20 Yanvar və Xocalı faciələri 1918-ci il mart soyqırımının davamı idi

 

1968-1969-cu illərdə də Dağlıq Qarabağda erməni millətçilərinin təxribatları davam etdi. Azərbaycan SSR DTK-nın sədri Heydər Əliyev 1969-cu ilin aprel ayında Azərbaycan KP MK Partiya Nəzarəti Komitəsinə göndərdiyi məruzəsində yazırdı: “Dağlıq Qarabağ Muxtar Vilayətində millətçi əhvali-ruhiyyə mövcuddur. Son illərdə vilayətdə yaşayan millətçi ünsürlər və Ermənistan SSR-in bəzi sakinləri yerli əhalini vilayəti Azərbaycanın tərkibindən çıxararaq Ermənistana birləşdirilməsini qızışdırmaq üçün cəhdlər göstərirlər. Gənclərin bəzi hissəsi, o cümlədən komsomolçular da millətçi ünsürlərin təsiri altına düşürlər. Gənclər arasında millətçi əhvali-ruhiyyə 1968-ci ildə də yer almışdı”.

1968-ci ildə Ermənistan SSR-in Şəmşəddin rayonu ilə Azərbaycan SSR-in Gədəbəy rayonu arasında torpaq zəminində münaqişə baş vermişdi. Yaranmış vəziyyəti nizama salmaq üçün Sovet İttifaqı Kommunist Partiyasının 1968-ci il 23 iyun və SSRİ Nazirlər Sovetinin 1968-ci il 10 və 20 iyun tarixli tapşırıqlarına əsasən 1968-ci il oktyabrın 28-də Ermənistan KP MK-nın birinci katibi A.Koçinyanın, Azərbaycan KP MK-nın birinci katibi V.Axundovun və SSRİ kənd təsərrüfatı naziri V.Maskeviçin imzaları ilə yaranmış torpaq mübahisəsinin həlli üzrə xüsusi sənəd qəbul edilmişdi. Qəbul edilmiş sənədin 4-cü maddəsinə əsasən Ermənistan SSR və Azərbaycan SSR Ali sovetlərinə tapşırılmışdı ki, hər iki respublikanın paritet komissiyaları tərəfindən 1927-1929-cu illərdə Zaqafqaziya FSSR MİK qərarları əsasında hazırlanmış sərhədlərin qrafik təsviri baxılsın və təsdiq edilsin. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İsgəndərov və katibi Z.Şükürovanın 1969-cu il may ayının 7-də imzaladıqları “Azərbaycan SSR ilə Ermənistan SSR arasındakı sərhədin qrafik təsvirinin təsdiq edilməsi haqqında” iki maddədən ibarət qərarda805-VII) deyilirdi ki, Azərbaycan SSR ilə Ermənistan SSR arasında Zaqafqaziya MİK tərəfindən təsdiq edilmiş sərhədin göstərilən respublikaların paritet komissiyası tərəfindən 1:25.000 miqyaslı topoqrafik xəritələrin vərəqələrinə keçirilmişdir və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təqdim olunmuş qrafik təsviri bəyənilsin; Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, respublika sərhədi təsvirinin müvafiq sahələrdə Ermənistan SSR nümayəndələri ilə birlikdə naturaya keçirilməsini 1969-cu il noyabrın 1-dək təmin etsin. Azərbaycan KP MK Bürosunun 1969-cu il 21 may tarixdə keçirilən iclasında (pr. ¹100, 4-q) iki respublika arasında sərhədlərin coğrafi təsvirini təsdiq etməyə dair Azərbaycan SSR Ali Sovetinin qərar layihəsi bəyənildi.

