Tarixi-mədəni irsi yaşadan məkanlara dövlət qayğısı artırılır

 

Azərbaycan Cənubi Qafqazda tarixi-mədəni irsi özündə yaşadan abidələri, şərq və qərb memarlıq üslubunda tikililəri, gəzməli və görməli yerləri ilə dünyada tanınan bir diyardır. Bu tarixi-mədəni irsə qayğı ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi istər 1969-1982-ci, istərsə də 1993-2003-cü illərdə daha geniş vüsət alıb.

Ulu öndərin fərman və sərəncamlarına əsasən, paytaxtda və bölgələrdə millətimizin tarixini və məişətini özündə yaşadan muzeylər yaradılıb, yerli memarlıq əhəmiyyətli binalara, məbədlərə, ziyarətgahlara ikinci həyat verilib, tarixi şəxsiyyətlərin ev muzeyləri yaradılıb, heykəlləri ucaldılıb və s. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyidir. Bundan əlavə, respublika Milli Elmlər Akademiyasının tabeliyində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər yaradılıb. Həmin muzeylər sırasında Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini xüsusi qeyd etmək yerinə düşər. Bu möhtəşəm muzeylər sırasında keçmişin çox dərin qatlarından xəbər verən Şəki Xan sarayının, Qobustan qayalıqlarının, Şirvanşahlar kompleksinin, Möminəxatun məqbərəsinin dəyəri əvəzsizdir.

Yeri gəlmişkən onu da xatırladaq ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz işğalçı erməni quldurları tərəfindən zəbt edilərək qarətə, dağıntıya məruz qalıb. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, qədim xalça məmulatları talançıların əlinə keçərək mənimsənilib. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi “əsir götürülüb”. Erməni vandalları 22 muzeyi, 4 rəsm qalereyasını yerlə-yeksan ediblər.

1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazilərdə qalıb. Qarət edilmiş muzeylərdə xalqımızın tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, görkəmli şəxsiyyətlərimizin xatirə əşyaları və digər eksponatlar yoxa çıxıb.

Bu gün Azərbaycanda fəaliyyətdə olan 201 muzeydən 180-ə yaxını Bakıdadır. Xatırladaq ki, ilk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ötən əsrin 20-ci illərində istifadəyə verilib. Bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşir. Həmin binanın özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu muzeyə bəzən “Muzey içində muzey” deyirlər. Fərəhli haldır ki, dövlətin qayğısı nəticəsində bu qədim muzey yüksək səviyyədə təmir və yenidənqurmadan sonra öz qapılarını seyrçilərinin üzünə açmışdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tarixi-mədəni irsi yaşadan məkanlara dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkədə muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür, yalnız Bakıda deyil, regionlarımızda da yeniləri yaradılır, köhnələrində isə əsaslı yenidənqurma və təmir işləri aparılır. Ölkə rəhbəri İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının bariz nümunəsidir. Prezident milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə xüsusi diqqət göstərərək iqtisadi potensialın artım tempinə uyğun olaraq yeni mərkəzlərin yaradılmasını, habelə fəaliyyət göstərməsini və millətə xidmət etməsini zəruri saymışdır. Bu, bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi, digər tərəfdən də inkişaf edən, gündən-günə gözəlləşən məmləkətimizin hər bir mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə bərpa edilməsi və yaşaması üçündür.

Prezident İlham Əliyevin 2007-ci il martın 6-da “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncamına əsasən, muzeylərin fəaliyyəti müasir tələblərə müvafiq olaraq yenidən qurulmuşonun bütün ekspozisiyaları azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmışdır. Sərəncama əsasən, köhnə xalça muzeyinin əlverişsizliyini nəzərə alaraq dənizkənarı Milli Parkın ərazisində yeni xalça muzeyi yaradılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş bu üçmərtəbəli muzeyin birinci qatında Şərq salonu, kitabxana, elmi xalçaçılıq, toxuma və tikmə mərkəzi, suvenirkitab köşkü, ikinci qatda mərasimlər və audiovizual təqdimatlar salonu, üçüncü qatda isə sərgilər keçirilir. Binanın zirzəmisində arxiv, anbar, laboratoriyabaşqa şöbələr yerləşir. Burada açıq havada heykəllərin və xalçaların nümayişi üçün sərgi təşkil edilir.

