Aprel zəfəri gəncləri Baş Sərkərdənin
ətrafında daha sıx birləşdirdi
Aprel döyüşləri
- dördgünlük müharibə Azərbaycan Ordusunun
şanlı tariximizə yazdığı qürur
günüdür. Bu savaş 1994-cü ildə həyata
keçirilən uğurlu Horadiz əməliyyatından sonra
ordumuzun düşmənə göz dağı verdiyi ən
irimiqyaslı döyüşlər kimi yaddaşlara həkk
olundu.
Azərbaycan əsgərinin
şücaəti, şanlı zəfəri sayəsində
tarix yazan Aprel döyüşlərindən 3 il ötməsinə
baxmayaraq, bu tarixi qürurla anır, qəhrəman
oğullarımızı fərəhlə yad edirik.
Bu gün Aprel zəfəri
deyəndə hər bir azərbaycanlının qəlbində
fəxarət hissi yaşanır. Çünki bu uğurlu
döyüş salnaməsi Azərbaycan dövlətinin, onun
qüdrətli ordusunun gücünü, xalqın birliyini, gənclərin
vətənpərvərliyini və ən əsası,
heç vaxt işğalla
barışmayacağımızı dünyaya nümayiş
etdirdi.
Aprel döyüşləri
düşmənə və onun havadarlarına həm də
bir mesaj oldu. Onlar bir daha şahidi oldular ki, illər keçsə
də, azərbaycanlıların vətən sevgisi, milli mənəvi
dəyərlərə bağlılığı, eləcə
də ordusuna inamı sarsılmazdır və Azərbaycan bir
qarış torpağını belə güzəştə
getməyəcək.
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə müzəffər
ordunun bu zəfəri işğalçının təbliğat
maşınının öz silahlı birləşmələrinin
gücü haqqında formalaşdırdığı mifi
darmadağın etdi.
Bu döyüşlərdən
sonra Ermənistandakı hərbi xunta rejimi çökməyə
başladı. Yüksək rütbəli hərbçilər
vəzifəsindən uzaqlaşdırıldı, həbslər
başlandı. Xalqla hakimiyyət arasında uçurum daha da
dərinləşdi və hərbi xunta rejimi devrildi.
Eyni zamanda bütün
Ermənistana bəlli oldu ki, müharibə
başlayacağı təqdirdə Azərbaycan Ordusu bir
neçə günə bayrağını Xankəndidə,
Şuşada dalğalandırmağa qadirdir. Ona görə
ki, cəmi dörd gün ərzində keçən
döyüşlərdə Azərbaycan Ordusu hərbi
baxımdan xeyli strateji yüksəklikləri, ümumən 2
min hektara qədər işğal altında olan ərazimizi
azad etdi. Lələtəpə yüksəkliyi ordumuzun nəzarəti
altına keçdi. Bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndi üçün heç bir təhlükə
qalmadı. Çünki işğaldan azad olunanadək Ermənistan
silahlı bölmələri Horadiz şəhəri başda
olmaqla Füzuli rayonunun bütün yaşayış məntəqələrini,
o cümlədən Azərbaycan Ordusunun mövqelərini
açıq-aydın müşahidə edirdilər, istənilən
yerə atəş zərbələri endirə bilirdilər.
Ancaq Lələtəpənin geri qaytarılması ilə vəziyyət
tamamən dəyişdi və Azərbaycan dövləti cəmi
8 aya Cocuq Mərcanlını yenidən bərpa etdi.
Bu gün həyat
qaynayan Cocuq Mərcanlıdan Lələtəpədə
dalğalanan üçrəngli bayrağımıza baxan hər
bir soydaşımız qürur hissi keçirir. Bu kəndin məscidindən
verilən azan səsi isə şəhidlərimizin ruhunu
şad etdiyi halda düşmənin əsgərinin
keçirdiyi vahiməli hisləri daha da artırır.
Aprel döyüşləri
dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə
əzmini, Ermənistanın əldə etdiyi "uğurun” isə
müvəqqəti xarakter daşıdığını və
gec-tez ədalətin bərpa olunacağını göstərdi.
Bu döyüşlərin
nəticəsi olaraq Azərbaycan bir çox sahələrdə,
eləcə də hərbi və psixoloji sahələrdə
üstünlük əldə etdi. Ümumilikdə
dördgünlük müharibə Ermənistan-Azərbaycan
münaqişəsinin həllində yeni vəziyyətin
yaranmasına və ölkəmizin böyük
üstünlük qazanmasına səbəb oldu.
Məhz buna görə
də bu döyüşün qəhrəmanları ilə
görüşündə Ali Baş Komandan İlham Əliyev
Aprel döyüşlərini şanlı qələbə
adlandırdı. Lələtəpə əməliyyatını
qəhrəmanlıq rəmzi kimi qiymətləndirən cənab
Prezident işğalçıya Lələtəpədən
sərt mesajlar ünvanladı. Dedi ki, Ermənistan bu məğlubiyyətindən
düzgün nəticə çıxarmasa, qarşıda Lələtəpə
əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar
gerçəkləşəcək. Gerçəkləşdi
də. Naxçıvanda Azərbaycan Ordusunun Günnüt əməliyyatı
işğalçıya daha bir zərbə vurdu.
Düzdür, ölkə
ictimaiyyəti Aprel döyüşlərinədək ordumuzun
hansı gücə malik olduğunu parad və təlimlərdə
görmüşdü. Amma bu döyüşlər göstərdi
ki, Azərbaycan Ordusu həm arsenalındakı müasir hərbi
texnikaya, silah-sursata, həm də əsgərinin yüksək
döyüş əzminə görə düşməndən
qat-qat üstündür.
Azərbaycan cəmiyyəti
hər zaman ordu ilə həmrəydir. Aprel döyüşləri
zamanı hər kəs şahidi oldu ki, Dağlıq
Qarabağda xidmət edən erməni hərbçi,
torpaqlarımızda məskunlaşdırılan mülki əhali
geriyə qaçdığı halda Azərbaycanda əli
silah tutan hər kəs ön xətt istiqamətinə üz
tutaraq döyüşə atılmaq əzmindədir.
Xüsusən də gənclər
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin
üzvləri silaha sarılmağa hazır olduqlarını
bildirərək Ali Baş Komandan İlham Əliyevin ətrafında
sıx birləşdilər. Bu qürurverici mənzərə
onu deməyə əsas verdi ki, sülh
danışıqları bir nəticə verməyəcəyi
halda 300 mindən artıq YAP gəncləri də hər zaman
olduğu kimi, əldə silah vətən torpaqlarının
azad edilməsi uğrunda mübarizənin ön cərgəsində
zəfər yürüşünə qatılacaqlar.
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü
Azərbaycan. - 2019.- 3 aprel.- S. 8.