Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının
dördüncü ilinin yekunlarına həsr olunan konfrans
keçirilib
Yanvarın 29-da Heydər Əliyev
Mərkəzində “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
dördüncü ilinin yekunlarına həsr olunan konfrans
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.
Prezident İlham Əliyevin giriş nitqi
- Bu gün biz Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Bu il üçüncü Dövlət Proqramının icrası başa çatır və biz bu il dördüncü proqramın hazırlanması ilə bağlı işlərə başlamalıyıq.
Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir. Üçüncü proqram da uğurla icra edilir, qarşımızda duran bütün vəzifələr icra edilir və artıqlaması ilə icra edilir.
Deməliyəm ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi.
Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi.
Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir.
Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.
Ölkəmizdə köklü iqtisadi islahatlar icra edilmişdir. Bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan verdi, eyni zamanda, bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdi.
Ancaq, eyni zamanda, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.
Son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri də göz qabağındadır. Biz əlbəttə ki, 2004-cü ildə, ilk növbədə, infrastruktur layihələrindən başlamalı idik. Çünki bu olmadan hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Elektrik təsərrüfatımıza böyük investisiyalar qoyuldu. Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bildirməliyəm ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq. Bu il bu rəqəm 2900 meqavata çatacaq.
Beləliklə, əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac etməyə başlamışıq. Bu məqsədlə əlbəttə ki, həm ölkə ərazisində, həm də üç qonşu ölkə - Rusiya, İran və Gürcüstan ilə elektrik xətlərimizi birləşdirmişik. Eyni zamanda, Gürcüstan vasitəsilə Türkiyəyə də elektrik enerjisinin ixracı üçün yaxşı imkanlar mövcuddur.
Energetika hər bir
iqtisadiyyatın bel sütunudur, təməlidir. Ona görə
biz, ilk növbədə, bu məsələlərlə məşğul
olmağa başlamışıq. Bu
gün ölkəmizin uğurlu, sürətli inkişafı
bu elektrik stansiyalarının mövcud olması ilə sıx
bağlıdır. Biz indi sənaye
istehsalımızı, iqtisadi gücümüzü
artırırıq. Yeni müəssisələr,
yeni yaşayış kompleksləri yaradılır, əhali
artır. Biz bunların hamısını
nəyin hesabına enerji ilə qidalandıra bilərdik?!
Ona görə, ilk növbədə, bu məsələ
həll olundu. Növbəti illərdə əminəm
ki, biz elektrik enerjimizdən daha səmərəli şəkildə
istifadə etməliyik və bərpa olunan enerji növlərinin
inkişafı ilə bağlı addımlar atılacaq.
2004-cü ildə Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə
demək olar ki, qaz yox idi, şəhərlərdə də
yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə
çatıb. Bütün şəhərlərimiz
qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə
bu proses davam etdiriləcək və bu il
görüləcək işlər haqqında bir qədər
sonra danışacağıq.
İçməli su və
kanalizasiya problemləri insanları narahat edən çox ciddi
problemlər idi. Düzdür, bu sahənin bilavasitə
iqtisadi və sənaye inkişafımıza o qədər də
böyük təsiri olmasa da, bu, çox ciddi sosial məsələdir.
Ona görə biz bu məsələ ilə də
ciddi məşğul olmağa başlamışıq.
2004-cü ildə ölkə üzrə
fasiləsiz içməli su ilə təminat 26 faiz idi,
hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində
81, bölgələrdə isə 43 faizdir. Ona görə bu
sahəyə bu il və gələcək
illərdə böyük sərmayə qoyuluşu nəzərdə
tutulur ki, biz bu məsələni də həll edək. Demək olar ki, bir çox şəhərlərimizdə
içməli su və kanalizasiya layihələri uğurla
başa çatıb. Oğuz-Qəbələ-Bakı
kimi nəhəng su kəməri, - bu da tarixi hadisədir, -
inşa edilib. Ceyranbatanda dünyanın ən
böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə
görə Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verir.
Kənd təsərrüfatının
inkişafı üçün böyük meliorativ tədbirlər
görüldü. Son 14 il ərzində dörd su
anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay,
Göytəpə və Tovuzçay su anbarları. Onların arasında əlbəttə ki,
Taxtakörpü və Şəmkirçay su anbarları
böyüklüyünə və kənd təsərrüfatına
təsirinə görə xüsusi yer tutur. Bu, nəhəng tarixi infrastruktur layihələridir.
Bu anbarlar, çəkilmiş və çəkilən
kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq
üçün həlledici rol oynayır. Meliorativ tədbirlər kənd təsərrüfatının
inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir.
Bu sahəyə qoyulan böyük vəsait, eyni
zamanda, sahibkarlığa dövlət tərəfindən
göstərilən növbəti dəstəyin təzahürüdür.
Bu su anbarlarının kənd təsərrüfatının
inkişafına çox müsbət təsiri olacaqdır və
biz artıq bunu görürük.
Biz hazırda yeni layihələr
üzərində işləyirik. Keçən il
100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri,
kanallar çəkilmişdir. Bu il də hədəf
100 min hektardır. Beləliklə, biz
suvarılmayan torpaqlara həyat gətiririk, su gətiririk,
fermerlərə, sahibkarlara şərait yaradırıq və
kənd təsərrüfatımızın inkişafına
nail oluruq.
Avtomobil yollarının
tikintisi infrastruktur layihələri arasında önəmli yer
tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir.
Rahat, hamar yollar insanlara rahatlıq gətirir.
Eyni zamanda, yol olmadan bölgələr
inkişaf edə bilməz, nə turizm, nə də sənaye
istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının
inkişafı üçün də problemlər yaranar.
Hazırda kənd yollarının tikintisi
geniş vüsət alıb. Biz
görürük ki, harada yeni yol çəkilir, o bölgədə
canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı
istehsalı artır. Nəyə görə?
Çünki bazarlara rahat çıxış
olur. Beləliklə, yol infrastrukturu, sadəcə
olaraq, sosial layihə deyil. Son 14 il ərzində
12 min 300 kilometr yol çəkilmişdir. Bu il
bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son
14 il ərzində 443 körpü
tikilmişdir.
Beləliklə, ölkə
iqtisadiyyatının, regionların inkişafı
üçün bu əsas infrastruktur layihələri icra
edildi. Onu da deməliyəm ki, əgər biz 2004-cü ildə
qəbul edilmiş birinci proqrama nəzər salsaq görərik
ki, görülən bu işlərin böyük hissəsi
orada əks olunmamışdır. Çünki
biz bu proqrama və ondan sonrakı ikinci və
üçüncü proqramlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim
çərçivəsində, vətəndaşlarla təmaslar
əsnasında yeni təkliflər gəldi. Mən hər
il onlarla rayona səfərlər edirəm,
keçən il otuzdan çox rayonda olmuşam. Hər dəfə görülən işlərlə
maraqlanıram, nəzarət edirəm, eyni zamanda, yerlərdən
təkliflər alıram. Ona görə bu
proqramlara bəzi hallarda zərurət yarandıqca əlavələr
olunur. Odur ki, proqramların təhlilini
apararkən biz mütləq əlavələri də nəzərə
almalıyıq.
Əlbəttə ki, bizim məqsədimiz
bu proqramları icra etməkdir. Ancaq əsas məqsədimiz Azərbaycanın
inkişafını daha da sürətləndirməkdir,
dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və
biz buna nail ola bilmişik. Bugünkü
reallıqlar, bölgələrimizin çiçəklənməsi,
bütün şəhərlərimizdə gedən quruculuq,
abadlıq işləri göstərir ki, biz düzgün
yoldayıq.
On dörd il ərzində
iqtisadi göstəricilərimiz də ümumi
inkişafımızın uğurlu dinamikasını əyani
şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində
3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord
göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi
inkişafımız, sadəcə olaraq, neftin, qazın
istehsalı ilə bağlı deyil. Bizim
iqtisadi inkişafımız çoxşaxəlidir. Ona
görə qeyri-neft sektorunun 2,8 dəfə
artması aparılan islahatların nəticəsidir. Sənaye
sahəsində 2,6 dəfə artım var,
kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft
ixracımız 4,1 dəfə
artmışdır.
2004-cü ildə bizim valyuta
ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə
start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram
çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də
geniş deyildi. Cəmi 1,8 milyard
dollar valyuta ehtiyatlarımız var idi. Buna
baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait
ayırdıq. Yəni, bu, bir daha göstərir
ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə
yaşayan vətəndaşların güzəranı, həyat
səviyyəsi bizim üçün həmişə prioritet
olub.
