Zəfərin Aprel zirvəsi
Cocuq Mərcanlıdan indi QARABAĞ daha aydın
görünür!
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş 2016-cı ilin Aprel zəfərindən bizi 3 illik zaman kəsiyi ayırır. İllər ötdükcə Aprel zəfərinin möhtəşəmliyi daha aydın görünür və bu barədə bir-birindən maraqlı fikirlər səsləndirilib. Şübhəsiz, gələcəkdə də tarixçilər, hərbi mütəxəssislər bu sahədə araşdırmaları, tədqiqatları davam etdirəcək, yeni faktları ortaya çıxaracaqlar.
Azərbaycan seçdiyi tarixi yola - müstəqilliyə, dövlətçiliyinin möhkəmləndirilməsinə, öz ərazi bütövlüyünün bərpasına və daim qorunub saxlanılmasına sadiq olduğunu, bu məqsədlə bütün zəruri tədbirləri əzmlə həyata keçirməyə hər zaman hazır olduğunu Aprel zəfəri ilə bir daha sübut etdi.
Nəticədə ölkəmizin beynəlxalq nüfuzu, rolu daha da yüksəldi. Bu gün bir çox dünyəvi problemlərin həllində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təkliflər verməsi, mizan-tərəzisi pozulmuş dünyanı narahat edən qlobal problemlərə həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlərin məhz Bakıda keçirilməsi, bütün regional layihələrin həyata keçirilməsində Azərbaycanın söz sahibi olması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlarda müzakirəsi zamanı ölkəmizin haqq işinin dəstəklənməsi bunun əyani sübutudur.
Aprel zəfəri, həmçinin Azərbaycanın ildən-ilə möhkəmlənən, artan iqtisadi qüdrətinin konkret göstəricisidir. Çünki ölkənin hərtərəfli inkişafı, o cümlədən, hərbi qüdrətinin möhkəmləndirilməsi bilavasitə iqtisadi yüksəlişlə bağlıdır!
Son 15 ildə ölkəmizin davamlı iqtisadi inkişafı göz qabağındadır! Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib - ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb! İxrac potensialı 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir! Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır.
Dövlət başçısının rəhbərliyi ilə sistemli şəkildə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun dərc etdiyi qlobal rəqabət qabiliyyəti reytinqində Azərbaycan hər il bir neçə pillə irəliləyir və bu gün ölkəmiz 35-ci yerdə qərarlaşıb. Dünya Bankının "Doing Business” hesabatında isə 25-ci yerdədir.
Dünyada işsizlik problemi getdikcə dərinləşir. Azərbaycanda isə ötən müddətdə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
Həyatda insanların əldə etdikləri nailiyyətlər nəticəsində bir-birinə qısqanclığın, paxıllığın dəfələrlə şahidi olmuşam! Ancaq dövlətlərin və onların rəhbərlərinin ölkəmizə qarşı qısqanclıq etmələri ağlıma belə gəlməzdi!
Qloballaşmış, müasirləşmiş və sivilləşmiş dünyanın qeyri-insani qüsurlarından biri də budur! Əgər bu gün bəzi dövlətlər və onların rəhbərləri ölkəmizə qarşı qısqanclıq edirlərsə, (təəssüflər olsun ki, belələri mövcuddur) bunun bir səbəbi var, o da möhtərəm Prezident cənab İlham Əliyevin son 15 ildə misli görünməmiş dərəcədə əldə etdiyi siyasi, sosial-iqtisadi nailiyyətlər, dövlət-xalq birliyi və bunun nəticəsi olaraq ictimai-siyasi sabitlik, insanların həyat tərzinin davamlı yaxşılaşdırılmasıdır.
Cəmi 4 gün davam edən aprel qələbəsi təkcə düşmənə deyil, bütün dünyaya Azərbaycan Ordusunun gücünü, müasir hərbi silahlarla təchiz edildiyini, habelə üstün döyüş texnikasına, ciddi təlim keçmiş, mübariz heyətə malik olduğunu göstərdi. Düşmənin 22 il ərzində "möhkəm” istehkam qurduğu Lələtəpə yüksəkliyi qüdrətli ordumuzun bir həmləsi ilə geri qaytarıldı!
