Lələtəpədən Ali Baş Komandana əsgər
raportu: “Hücuma və qələbəyə tam
hazırıq”
Lələtəpədəyik...
Şəhid qanı ilə yoğrularaq müqəddəsləşən - zəfər rəmzinə çevrilən Vətən torpağıdır bura...
Üç il öncə, şanlı Aprel zəfərində hərb tariximizin qəhrəmanlıq salnaməsinə öz şərəfli imzalarını ataraq ölümsüzlüyə qovuşan igid oğullarımızın bizlərə miras qoyub getdiyi yüksəklikdir...
Bura "Lələtəpə fatehləri”nin yoludur...
Böyük Qələbəyə aparan yüksəklikdir...
Başımızın üstündə dalğalanan üçrəngli bayrağımız qürur mənbəyidir...
Qəhrəmanlıq rəmzimiz
Üç il öncə, tarixin məhz bu günü - aprelin 2-də burada şiddətli döyüşlər gedirdi. Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirən igid oğullarımızın bəzisi bu yüksəklik uğrunda canından keçərək həm Lələtəpəni, həm də şəhidlik zirvəsini fəth edib qanları ilə qəhrəmanlıq dastanını yazdılar.
Aprel zəfərindən sonra məhz bu ərazidə "Lələtəpə fatehləri” ilə görüşən Ali Baş Komandan qələbəni qəhrəmanlıq rəmzi adlandırdı:
"Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir.
Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq”.
Cocuq Mərcanlıda təmin olunan sabitlik
Hər bir azərbaycanlıya fəxarət hissi yaşadan bu yüksəkliyə Aprel döyüşlərində böyük hərbi şücaət göstərmiş Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsi nəzarət edir.
Bu, o yüksəklikdir ki, işğaldan azad edilənə qədər Ermənistan silahlı bölmələri Horadiz şəhəri başda olmaqla, Füzuli rayonunun bütün yaşayış məntəqələrini, o cümlədən Azərbaycan Ordusunun mövqelərini açıq-aydın müşahidə edirdilər, istənilən yerə atəş zərbələri endirə bilirdilər.
Artıq belə bir təhlükə yoxdur. Azərbaycan əsgəri doğma dədə-baba torpağını göz bəbəyi kimi qoruyur. Hərbçilərimiz Lələtəpə yüksəkliyindən həm də Cəbrayıl rayonunun yenidən bərpa edilən Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini təmin edirlər. 26 ildən sonra öz yurd-yuvalarına köçən cocuq mərcanlılılar bu gün Azərbaycan əsgərinə güvənərək xoşbəxt həyat sürürlər.
Burada yaradılan şərait də tam başqadır. Təkcə bir faktı söyləmək yetər. İşğaldan azad edilərkən Lələtəpəyə doğru yalnız çığırlarla qalxmaq mümkün idi. İndi bu yüksəkliyə istənilən texnika rahat hərəkət edə bilir. Hərbçilərimiz ən müasir hərbi texnika ilə, silah-sursatla təchiz ediliblər.
Tağım komandiri zabit İlkin Hüseynov deyir ki, düşmən hər zaman ayıq-sayıqlıqla izlənilir. Müşahidə məntəqəsində düşmənin bir hərəkəti belə gözdən yayınmır: "Düşməni daim nəzarət altında saxlayırıq. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Əsgərdə mənəvi-psixoloji hazırlıq yetərincə olmasa, o, döyüş hazırlığına da tam yiyələnə bilməz. Bu amillər bir-birini tamamlamalıdır. Biz bu gün bütün hazırlıqlarımızı müharibə qanunlarına uyğun olaraq qurur və düşmənlə üzbəüz mövqelərdə xidmət apardığımızı yaddan çıxartmırıq”.