Lakin 1968-ci il 28 oktyabr tarixli qərarı ilə müəyyən edilmiş sərhədlər Gədəbəy rayonu Hacılar kəndinin əhalisinin etirazına səbəb olmuşonlar 1969-cu ilin iyun ayında müəyyən olunmuş sərhəd zolağından kənarda qalmış torpaqlarının onlara qaytarılmasını tələb etmişdilər. Arxiv sənədlərindən məlum olur ki, Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən bir həftə sonra, 1969-cu il iyulun 22-də Azərbaycan KP MK Bürosunun iclasında Gədəbəy rayonunun kolxozları ətrafında yaranmış ağır vəziyyət haqqında məsələni cəsarətlə qaldırmış və müzakirə etmişdi. Nəticədə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin və Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ə.Əlixanovun imzası ilə Gədəbəy rayonu kolxozlarının iqtisadiyyatının dirçəlməsi, sosial problemlərinin həlli məqsədilə 9 maddədən ibarət geniş tədbirlər planını nəzərdə tutan xüsusi qərar qəbul edilmişdi. Onu da qeyd etmək lazımdır ki, 1982-ci ilin dekabrında Heydər Əliyevin Moskvaya yeni vəzifəyə keçdikdən sonra iki respublika arasında yenidən sərhədlərin ayrı-ayrı sahələri üzrə mübahisələr yaranmışdı.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni Qriqoryan kilsəsinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuşbununla bağlı təklif irəli sürülmüşdü (SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclas protokolu. 23 noyabr 1977-ci il, ¹ 61, 11-4133). Məsələdən xəbər tutan Heydər Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atır. O, Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor İ.H.Əliyevə Qarabağ regionunun qədim Azərbaycan torpağı olması haqqında elmi arayış hazırlamaq barədə müraciət edir. Professor İ.H.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o zaman Azərbaycan SSR rəhbəri işləyən M.C.Bağırova belə bir elmi arayış təqdim etdiyini söyləyir. Bu arayışı yenidən işləyərək Heydər Əliyevə təqdim etməyi təklif edir. Elmi arayış hazır olduqdan sonra Azərbaycan KP MK Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbəri L.İ.Brejnevə təqdim olunur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin çirkin niyyəti baş tutmur.

Əslində, Heydər Əliyevin SSRİ rəhbərliyində olan nüfuzu erməni Qriqoryan kilsəsini və erməni millətçi-separatçılarını çox narahat edirdi. Buna görə də ulu öndər 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildikdən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra ermənilər Azərbaycan SSR rəhbərliyində yaranmış zəiflikdən istifadə edərək 1984-cü ildə Qazax rayonunun 5 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında rayon əhalisinin qəti etirazına baxmayaraq, respublika rəhbərliyinin razılığını ala bilmişdilər. Qazax rayonu camaatı onları sakitləşdirməyə gələn Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinini qovduqdan sonra sovet hərbçilərinin köməyi ilə xalqın etirazı yatırılmışdı.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı və terrora səfərbərlik daha da güclənməyə başladı. 1985-ci ildə Azərbaycan SSR-in DQMV-də erməni separatizmi açıq-aşkar şəkildə təbliğ olunurdu. Qeyd etmək lazımdır ki, bu proses M.S.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma erməni soyqırımının 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət edir. Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, H.Ə.Əliyevin, N.A.Tixonovun və A.A.Qromıkonun sərt etirazları ilə qarşılaşır. K.Dəmirçiyanın təklifini bəyənən M.S.Qorbaçov H.Ə.Əliyevin kəskin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir, lakin onun bu mövqeyiniunutmur.

Buna görə də M.S.Qorbaçov 1987-ci il oktyabr ayının 20-də Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən uzaqlaşdırılmasına nail olduqdan sonra ermənilərin öz çirkin və cinayətkar niyyətlərini reallaşdırmaq ümidlərini daha da artırdı. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Abel Aqenbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini qeyri-rəsmi olsa da bütün dünyaya bildirməkdən çəkinmədi. A.AqanbekyanHumanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli sayında dərc olunmuş müsahibəsində Azərbaycan SSR ərazisi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirdi.

Qarabağ” komitəsinin Azərbaycan SSR-də, xüsusən DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı “Krunk” adı altında açıq fəal fəaliyyətə başlamışdı. 1988-ci il martın 2-də “DQMV-nin Ermənistanla yenidən birləşdirilməsi uğrunda mübarizə komitəsi” - iri müəssisə rəhbərlərini birləşdirən

“55-lər komitə”si yaradılmışdı.

1988-ci il fevralın 26-27-də SSRİ dövlət xüsusi xidmət orqanlarının razılığı ilə ermənilər Azərbaycan SSR-in Sumqayıt şəhərində antiazərbaycan təxribatı törətdikdən sonra bunu bəhanə edərək Ermənistan SSR ərazisindən, öz tarixi etnik torpaqlarından - İrəvan şəhəri də daxil olmaqla 185 kənddən və başqa yaşayış məntəqələrindən 250 min azərbaycanlı deportasiya olundu, onlara məxsus 31.000 ev, şəxsi təsərrüfat, 165 kollektiv təsərrüfatın əmlakı talandı, 214 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi və qız-gəlinlərin namusu təhqir olundu. 15 mindən çox kürdbir neçə minlik rus əhali Ermənistan SSR-dən çıxarıldı.

1988-1989-cu illərdə Ermənistanın hərbi-ideoloji təcavüzünün güclənməsi nəticəsində deportasiya olunan bütün azərbaycanlı əhali Azərbaycana pənah gətirdi və bu da öz növbəsində respublikada ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu. SSRİ hökuməti Azərbaycan xalqına qarşı düşmən siyasəti yeritdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü genişləndi.