Dünyada yeganə olan bu muzeyin ötən il 50 illik yubileyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilmişdir. Xatırladaq ki, Azərbaycan Xalça Muzeyi 51 il bundan əvvəl respublika Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli sərəncamı ilə yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində hazırda bu muzey həm də milli irsin əhəmiyyətli hissəsi sayılan xalça sənətinin unudulmaqda olan texnologiyalarının qorunub saxlanılmasını təmin edən, təbliği və tədqiqi ilə məşğul olan elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərir.

Ötən il tarixi-mədəni irsimizin qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında önəmli rolu olanQobustanMilli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya İrsi siyahısına daxil edilməsinin 10 illiyi böyük təntənə ilə qeyd edilib. Sahəsi 3 min 96 hektar olanQobustanqoruğu 1966-cı ildə yaradılıb. İndiyədək Qobustan ərazisində 20 mağara və yaşayış yeri, Tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb və öyrənilib. Nəticədə 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 min ədəd arxeoloji material qoruğun fonduna daxil edilib. 2007-ci ildə Qobustanın qayaüstü təsvirləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Dövlətin diqqət və qayğısı sayəsində Qobustan təkcə yerli alimlərin deyil, həmçinin xarici arxeoloqların, elm adamlarının daim görmək və tədqiqatlarında iştirak etmək istədikləri qayaüstü təsvir mərkəzlərindən birinə çevrilib. Xatırladaq ki, keçən il bu muzeyi ziyarət edənlərin sayı 100 mindən çox olmuşdur.

Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən olan Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından da yarım əsr ötür. Qoruğun ərazisindəki zəngin mədəni irs yalnız xalqımıza deyil, həmçinin bəşəriyyətə məxsusdur. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu Şəkidə tarixi-mədəni irs bu gün də layiqincə yaşadılır. Qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı varbu ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır. Buranın digər özəlliyi onun Azərbaycan mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə yazıçı, şair, incəsənət xadimi məhz bu diyarda doğulub, yaşayıb-yaradıblar. Bu şəxsiyyətlərin bir çoxunun qoruğun ərazisində ev-muzeyləri var.

Qoruğun ərazisində onlarla sənətkarlıq emalatxanası fəaliyyət göstərir. Şəki sənətkarları tərəfindən 27 qədim sənət növü, o cümlədən şəbəkə, dulusçuluq, təkəlduz, xovlu tikmə, papaqçılıq, dabbaqlıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik və digər sənət növləri indiyədək qorunub saxlanılır, inkişaf etdirilir, gələcək nəsillərə çatdırılması üçün aparılır. Bu baxımdan ötən il “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasının 50 illiyinə həsr olunmuş tədbir şəkililərə və tədbir iştirakçılarına əsl bayram ovqatı yaşatmışdı.

Bu yubileylər sırasında Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyinə həsr olunan tədbir xüsusilə yaddaqalan olmuşdur. Cənubi Qafqazda yeganə olan Elmi-Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib.

Bu uğurların qazanılmasında, milli-mənəvi sərvətlərimizin qorunmasında və dünyaya tanıdılmasında dövlət başçısının, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Məlum olduğu kimi, Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan muğamının, Azərbaycan aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalça sənətinin, Azərbaycan tar ifaçılıq və onun hazırlanma ustalığının, Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyununun, kəlağayının, Lahıc misgərlik sənətinin, ləzizliyi ilə seçilən dolmanın daxil edilməsi məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində mümkün olmuşdur.

Azərbaycanın iqtisadi gücü artdıqca dövlətinin prioritet istiqamətlərindən olan tarixi-mədəni irsi yaşadan muzeylərə, bu qəbildən olan digər məkanlara qayğı və diqqət də yüksəlir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2018.-28 yanvar.- S.4.