Aprel döyüşlərində hərbi hissənin bir neçə igid oğlunun qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəldiyini söyləyən zabitin sözlərinə görə, onların göstərdikləri şücaət hər bir Azərbaycan hərbçisinin döyüş əzmini gücləndirdi. Bu gün Lələtəpə yüksəkliyi etibarlı əllərdədir. Burada xidmət edən hər bir əsgər istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Kazarma, anbar, mətbəx, hamam kompleksi yüksək səviyyədədir
Buradakı səngərlərimizlə düşmən postu arasında məsafə çox qısadır. Ancaq buna baxmayaraq, səngərlər effektiv müdafiə sistemi, yüksək səviyyəli qurğular ilə təmin edilib. Bu strateji yüksəklikdə belə bir müdafiə sisteminin yaradılması düşmənin hərəkət imkanlarını xeyli məhdudlaşdırır, istənilən təxribatlara adekvat cavab vermək imkanı yaradır. Şəxsi heyətin sosial yaşayış şəraiti isə müasir tələblərə cavab verir.
Əsgər kazarması ilə tanış oluruq. Şəxsi heyətin yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi xoş təəssürat doğurur. Postdan qayıdan əsgərlər dincəlir, istirahətlərini səmərəli keçirirlər. Əsgərlərin növbəlilik əsasında dincəldikləri hərbi kazarma normal şəraiti olan yataqxananı xatırladır. Burada anbar, mətbəx, hamam kompleksi və sanitariya qovşağı da mövcuddur. Məhz bu yüksəklikdə yaradılan şərait Azərbaycan əsgərinin əhvali-ruhiyyəsini və döyüş əzmini daim yüksəldir.
Səngər qələbə üçün müvəqqəti
dayanacaqdır
Kazarma ilə tanışlıqdan sonra bayıra çıxıb tağım komandiri ilə postlara tərəf hərəkət etdik. Döyüş tapşırığını yerinə yetirən 19 yaşlı əsgər Elvin Zamanlı 9 aydır hərbi xidmətdədir. Şəki şəhərindən həqiqi hərbi xidmətə çağırılan əsgər Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Hərbi xidməti başa vurmağına 3 ay qalan Elvin burada xidmət etməyi özünə şərəf bilir:
"Hər
bir əsgər istəyər ki, Lələtəpədə
xidmət keçsin. Çünki
bura hər birimizin and yeridir. Üç il öncə zabit və
əsgərlərimizin qəhrəmanlığı sayəsində
Lələtəpə yüksəkliyində
bayrağımız dalğalandı. Mən də hər an
onlar kimi qəhrəmanlıq göstərməyə
hazıram”.
Digər postda
ayıq-sayıq dayanan döyüş növbətçisi əsgər
Qəhrəman Məmmədov da 9 aydır bu hərbi hissədə
xidmət edir.
Şəmkir rayonundan olan əsgər evə adına
layiq şəkildə dönmək istəyir: "Bu yüksəklik
uğrunda mənim əsgər qardaşlarım savaşaraq
şəhid olublar. Biz onların yolu ilə
gedirik. Deyirlər ki, səngər qələbə
üçün müvəqqəti dayanacaqdır. Biz də bu müvəqqəti dayanacaqdan Ali Baş
Komandanın hücum əmrini qətiyyətlə yerinə
yetirməyə hazırıq”.
Döyüş növbətçisi
Qismət Haqverdiyev bir an belə diqqətini
yayındırmır. Deyir ki, hər hansısa
diqqətsizlik düşmənin xeyrinə işləyə
bilər. Ona görə də əsgər postda hər
zaman ayıq-sayıq olmalıdır: "Nəinki komandirlər,
bütün Azərbaycan xalqı bizə güvənir. Bu məsuliyyəti
hiss edərək burada xidmət göstəririk. Hər zaman diqqətliyik və istənilən
döyüş tapşırığını icra etməyə
hazırıq”.
"Şəhid
olmağa deyil, qəhrəman olmağa gəlmişik”
Postlardan geri dönüb
istirahətdə olan heyətin bir qrupu ilə çay süfrəsi
ətrafında əyləşib söhbət edirik.
