Hər bir azərbaycanlının Prezidenti

 

Martın 26-da Bakının Nizami rayonundakı "Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsi nə qədər faciəvi nəticələr versə də, sosial siyasətin reallaşması kontekstində xüsusi səciyyə daşıdı. Bir daha məlum oldu ki, Azərbaycan dövləti bu cür hadisələr zamanı çətin vəziyyətə düşən öz vətəndaşını tək qoymur, ona ən yüksək səviyyədə maddi və mənəvi dəstək göstərir.

 

Milli Məclisin deputatlarının qəzetimizə açıqlamaları da bu barədədir.

 

İlham Əliyev heç bir vətəndaşı naümid buraxmır

 

Hüseynbala MİRƏLƏMOV, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri:

- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sübut edir ki, vətəndaşın rifahı dövlət üçün hər zaman prioritet məsələdir. Təbii fəlakətlər və arzuolunmaz bədbəxt hadisələr zamanı durumu ağırlaşan hər bir vətəndaşın yanında olan Prezident heç kəsi naümid buraxmır. Bakının Nizami rayonundakı "Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar operativ şəkildə müvafiq addımların atılması zamanı da biz bir daha bu həqiqətin şahidi olduq.

Prezident İlham Əliyevin yanğın baş verən gündən etibarən məsələni şəxsi nəzarətinə götürməsi, müşavirə keçirməsi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiyanın yaradılması və daha sonra yanğın nəticəsində zərər çəkmiş sahibkarlara üç milyon manat maddi yardım göstərilməsi haqqında sərəncam imzalaması dövlətin heç bir halda öz vətəndaşını çıxılmaz vəziyyətdə qoymadığının bariz nümunəsidir. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti zərər çəkmiş sahibkarların fəaliyyətinin bərpa edilməsi üçün lazım olan bütün addımları atır. Onlara həm maddi yardım edir, həm güzəştli şərtlərlə kreditlər verir, həm də bizneslərini davam etdirmək üçün müvafiq ticarət mərkəzlərində yerlə təmin olunmalarına kömək göstərir.

Nəzərə alsaq ki, əksər hallarda dünyanın inkişaf etmiş ölkələrində dövlət sığortalanmamış əmlaklarla bağlı yardım qərarları qəbul etmir, o zaman Azərbaycan dövlətinin və Prezidentinin bu addımlarla öz vətəndaşlarına nə qədər dəyər verdiyinin, onların problemlərinə nə qədər həssas münasibət sərgilədiyinin şahidi oluruq.

Bu addımlar 2003-cü ildən başlayaraq Azərbaycanda gerçəkləşdirilən uğurlu sosial siyasətin tərkib hissəsi və davamıdır. Ötən 15 ildə baş vermiş bəzi hadisələrə nəzər yetirsək, Prezident İlham Əliyevin daim öz vətəndaşının yanında olduğunu görərik. İlham Əliyev hələ 2004-cü ilin yanvarında Lənkəran şəhərində yaşayış binasının uçmasına çevik reaksiya göstərmiş, dərhal hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar vermişdi. 2007-ci ilin avqustunda Bakının Yasamal rayonu ərazisində Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində çoxsaylı insan tələfatı ilə nəticələnən hündürmərtəbəli binanın uçması hər kəsin yadındadır. Həmin hadisə ilə bağlı həlak olanların yaxınlarına və yaralananlara ən böyük mənəvi dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəldi.

2010-cu ilin may ayında Prezident İlham Əliyevin sel fəlakəti yaşanan rayonlara baş çəkməsi, müşavirə keçirməsi dövlət başçısının yaranmış problemdən zərər çəkən insanlara həssas münasibətinin növbəti nümayişi oldu. Həyata keçirilən operativ tədbirlər nəticəsində kənardan heç bir kömək olmadan, daxili imkanlar hesabına qısa zamanda çaylarda daşqınların qarşısı alındı. Sonrakı mərhələdə bütün uçmuş evlərin, sosial obyektlərin yerinə təzələri tikildi, yeni yollar salındı.