Bu gün isə bizim valyuta
ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il
ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə
artırmışıq. Həm böyük
investisiya layihələrinə, infrastruktur layihələrinə,
neft-qaz kəmərlərinin tikintisinə vəsait
qoymuşuq. Bunlar çox vəsait aparan
layihələrdir. Eyni zamanda, öz valyuta
ehtiyatlarımızı 23 dəfə artırmışıq
və adambaşına düşən valyuta
ehtiyatlarının həcminə görə bu gün Azərbaycan
dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin
ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu
göstərici nəyi əks etdirir.
Ona görə bizim
böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir,
eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi
müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir.
İqtisadi cəhətdən asılı vəziyyətdə
olan ölkələr müstəqil siyasət apara bilmirlər,
yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət
aparırıq, bütün məsələlərlə
bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi
çəkinmədən ifadə edirik. Biz
bütün prinsipial məsələlərlə bağlı
beynəlxalq kürsülərdən səsimizi
ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ
edirik və müdafiə edirik.
Keçən il
valyuta ehtiyatlarımızın artırılması istiqamətində
çox ciddi addımlar atılmışdır. Baxmayaraq ki,
keçən il büdcəmiz də builki kimi deyildi, bundan az
idi, eyni zamanda, neftin qiyməti də hələ
aşağı səviyyədə idi, biz düzgün siyasət,
maliyyə sahəsində nizam-intizamı gücləndirmək
nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm
ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli
dərəcədə artacaq.
On dörd il ərzində
ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə
qoyulmuşdur. Bunun yarısı xarici,
yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin
həcminə görə Azərbaycan yenə də dünya
miqyasında lider dövlətlər arasındadır. Xarici sərmayənin qoyuluşu əlbəttə
ki, hər bir ölkə üçün ən vacib amillərdən
biridir. Eyni zamanda, bu, onu göstərir ki,
ölkəyə inam var, ölkənin siyasətinə dəstək
var, ölkənin gələcəyinə ümidlər
çox böyükdür. Çünki gələcəyi
müəyyən olunmayan, yaxud da ki, qaranlıq olan ölkələrə
heç kim, heç bir sahibkar, heç
bir dövlət, heç bir şirkət investisiya qoymaz. Ona görə 231 milyard dollara bərabər sərmayə
qoyuluşu bizim uğurlu siyasətimizin nəticəsidir.
Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana
yatırılan sərmayənin 93 faizi son 14 il
ərzində qoyulmuşdur. Bu proses davam edir. Keçən il
14,6 milyard dollar sərmayə qoyulub, bu il ən
azı ona bərabər həcmdə sərmayə
yatırılacaq.
On dörd il ərzində əhalimiz
1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz
güclənir. Əlbəttə ki, bu
artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi
var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr
edə bilərik. Əlbəttə ki, əhali
artımı hər bir ölkə üçün önəmli
amildir. Eyni zamanda, bu, bizi daha da fəal
işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna
adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində
ölkəmizdə 1,9 milyon iş yeri
yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq
əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki,
yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən
sonra onlar işlə təmin olunmalıdırlar.
Ona görə iş yerlərinin
yaradılması Azərbaycanda daimi proses olmalıdır.
İndi dünyada texnoloji inkişafın çox sürətlə
getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib
çıxardığını nəzərə alsaq, biz bu
sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda
işsizlik daim aşağı səviyyədə olsun. Necə
ki, görülən işlər nəticəsində bu
gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci
proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi
50 faiz idi, indi isə 5,4 faizdir.
Bax, budur, bizim əsas iqtisadi
göstəricilərimiz. Eyni zamanda, sosial sahəyə
çox böyük diqqət göstərilmişdir.
Maaşlar 14 il ərzində beş dəfədən
çox, pensiyalar səkkiz dəfədən çox artıb
və bir çox önəmli sosial layihələr icra edilib.
Biz sosial infrastrukturla
bağlı böyük işlər görmüşük,
3100-dən çox məktəb, 642 tibb müəssisəsi
tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman
Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait
tələb edən layihələrdir. Ancaq
bu layihələr sosialyönümlü layihələrdir, ona
görə investisiya proqramımızda daim bu layihələr
var. Bu ilin investisiya proqramına əsasən də kifayət
qədər sosial layihələr icra ediləcəkdir.
Biznesin inkişafı
üçün şəraitin yaradılması istiqamətində
ciddi addımlar atılmışdır. Sahibkarlara
güzəştli şərtlərlə 2 milyard manatdan
çox kreditlər verilmişdir. Nəzərə
almalıyıq ki, 14 ilin əsas hissəsində manatın məzənnəsi
dollara nisbətən daha da yüksək idi. Ona görə bu iki milyard manat ən azı iki
milyard dollar deməkdir. Güzəştli şərtlərlə
verilən bu kreditlər sahibkarlar tərəfindən yüksək
qiymətləndirildi, onlar bu kreditlərdən istifadə edərək
yeni müəssisələr, iş yerləri yaratdılar və
o vəsaiti qaytararaq yenə də imkan verirlər ki, biz bu vəsaiti
digər sahibkarlara güzəştli şərtlərlə
verək, necə ki, bu il də bu, nəzərdə
tutulur.
Son illər ərzində ictimai xidmətlər
sahəsində inqilabi dönüş baş verdi.
“ASAN xidmət” mərkəzlərinin
yaradılması bu sahədə inqilabi dönüş etdi.
Son beş il ərzində bu mərkəzlərdə 20 milyona
yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət”
mərkəzlərini bəyənmə əmsalı 100 faizə
yaxındır. Rüşvətxorluğa,
korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə
aparılır. Bu mübarizə, o cümlədən
sistem xarakterli tədbirlər sahəsində aparılır.
Deyə bilərəm ki, institusional tədbirlər
ən səmərəli tədbirlərdir. Əlbəttə
ki, cəza tədbirləri də tətbiq olunub, olunur,
onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər,
rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər,
meydançanın daralması istiqamətində atılan
addımlar ən səmərəli addımlardır.
Biz bütün bu işlərlə
paralel olaraq, ölkəmizi texnoloji cəhətdən
inkişaf etdirmək üçün böyük addımlar
atmışıq. Azərbaycan kosmik dövlətə
çevrilib. Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək
belə çətin idi. Hazırda bizim iki
peykimiz var - telekommunikasiya və əraziləri müşahidə
peykləri. Üçüncü peyk bu il
orbitə buraxılacaq. Azərbaycan
dünyanın məhdud olan kosmik klubunun üzvüdür.
Bu, texnologiyadır, təhsildir, biznesdir və
inkişafdır.
Əlbəttə ki, ölkəmizdə
aparılan və tərəfimizdən irəli
sürülmüş nəhəng nəqliyyat və energetika
layihələri həm böyük vəsait tələb
edirdi, eyni zamanda, ölkəmizin uzunmüddətli uğurlu
inkişafını şərtləndirən layihələrdir.
Nəqliyyat sahəsində. Ölkəmizdə
yeddi aeroport tikildi. Onlardan altısı beynəlxalq
aeroportdur. Birinci proqram qəbul olunana qədər
bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar
idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran,
Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də
Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət
göstərir və beynəlxalq reyslər təşkil
olunur. Bu, ölkəmizə turistlərin gəlişini
şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə
bu layihələrə start verəndə bəziləri hesab
edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait
xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq
aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə
uçuşlar təşkil edilir.
Mən avtomobil yolları
haqqında danışdım.
Azərbaycanda böyük gəmiqayırma
zavodu inşa edildi. Bu gün biz bütün növ gəmiləri
istehsal edə bilərik. Artıq gəmiqayırma
zavodu önəmli, böyük sifarişlər icra edir.
Ələt Dəniz Ticarət Limanı bu il
istifadəyə verilməlidir. Bu, Xəzər
hövzəsində ən böyük beynəlxalq dəniz
ticarət limanıdır. Bu liman olmadan biz
nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə
çevrilə bilməzdik. Bakı-Tbilisi-Qars
dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir.
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan
dövləti və xalqı qarşısında tarixi xidmətdir.
Bu dəmir yolu, - bu barədə çox
danışılıb, ictimaiyyət də əhəmiyyətini
bilir, - həqiqətən bölgədə, Avrasiyada nəqliyyat
dəhlizlərinin yaradılması istiqamətində bəlkə
də son illərdə ən önəmli layihədir. Bunun bizim üçün də çox
böyük əhəmiyyəti var. Artıq bir-iki aydır
ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən
yüklər gəlib Azərbaycan ərazisindən keçir.
Biz Şimal-Cənub nəqliyyat
dəhlizinin yaradılması ilə bağlı öz ərazimizdə
olan bütün məsələləri qısa müddət ərzində
həll etdik.