Aprel döyüşləri, həmçinin indiyədək 20 min nəfərdən çox şəhid verən xalqımızın döyüş əzmini və torpaqları işğaldan azad etmək üçün yeni qurbanlara hazır olduğunu da nümayiş etdirdi!
Mənim üçün Aprel döyüşlərinin nəticəsi olaraq Lələtəpə yüksəkliyinin azad olması başqa bir məna da daşıyır. Belə ki, bütün qaçqın və məcburi köçkünlər kimi mən də uzun müddət ziyarət edə bilmədiyim rəhmətlik atamın məzarına və dünyaya göz açdığım kəndə - Böyük Mərcanlıya daha da yaxınlaşdım!
Mən cənab Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığı sərəncamı və şəxsi tapşırığı tez bir zamanda icra etmək üçün demək olar ki, hər gün orada olurdum və bu zaman bir sıra hadisələrin şahidinə çevrildim:
* Cənab Prezidentin tapşırığı ilə xarici dövlətlərin ölkəmizə akkreditə olunmuş səfirlərini və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini Cocuq Mərcanlı kəndinin dağıdılmış vəziyyəti ilə tanış etmək üçün rəsmi səfər təşkil olundu. Diplomatlar və digər qonaqlar kəndin ermənilər tərəfindən 3-4 aya vəhşicəsinə necə xarabalığa çevrildiyini öz gözləri ilə görüb təəccüblərini gizlədə bilmədilər. Həmin səfərdə iştirak edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı keçmiş səfiri Vladimir Doroxin AzTV-yə müsahibəsində demişdir: "Biz adətən iş otağımızda işləyir, məlumat toplayırıq. Gözlərimizlə gördüklərimiz isə bizi dəhşətə gətirir”.
* Məcburi köçkün həyatına dözməyib ulu öndər Heydər Əliyev tərəfindən uğurlu Horadiz əməliyyatından sonra öz kəndinə qayıdaraq 22 il atəş altında, təhlükəli şəraitdə yaşayan Oqtay Həziyev və onun ailəsi ilə tanış oldum. Oqtay Həziyev nümunəsi uzun müddət bəzi beynəlxalq təşkilatların verdiyi təxribat xarakterli sualları alt-üst etmişdi. Onlar həmişə görüşlərdə xüsusi maraqlanırdılar ki, məcburi köçkünlər torpaqlar azad olandan sonra geriyə qayıdacaqlarmı? Oqtay Azərbaycan vətəndaşının torpağına, vətəninə, dövlətinə, xüsusən doğulduğu yerə sıx bağlılığını bütün dünyaya nümayiş etdirdi!
* Cocuq Mərcanlı sakinləri kənd azad edildikdən dərhal sonra ailəlikcə gələrək dağıdılmış evlərinin həyətində, göy çəmənlikdə süfrə salıb quru torpaqda əyləşərək yüksək əhvali-ruhiyyə ilə çörək yeyirdilər.
* Çox maraqlı bir fakt məndə qürur hissi oyatdı: ölkəmizin müxtəlif bölgələrindən - qaçqın, məcburi köçkün olmayan yerli əhalidən də müxtəlif ailələr gəlib Cocuq Mərcanlı sakinləri kimi, yerdə süfrə salıb o torpaqlarda yemək yeyib, çörək kəsirdilər.
* Qəsəbənin tikinti işlərini aparan icraçılar (rəhbər işçilər) və fəhlələr gecə-gündüz işləyirdilər. Nə yorulmaq bilirdilər, nə də dincəlmək!
* Qəsəbə tikilib başa çatmışdı və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qəsəbənin rəsmi açılışından sonra müdafiə naziri cənab Zakir Həsənov və qərargah rəisi cənab Nəcməddin Sadıqovla təmas xəttində gələcək planları müzakirə edirdilər. Mən söhbət əsnasında dedim ki, dayandığımız yerdən dünyaya göz açdığım kəndə qədər 9 km, atamın qəbrinə isə 7 km qalıb. Cənab Prezident dönüb Zakir Həsənov və Nəcməddin Sadıqova tərəf baxdı və heç bir söz demədi, ancaq müdafiə naziri Zakir Həsənov sanki cənab Ali Baş Komandanın baxışlarını oxudu və o, "2 saata o kəndi də azad edərik” deyə cavab verdi!
* Cocuq Mərcanlı kəndi nəinki ölkəmizdə, hətta, dünyada dillər əzbərinə çevrildi.