Zabit İlkin Hüseynov rabitə ilə
bütün post başçıları ilə əlaqə
yaradaraq məlumat alır və
tapşırıqlarını verir. Deyir ki, ordunun gücü
şəxsi heyətin ruh yüksəkliyindən
asılıdır: "Bizim üçün burada
yaradılan şərait Azərbaycan Ordusunun qüdrətinin
göstəricisidir. Bunu qarşımızda dayanan düşmən
əsgəri də yaxşı bilir və ona görə də
hər an qorxu içindədirlər. Bir həmləmizə silahı atıb yenə
qaçasıdırlar. Aprel
döyüşlərindən sonra çox qorxu keçirirlər.
Tağımın bütün şəxsi heyəti
yüksək döyüş əzmindədir”.
Əsgərlərdən
Kamran Hüseynov (Gəncə şəhəri, 9 ay), Niyaməddin
Cabbarov (Lerik rayonu, 9 ay), Cavid Muxtarov (Göranboy rayonu, 9 ay),
İlkin Həsənov (Gəncə şəhəri, 9 ay) qəhrəman
hərbi hissənin əsgərləri olduqları
üçün qürur duyurlar.
Azərbaycan Texnologiya Universitetinin məzunu
olan Cavid Muxtarovun təxris olunmasına az
vaxt qalır. Əsgər deyir ki, Aprel döyüşlərində
tarix yazan hərbi hissədə qulluq etməsi onun
üçün ikiqat fəxrdir: "Xidmət etdiyim hərbi
hissənin zabitləri, gizirləri, əsgərləri əsl
qəhrəmanlıq göstəriblər və Ali Baş
Komandan İlham Əliyev həmin hərbçiləri
mükafatlandırıb. Evə qayıtmağıma az vaxt qalsa da, hələ də ümidliyəm
ki, biz də qəhrəmanlar kimi ordudan tərxis oluna bilərik.
İstəyirəm ki, Ali Baş Komandan hücum əmri versin
və önümüzdə hər an vahimə
içərisində dayanan erməni əsgərini
torpaqlarımızdan qovub çıxaraq”.
Digər əsgərlər də
Cavidlə həmfikirdirlər. Kamran deyir ki, tək
arzuları səngərdən qalxıb düşmən
üzərinə yerimək, onları əzib keçməkdir.
"Düzdür, şəhidlik ölməzlik
zirvəsidir. Amma bu gün şəhid
olmaqdan çox, qalib gəlmək, qəhrəman, qazi olmaq
üçün savaşmalıyıq. Vətənin bizə
oğul deməsi üçün döyüşməliyik və
buna hər an hazırıq”.
Düşmənlə ən
yaxın məsafədəki səngərdə dayanan məğrur
Azərbaycan əsgərinin böyük ruh yüksəkliyi,
döyüş əzminin şahidi olmaq həqiqətən
qürurvericidir. Elə bu xoş təəssüratlarla hərbçilərimizlə
sağollaşıb hərbi hissəyə yollanırıq.
Zəngin qida
rasionu var, naharda ətsiz yemək yoxdur
Nahara az qalıb. Şəxsi heyət üçün hazırlanan
nahar və ümumiyyətlə, qida rasionu ilə
tanışlıq üçün birbaşa yeməkxanaya
üz tuturuq.
Yeməkxanada səliqə-sahmana
və təmizliyə tam riayət edilir. Bütün
avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat
otaqları, eləcə də ərzaq və əşya
anbarları yaradılıb. Digər hərbi
hissələrdə olduğu kimi, burada da aşpazlar, yeməkxana
və mətbəx işçiləri mülki şəxslərdir.
Qidalanmada yeni sistem yaradılması hazırlanan
yeməklərin və görülən işlərin keyfiyyətinə
müsbət təsir göstərib. Hərbi
hissələrdə şəxsi heyətin qidalanmasının
keyfiyyətinin yaxşılaşdırılması və
bişirilən xörəklərin çeşidinin
artırılması məqsədilə milli yeməklərin
hazırlanmasına üstünlük verilir. Burada ümumilikdə 40 nəfərə yaxın
mülki şəxs çalışır. İşçilərin çoxu qadınlardır.
