Azərbaycan ilə Qazaxıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Aprelin 2-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, Yəhya Musayev Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Qazaxıstanın MSN-in müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatlara və xidmətlərə maraq göstərdiyi qeyd olunub. Tərəflər iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın vacibliyini vurğulayıb, bu sahədə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar. Sonda müzakirə olunan məsələlərlə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub.

Görüşdə Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Kahir Tezekbayev iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti MSN-in elektron hesablayıcı maşınlar zavodunda hərbi təyinatlı məmulatların sərgisinə də baxıb.

 

Azərbaycan.- 2019.- 3 aprel.- S.5.