* Heç yadımdan çıxmır: rəhmətlik anam 2005-ci ildə dünyasını dəyişməzdən 3 gün əvvəl məni çağıraraq bir xahiş etdi: "Ömrümə 2-3 gün qalıb, səndən bir xahişim var, mən dünyamı dəyişəndə, apar yaşadığımız kənddə atanla bir yerdə dəfn et”. Dedim: "Ana, sən ki dünya görmüş insansan, bilirsən ki, bu, mümkün deyil!” O isə "heç olmasa vəd ver ki, mən rahat gedim” söylədi. Dedim: "Bunu edə bilmərəm, ancaq söz verirəm ki, torpaqlar azad olanda buna əməl edəcəm!”
Cənab Prezident Cocuq Mərcanlını bərpa edəndə bu əminlik məndə daha da möhkəmləndi. Bu da Azərbaycan anasının ana torpağa olan məhəbbəti, bağlılığıdır!
* Görün bugünkü dünyada nələr baş verir: mən elə bilirdim ki, yalnız insanlar qaçqın və məcburi köçkün olar, sən demə, məzar da qaçqın və məcburi köçkün olarmış!
* Cocuq Mərcanlının işğaldan azad və bərpa olması Şuşaya yol açıb, o kəndə gedərkən yol göstəricisində yazılıb: "Şuşaya gedən yol”. Həmin gün çox da uzaqda deyil!
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabr ayında başlamış və 1994-cü il yanvarın 6-na kimi davam etmiş uğurlu Horadiz əməliyyatı nəticəsində 21 min hektar ərazi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 4 gün davam edən 2016-cı il Aprel döyüşləri nəticəsində 10 min hektarlarla ərazi düşmən tapdağından azad edildi. Buna sadəcə torpaqların azad edilməsi kimi baxmaq doğru deyil! Bu, 22 il davam edən atəşkəs rejimində ilk dəfə olaraq şərəfli Azərbaycan Ordusu tərəfindən torpaqların geri qaytarılması faktıdır.
Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev dəfələrlə qeyd ediblər ki, torpaqlar işğaldan azad olunandan sonra bütün yaşayış məntəqələri bərpa olunacaq, orada daha gözəl evlər tikiləcək, yaşayış məntəqələri salınacaq!
1994-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi, habelə 20 kəndi işğaldan azad edilən kimi ulu öndərin tapşırığı ilə böyük bərpa işlərinə başlanıldı, əhali öz evlərinə qaytarıldı.
Cənab İlham Əliyev bərpa işlərini məharətlə başa çatdırdı. Hətta Horadiz qəsəbəsi böyüyərək, müasirləşərək şəhər statusunu aldı.
1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Lakin burada yaşamaq təhlükəli olduğuna görə sakinlərin qaytarılması mümkün olmamışdı.
2016-cı ilin Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlıda kəndin bərpasına əlverişli şərait yarandı. Dövlət başçısının işğaldan azad olunmuş ərazidə yaşayışın bərpası barədə ilk tarixi sərəncamına və müvafiq tapşırıqlarına uyğun olaraq çox qısa müddətdə - cəmi 2 ayda burada 50 evdən ibarət müasir qəsəbə salındı! Məktəb binası tikildi, infrastruktur yaradıldı, tarixi Şuşa məscidinin oxşarı olan məscid inşa edildi, 9 km uzunluğunda yol çəkildi. Sonra ölkə başçısının göstərişi ilə daha 100 ev və digər sosial obyektlər tikilərək məcburi köçkünlərin, Cocuq Mərcanlı kəndinin sakinlərinin istifadəsinə verildi!
Erməni vandallarının 5 aya darmadağın etdikləri Cocuq Mərcanlını Azərbaycan Prezidenti cənab İlham Əliyev 2 aya yenidən qurdu.
Beləliklə, Cocuq Mərcanlı hamının həsrətlə gözlədiyi Böyük Qayıdışın başlanğıc rəmzinə çevrildi!
Onu da qeyd edim ki, Aprel qələbəsi sayəsində, həmçinin Tərtər rayonunun (keçmiş Ağdərənin) Talış kəndi ətrafındakı yükşəkliklər və 10 min hektarlarla ərazisi də işğaldan azad olundu. Burada - Şıxarx kəndi ərazisində 1174 məcburi köçkün ailəsi üçün müasir yaşayış kompleksi inşa edildi. Həmişə olduğu kimi, hər iki qəsəbənin açılış tədbirlərində cənab Prezident şəxsən iştirak etdi!
İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə iki yeni qəsəbənin salınması, burada yaşayışın bərpa edilməsi Azərbaycan dövlətinin seçdiyi tarixi yoldan heç zaman dönməyəcəyinin bariz təsdiqidir! Bu, əsası ulu öndər tərəfindən qoyulan azərbaycançılıq fəlsəfəsinə, ali siyasi xəttə bir daha sadiqlik nümunəsidir!
Hər dəfə danışıqlar masasında min bir bəhanə ilə konkret müzakirələrdən yayınan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini süni şəkildə uzadan, özünü qalib kimi göstərməyə çalışan Ermənistan rəhbərliyinə Aprel zəfəri tutarlı şillə oldu! Onun canına vahimə, vəlvələ saldı! Düşmən nəhayət hiss etdi ki, onun qarşısında öz Ali Baş Komandanının əmrinə daim müntəzir, torpaqları işğaldan hər an azad etmək əzminə malik güclü, modern silahlarla təchiz edilmiş qüdrətli Azərbaycan Ordusu var!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2016-cı il noyabrın 12-də Füzuli rayonu ərazisində cəbhə bölgəsində hərbi qulluqçularla görüşü zamanı dediyi sözləri bir daha diqqətinizə çatdırmaq istərdim: "Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.
Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik.
Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır!”
Çox keçmədi cənab Prezident öz vədinə əməl edərək ermənilərin sinəsinə yeni bir "dağ” çəkdi!
Şərur rayonunun Günnüt kəndinin yüksəkliyini də işğaldan azad etdi!
İllər ötəcək, yeni nəsillər tarix dərsliklərindən Aprel qələbəsi barədə məlumatları diqqətlə, böyük həvəslə öyrənəcək, bu qələbənin qəhrəmanlarını daim ürəklərində, qəlblərində yaşadacaqlar!
Aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu, qələbəyə inamını daha da möhkəmləndirdi, doğma ata-baba yurduna dönmək arzusunu alovlandırdı! Həmin günlərdə minlərlə sıravi vətəndaşımız cəbhə bölgəsinə axın etdi, on minlərlə gəncimiz, ehtiyatda olan əsgər və zabitlər, hətta keçmiş döyüşçülər çağırış məntəqələrinə gələrək cəbhəyə göndərilmələrini israrla xahiş etdilər!
Bu, xalqımızın əsrlərlə formalaşmış Vətənə, torpağa məhəbbətindən, yurd sevgisindən, doğulduğu yerə ülvi, qırılmaz tellərlə bağlılığından, mənəviyyatından irəli gəlir! Bu düşüncə tərzini isə dəyişmək mümkün deyildir!
Beynəlxalq təşkilatların təmsilçilərinin, xarici ölkələrin nüfuzlu nümayəndə heyətlərinin məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrə səfəri və doğma yurdlarından didərgin salınmış vətəndaşlarımızla söhbətləri zamanı hamımız bunun dəfələrlə şahidi olmuşuq. Ölkəmizə gələn bəzi əcnəbi qonaqların məcburi köçkünlərə ünvanladıqları "Sizin üçün bu cür gözəl şərait yaradılıb, öz yurdunuza qayıtmaq istərdinizmi?” kimi təxribat xarakterli suallarına cavanlı-ahıllı hər kəs belə cavab vermişdir: "Sag olsun dövlətimiz, Prezidentimiz ki, bizi ağır şəraitdən belə ağ günlərə çıxarıblar! Ancaq biz indiyə kimi dözmüşük və yalnız bir arzu ilə yaşamışıq. Geriyə, öz evimizə dönmək arzusu ilə. Biz ata-baba yurdunda çadırda yaşamağa razıyıq. Təki torpaqlar azad olsun! "
Bax, budur xalqımızın torpağına, soyuna, kökünə bağlılığı, mənəviyyatı!
Xalqımızın ümummilli lideri Heydər Əliyev ən yüksək toplantılarda, bütün tədbirlərdə həmişə birmənalı olaraq qeyd edirdi ki, Azərbaycan torpaqların işğal faktı ilə heç zaman barışmayacaq! Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa edəcək!