Günorta yeməyinin menyusu
artıq vitrindədir. Sulu yeməklərdən noxud
şorbası, quru yeməklərdən isə
qızardılmış makaron mal əti ilə süfrəyə
verilir. Bundan başqa, kələm-kök salatı,
sarımsaq da menyuda var. Yeməkdən sonra istəsən alma yeyə, istəsən də onun
qablaşdırılmış şirəsindən içə
bilərsən.
Hərbi hissənin ərzaq
xidməti rəisi zabit Şərafət Kərimov həftəlik
qida rasionunu bizə təqdim edir. Şəxsi heyətin
qida rasionu həqiqətən zəngindir.
Səhər yeməyində hər
gün şirin çay, yağ, pendir və
meyvə cemi verilir. Lakin bunlarla yanaşı, həftənin
müxtəlif günlərində əsgərlərə
qatı şəkərli süd, südlü düyü,
südlü vermişel, qayğanaq və soyutma yumurta verilir.
Nahar yeməkləri də
bir neçə çeşidlidir. Sulu yeməklərdən
- küftə, borş, eləcə də noxud, lobya və mərci
şorbası bişirilir. Quru yeməklərdən
isə qovurulmuş ətlə makaron, çəkilmiş mal əti
ilə qarabaşaq, düyü mal əti ilə, həmçinin
qazan kotleti, arpa sıyığı ətlə, soyuq qəlyanaltı,
səbzi plov və turşu qovurma plovları olur.
Şam yeməyində isə
qiyməli qarabaşaq, bütöv arpa, makaron, bulğur
sıyığı, kartof püresi ilə balıq konservi və
qızardılmış balıq olur. Həmçinin hərbçilər
mövsümi tərəvəz, kələm, vineqred, vitaminli
salatlar, eləcə də su və bir nəfər
üçün nəzərdə tutulmuş 200 qramlıq
meyvə şirəsi ilə də təmin edilirlər.
Adını hərb
tariximizə yazdıran hərbi hissə
Nahardan sonra Aprel döyüşlərində
böyük şücaət göstərərək
adını hərb tariximizə qızıl hərflərlə
yazdıran hərbi hissə ilə tanış
oluruq.
Qalib gələn hərbi
hissə öz qəhrəmanları ilə öyünür. Aprel döyüşlərində
bir neçə şəhid verən hərbi hissənin 4
milli qəhrəmanı var. Bundan başqa, 9 hərbçi
"Azərbaycan bayrağı” ordeni, 4 hərbçi "Vətən
uğrunda”, 26 hərbçi isə "İgidliyə görə”
medalları ilə təltif olunub.
Hərbi hissənin ərazisində qərargah, kazarmalar, yeməkxana, tibb məntəqəsi, hərbi hissəyə təşrif buyuranlar üçün qonaq otaqları və hamam kompleksi mövcuddur. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün idman şəhərciyi də salınıb. Qərargahın binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, hərbçilərlə görüşlərini əks etdirən və alayın Aprel döyüşlərində şəhid olmuş igidlərinin, eyni zamanda Azərbaycanın bütün milli qəhrəmanlarının fotolarından ibarət guşə yaradılıb. Ön cəbhədəki hərbi hissənin əsgər kazarmalarında səliqə-sahmana, təmizliyə söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var.
Zəfər yürüşünə qadir ordu
Ön xəttdəki hərbi hissədə özünü göstərən əhvali-ruhiyyə və hərbi quruculuq prosesi böyük qürur hissi doğurur.
Bütün bunların şahidi olarkən insanda bir əminlik yaranır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusunun yenilməz ordu olduğuna əmin olursan. Ən müasir hərbi texnikaları, yeni silahları və onlardan asanlıqla istifadə etməyi bacaran şəxsi heyətlə tanışlıqdan sonra bir daha Azərbaycan Ordusuna güvənib, inanırsan ki, işğal altındakı torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, ordumuz onu məhv edə bilməsin.
Bu gün səngərdə bir amal, bir məqsəd - Böyük Qələbəyə nail olmaq üçün çiyin-çiyinə dayanan Azərbaycan hərbçisi Ali Baş Komandanın hücum əmrini uğurla yerinə yetirməyə qadirdir.
Rəşad BAXŞƏLİYEV
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 2 aprel.- S.1; 4.