1990-cı il yanvarın 20-də SSRİ Prezidenti M.S.Qorbaçov ermənilərin ərazi iddialarına qarşı etiraz edən Azərbaycan xalqını cəzalandırmaq üçün Bakı şəhərinə SSRİ və Azərbaycan SSR-in konstitusiyaları və respublikanın suveren hüquqlarının pozularaq qoşun yeridilməsi haqqında fərman verdi və Azərbaycan xalqına qarşı qanlı soyqırımı cinayəti törədildi. SSRİ dövlətinin bu cinayətinə qarşı öz ilk etiraz səsini qaldıran görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətini M.S.Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətində ittiham etdionun bu etirazı bütün dünyada böyük əks-sədaya səbəb oldu. SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətə etiraz olaraq Heydər Əliyev 1990-cı ilin iyulunda Sov.İKP sıralarını tərk etdiyini bəyan edərək vətəni Azərbaycana qayıtdı. Heydər Əliyevin ölkənin siyasi mərkəzi olan Bakıda qalmaması üçün hər cür təxribatlara əl atıldı və terror aktı ilə hədələndi. Həyatı üçün real təhlükənin mövcud olduğunu hiss edən Heydər Əliyev Naxçıvan MR-ə getməyə məcbur oldu. Ulu öndər 1990-1993-cü illərdə ağır blokada şəraitində olan Azərbaycan Respublikası Naxçıvan MR-də yaşadı, onun sərhədlərinin qorunması üçün mümkün olmayanı belə mümkün etdi.

Heydər Əliyev 1991-ci ilin fevralında Azərbaycan Ali Sovetinin sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox sərt məzmunda məruzə ilə çıxış etdio zaman Azərbaycan dövlətinin problemin həlli ilə bağlı konkret tədbirlər proqramı olmadığını söylədi. Lakin ümummilli liderin irəli sürdüyü təkliflər respublika rəhbərliyi tərəfindən qəbul edilmədiyi üçün çox qısa bir zaman ərzində Azərbaycan xalqına düşmən tərəfindən çox ağır zərbələr vuruldu. 1992-ci il fevralın ortalarında Ermənistanın hərbi quldur dəstələri növbəti dəfə Xocavənd rayonunun Qaradağlı kəndinə güclü hücuma başladılar. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra erməni quldurları Qaradağlı kəndini ələ keçirərək onun 92 müdafiəçisini və 54 sakinini vəhşicəsinə qətlə yetirərək silos quyularına atdılar. Qalan əhali isə əsir alındı. Təcavüzkar Ermənistan “dövləti” Azərbaycan Respublikasına qarşı qanlı terror aksiyalarını daha da genişləndirdi. 1992-ci il yanvarın 8-də “Krasnovodsk-Bakı” dəniz sərnişin bərəsində belə bir terror aktı nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər ağır yaralandı. Həmin il fevralın 28-də Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarının partladılması zamanı 11 nəfər həlak oldu, 18 nəfər yaralandı. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ermənilər tərəfindən Azərbaycan Respublikasına məxsus dəmir yolu nəqliyyatı sistemində 1989-cu il iyulun 14-dən 1994-cü il mayın 7-dək 206 terror aktı həyata keçirilmişdi.

Erməni quldurları Rusiya Federasiyası MN-ə məxsus Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı ilə əlbir olaraq XX əsrin Xatın, Sonqmi faciələrini geridə qoyan Xocalı soyqırımını törətdilər. 1992-ci il fevralın 25-də axşam saat 21-də erməni hərbi birləşmələri, 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azsaylı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Xocalı soyqırımı zamanı 1275 nəfər əsir alınmış, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir.

Hadisələri ilk olaraq vidiolentə köçürən Azərbaycan jurnalistləri Seyidağa MövsümlüÇingiz Mustafayevin çəkdikləri görüntülərdən məlum oldu ki, öldürülənlər içərisində 2 yaşından 15 yaşına qədər olan uşaqlar əksəriyyət təşkil edirdi. Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.