Beləliklə, beynəlxalq əməkdaşlığa
gözəl şərait yaratmışıq. Dəmir yolunun yenidən qurulması istiqamətində
işlər görülüb, görüləcək və
biz bu barədə danışacağıq.
Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi
iqtisadiyyata böyük valyuta axınını təmin edir. Bu kəmərlər
olmasaydı, biz neft-qaz resurslarını haraya ixrac edəcəkdik?
Bu, mümkün olmazdı. Heç kim də bizim neft-qaz yataqlarımıza vəsait
qoymazdı, əgər bunun ixrac imkanı yoxdursa. Daxili bazarımız isə bizdə olan yataqlarla
müqayisədə kiçikdir. Ona
görə bu kəmərlər mütləq tikilməli idi və
çox ağır şəraitdə, təzyiqlər şəraitində
tikildi, bizə qarşı kampaniyalar aparılırdı.
Bakı-Tbilisi-Ceyhanı əngəlləmək
üçün antiazərbaycan qüvvələr nə qədər
səy göstərdilər, alınmadı. Biz möhkəm dayanmışdıq, güclü
iradə göstərmişdik və bu layihələri
qonşu dövlətlərlə birlikdə icra etdik. Bakı-Tbilisi-Ceyhan on ildən çoxdur ki, fəaliyyət
göstərir. On ildən çoxdur ki,
qaz kəmərimiz qazımızı Ərzuruma qədər nəql
edir. Əgər bu layihələr
olmasaydı, Bakı-Tbilisi-Qars da olmazdı. Əgər bu, olmasaydı, “Şahdəniz-2” də
olmazdı. Cənub Qaz Dəhlizi – dəyəri 40 milyard
dollardan çox olan layihə də olmazdı. Onda
bizim həyatımız necə olacaqdı? Bizim iqtisadi vəziyyətimiz necə olacaqdı.
Təsəvvür etmək o qədər də
çətin deyil.
Ona görə bütün
bu layihələr xalq qarşısında tarixi xidmətlərdir. Biz fəxr
edirik ki, bunları icra etmişik. Bu layihələr,
eyni zamanda, uzunmüddətli inkişafımıza şərait
yaradır. Biz indi 42 milyard dollar valyuta
ehtiyatlarımıza malikik. Bunları nəyin
hesabına qazanmışıq? Enerji
resurslarının ixracı nəticəsində. Bakı-Tbilisi-Ceyhan tikilməsəydi, bu da
olmayacaqdı.
Ona görə bu 14 il
ərzində görülmüş işlərin
hamısını bir çıxışda sadalamaq
mümkün deyil. Bəlkə də günlər
lazımdır ki, biz bütün işləri qeyd edək.
Sadəcə olaraq, mən bu gün əsas məqamları
ictimaiyyətin diqqətinə çatdırdım. Görülən bütün işlər və əldə
edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan
bu gün uğurla, sürətlə inkişaf edən ölkədir.
Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik,
daim qabağa baxmalıyıq və növbəti illərdə
görüləcək işlərlə bağlı fəaliyyətimizi
düzgün qurmalıyıq.
***
Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Taleh QARAŞOV
çıxış edərək dedi:
Möhtərəm cənab
Prezident.
Sizin müəllifi və təşəbbüskarı
olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası istiqamətində görülən
işlər nəticəsində ölkənin hər yerində
olduğu kimi, Lənkəranda da genişmiqyaslı
abadlıq-quruculuq işləri həyata keçirilib, rayonun
siması tamamilə dəyişib, əvvəlki şöhrətini
özünə qaytarıb. Lənkəranlılar
bu əvəzsiz diqqətə və qayğıya görə
həmişə Sizə minnətdardırlar.
Dünyanın heç bir dövlətində
müşahidə olunmayan, məhz Sizin davamlı diqqətinizlə
sahibkarlığın inkişafına verilən dəstək
və iş adamları üçün yaradılan əlverişli
mühit rayona investisiya cəlb olunmasına yeni imkanlar
yaradıb.
Sizin
tapşırığınızla Lənkəran Şəhər
İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi
potensialı araşdırılıb, inkişafı daha vacib
olan sahələr müəyyən edilərək, özəl
investisiyanın cəlb olunması istiqamətində konkret
işlər görülüb. Nəticədə özəl
investisiya hesabına rayonda ümumi dəyəri 62,3 milyon manat
olan 16 obyektin, o cümlədən iri çəltikçilik
təsərrüfatlarının, istehsal və emal müəssisələrinin,
sitrus meyvə bağlarının, istixana kompleksinin, turizm,
istirahət və əyləncə mərkəzlərinin
yaradılmasına başlanılıb, artıq 41,8 milyon manat
vəsait xərclənib, 1380 yeni iş yeri
açılıb. Ümumilikdə isə ötən il rayona
124,6 milyon manat özəl investisiya cəlb
edilib, 3700 yeni iş yeri açılıb.
Möhtərəm cənab Prezident,
ölkəmizdə kənd təsərrüfatının
strateji sahələrinin inkişaf etdirilməsi ilə
bağlı Sizin qəbul etdiyiniz müdrik qərarlar,
verdiyiniz tapşırıq və tövsiyələr əsasında
aqrar sahədə böyük canlanma yaranıb, onun tarixi
şöhrəti özünə qayıtmağa
başlayıb. Bu, bir həqiqətdir ki, Sizin
apardığınız düşünülmüş siyasət
nəticəsində insanlar torpağa bağlanıb,
onların maddi rifah halı xeyli yaxşılaşıb, məhsul
bolluğu yaranıb. Artıq kənd yerlərində
demək olar ki, işsiz insan yoxdur, onlar halal zəhmətləri
ilə öz dolanışıqlarını təmin edirlər.
Ötən il
Sizin rəhbərliyinizlə Lənkəranda çay, çəltik
və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə
dair respublika müşavirəsinin keçirilməsi və
imzaladığınız müvafiq sərəncamlar rayonda bu
sahələrin inkişafına yeni imkanlar yaradıb.
Unudulmaqda olan ənənəvi
çayçılıq, çəltikçilik və sitrus
meyvəçiliyi sahələrinin bərpasına Sizin
göstərdiyiniz diqqət əhalimiz tərəfindən
böyük rəğbətlə qarşılanıb,
aparıcı ölkələrin qabaqcıl təcrübəsi
öyrənilməklə, bu sahələrin inkişaf etdirilməsinə
başlanılıb.
2017-ci ildə
çayçılığın inkişafına 7,7 milyon
manat investisiya yönəldilib, əkin sahələri 604
hektara, işləyənlərin sayı 2 min nəfərə
çatdırılıb. İstifadəsiz qalan
torpaqlarda, eləcə də dağətəyi ərazilərdə,
yamaclarda tapşırığınıza əsasən
növbəti illərdə terras üsulu ilə yeni çay
plantasiyalarının salınması nəzərdə tutulub.
Ötən il
respublikada, ilk dəfə olaraq, bölgənin iqlim şəraitinə
uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş
çəltik şitilləri Koreya Respublikasından gətirilmiş
ən müasir maşın və mexanizmlərdən istifadə
edilməklə əkilib və biçilib. Bununla məqsədimiz
Sizin tövsiyələrinizi əldə rəhbər
tutaraq ənənəvi çəltik sortlarından qiymətli
ərzaq olan düyü istehsal edib ölkəmizin ərzaq təhlükəsizliyi
proqramına töhfəmizi verməkdir.
2017-ci ildə 526 hektarda çəltik
əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4
milyon manat gəlir əldə edilib. Cari ildə
bu gəlirli sahələrin iki dəfə
artırılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz, dadına görə
idxal edilən düyülərdən daha keyfiyyətli olan
yerli düyü bu gün daxili bazarda “Lənkəran
düyüsü” adı ilə tanınır. Onun daxili bazarda satış rəqabətini təmin
etməklə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə
satılması istiqamətində də işlər davam
etdirilir.
Ötən il
rayonda sitrus meyvəçiliyinin inkişafı istiqamətində
də işlər davam etdirilib, xaricdən gətirilmiş məhsuldar
sitrus növlərindən yeni bağlar salınıb.
Sizin
apardığınız siyasət nəticəsində
rayonumuz üçün ənənəvi olmayan
baramaçılığa da insanlarımızda böyük
həvəs yaranıb. Cari ildə rayonda ilk dəfə olaraq
barama istehsalına başlanılacaq.
Turizmin inkişafı da Sizin diqqətinizdən kənarda qalmayıb.