Ulu öndərin müəyyən etdiyi bu ali siyasi xətti qətiyyətlə, böyük məharətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev istər ölkəmizdə, istərsə də xaricdə keçirilən bütün tədbirlərdə, dövlət başçıları ilə görüşlərdə bir qayda olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, torpaqlarımızın işğalı faktını ön plana çəkir, Azərbaycanın ərazi bütövlüyünün bərpasında israrlı olduğunu qətiyyətlə bəyan edir.
Aprel döyüşləri öz xalqının taleyi ilə oynayan Ermənistan rəhbərliyinə bir görk, tarixi dərs oldu ki, lazımi nəticə çıxarsınlar. Təəssüflər olsun ki, onlar bu gün də əvvəllər buraxdıqları kobud səhvləri və cinayətləri təkrar edirlər.
Cənab Prezident Ermənistan rəhbərliyinə dəfələrlə xəbərdarlıq edirdi ki, Azərbaycan istənilən zaman hərbi güclə öz torpaqlarını işğaldan azad edə bilər və bunun üçün güclü ordumuz var! Lakin Azərbaycan qan tökülməsini istəmir, danışıqlar yolu ilə məsələnin həllinə tərəfdardır. Əgər danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Ermənistan rəhbərliyi isə bu xəbərdarlıqlara məhəl qoymurdu, 1990-cı illərin ab-havası ilə yaşayırdı, Azərbaycanın nəhəng siyasi, iqtisadi uğurlarını, hərbi qüdrətini görmək istəmirdi. İnanmırdı və gözləmirdi ki, Azərbaycan sözlə dediyini ona güc hesabına da başa salacaq!
Aprel döyüşləri Azərbaycan Prezidentinin dəfələrlə dediyi sözlərin əməli ifadəsi oldu! Siyasi lider öz liderlik məharətini düşmənə, onun havadarlarına, bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də Aprel zəfəri ilk növbədə siyasi liderin qətiyyətinin təntənəsidir!
Cənab Prezident deyir və dediyi sözə də əməl edir!
Fikir verin, Aprel döyüşlərindən sonra heç bir ölkə, heç kəs Azərbaycanı atdığı bu addıma görə qınamadı! Çünki hamıya gün kimi aydın idi ki, Azərbaycan haqq yolundadır, 24 ildir ki, mübarizə aparır və ədalətin bərpa olunacağı günü səbirlə, təmkinlə gözləyir.
Respublikamızın hər yerində olduğu kimi, Böyük Qayıdışın başlanğıcı sayılan Cocuq Mərcanlı kəndində də xalqımızın qədim el bayramı olan Novruz böyük sevinc və fərəhlə qeyd olundu. Novruza həsr olunan bayram proqramını 20 mart 2019-cu ildə ilk dəfə AzTV canlı olaraq Cocuq Mərcanlıdan yayımladı. "Qarabağ şikəstəsi” ilə start götürən möhtəşəm bayram tədbirində kənd sakinlərindən başqa, Azərbaycanın digər bölgələrindən və xaricdən gələn insanlar, hərbi hissənin əsgərləri, tanınmış incəsənət ustaları iştirak etdilər.
İşğaldan azad olunmuş ilk kənd - Cocuq Mərcanlı, işğaldan azad və bərpa olunmuş kəndə qayıdan ilk sakinlər və azad olunmuş kənddə möhtəşəm Novruz bayramı!
Bu da ermənilərə növbəti göz dağı!
Biz hamımız Aprel döyüşləri günləri dövlət idarəçiliyində çox mühüm və vacib məqamlardan biri olan Prezident-Xalq-Ordu birliyinin də şahidi olduq. Bu birlik dar gündə, çətin məqamda, dövlətin taleyi təhlükə qarşısında qalanda, düşmənlə üz-üzə dayananda ən etibarlı vasitədir!
1993-cü ildə ulu öndərin çağırışına əsasən minlərlə insanın Horadiz əməliyyatına qatılması, düşmənə layiqli cavabın verilməsi, 1994-1995-ci illərdə Azərbaycanın başının üstünü qara buludlar alanda rəhbərin xalqa müraciəti ilə minlərlə vətənsevər insanın Prezident Sarayının qarşısına toplanması, dövləti müdafiə etməsi Xalq-Rəhbər birliyinin tarixə qovuşmuş şanlı səhifələridir!