2012-ci ilin may ayında şimal-qərb bölgəsində baş verən zəlzələdən zərər çəkənlərə də ən böyük dəstək Prezident İlham Əliyevdən gəldi. Bu yaxınlarda Şamaxıda baş vermiş zəlzələdən də sonra Prezidentin hadisə yerinə şəxsən baş çəkməsi, sakinlərlə görüşməsi, daha sonra görülən işlərlə tanış olmaq üçün həmin bölgəyə yenidən səfər etməsi ölkə rəhbərinin əsl lider kimi öz vətəndaşına diqqət və qayğı ilə yanaşmasının təcəssümü idi.

Prezidentin bu münasibətini indi ticarət mərkəzindəki yanğında zərər çəkmiş sahibkarlar da gördülər. Yanğınla əlaqədar Prezidentin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısı vurğulayıb: "Baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”.

Bənzərsiz təşəbbüslərin, genişmiqyaslı islahatların müəllifi olan Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi bu fikirlər Azərbaycanda aparılan çox güclü sosial siyasətə sadiqliyin, dövlətin hər bir halda vətəndaşın ümid yeri olduğunun isbatıdır.

Xalqımız isə hər zaman olduğu kimi bu dəfə də öz Prezidentinin ətrafında sıx birləşərək, sahibkarlar dövlətin bu addımlarını yüksək minnətdarlıq hissi ilə qarşılayaraq bir daha Azərbaycanda hətta təbii fəlakətlərə də siyasi don geyindirməyə çalışan, ölkəmizdə baş verən hər bir olaydan öz xəbis və merkantil niyyətləri naminə istifadə etmək üçün pusquda dayanan antimilli bədxahları növbəti dəfə xəyal qırıqlığına uğratdı.

Beləliklə, bütün dünya gördü ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin mükəmməl sosial siyasət konsepsiyası yalnız vətəndaşların rifahının yüksəldilməsinə xidmət edən mütərəqqi addımlarla yekunlaşmır. Bu konsepsiya eyni zamanda fövqəladə hadisələr zamanı çətin vəziyyətə düşən vətəndaşa dövlət tərəfindən hər cür maddi dəstəyin göstərilməsini özündə ehtiva edir. Cənab İlham Əliyevin hadisəyə operativ münasibəti, müşavirə keçirməsi, aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verməsi, sərəncamlar imzalaması bir daha dövlət başçısının öz vətəndaşının probleminə həssas münasibətindən xəbər verdi.

 

Azərbaycan dövləti öz vətəndaşının yanındadır

 

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı:

 

- Qazanılan möhtəşəm nailiyyətlər, sosial-iqtisadi yüksəliş ölkəmizin onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Bu inkişaf təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

Bununla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, hər bir məsələyə həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm nüanslardır. Ötən 16 ildə ölkəmizin inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən Prezident İlham Əliyev hər addımda məhz vətəndaş mənafeyini əsas götürüb.

Azərbaycan Prezidenti üçün vətəndaş maraqlarının bütün məsələlərin fövqündə dayandığını göstərən başqa bir məqam isə fövqəladə hallardan, texnogen hadisələrdən irəli gələn ekstremal şəraitin yarandığı zaman vətəndaşların yanında olması, onların dərdlərinə şərik çıxması, diqqət və qayğısını əsirgəməməsidir. Məhz bu amil böyük mənəvi dəstək olmaqla yanaşı, bütün maddi köməklərdən yüksəkdə dayanır. Ötən dövrlərdə baş vermiş ayrı-ayrı qəzalar və təbii fəlakətlər zamanı ağır hadisələrin insanların həyatında dərin iz buraxmaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlərin həyata keçirilməsi ilə yanaşı, Prezident İlham Əliyevin diqqətcilliyi, hadisə yerlərinə baş çəkməsi bütün ölkə vətəndaşları tərəfindən təqdir olunur. Bir neçə il əvvəl Lənkəranda və Bakıda baş vermiş bina uçqunları, Saatlı və Sabirabaddakı sel zamanı zərər çəkən vətəndaşlara ən böyük dəstək Prezident İlham Əliyevdən gəlmişdi. Eyni zamanda 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində, o cümlədən mənim deputat seçildiyim Balakən rayonunda baş vermiş zəlzələdən sonra Prezidentin təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün zəlzələ zonasına səfəri göstərdi ki, hər bir məsələ dövlət başçısının şəxsən nəzarəti altındadır. Bunun nəticəsidir ki, qısa müddətdə zərər çəkən bütün ailələr üçün dövlət tərəfindən yeni evlər inşa olundu.