Ötən il bu sahəyə 25,1 milyon
manat investisiya qoyulub, 800 yeni iş yeri açılıb. Sizin tapşırığınıza əsasən,
yaxın aylarda istifadəyə veriləcək Lənkəran
İstisu və Sağlamlıq Mərkəzi rayonda turizmin
inkişafına yeni təkan verəcək.
Cənab Prezident, üzərimizə
düşən məsuliyyəti dərindən dərk edərək
Sizi əmin edirik ki, bu şərəfli vəzifələrin
layiqincə yerinə yetirilməsi üçün
xalqımızla birlikdə lənkəranlılar da
bütün qüvvə və bacarıqlarını sərf
edəcəklər.
Diqqətinizə görə çox
sağ olun.
***
Naxçıvan Muxtar
Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər
qrupunun “Duzdağ” Müalicəvi İstirahət Mərkəzinin
direktoru Novruz NOVRUZOV
çıxış edərək dedi:
- Cənab Prezident.
Bu gün Sizin rəhbərliyinizlə
Azərbaycan inkişaf və tərəqqi dövrünü
yaşayır. Həyata keçirilən kompleks
islahatlar, geniş quruculuq işləri və yaradılan
güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf
göstəriciləridir. Xüsusilə
regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli
proqramların qəbul və icra olunması hər bir bölgənin
tarazlı inkişafını təmin edib.
Göstərdiyiniz
qayğının nəticəsidir ki, bu gün Azərbaycanın
Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf mərhələsinə
qədəm qoyub. Muxtar respublikada iqtisadiyyatın bütün sahələrinin
inkişafı təmin edilib, sahibkarlıq fəaliyyəti
güclənib, yeni müəssisələr və iş yerləri
yaradılıb, əlverişli biznes və investisiya mühiti
formalaşıb.
Hazırda öz
inkişafının yeni mərhələsini yaşayan
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında
sahibkarlıq fəaliyyətinin rolu getdikcə artır. Göstərilən
dövlət dəstəyi biz sahibkarları daha fəal
çalışmağa sövq edir. Hazırda
muxtar respublikada istehsal olunan kənd təsərrüfatı və
sənaye məhsullarının, göstərilən xidmətlərin
əksər hissəsi özəl bölmənin payına
düşür. Bunun nəticəsidir ki,
özəl sektorun ümumi daxili məhsuldakı payı
artaraq 89 faizə çatıb.
Ölkəmizdə özəl
sektora göstərilən dövlət qayğısından bəhrələnən
sahibkarlıq subyektlərindən biri də “Nəqşicahan
Holdinq” şirkətlər qrupudur. Xidmət və istehsal
sahələri üzrə fəaliyyət göstərən
şirkət muxtar respublika iqtisadiyyatının
inkişafına öz töhfəsini davamlı olaraq verməkdədir.
Bu gün ölkəmizdə
turizmin inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən
biri elan edilib.
Ölkəmizin turizm potensialının beynəlxalq
aləmdə tanıdılması, habelə turizmin müxtəlif
növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü
tədbirlər həyata keçirilir. Ölkə
rəhbərinin imzaladığı sərəncamlar, qəbul
edilən dövlət proqramlarının uğurlu icrası
Azərbaycanı həm də turizmin inkişaf etdiyi ölkəyə
çevirib.
Zəngin tarixi-mədəni
irsi, nadir təbiət abidəsi olan Duzdağ, mədəni
memarlıq abidələri, sabitlik və müasir infrastruktura
malik yaşayış məntəqələri
Naxçıvanda turizmin inkişafını şərtləndirən
əsas amillərdir. Muxtar respublikada turizmin ekoloji, ziyarət,
müalicə, dağçılıq və başqa növlərinin
inkişafı üçün böyük potensial var. Bizim
şirkətin də əsas fəaliyyət istiqamətlərindən
biri turizm sektorudur.
Tibb və sağlamlıq
turizmi sahəsində fəaliyyətimizi davam etdiririk. Sizin iştirakınızla
2008-ci ildə istifadəyə verilən Duzdağ Fizioterapiya Mərkəzinə
hər il müxtəlif ölkələrdən
yüzlərlə insanın müalicəyə gəlməsi
turizmin bu sahəsi üçün geniş imkanlar
açır. Mərkəz Türkiyə, Rusiya, Amerika Birləşmiş
Ştatları, Almaniya, İsrail, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan, İran,
Gürcüstan kimi ölkələrdən gələn turistlərin
istirahət və müalicə məkanına çevrilib.
Bu illər ərzində təmsil
etdiyim holdinq xidmət sektorları ilə yanaşı, yerli
xammala əsaslanan idxaləvəzləyici və
ixracyönümlü məhsullar istehsal edən müəssisələrin
yaradılmasına da üstünlük verib. “Karbon Qazı
Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti belə
müəssisələrdəndir. Burada
arsenli quru qaz, karbon qazı və quru buz istehsal olunur. Məhsullarımız daxili tələbatı tam
ödəyir. Mineral sular, sərinləşdirici
içkilər istehsal edən müəssisələr, tibb
ocaqları və ərzaq məhsulları istehsalı ilə məşğul
olan şirkətlər məhsullarımıza daha çox
üstünlük verirlər.
“Nəqşicahan Holdinq”
şirkətlər qrupu məşğulluğun tam təmin
olunmasına öz töhfəsini verir. Şirkət tərəfindən
müxtəlif profilli sahələrin yaradılması yeni
iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda şirkətimizdə 1100 nəfər
çalışır.
Cənab Prezident, bütün bunlar
sahibkarlığın inkişafı üçün
yaratdığınız şəraitin nəticəsidir. Göstərdiyiniz hərtərəfli qayğıya
görə muxtar respublika sahibkarları adından Sizə dərin
minnətdarlığımızı və
ehtiramımızı bildiririk.
***
Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Müstəqim
MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Ölkəmizin hər yerində
olduğu kimi, Tərtərdə də regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramları
uğurla həyata keçirilir, nəzərdə tutulmuş
bütün infrastruktur layihələri Sizin
diqqət və qayğınız sayəsində icra edilir.
Cənab Prezident, son iki ildə Sizin Tərtər
rayonuna ardıcıl səfərləriniz, keçirdiyiniz
görüşlər, mövcud problemlərimizin verdiyiniz
tövsiyə və tapşırıqlar əsasında həll
olunması əhali tərəfindən böyük rəğbətlə
qarşılanır.
2016-cı ilin Aprel hadisələri
tərtərlilərin Vətənə, torpağa bağlılığını
bir daha nümayiş etdirdi. O çətin, ağır, həm
də şərəfli günlərdə, cənab Prezident,
birinci xanım Mehriban Əliyeva ilə birlikdə Tərtər
şəhərinə və təmas xətti ilə 200 metr məsafədə
yerləşən Qapanlı kəndinə səfəriniz,
burada sakinlərlə görüşünüz onlara güc
verdi, əminlik yaratdı və əmək coşqunluğunu
qat-qat artırdı. Tərtərlilər cəbhə
bölgəsində düşmənlə üzbəüz
yaşamaqlarına baxmayaraq, quruculuq sürətini azaltmır,
yaradır və yüksək nailiyyətlər əldə
edirlər.
İqtisadiyyatın
mühüm sahəsi olan kənd təsərrüfatı bu
gün Tərtərdə dirçəliş
dövrünü yaşayır. Xüsusən əkinçilik
sahəsi sürətlə inkişaf etməkdədir. Çünki kəndlilər, fermerlər Sizin
qayğınızı hiss edir, dövlətin dəstəyindən
bəhrələnirlər.
Sizin tapşırıq və
tövsiyələrinizə uyğun olaraq, ötən il rayonda 3123 hektarda pambıq əkilib, əvvəlki
ilə nisbətən bu məhsulun əkin sahələri 3 dəfə
artıb. İl ərzində 8419,9 ton
pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən
3,6 dəfə çoxdur. Pambıq sahələrinin hər
hektarından orta məhsuldarlıq da keçən illə
müqayisədə 4,5 sentner artaraq 27 sentnerə
çatıb, hektardan məhsuldarlığa görə
ölkə üzrə ən yüksək göstərici əldə
edilib.
Saatlı rayonunda
pambıqçılığın inkişafına dair
keçirilən müşavirədə söylədiyiniz
“Pambıqçılığın inkişafı Prezident
kimi mənim üçün, ilk növbədə, sosial layihədir,
ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən
layihədir” sözləriniz real həyatda öz təsdiqini
tapıb.
Ötən il pambıq əkini, becərilməsi
və yığımı işlərinə 5 minədək
insan cəlb edilib, onlar yüksək gəlir
götürüblər. Əldə olunan gəlir
həm də halal qazanc hesabına kəndlilərimizin evlərinə
ruzi-bərəkət gətirib, onların sevincini və
razılıq hissini artırıb.
