Etibar Nəcəfov: “ATƏT Avropada multikulturalizmi təşviq
etmək üçün əlindən gələni
etməlidir”
Aprelin 1-2-də Avstriyanın paytaxtı Vyanada, ATƏT-in baş qərargahında “Tolerantlıq və qeyri-ayrı-seçkilik prinsiplərinin qorunması, o cümlədən din və ya etiqad azadlığının təşviqi və müdafiəsi” mövzusunda insan ölçüsü üzrə birinci əlavə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov iştirak edib.
AZƏRTAC xəbər verir ki, ATƏT-ə üzv olan dövlətlərin nümayəndələrinin, dini təşkilatların, vətəndaş cəmiyyətini təmsil edən qurumların, beynəlxalq təşkilatların və ekspertlərin iştirak etdikləri tədbirdə ATƏT-ə üzv olan dövlətlərin dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması istiqamətində həyata keçirdikləri təcrübələr müzakirə olunub.
Etibar Nəcəfov tədbirin “Din və ya etiqad zəminində irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin səbəbləri və nəticələri” adlı sessiyasındakı çıxışında multikulturalizmin irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin qarşısının alınması sahəsində ən səmərəli siyasət modeli olduğunu qeyd edib. Şöbə müdirinin fikrincə, bu, multikulturalizm siyasətinin mahiyyətindən irəli gəlir. Belə ki, həmin siyasət modeli cəmiyyətdəki etnik, dini və mədəni müxtəliflikləri və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlib. E.Nəcəfov multikulturalizmin etnik-mədəni dəyərlərin qorunmasının ən səmərəli siyasət modeli olduğunu ölkəmizin timsalında göstərib. O, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən sayıldığını, xalqımızın həyat tərzi olan multikulturalizmin respublikamızda dövlət siyasəti səviyyəsinə qaldırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə dini və milli zəmində heç bir qarşıdurmanın olmadığını vurğulayıb. Şöbə müdiri multikulturalizm siyasəti sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirərək, bunun mühüm göstəriciləri sırasında ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmasını göstərib.
Çıxışının
sonunda E.Nəcəfov qeyd
edib ki, ATƏT öz missiyasına uyğun
olaraq Avropa məkanında
təhlükəsizliyin və əməkdaşlığın
təminatı istiqamətində multikulturalizmi
fəal şəkildə təşviq etməlidir. Bu işin həyata
keçirilməsi müasir dövrdə bir sıra Qərb ölkələri
başçılarının multikulturalizm
siyasətinin səmərəli olmaması ilə bağlı
çıxışları fonunda
xüsusən aktuallıq kəsb edir.
Azərbaycan.-
2019.- 3 aprel.- S.7.