* Aprel döyüşlərində bu birliyə Ordu da əlavə olunmaqla, daha da genişləndi, Prezident-Xalq-Ordu birliyinə çevrildi və əzəmətli qüvvə nümayiş olundu!
* Əlbəttə, "İrəli!” əmrini yalnız öz xalqına və orduya etibar edən Ali Baş Komandan verməyə qadirdir!
* Döyüş meydanına qələbə əzmi ilə ancaq öz Ali Baş Komandanına və xalqına sadiq ordu atıla bilər!
* Yalnız öz Prezidentinə inanan və orduya güvənən xalq mətin və iradəli olur!
* Xalqına arxalanan Prezidentimiz, ölkə başçımıza inanan qədirbilən xalqımız və torpaqlarımızı hər an düşmən tapdağından azad etməyə qadir yenilməz ordumuz var!
* Qürur hissi ilə deyə bilərik ki, ölkəmizdə Prezident-Xalq-Ordu birliyi mövcuddur və bu vəhdət sarsılmazdır!
Son aylarda sosial təminatla əlaqədar cənab Prezidentin imzaladığı fərman və sərəncamlar bir daha onu göstərdi ki, Prezident xalqına xidmət edir, xalqının güzəranının yaxşılaşdırılması onun gündəlik prioritet məsələsidir, cənab Prezident hər zaman vurğulamışdır: "Neft kapitalı insan kapitalına çevrilməlidir”. O, bu vədinə də əməl etdi.
Aprel zəfərini Azərbaycan xalqına Ali Baş Komandamız cənab İlham Əliyev yaşatdı!
Ona ən dəqiq və doğru qiyməti də möhtərəm İlham Əliyev verib və bu zəfəri "Azərbaycanın hərb sənəti tarixinə yazılan qızıl səhifə” adlandırıb!
Bu gün qüdrətli ordumuzun qəhrəman əsgər və zabitləri, şəhid balalarımızın hünəri ilə qazanılan Aprel qələbəsi hər bir azərbaycanlıda haqlı qürur və iftixar hissi doğurur!
Biz hamımız Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərlə daim fəxr edirik və edəcəyik!
Qeyd edim ki, Aprel qələbəsini daim yaddaşlarda yaşatmaq üçün 2017-ci ildə Dövlətqaçqınkomla "Azərbaycan” qəzeti birgə layihə əsasında "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” adlı xüsusi kitab hazırlayıb nəşr etdirdi, habelə televiziya filmi çəkildi.
Atalar gözəl deyib: "Birlik
olmayan yerdə dirilik olmaz”. Məhz bu birliyin nəticəsidir
ki, ölkəmizdə möhkəm sabitlik, əmin-amanlıq
bərqərar olunub! Bu, böyük nemətdir.
Baxın, son 15 il ərzində dünyada hansı proseslər
baş verir, Yaxın Şərqdə, MDB məkanında,
regionda çox təhlükəli proseslər gedir, dünyada
münaqişə, müharibə ocaqlarının sayı ilbəil
artır, hər gün minlərlə dinc insan, qadın,
uşaq, qoca məhv edilir, öz yurdundan qovulur. Hətta bəzi
ölkələr tamamilə viran qoyulub!
Bütün bu təhlükələrin
əhatəsində Azərbaycan öz Prezidentinin müstəqil
dünyəvi siyasəti sayəsində dünyada gedən
riskli proseslərdən özünü qoruyaraq dinamik
inkişaf yolu ilə inamla irəliləyir!
Çünki bu siyasət xalqa xidmət,
ölkəni güclü dövlətə çevirmək
siyasətidir!
2016-cı ilin Aprel zəfəri bizi
Aprel zirvəsinə ucaltdı!
Bu zirvədən indi QARABAĞ
aydın görünür!
İlham Əliyevin rəhbərliyi
ilə bu zirvələrdə Azərbaycan bayrağının
ucaldılacağı gün uzaqda deyil!
Əli
HƏSƏNOV,
Azərbaycan
Respublikası Baş nazirinin müavini,
Yeni Azərbaycan Partiyası sədrinin müavini
Azərbaycan.- 2019.- 2 aprel.- S.1; 3.