İcazə verin, yüksək diqqətinizə
məruzə edim ki, fermerlərdən Habil İbrahimov 118 ton məhsul
yığaraq 67 min 200 manat, Qasım Sadıqov 104 ton məhsul
toplayaraq 50 min manat, Müslüm Babışov 91 ton məhsul
tədarük edərək 45 min manat, Fazil Vəliyev 57 ton məhsul
yığaraq 28 min manat, Əzim Qaraşov 34 ton məhsul
toplayaraq 20 min manat gəlir əldə ediblər. Cari ildə pambıqçılıq üzrə
fermerlərimiz 840 min manatdan çox subsidiya alacaqlar.
Şəkər istehsalında yerli
xammaldan istifadənin artırılması barədə
tövsiyələrinizə əməl olunaraq ötən il 1541 hektarda şəkər çuğunduru əkilib.
Tərtərdə şəkər
çuğunduru ilk dəfə 2005-ci ildə cəmi 8 hektarda
əkilmişdi. Rayonumuzda bu qiymətli bitkinin
istehsalı əvvəlki ilə nisbətən 15,6 faiz
artıb, hər hektardan orta məhsuldarlıq 42,6 ton olmaqla,
ümumilikdə 65,7 min ton təşkil edib.
Ötən il kümçülərimiz
4610 kiloqram barama istehsal ediblər ki, bu da 2016-cı il ilə
müqayisədə 4,8 dəfə
çoxdur. Son 2 ildə rayonumuzda 125 min tut tingi əkilib.
Keçən təsərrüfat
ilində ümumilikdə 43 min 658 nəfər kənd təsərrüfatı
işlərinə cəlb olunub.
Möhtərəm cənab Prezident,
Sizin Sərəncamınızla kənd təsərrüfatının
inkişafında xidmətlərimə görə mənim II
dərəcəli “Əmək” ordeni ilə təltif
olunmağımı bütün Tərtər zəhmətkeşlərinin
əməyinə verilən yüksək qiymət və
qayğı kimi dəyərləndiririk. Sizə
dərin minnətdarlığımı bildirir və əmin
edirəm ki, öz Prezidentinə güvənən tərtərlilər
qarşıya qoyduğunuz bütün vəzifələri
sabaha böyük inam hissi və yüksək əhval-ruhiyyə
ilə bundan sonra da layiqincə yerinə yetirəcəklər.
Müstəqil dövlətimizin gündən-günə
inkişafı və tərəqqisi naminə əlimizdən
gələni əsirgəməyəcəyik.
Diqqətinizə görə
minnətdaram.
***
Neftçala Sənaye Məhəlləsinin
direktoru Nəriman XƏLİLOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Ümummilli liderimiz Heydər
Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi
inkişaf strategiyasının, cənab Prezident, Sizin tərəfinizdən
uğurla həyata keçirilməsi nəticəsində
ölkəmizin qeyri-neft sənayesi dinamik inkişaf edir,
qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri
yaradılır. Hazırda bu istiqamətdə aparılan
işlər ölkənin bütün regionlarında
olduğu kimi, Neftçala rayonunda da uğurla davam etdirilir.
Möhtərəm cənab
Prezident, Sizin böyük diqqət və qayğınız nəticəsində
son illər Neftçala rayonu özünün yeni inkişaf mərhələsini
yaşayır, rayonda sosial, iqtisadi və infrastruktur layihələri
icra edilir.
Bütün Neftçala sakinləri 2017-ci il
sentyabrın 24-də Sizin rayonumuza etdiyiniz tarixi səfəri əlamətdar,
unudulmaz gün kimi xatırlayır. Xüsusilə
açılışını etdiyiniz Neftçala Sənaye
Məhəlləsinin yaradılması rayonumuzla yanaşı,
ətraf bölgələrdə də sənayenin sürətli
inkişafına və əhalinin məşğulluğunun
artırılmasına təkan verib. Bütün
bunlara görə, cənab Prezident, Neftçala ictimaiyyəti
Sizə öz məhəbbətini və dərin hörmətini
bildirir.
Cənab Prezident, Sizin 2015-ci il 2 fevral tarixli Sərəncamınıza
uyğun olaraq, ölkəmizdə ilk sənaye məhəlləsi
də məhz Neftçalada yaradılıb. On
hektar ərazini əhatə edən Neftçala Sənaye Məhəlləsində
dövlət vəsaiti hesabına sənaye məhsullarının
istehsalı və müvafiq xidmətlərin göstərilməsi
üçün bütün zəruri infrastruktur - elektrik
enerjisi, təbii qaz, rabitə-internet, su-kanalizasiya sistemi
qurulub, müasir istehsalat blokları tikilərək
sahibkarların istifadəsinə verilib. Sənaye Məhəlləsinin
inzibati binasında sahibkarlara ümumi mühasibatlıq,
hüquqi məsləhətlər, sığorta və
poçt xidmətləri göstərilir, eləcə də
texniki kitabxana və “startap”lar
üçün ofis fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsinin
bütün ərazisi ödənişsiz internetlə təmin
olunub.
Hazırda Neftçala Sənaye Məhəlləsində
layihələrinin ümumi dəyəri 45 milyon manat təşkil
edən 9 rezident, o cümlədən avtomobil, balıq yemi və
digər yemlər, balıq konservləri, plastik məmulatlar,
suvarma sistemləri, polietilen suvarma boruları və modul tipli məktəb
binaları üçün konstruksiyalar istehsalı və digər
sahələr üzrə məşğul olan sahibkarlar fəaliyyət
göstərirlər. Məhəllədə, həmçinin
kiçik sahibkarlar üçün emalatxanalar da
yaradılıb.
Bu layihələr üzrə 4 müəssisəyə
verilmiş investisiya təşviqi sənədi əsasında
sahibkarlar 3,5 milyon manat vəsaitə qənaət edib, 2 müəssisəyə
6,5 milyon manat güzəştli kredit verilib və Sənaye Məhəlləsində
ümumilikdə 500-ə yaxın daimi iş yerinin
açılması üçün zəmin yaranıb.
Yeni layihələrin həyata
keçirilməsi məqsədilə sahibkarların artan
müraciətlərini nəzərə alaraq, Neftçala Sənaye
Məhəlləsinin ərazisinin genişləndirilməsi nəzərdə
tutulur.
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən
sənayeləşmə siyasətinin tərkib hissəsi olan
sənaye məhəllələrinin yaradılmasının
çox böyük əhəmiyyəti var. Bu, regionlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə,
yerli ehtiyatlardan səmərəli istifadə yolu ilə sənaye
sahələrinin inkişaf etdirilməsinə, istehsal prosesinin
təşkilində infrastruktur xərclərinin
azaldılmasına, sahibkarlar arasında kooperasiya əlaqələrinin
gücləndirilməsinə, məşğulluqda sənayenin
xüsusi çəkisinin artırılmasına, idxalın əvəzlənməsinə,
yerli məhsulun daxili və xarici bazarlara
çıxarılmasına geniş imkanlar yaradır.
Ölkədə ilk sənaye
məhəlləsinin Neftçala rayonunda yaradılması ilə
bağlı qərarınıza və onun fəaliyyətini
daim diqqətdə saxladığınıza görə, Sizə
bir daha minnətdarlığımızı bildiririk. Sizi əmin
edirik ki, əməli fəaliyyətimizlə dövlətimizin
davamlı inkişafına töhfə vermək
üçün bütün səylərimizi səfərbər
edəcəyik.
Diqqətinizə görə
minnətdaram.
***
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb
BABAŞOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Sizin müdrik siyasətiniz nəticəsində
son illərdə qeyri-neft sektorunun, xüsusən də sənayenin
və aqrar sahənin inkişafı ilə bağlı
Dövlət proqramlarının qəbulu bütün
regionlarda olduğu kimi, Qazax rayonunda da öz müsbət nəticələrini
verməkdədir.
Sizin tapşırığınıza
əsasən 2017-ci ildə rayonumuza investisiyanın cəlb
olunması ilə bağlı işlər daha da genişləndirilib
və iqtisadiyyatın müxtəlif sahələrinə
ümumilikdə 43,8 milyon manat, o cümlədən
sənayeyə 26,5 milyon manat özəl sərmayə qoyulub. Əsasən yerli xammaldan səmərəli istifadə
etməklə sənaye müəssisələrinin
yaradılmasına xüsusi diqqət yetirilib. Daş
Salahlı kəndində “Mətanət A” şirkəti tərəfindən
dəyəri 15 milyon manat təşkil edən, illik
gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa
çatdırılıb, “HGC GROUP” MMC tərəfindən
illik gücü 1 milyon ton sement və 825 min ton klinker olan
istehsal müəssisəsi yaradılıb, “Saloğlu” mebel
firması istehsalın genişləndirilməsinə 16 milyon
manat vəsait yönəldib. Bu müəssisələrin
məhsulları həm də ixracyönümlü olmaqla bölgənin
iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.
