Sədərək rayonunda icbari tibbi
sığortanın tətbiqinə başlandı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində bir sıra işlər görülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 25-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, muxtar respublikada icbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün its.naxcivan.az internet saytı və “Səhiyyə informasiya idarəetmə sistemi” yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri istifadəyə verilib. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcəkdir. Sığorta olunan vətəndaş İcbari Tibbi Sığorta Şəhadətnaməsinin nömrəsini daxil etməklə müayinə tarixçəsi, müayinənin gedişi və nəticələrinə dair məlumatları əldə edəcəkdir. “Səhiyyə informasiya idarəetmə sistemi” vasitəsilə icbari tibbi sığortanın tətbiqində iştirak edəcək tibb müəssisələrinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə qarşılıqlı informasiya mübadiləsi təmin edilib. Sığorta olunanlar 6 aydan bir ümumi müayinələrə cəlb olunmaları, peyvənd təqvimi və dispanser nəzarəti barədə “Naxtel 4G” mobil rabitəsi üzərindən SMS vasitəsilə məlumatlandırılır.
İcbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələri - Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Mərkəzi Uşaq Xəstəxanası və Kardioloji Mərkəz kompüter və barkod oxuyucularla təmin edilib, qeydiyyat məntəqələri yaradılıb. İcbari tibbi sığorta və səhiyyə maarifləndirilməsi məqsədi ilə müxtəlif məlumat kitabçaları, müayinə və müalicə protokolları hazırlanıb. İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir.
Sədərək Rayon Mərkəzi Xəstəxanasında 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Bu da imkan verəcəkdir ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin. Xəstəxanada ən müasir texnoloji yenilikləri özündə birləşdirən stasionar tipli rəngli doppler USM cihazı, spirometr, kordiomonitor, pulsoksimetr, süni tənəffüs aparatı, lor kabinəsi üçün cərrahi avadanlıqlar dəsti, göz kabinəsi üçün biomikroskop, 4 böyütməli və göz təzyiqinin ölçülməsi üçün tonopenli, avtokeratorefraktometr, oftalmoloji proyektor, dioptrimetr, oftalmoskop, vitreoktomiya əməliyyatı üçün mikro və makro cərrahi alətlər dəsti, mirvari suyu və göz dibi iltihabı xəstəlikləri üçün Oertli OS4 markalı əməliyyat aparatı quraşdırılıb. Bu cihaz vasitəsilə min katarakt əməliyyatı, göz dibində vitreoktomiya və qlaukoma əməliyyatı həyata keçirmək mümkündür. Xəstəxananın təcili tibbi yardım avtomobili də planşetlə təmin edilib və “Səhiyyə informasiya idarəetmə sistemi”nə qoşulub.
Sığorta olunanlara İcbari Tibbi Sığorta Şəhadətnaməsinin verilməsi məqsədlə 10 min ədəd plastik kart alınıb.
Muxtar respublikada ilk İcbari Tibbi Sığorta Şəhadətnaməsi Ali Məclisin Sədrinə təqdim edilib.
Ali Məclisin Sədri muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılmasının, yeni texnologiyaların tətbiqinin və fiberoptik xətlərin çəkilməsinin icbari tibbi sığortanın tətbiqinə geniş imkanlar açdığını bildirib, tibbi sığorta üzrə maarifləndirmə işlərinə və seminarların keçirilməsinə diqqət yetirilməsi, həkimlərin təkmilləşmə kurslarında iştirakı, tibbi sığorta olunanların həkim göstərişi əsasında müayinələrinin təşkili, həkimlərin əməkhaqqısının artırılması, eləcə də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanması barədə tapşırıqlar verib.
Sonra Sədərək rayon sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri tibbi sığortanın tətbiqi münasibətilə sakinləri təbrik edərək deyib: “2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” fərman imzalanmışdır. Ötən dövrdə bu məqsədlə bir sıra tədbirlər görülmüş, rayon mərkəzi xəstəxanasında müasir avadanlıqlar quraşdırılmış, həkimlər təyin olunmuşdur. Bu gündən etibarən isə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanır. Yeni sistem ən müasir tələblərə uyğun qurulmuşdur. Məqsəd ondan ibarətdir ki, həm əhali, həm də həkimlər yeni sistemin tətbiqindən razı qalsınlar. Sədərək rayonunda tibbi sığortanın tətbiqi sahəsində qazanılan təcrübə muxtar respublikanın digər rayonlarında da tətbiq olunacaqdır”.
Ali Məclisin Sədri deyib: “Sədərək rayonunun inkişafı mühüm əhəmiyyət daşıyır. Çünki Sədərək rayonu sərhəd yaşayış məntəqəsidir. Bu da rayonun strateji əhəmiyyətini artırır. Bu gün dövlətimiz tərəfindən Sədərək rayonunun inkişafına xüsusi diqqət yetirilir. Hər il rayonda geniş quruculuq işləri aparılır, müasir binalar tikilir, rayonun bütün yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemləri qurulur, insanların rahat yaşayışı təmin olunur. Sakinlər də rayonun inkişafına öz töhfələrini verirlər, müasir evlər tikilir, məskunlaşma artır. Rayonda əhalinin sağlamlığının qorunması da diqqət mərkəzindədir. Bu gün qonşu işğalçı ölkədə səhiyyə sistemi acınacaqlı vəziyyətdədir. Orada insanların tibbi sığorta haqında məlumatları yoxdur. Lakin ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında müasir səhiyyə infrastrukturu yaradılıb. Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə sistemində tətbiq olunur. Azərbaycanda bu sistemin tətbiqi ölkəmizin inkişaf göstəricisidir. Bütün bunlar Azərbaycanda uğurla davam etdirilən Heydər Əliyev yolunun bəhrələridir”.
Ali Məclisin Sədri 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının lider olduğunu diqqətə çatdırıb, bu uğurun qazanılmasında Sədərək rayon sakinlərinin də əməyi olduğunu bildirib və onlara təşəkkür edib.
Rayon sakini Həsən Rzayev
minnətdarlıq edərək deyib: “Bu gün göstərilən
dövlət qayğısı nəticəsində Sədərək
rayonu kompleks inkişaf edir. Hər il geniş quruculuq
işləri aparılır, müasir təhsil,
mədəniyyət, səhiyyə müəssisələri
tikilərək istifadəyə verilir. Rayonda torpaqların suvarılması üçün tədbirlər görülüb, nasos
stansiyaları tikilərək istifadəyə verilib.
Hazırda Heydərabad qəsəbəsində
tikilən 48 mənzilli yeni
yaşayış binası rayonda gənclərin
sosial həyat şəraitinin
yaxşılaşdırılmasının və məskunlaşmanın
göstəricisidir. İcbari tibbi sığorta əhalinin
sağlamlığının qorunmasının və sosial müdafiəsinin gücləndirilməsinin
bir formasıdır. Bu
gün sərhəd yaşayış məntəqəsi
olan Sədərək rayonunda
icbari tibbi
sığortanın tətbiqi də dövlətimizin öz vətəndaşlarına göstərdiyi
qayğının daha bir
ifadəsidir”.
Azərbaycan.- 2018.- 26 yanvar.- S.3.