Erməni quldurları keçmiş SSRİ-nin hərbi dairələrinin köməyinə arxalanmaqla 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etmiş, etnik təmizləmə aparmış və nəticədə Azərbaycan Respublikasının 1 milyon 10 mindən çox vətəndaşı öz ölkəsində qaçqına çevrilmişdir. Hərbi təcavüz nəticəsində 100 min nəfər yaralanmış, 50 min şikəst olmuş, 20 min nəfər şəhid olmuş, 4853 nəfər itkin düşmüşonlardan 439 nəfəri əsirlikdə öldürülmüş, 783 nəfər isə indiyə qədər əsirlikdədir. Bütövlükdə isə “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın 1 yanvar 2011-ci il tarixinə olan məlumatına əsasən əsir, itkin düşmüşgirov götürülmüş şəxslərin sayı 4049 nəfər təşkil etmişdir. Onlardan 3273 nəfər hərbçi, 771 nəfər mülki şəxsdir, 5 nəfərinin isə hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 247 nəfər qadın, 347 nəfər yaşlı şəxsdir ki, onlardan 149 nəfəri qadındır. Bugünədək əsir və girovluqdan 1309 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1056 nəfəri kişidir. Qeyd edək ki, azad olunan şəxslərdən 170 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdən 112 nəfəri qadındır. Bundan əlavə, Dövlət Komissiyasına daxil olmuş materialların analizi zamanı 563 nəfərin əsir və girovluqda qətlə yetirildiyiya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişidir. Bu şəxslərin yalnız 137 nəfərinin adı məlum olduğu halda, 74 nəfərin kimliyi bilinmir. 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının DQMV-nin ərazisi Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı ilə ölkəmizə qarşı hərbi təcavüzün yeni mərhələsi başlandı. 1993-cü il iyulun 24-dən oktyabrın 28-dək havadarlarının hərbi-siyasi yardımı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdi. Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş hərbi təcavüz nəticəsində Laçın rayonundan 71 min, Kəlbəcər rayonundan 74 min, Ağdam rayonundan 165 min 600, Füzuli rayonundan 146 min, Cəbrayıl rayonundan 60 min, Qubadlı rayonundan 87 min 900, Zəngilan rayonundan isə 39 min nəfər Azərbaycan Respublikası vətəndaşı məcburi köçkün vəziyyətinə düşdü.

Bu münaqişə beynəlxalq münaqişəyə çevrildiyi üçün artıq 1992-ci il mart ayının 24-də münaqişənin tənzimlənməsi üzrə 9 dövlətin daxil olduğu Minsk qrupu yaradıldı.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi 30 aprel 1993-cü il tarixli 822, 29 iyul tarixli 853, 14 oktyabr tarixli 874 və 12 noyabr tarixli 884 saylı qətnamələr, 1992-ci ildə yaradılmış Minsk qrupunun bütün səylərinə baxmayaraq, yerinə yetirilməmiş qalır.

1993-cü il iyunun 4-də Azərbaycan Respublikasında baş verən hərbi-siyasi böhran ölkədə və ilk növbədə cəbhə bölgəsində vəziyyəti daha da gərginləşdirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və Azərbaycan xalqının ictimai-siyasisosial-iqtisadi həyatında yeni mərhələ başlandı. Lakin 1993-cü ilin iyulundan noyabrınadək Ermənistanın hərbi təcavüzünün genişlənməsi nəticəsində yeddi rayon işğal olundu. Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi bərpa etmək və Ermənistanın hərbi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. Yeni ordu quruculuğu sahəsində atılan addımlar hesabına düşmənə ağır və sarsıdıcı zərbələr vuruldu, işğal olunmuş bir sıra yaşayış məntəqələri azad edildi və 1994-cü il mayın 12-də atəşkəs imzalandı.

Ermənistanın 1988-1994-cü illərdə həyata keçirdiyi işğal nəticəsində Azərbaycan Respublikası ərazisində 946 yaşayış məntəqəsi, 6 min sənaye, kənd təsərrüfatı və başqa müəssisə, ümumi sahəsi 9 milyon kvadratmetr olan 150 min mənzil, 4366 sosial-mədəni təyinatlı müəssisə, 690 orta məktəb, o cümlədən 850 məktəbəqədər müəssisə, 665 tibb məntəqəsi, 927 kitabxana, 22 muzey, 4 rəsm qalereyası, 6 dövlət teatrı, 44 məbəd, 9 məscidin məhvinə səbəb olmuşdur. Azərbaycan xalqına qarşı edilən hərbi təcavüz nəticəsində vurulan maddi zərərin həcmi 320 milyard ABŞ dollarından çoxdur.

Lakin biz o torpaqlara qayıdacağıq. Bunu dövlətimizin gücü, Prezidentimizin iradəsi, ədalətin biz tərəfdə olması istənilən işğalçının hər zaman məğlubiyyətə uğraması təcrübəsi vəd edir. Keçən il Cocuq Mərcanlıdan Böyük Qayıdışımızın başlanması da deyiləni təsdiqləyir.

 

Cəbi BƏHRAMOV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun direktor müavini,

tarix üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2018.- 26 yanavr.- S.4.