Bunlarla yanaşı, rayonda
konserv zavodu, tikinti materialları müəssisəsi də
istifadəyə verilib, hazırda elektrod zavodunun inşası
davam edir və 2018-ci ildə başa çatdırılacaq.
Ümumilikdə ötən il istifadəyə verilmiş müəssisələrdə
1177 yeni iş yeri yaradılıb.
Cənab Prezident, ən əsası
isə odur ki, sakinlər rayonda həyata keçirilən və
onların maraqlarına cavab verən belə layihələri
çox yüksək qiymətləndirir, əhalinin, xüsusən
də gənclərin məşğulluğunun təmin edilməsini
böyük sevinc hissi ilə qarşılayır və Sizə
minnətdarlıqlarını bildirirlər.
2017-ci ildə kənd təsərrüfatı
sahəsinə 16,4 milyon manat investisiya cəlb
edilib, sahibkarlar tərəfindən müasir suvarma sistemlərinin
və innovativ texnologiyaların tətbiqinə əsaslanan
fermer təsərrüfatları və Qazax Aqroparkı
yaradılıb. Ölkəmizin kənd təsərrüfatı
məhsullarının idxalından
asılılığını azaltmaq üçün
yaradılmış əlverişli şəraitdən bəhrələnən
fermerlər əkin sahələrini genişləndirib və
rayon üzrə 18,7 min hektar sahədə
kənd təsərrüfatı məhsulları əkiblər.
2018-ci ildə əkin sahələrinin 20 min
hektara çatdırılması qarşıya məqsəd
qoyulub.
Sizin kənd təsərrüfatının
inkişafı ilə bağlı verdiyiniz tapşırıq
və tövsiyələr insanların torpağa münasibətini
ötən əsrin 70-80-ci illərində olduğu kimi əhəmiyyətli
dərəcədə dəyişib, onların torpağa
bağlılığını hədsiz dərəcədə
yüksəldib.
Rayonumuz üçün ənənəvi
sayılan kartof əkini ötən illərdə ən
yaxşı halda 273 hektar idisə, 2017-ci ildə əkin sahələri
3 dəfə artırılaraq 809 hektara
çatdırılıb, bu sahədə
çalışanların sayı da artaraq 2380 nəfər təşkil
edib, hektardan orta məhsuldarlıq 117 sentnerdən 271 sentnerə
qaldırılıb, nəticədə rayon üzrə 22 min
ton məhsul istehsal edilib.
Taxılçılıqda
da yüksək nəticələr əldə olunub. Ötən il 36,5 min ton taxıl istehsal edilib ki, bu da 2016-cı
ildəkindən 12,7 min ton çoxdur. Hər
hektardan 33 sentner məhsul əldə edilib.
Baramaçılığın
və tütünçülüyün inkişafı ilə
əlaqədar verdiyiniz Sərəncam və
tapşırıqların icrası ilə bağlı zəruri
tədbirlər görülüb, nəticədə sakinlərdə
həmin sahələrə maraq artıb və bu da, öz
növbəsində, yüzlərlə ailənin gəlirlərinin
və rifah halının yüksəlməsinə səbəb
olub.
Ümumiyyətlə, əvvəlki
illərdə kənd təsərrüfatında
çalışanların sayı maksimum 7500 nəfər
olduğu halda, ötən il bu sahəyə 13082 nəfər
rayon sakini cəlb edilib.
Cənab Prezident, Sizin
apardığınız məqsədyönlü siyasətin
nəticəsində bütün ölkədə olduğu
kimi, Qazaxda da həyata keçirilən sosial-iqtisadi və
infrastruktur layihələri, əldə edilən yüksək
nailiyyətlər, aparılan abadlıq-quruculuq işləri
rayon sakinləri tərəfindən böyük minnətdarlıq
hissi ilə qarşılanır, onlarda gələcəyə
inam hissini artırır.
İcazə verin, Sizi əmin
edim ki, insanların rifahı naminə qarşımıza
qoyduğunuz mühüm vəzifələrin rayonumuzda uğurla
icra olunması üçün bütün imkanları səfərbər
edəcək və bu vəzifələrin öhdəsindən
layiqincə gələcəyik.
Diqqətinizə görə çox
sağ olun.
***
Ağdam rayonundakı Heyvandarlıq
Kompleksinin direktoru Fuad
ƏYYUBZADƏ çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Bu gün ölkə
iqtisadiyyatının, xüsusilə aqrar sahənin inkişaf
etdirilməsində qabaqcıl texnologiyaların tətbiqi, təhlükəsizliyinə
zəmanət verilən keyfiyyətli qida məhsullarının
istehsalı, əhalinin ərzaq məhsullarına tələbatının
yüksək səviyyədə ödənilməsi və
rifahının daha da yaxşılaşdırılması sahəsində
göstərdiyiniz fəaliyyətə, hər zaman hiss
etdiyimiz diqqət və qayğıya görə cəbhə
bölgəsində yaşayan və fəaliyyət göstərən
iş adamları adından Sizə dərin minnətdarlığımızı
bildiririk.
Rəhbərlik etdiyim
müasir heyvandarlıq kompleksi 2008-ci ildə Ağdam rayonunun
düşmənlə təmas xəttində yerləşən
Əfətli kəndi ərazisində yaradılıb. Hər zaman bir sahibkar kimi
Sizin və dövlətimizin dəstəyini hiss etmişik.
Bunun nəticəsidir ki, 2010-cu ildə dövlət tərəfindən
ayrılmış 800 min manat güzəştli kredit və
lizinqdən istifadə etməklə, yaradılmış
kompleksdə xaricdən gətirilmiş yüksək məhsuldarlığa
malik cins heyvanların baş sayı 500-ə
çatdırılıb, müasir avadanlıqlar alınaraq
quraşdırılıb.
2016-cı ildə mənfur
düşmənin təxribatına cavab olaraq
başlanmış və tariximizə şanlı səhifələr
yazmış Aprel döyüşləri zamanı qüdrətli
Azərbaycan Ordusu düşmənə layiqli zərbələr
vuraraq onu böyük itkilərlə geri çəkilməyə
məcbur etdi.
Həmin döyüşlərdə düşmən dinc əhalinin
evləri ilə yanaşı, bizim təsərrüfatımızı
da hədəfə almış və atdığı mərmilərin
6-sının təsərrüfatın ərazisinə
düşməsi nəticəsində 200 başadək cins
heyvan tələf olub, elektrik yarımstansiyası,
sağım və gübrəsəpən aqreqatlar, soyuducu
sistemlər və digər avadanlıqlar sıradan
çıxıb, tikililər yararsız hala düşüb.
Hadisələrdən dərhal sonra Sizin və birinci xanım Mehriban
Əliyevanın bölgəmizə səfəri hər zaman
bizimlə olduğunuzu bir daha sübut etdi. Tapşırığınıza
əsasən dövlət qurumlarının nümayəndələri
yerli və xarici kütləvi informasiya vasitələrinin
iştirakı ilə hadisə yerinə gələrək tələfat
və dağıntıların aradan qaldırılması
üçün hərtərəfli dəstək veriləcəyini
bildirdilər. Təcavüzkar erməni
vandalların törətdikləri vəhşiliklərin və
dağıntıların mənzərəsi kütləvi
informasiya vasitələri tərəfindən dünya ictimaiyyətinə
çatdırıldı.
Dövlət lizinqi üzrə
460 min manat qalıq borc öhdəliklərimiz heyvandarlıq
kompleksinin fəaliyyətinin bərpa olunmasına, yararsız
hala düşmüş texniki avadanlıqlara və tələf
olmuş cins mal-qaraya görə silindi. Sıradan
çıxmış bütün avadanlıqlar dövlətimizin
dəstəyi nəticəsində yeniləndi, xaricdən 200
baş məhsuldar cins heyvan alınaraq təsərrüfata gətirildi,
müəssisəmizə yenidən 500 min manat güzəştli
kredit verildi. Bu dəstək sayəsində təsərrüfatımız
qısa müddət ərzində fəaliyyətini tam bərpa
etdi.
Hazırda təsərrüfatda
30-dan çox işçi çalışır, 700
başdan artıq cins heyvan bəslənilir. Gündə 5
ton yüksək keyfiyyətli süd istehsal olunaraq emal müəssisəsinə
təhvil verilir.
