayev “Şah İsmayıl” operalarını yazdılar. “Leyli və Məcnun” elə müəllifinin özünü də yeni əsərlər yazmağa həvəsləndirdi. Sonrakı illərdə o, “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Koroğlu” operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarını yazdı.

Artıq 110 ildir ki, böyük Üzeyir bəyin “Leyli və Məcnun”u Azərbaycan opera səhnəsində, dünyanın bir sıra opera teatrlarında oynanılır. Nəsillər bir-birini əvəz edir. Yeni rejissorlar yetişir, opera səhnəsinin Məcnunları, Leyliləri dəyişir. Dəyişməyən bu əsərə verilən yüksək dəyərdir. Şərqin bu ilk operasına tamaşaçı diqqəti, sevgisi əbədidir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan. - 2018.- 25 yanvar.- S.8.