Bir neçə gün əvvəl Bakının Nizami rayonundakı "Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsinin ilk gündən Prezident İlham Əliyev tərəfindən nəzarətə götürülməsi bir daha təsdiqlədi ki, öz vətəndaşının yanında olan Azərbaycan dövləti onu çətin gündə darda qoymur.

Düzdür, bu ticarət mərkəzi özəl sektora aid bir müəssisədir. Ona görə hər bir sahibkar öz biznesini sığortalamalı və dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilməlidir. Lakin onların sığortalarının olmamasına baxmayaraq dövlət problemin həllini öz nəzarətinə götürdü. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə martın 28-də keçirilən müşavirə göstərdi ki, dövlət təkcə sahibkarlıq fəaliyyəti üçün münbit zəmin yaratmır və ya adamlarına yalnız güzəştli şərtlərlə kreditlər ayırmır. Dövlət həm də çətin vəziyyətlərdə sahibkara dəstək olur, ona maddi yardım göstərir.

Prezident müşavirədə aidiyyəti dövlət qurumlarına ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşmələri, problemlərini dinləmələri və onlara maddi yardım edilməsi ilə bağlı göstərişlər verdi. "Sahibkarlar bir daha görəcəklər ki, dövlət hər zaman onları dəstəkləyir. Azərbaycanda sahibkarlığın inkişafı geniş vüsət alıb və ölkəmizin gələcək, uzunmüddətli, dayanıqlı inkişafı böyük dərəcədə sahibkarların fəaliyyəti ilə bağlıdır. Azərbaycanda indi sahibkarlar sinfi yaradılıb. Sahibkarlar müxtəlif sahələrdə - həm istehsalda, xidmət və ticarət sektorlarında çox fəal işləyirlər. Əlbəttə ki, dövlət onlara həm siyasi dəstək, həm də maliyyə dəstəyi verir. Bildiyiniz kimi, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir. Ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman onların yanındadır və onların yanında olacaqdır”, - deyə Prezident İlham Əliyev bildirdi.

Artıq Prezident İlham Əliyev bu hadisə ilə bağlı iki sərəncam imzalayıb. Dövlət başçısının 28 mart tarixli sərəncamına əsasən baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə komissiya yaradılıb. Prezident İlham Əliyevin martın 29-da imzaladığı növbəti sərəncamla isə həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat ayrılıb.

Prezidentin bu məsələni operativ surətdə müşavirədə müzakirəyə çıxarması və həmin sahibkarlara dövlət yardımının təşkil edilməsi göstərdi ki, dövlət başçısı 2003-cü ildə səlahiyyətlərinə başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyə verdiyi vədi şərəflə yerinə yetirir. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü.

Zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi, eyni zamanda, həyata keçirilən sosial siyasətin tərkib hissəsidir. Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu mənada Prezident İlham Əliyevin zərər çəkən sahibkarların probleminə çevik reaksiyası dövlət başçısının öz vətəndaşının sosial müdafiəsinə olan həssas diqqətinin növbəti təcəssümü kimi yadda qaldı.

Lakin ən əsası mənəvi yardımdır. Azərbaycan rəhbərliyi bu hadisəyə operativçevik reaksiya verməklə zərərçəkənlərin taleyinə biganə qalmadığını nümayiş etdirdi. Cənab Prezidentin sərəncamı ilə komissiyanın yaradılması, məsul şəxslərin birbaşa hadisə yerində olmaları bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti çətin vəziyyətlərdə öz vətəndaşını tək qoymur, maddi və mənəvi dəstəyini əsirgəmir.

 

Söhbəti yazdı:

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 2 aprel.- S.2.