Möhtərəm cənab Prezident, təmas
xəttində, düşmənin bir
addımlığında fəaliyyət göstərməyimizə
baxmayaraq, heç nədən çəkinmirik, Sizin qətiyyətinizə və Ordumuzun
qüdrətinə inanaraq təsərrüfatımızı
daha da genişləndiririk. Hədəfimiz cins
heyvanların baş sayını 1500-ə, gündəlik
süd istehsalını isə 20 tona çatdırmaqdır.
Bu məqsədlə təsərrüfatın
yem bazasını genişləndirmək üçün
torpaq sahəsinin ayrılmasına ehtiyac vardır.
Bütün Azərbaycan
xalqı kimi, biz cəbhə bölgəsinin sakinləri də
torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin
qüdrətlənməsi naminə
yürütdüyünüz siyasəti dəstəkləyir,
qətiyyətinizə inanırıq. Əminik ki,
torpaqlarımızın işğaldan azad olunacağı
gün uzaqda deyil.
Diqqətinizə görə çox
sağ olun.
***
Salyan Rayon İcra Hakimiyyətinin
başçısı Sevindik
HƏTƏMOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Ölkəmizin iqtisadi
inkişafının baza sütunlarından biri olan, müəllifi
olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası yerli icra hakimiyyətlərinin fəaliyyətinin
əsas istiqamətlərindən biridir. Yerlərdəki
bütün mövcud problemləri, insanları narahat edən
sosial məsələləri əhatə edən Dövlət
proqramları ölkəmizin dinamik inkişafını təmin
etməklə yanaşı, bölgələrin
potensialının artmasına və əhalinin
rifahının yüksəlməsinə geniş şərait
yaradıb.
Dövlət proqramlarının həyata
keçirilməsi nəticəsində Salyan rayonunda da
müasir texnologiyalar əsasında yeni istehsal sahələrinin
yaranmasına nail olunub, rayona qoyulan investisiyaların həcmi
xeyli artıb.
Bütün bunlar ölkədə
yaradılmış siyasi sabitliklə yanaşı,
iqtisadiyyatın şaxələndirilməsi, biznes və
investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılması, sahibkarlığın
inkişafı, eləcə də mövcud
çağırışların tələblərinə
uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində
mümkün olub.
Cənab Prezident, Sizin bölgələrə
investisiyaların cəlb edilməsi sahəsində yerli icra
hakimiyyətləri qarşısında qoyduğunuz vəzifələrin
icrasını təmin etmək məqsədilə Salyan
rayonunda özəl investisiya hesabına ümumi dəyəri
127 milyon manat olan təkcə 3 layihənin icrasına
sahibkarlar tərəfindən 50,5 milyon manat vəsait xərclənib.
Rayonun Kürsəngi kəndi ərazisində
50 hektar torpaq sahəsində “GP ALPHA GREEN HAUSE” MMC tərəfindən
ümumi dəyəri 96,9 milyon manat olan
istixana kompleksinin tikintisinə başlanılıb. Artıq 5 hektar sahədə istixana kompleksinin
tikintisi başa çatıb və ilk məhsul istehsal olunub.
Ümumilikdə 27,5 milyon manat vəsait xərclənmiş
istixana kompleksində 160 nəfər işlə təmin
edilib.
“Şəfa Broyler” MMC-yə
yeni quşçuluq təsərrüfatının
yaradılması ilə əlaqədar təkliflər verilib,
birgə işin nəticəsi olaraq rayonun Həsənli kəndi
ərazisində illik layihə gücü 12 milyon yumurta olan
damazlıq quşçuluq təsərrüfatı
yaradılıb. Görülmüş tədbirlər nəticəsində
layihə dəyəri 25 milyon manat olan 18 quşçuluq
ferması tikilib və 50 nəfər işlə təmin
edilib.
Salyan Qida Məhsulları
Kommersiya Şirkəti tərəfindən müasir tələblərə
cavab verən yeni pivə və limonad istehsalı zavodu tikilib. İllik istehsal gücü
14,6 min ton olan zavodun tikintisinə 8 milyon manat investisiya qoyulub və
70 nəfər rayon sakini işlə təmin edilib.
Ümumiyyətlə isə 2017-ci ildə
rayonda özəl investisiya hesabına sənaye, kənd təsərrüfatı,
iaşə, emal və istehsal sahələri üzrə 51
layihənin icrasına 170 milyon manat investisiya
yatırılıb.
2003-cü ildən bəri Salyan
rayonunda 19 minə yaxın yeni daimi iş yeri
açılıb. Həmin dövrlə müqayisədə
sahibkarlıq subyektlərinin sayı 10,8 dəfə
artaraq 10 min 752-yə çatıb.
2017-ci ildə rayonda aqrar sahənin
inkişafına da xüsusi diqqət yetirilib, 32,3 min hektar sahədə
müxtəlif kənd təsərrüfatı bitkiləri, o
cümlədən 19 min hektarda taxıl, 7 min hektarda pambıq əkilib.
Ümumilikdə bu işlərə 23 min 527 nəfər cəlb
olunub ki, bu da 2016-cı illə müqayisədə 1,5 dəfə çoxdur.
Əkin dövriyyəsinə
yeni torpaq sahələrinin cəlb edilməsi ilə
bağlı tapşırıqlarınızın icrası nəticəsində
rayonda 5 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin
edilməsi ilə bağlı işlər başa
çatdırılıb. Sahəsi 3 min hektar
olan və tikintisi davam edən aqroparkda 500 nəfərin
işlə təmin olunması nəzərdə tutulur.
Möhtərəm cənab
Prezident, Salyan rayonunun inkişafı ilə bağlı
imzaladığınız 16 Sərəncam sosial-iqtisadi sahələrdə
yüksək uğurların əldə olunması ilə nəticələnib. Aparılan
genişmiqyaslı quruculuq işləri nəticəsində
rayonumuzun siması son illər dəyişərək yeni,
müasir görkəm alıb.
Rayonda genişmiqyaslı
abadlıq və quruculuq işləri aparılıb, irihəcmli
infrastruktur layihələri həyata keçirilib, əhalinin
içməli su, qaz və elektrik enerjisi ilə təminatı
yaxşılaşıb, yeni yollar salınıb.
Möhtərəm cənab Prezident,
Sizin rəhbərliyiniz ilə Azərbaycan vətəndaşının
bu gününə, sabahkı rifahına, xoş gələcəyinə
yönəldilmiş islahatların və Dövlət
proqramlarının uğurlu nəticələrini hər bir
salyanlı öz gündəlik həyatında hiss edir.
Rayonumuza göstərdiyiniz
diqqət və qayğıya görə salyanlılar
adından Sizə dərin minnətdarlığımızı
bildirir və Sizi əmin edirik ki, bundan sonra da
tapşırıqlarınızın icrası istiqamətində
bütün qüvvələri səfərbər edəcək,
qarşımıza qoyulan vəzifələrin öhdəsindən
layiqincə gəlməyə çalışacağıq.
Diqqətinizə görə
sağ olun.
***
Saatlı rayonundakı “Aqro-Az” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və
emalı) rəhbəri Vahid
HÜSEYNOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə
aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes
mühitinin yaxşılaşdırılması, sahibkarlara
göstərilən dəstək nəticəsində
iqtisadiyyatımız 2017-ci ildə də
dayanıqlılıq nümayiş etdirib.
Ulu öndər Heydər
Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində
Azərbaycan keçmiş Sovet İttifaqında ən
qabaqcıl kənd təsərrüfatı, o cümlədən
pambıqçılıq respublikasına çevrilmişdi. Böyük zəhmətlər
hesabına şöhrət qazanmış bu sahə təəssüf
ki, müstəqilliyimizin ilk illərində tamamilə
dağıdılmışdı. Sizin qətiyyətli
siyasətiniz, son illərdə
pambıqçılığın inkişafı ilə
bağlı verdiyiniz qərarlar və əvəzsiz dəstəyiniz
nəticəsində Azərbaycan
pambıqçılığının əvvəlki
şöhrəti qaytarılıb.
“Pambıqçılığın inkişafına dair
Dövlət Proqramı”nın qəbul
olunması, aqrolizinqə texnikalar, güzəştli kreditlər,
pambıq istehsalçılarına emal müəssisələrinə
satılmış hər ton xam pambığa görə 100
manat subsidiyanın verilməsi əhalinin bu sahəyə
marağını daha da artırıb.
