Özəlləşdiriləcək dövlət əmlakının
(müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq
vergiləri üzrə borclarının tənzimlənməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq, özəlləşdiriləcək
dövlət müəssisələrinin
sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi
məqsədi ilə qərara alır:
Maddə 1. Özəlləşdirilməsi
barədə qərar
qəbul edilmiş dövlət əmlakına
(müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borcların dəqiqləşdirilməsi
1.1. Dövlət
əmlakının (müəssisəsinin)
satıcısı müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) ilə birlikdə özəlləşdirilməsi
barədə qərar
qəbul edilmiş dövlət əmlakının
(müəssisəsinin) bu
qanunun qüvvəyə
minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir.
1.2. Özəlləşdirilən
dövlət əmlakının
(müəssisəsinin) qiymətləndirilməsi
zamanı onun balans öhdəliklərində
əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında
(emissiya prospektində)
ayrıca göstərilir.
Maddə 2. Özəlləşdirilməsi
barədə qərar
qəbul edilmiş dövlət əmlakına
(müəssisəsinə) görə əmlak və torpaq vergiləri üzrə borcların tənzimlənməsi
2.1. Bu qanunun qüvvəyə minmə
tarixindən sonrakı
dövrdə özəlləşdirilməsi
başa çatan dövlət əmlakının
(müəssisələrinin) bu qanunun qüvvəyə
minmə tarixinədək
olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada
silinir:
2.1.1. dövlət
əmlakının (müəssisələrinin)
özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində
bu borcların 30 faizi ödənildikdə
- ödənilməmiş qalan
borcları silinir;
2.1.2. dövlət
əmlakının (müəssisələrinin)
özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində
bu borcların 50 faizi ödənildikdə
- ödənilməmiş qalan
borcları silinir;
2.1.3. dövlət
əmlakının (müəssisələrinin)
özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə - ödənilməmiş
qalan borcları silinir.
Maddə 3. Yekun
müddəa
3.1. Bu qanunun müddəaları dövlət
əmlakının (müəssisələrinin)
bu qanunla müəyyən edilmiş
borclarının məcburi
ödənilməsi barəsində
məhkəmə qərarı
qəbul edilmiş, lakin bu qanunun
qüvvəyə minmə
tarixinə mövcud olan ödənilməmiş
hissələrinə də
şamil edilir.
3.2. Dövlət
əmlakının (müəssisələrinin)
satıcısı dövlət
əmlakının (müəssisələrinin)
özəlləşdirilməsinin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) təqdim edir.
Maddə 4. Qanunun qüvvəyə minməsi
Bu qanun 2019-cu il martın
1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 mart 2019-cu il
Azərbaycan.- 2019.- 3 aprel.-
S.4.