Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi davam edir

 

Prezident İlham ƏLİYEV: “Bizim bu prosesi səngitmək niyyətimiz yoxdur

 

İqtisadiyyatın şaxələndirilməsi Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdəndir və bu istiqamətdə getdikcə daha çox nailiyyətlər əldə olunur. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə bu, bir daha vurğulandı.

Bir neçə il əvvəl neftin qiyməti kəskin şəkildə aşağı düşəndə Azərbaycanda postneft dövrünün başlandığı elan edildi. Qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildi. Davos Dünya İqtisadi ForumununStrateji baxış: Avrasiya” adlı interaktiv iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faizqeyri-neft sənayemiz 4 faiz artmışdır”.

Ölkədə iqtisadiyyatın şaxələndirilməsi prosesi davam edir. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, ehtiyatlarımız daha 4,5 milyard dollar çoxalmışdır. Builki büdcədə neftin qiyməti 45 dollar səviyyəsində nəzərdə tutulub. Bundan artıq nə qədər vəsait toplanarsa, Dövlət Neft Fonduna yönləndiriləcək. Odur ki, neftin qiymətinin artması Azərbaycanın ehtiyatlarının artmasına səbəb olacaq. Çünki dövlət başçısının dediyi kimi, biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq.

Qeyri-neft sahəsinin inkişafında özəl sektorun rolu böyükdür. Dövlət bu sektoru daim dəstəkləyir. Ölkədə sahibkarlığın dəstəklənməsi üçün xüsusi fond fəaliyyət göstərir. Son 10 ildə bu fond özəl sektora 2 milyard dollara qədər vəsait verib. Kreditlərin verilməsi sərfəli şərtlərlə, aşağı faizlərlə həyata keçirilib.

Hazırda ölkə regionlarının sosial-iqtisadi inkişafına yönəldilən III Dövlət Proqramı yerinə yetirilməkdədir. Bu proqramlar istər qeyri-neft sahəsinin, istərsə də özəl sektorun, sahibkarlığın inkişafına böyük təkan verib.

Hər il geniş əkin sahələri dövlət vəsaiti hesabına suvarılır. Fermerlər torpaq vergisindən başqa, digər vergilərdən azaddırlar. Onlar gübrənin qiymətinin yalnız 30 faizini ödəyir, yanacağı isə yarı qiymətə alırlar. Subsidiyalar və sərmayələr də özəl sektorun inkişafının mühüm amillərindəndir. Bundan əlavə, qonşularla yaxşı münasibət fermerlərə öz məhsullarını ölkədən kənara çıxarmağa, bazarlarını genişləndirməyə imkan verir.

Bununla yanaşı, neft-qaz sektoru iqtisadiyyatın əsas hissəsi olmaqda davam edir. Azərbaycanın həyata keçirdiyi enerji layihələri eyni zamanda region üçün də əhəmiyyətlidir. Təsadüfi deyil ki, bu layihələr regionun enerji xəritəsini dəyişdirdi. Qərb İxrac Boru Kəməri Xəzəri Qara dənizlə, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri isə Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra Azərbaycan qazını nəql edən Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verildi. Başqa sözlə, bu gün ölkəmiz həm də şaxələndirilmiş ixrac marşrutlarına malikdir.

Bu gün Azərbaycan Avropa İttifaqının üzvü olan bir sıra dövlətlərin neftə tələbatının böyük hissəsini ödəyir. Yaxın gələcəkdə “Cənub qaz dəhlizi” də istifadəyə veriləcək. Bu ölkələr Azərbaycanın qaz ehtiyatlarından da bəhrələnəcəklər. Beləliklə, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu daha da genişlənəcək.

Neft-qaz sektorundan söz düşmüşkən, sözügedən forumda Prezident İlham Əliyevin Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşü olub. Görüş zamanı M.Barkindo bildirib ki, Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndirirlər.

ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman isə Azərbaycan Prezidenti ilə görüşündə həmin şirkətin Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğulayıb.

Azərbaycanın dövlət başçısının Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid əl-Falih ilə də görüşü olub. Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan, eləcə də SOCAR və “Saudi Aramco” şirkətləri arasında birliyindən danışılıb.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşündə isə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən bəhs edilib. TANAP layihəsinin uğurla icra olunduğundan məmnunluq bildirilib.

Azərbaycan regionun təkcə enerji deyil, nəqliyyat xəritəsini də dəyişdirməyə qadir olduğunu göstərdi. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya ən qısa marşrutun olmasına imkan verib. 30-35 günlük yol indi cəmi iki həftəyə qət edilir. Beləliklə, Azərbaycan həm də regional nəqliyyat dəhlizinə çevrilib.

Bütün bunlar, təbii ki, əhalinin həyat səviyyəsində də özünü göstərir. Prezident İlham Əliyev bu barədə forumda verilən sualın cavabında bildirmişdir ki, hazırda ölkədə yoxsulluq 5,4, işsizlik 5 faizə qədər enmişdir. Yeni yerlərinin yaradılması daimi prosesdir və təkcə ötən il 177 min daimi yerinin açılması buna əyani misaldır.

15 il ərzində 12 min kilometrdən çox avtomobil yolları, o cümlədən kənd yolları inşa edilib. Bu həm əhalinin rahatlığına, həm əkib-becərdiyi məhsulu bazara tezitkisiz çatdırmasına, həm də iqtisadi, mədəni əlaqələrin genişlənməsinə, turizmin inkişafına xidmət edir.

Hazırda ölkədə qazlaşdırmanın səviyyəsi 93 faizdir. Bir sıra bölgələrin dağlıq ərazilərdə yerləşdiyini nəzərə alsaq, bu, yüksək nəticədir. İndi elə dağ kəndlərinə qaz çəkilib ki, heç sovet dövrünün ən inkişaflı illərində də onların sakinləri mavi yanacaqdan istifadə etməmişdilər.

Xatırladaq ki, Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülüb. Davos Forumunun bu yaxınlarda yaydığı yeni bir hesabatda ölkəmiz 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda isə Azərbaycan 3-cü yerdə qərarlaşıb. Bunlar da ölkənin ümumi inkişafını göstərən real faktlardır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 26 yanvar.- S.1.