Sizin sədrliyinizlə
pambıqçılığın inkişafı məsələlərinə
dair Sabirabad və Saatlı rayonlarında keçirilmiş
respublika müşavirələrində
pambıqçıları dinləməyinizi, mövcud
problemlərin aradan qaldırılması istiqamətində
verdiyiniz tapşırıqları biz sahibkarlara olan dəstəyinizin
təzahürü kimi qiymətləndiririk.
Möhtərəm cənab
Prezident, 2011-ci ildə yaradılmış müəssisəmizdə
yeni texnologiyanın tətbiqi nəticəsində emal
imkanları artırılıb və müəssisəmiz iri
pambıq emalı zavoduna çevrilib. Bunun üçün
dövlətin geniş dəstək mexanizmlərindən
istifadə olunub. Belə ki, ümumi dəyəri
8 milyon manat olan layihənin reallaşması üçün
3 milyon manat güzəştli dövlət krediti
ayrılıb. Eyni zamanda, pambıq
istehsalının artırılması məqsədilə
dövlət lizinqi hesabına 79 ədəd müxtəlif kənd
təsərrüfatı texnikası alınıb. 2015-ci
ildə 1080 hektarda, 2016-cı ildə 1500 hektarda, 2017-ci ildə
isə 4566 hektarda pambıq istehsalı üçün 830
fermerlə müqavilə bağlanıb və bununla da əkin
sahələri 2015-ci illə müqayisədə 4 dəfə
artırılıb. Pambıq istehsalı isə
2015-ci ilə nisbətən 5 dəfə artırılaraq
2017-ci ildə 7430 tona çatdırılıb. Hazırda emal müəssisəmizdə 170 nəfər
işçi çalışır.
Sizin qeyri-neft məhsullarının
ixracının həcminin artırılması ilə
bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq,
müəssisəmiz tərəfindən xarici ölkələrə
2015-ci ildə 500 min ABŞ dolları dəyərində,
2016-cı ildə 1,5 milyon ABŞ
dolları dəyərində mahlıc ixrac olunub. 2017-ci ilin məhsulundan
isə bu günə qədər xarici ölkələrə
2,8 milyon ABŞ dolları dəyərində
mahlıc ixrac olunub və hazırda emal işləri davam
etdirilir. Göründüyü kimi, 2015-ci illə
müqayisədə ixracımız 6 dəfəyədək
artıb.
Cari ildə pambıq
istehsalı sahəsini 5 min hektara və orta məhsuldarlığı
25 sentnerə çatdırmağı nəzərdə
tutmuşuq.
Hörmətli cənab
Prezident, ölkəmizdə pambıqçılığın
inkişafı ilə bağlı biz sahibkarlara verdiyiniz hərtərəfli
dəstəyə görə Sizə pambıq
istehsalçıları və emalçıları
adından dərin minnətdarlığımızı
bildirir və əmin edirik ki, ölkəmizin inkişafına
göstərdiyiniz bu fədakar fəaliyyətinizdə daim Sizinləyik.
Allah Sizi qorusun.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Balakən Rayon İcra Hakimiyyətinin
başçısı İslam
RZAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli konfrans
iştirakçıları.
Ölkəmizin bütün
regionları kimi, Balakən rayonunda da regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
uğurla icra olunması nəticəsində rayonun
sosial-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə
yaxşılaşıb, son 4 ildə ümumi məhsul
buraxılışı 12,0 faiz, kənd təsərrüfatı
məhsulu istehsalı 21 faiz artıb. 2017-ci ildə rayon
iqtisadiyyatına bütün mənbələr hesabına 52,4 milyon manat investisiya yönəldilib, 1469 yeni
iş yeri açılıb ki, onlardan da 927-si daimi iş
yeridir.
Rayon iqtisadiyyatının əsasını
təşkil edən kənd təsərrüfatının
inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin
öhdəsindən uğurla gəlirik.
Balakən tarixən qərzəkli
meyvəçiliyin, o cümlədən
fındıqçılığın inkişaf etdirildiyi bir
rayondur. Fındıqçılığın
inkişafına dövlət dəstəyinin gücləndirilməsi,
fındıq pöhrələrinin tədarük edilərək
məhsul istehsalçılarına əvəzsiz verilməsi
ilə bağlı imzaladığınız Sərəncam və
verdiyiniz tapşırıqlar əhalinin bu sahəyə
marağının artmasına səbəb olub. Son iki
ildə rayondakı mövcud bağlardan 1,7 milyondan çox
pöhrə tədarük edilməklə 3268 hektar sahədə
fındıq bağları salınıb, bağların
ümumi sahəsi 8934 hektara çatdırılıb.
2017-ci ildə 5,3 min ton fındıq
tədarük edilib, məhsul satışından 14,5 milyon
manatdan çox gəlir götürülüb, fındıq
tədarükünə 2700 nəfərdən artıq
işçi cəlb olunub. Növbəti illərdə
daha 1700 hektarda fındıq pöhrələri əkilməklə
yeni salınan bağların sahəsinin 5 min hektara
çatdırılması nəzərdə tutulur.
Tütünçülüyün
inkişafına göstərdiyiniz diqqət və
qayğı sayəsində son illərdə rayonda bu sahədə
də xeyli işlər görülüb. 2017-ci ildə 528 hektarda
tütün əkilib, 317,4 ton quru
tütün istehsal olunub. Nəticədə 1426
nəfər mövsümi işlə təmin olunub,
tütün istehsalından 650 min manatdan çox gəlir əldə
edilib.
Müvafiq Sərəncamınızla
təsdiq olunan tütünçülüyün
inkişafına dair Dövlət Proqramında digər
rayonlarla yanaşı, Balakəndə də tütünqurutma
məntəqəsinin yaradılması nəzərdə
tutulur. Hazırda bu məqsədlə rayonda “Azərtütün”
MMC-nin 540 ton gücü olan 60 yeni qurutma kamerasının
tikintisinə hazırlıq işləri görülür.
Buna görə rayon tütünçülərinin
adından Sizə dərin təşəkkürümü
bildirirəm.
Baramaçılıq da
rayonun ənənəvi kənd təsərrüfatı sahələrindən
biridir. Baramaçılığın və ipəkçiliyin
inkişafına dövlət dəstəyinin
artırılması ilə bağlı qəbul olunmuş
Dövlət Proqramı və imzaladığınız Sərəncam
tənəzzülə uğrayan
baramaçılığın yenidən dirçəldilməsini
şərtləndirib, kümçülərdə
böyük ruh yüksəkliyi yaradıb. Nəticədə
2017-ci ildə rayonda əvvəlki ilə nisbətən 3,4 dəfə çox, yəni, 11 ton barama
istehsal olunaraq təhvil verilib. Cari ildə isə
hədəfimiz barama istehsalını 25 tona
çatdırmaqdır.
Baramaçılığın
yem bazasının yaradılması istiqamətində də
işlər davam etdirilib, son iki ildə 231 min ədəd tut
tingi əkilib.
Ümumilikdə, 2017-ci il üzrə
kənd təsərrüfatına 13 min 700-dən çox
işçi cəlb olunub ki, bu da rayon üzrə məşğul
əhalinin 26,7 faizini təşkil edir.
Sizin
tapşırığınızla regional inkişafda vətəndaş
iştirakını təmin etmək üçün
yaradılan “ABAD mərkəzi” 2017-ci ilin avqust ayında
rayonumuza səfəriniz zamanı Sizin xeyir-duanızla istifadəyə
verildi. Mərkəzdə
zəruri istehsal avadanlıqları ilə təchiz olunmuş
konteynerlərdə 7,3 tondan çox cem,
mürəbbə və povidlo istehsal edilərək
satış üçün Bakı şəhərinə
göndərilib.
Sizin ixracyönümlü məhsul
istehsalının təşviq edilməsi ilə bağlı
verdiyiniz tapşırıqlara əsasən, ötən ilin
sonlarında “Balxurma” MMC-nin rayonda fəaliyyətə
başlayan və emal gücü həftədə 20 ton quru
meyvə olan müəssisəsində yerli xurma sənaye
üsulu ilə qurudularaq qablaşdırılır. Burada 120 nəfər
sakinin məşğulluğu təmin olunub. Müəssisə istehsal etdiyi məhsulu 6 xarici
ölkənin bazarlarında “Product of Azerbaijan” brendi altında
satışa çıxaracaq.
Möhtərəm cənab
Prezident, rayon əməkçiləri adından Sizi əmin
edirəm ki, qarşımıza qoyduğunuz bütün vəzifələri
sona qədər uğurla yerinə yetirəcəyik.
Diqqətinizə görə
minnətdaram.
***
Dövlətimizin
başçısı konfransda yekun nitqi söylədi.
Azərbaycan.- 2018.- 30 yanvar.-
S.1-4.