Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib

 

Aprelin 2-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında nazir müavinləri, nazirliyin Aparatının struktur bölmələrinin və qurumlarının rəhbərləri iştirak ediblər.

İclasın gündəliyində duran birinci məsələ - fevralın 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlər barədə danışan nazir K.Heydərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman olduğu kimi, bu dəfə də hadisəyə çevik reaksiya göstərməsi, zəlzələnin nəticələrinin operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi, dərhal zəlzələ bölgəsinə gedərək çətin vəziyyətə düşmüş insanlara dayaq nümayiş etdirməsi onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərdi. Zəlzələnin ziyan vurduğu evlərin, sosialinfrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bu baxımdan böyük humanist addım kimi xüsusi vurğulanıb. Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə zəlzələ zonasında böyük işlərin görüldüyünü də diqqətə çatdırıb.

İclasda çıxış edən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bu günədək görülən işlərdən danışıb. Qeyd edib ki, hadisədən dərhal sonra zəlzələdən zərər görmüş evlərin sakinləri sığınacaqlarda və yaxın qohumlarının evlərində yerləşdiriliblər. Hazırda zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində bütün zəruri işlərin görüldüyünü deyən C.Xanlarov komissiyaların işlərini operativ şəkildə davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, aprelin 2-dək 8810 müraciət qeydə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən 8352 fərdi yaşayış evinə baxış keçirilib.

Diqqətə çatdırılıb ki, hazırda Şamaxı rayonu ərazisində 267 qəzalı, 1227 evin bərpaya ehtiyacı olması, İsmayıllı rayonu ərazisində 101 qəzalı, 290 evin bərpaya ehtiyacı olması və Ağsu rayonu ərazisində 215 qəzalı, 351 evin bərpaya ehtiyacı olması müəyyən edilib. Aprelin 2-nə olan məlumata əsasən, Şamaxı rayonu ərazisində 47 ev sökülüb, 40 evin tikintisinə başlanılıb. İsmayıllı rayonunda 10 ev sökülüb, 10 evin tikintisinə başlanılıb. Ağsu rayonu ərazisində isə 22 ev sökülüb, 6 evin tikintisinə başlanılıb. Həmin rayonlar üzrə ümumilikdə 79 ev sökülüb, 56 evin tikintisinə başlanılıb.

Bundan başqa, Şamaxı şəhərində ikigirişli, dördmərtəbəli, 44 mənzilli yaşayış binasının tikintisi üçün agentliyin "Azərdövlətlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb. Hazırda yaşayış binasının tikintisi davam etdirilir. Habelə Şamaxı rayonunda bərpa işlərinin aparılması məqsədilə 235 evdə ölçü işləri aparılıb, 132 evin layihə-smeta sənədləri hazırlanır.

C.Xanlarov qeyd edib ki, baş vermiş təbii fəlakət nəticəsində hər üç rayonda ziyan çəkmiş sosial obyektlərə də komissiyalar tərəfindən baxış keçirilib. Keçirilmiş baxış nəticəsində Şamaxı rayonunda 2 qəzalı, 4 bərpaya ehtiyacı olan sosial obyekt, İsmayıllı rayonunda 3 qəzalı, 6 bərpaya ehtiyacı olan sosial obyekt, Ağsu rayonunda 4 qəzalı sosial obyekt müəyyən edilib.

C.Xanlarov söküntü-tikinti, habelə layihələndirmə işlərinin aparılmasına hava şəratinin yağmurlu keçməsinin və kommunikasiya xətlərinin köçürülməsi ilə bağlı qarşıya çıxan problemlərin mane olduğunu qeyd edib. Bildirib ki, bu problemlərin aradan qalxması sayəsində bir ay ərzində bütün qəzalı evlərlə bağlı söküntü-tikinti işlərinə başlanılacaq və qarşıya qoyulmuş tapşırıqlar vaxtında və keyfiyyətlə icra ediləcək.

Nazir K.Heydərov zəlzələnin vurduğu ziyanın həcminin müəyyən edilməsi, o cümlədən yaşayış evləri və sosial obyektlərə komissiyalar tərəfindən baxışın, söküntü-tikinti işlərinin sürətləndirilməsi, tikinti işlərinin ən yüksək standartlara uyğun aparılması barədə tapşırıqlar verib.

Sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev kollegiya iclasının gündəliyində duran ikinci məsələ - martın 26-da Bakının Nizami rayonu ərazisindəki "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar məlumat verib. Həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasından danışan İ.Əliyev bildirib ki, DYNX-nin əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Xidmət rəisi həmin videonun müşayiəti ilə izah edib ki, obyekt yanğına qarşı su hovuzuavtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb. Obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub. Həmin obyektin təxliyə yolları müxtəlif əşyalarla tutulubbununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb. Obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət olunmayıb. Ticarət mərkəzinin binası tüstü xaricetmə və normativ sənədlərin tələblərinə uyğun havalandırma sistemləri, yanğına qarşı su hovuzu ilə təmin edilməyib. Habelə obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub. Nəqliyyat vasitələrinin xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.

Qeyd edilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində "Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxslərə dəfələrlə rəsmi şəkildə xəbərdarlıq edib. Bütün müraciətlərə baxmayaraq, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. Ölkə ərazisində insanların kütləvi toplaşdıqları digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublar ünvanlanıb.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov "Diqlas” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə edib. O deyib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması, obyektin su hovuzudaxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədən (800, 1000 metr) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi yanğının qarşısının vaxtında alınmasında böyük çətinliklər yaradıb. Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının və daha böyük fəsadların qarşısı alınıb. Belə ki, "Diqlas” ticarət mərkəzinin zirzəmisinin mənfi 2-ci və 3-cü mərtəbələrində (zirzəmi) olan mallarla birlikdə 5000 kvadratmetr sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 hektar ərazidə, meyvə-tərəvəz bazarı 2,5 hektar ərazidə və üçmərtəbəli "Lotos” ticarət mərkəzi yanğından mühafizə olunub.

İclasa yekun vuran nazir, general-polkovnik Kəmaləddin Heydərov "Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. Nazir, həmçinin ölkədə insanların kütləvi toplaşdıqları məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-nin rəisi İsrayıl Əliyevə və DYMX-nin rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.

 

Azərbaycan.- 2019.- 3 aprel.- S.5.