Bakıdan Qarsa ən müasir qatarla...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.
Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu.
"Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Cavid Qurbanov bildirdi ki, "Azərbaycan
Dəmir Yolları” QSC-nin sifarişi
ilə İsveçrənin "Stadler Rail Group” şirkəti tərəfindən
istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı
Türkiyə və Gürcüstandan
keçməklə martın 29-da Bakıya
çatıb. Amma bundan
əvvəl qatar Axalkalakidə
quraşdırılmış xüsusi qurğuda test rejimində
sınaqdan keçirilib. Qatarların
Türkiyədə hərəkəti üçün
Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid
məntəqəsində vaqonda təkər
cütlərinin eninə bazasının avtomatik
olaraq 1520 millimetrdən 1435 millimetrə və
əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu
quraşdırılıb. Qatarda doqquz sərnişin vaqonu
və bir restoran var. Vaqonlar "standart”, "komfort”, "biznes” və "restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və
32 nəfərlikdir. Ümumilikdə qatarda
bir istiqamətə 246 yer
nəzərdə tutulub. Saatda
160 kilometr sürətlə hərəkət
etmək imkanına malik qatardakı
arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu
da döngələrdə vaqonun
tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel
generatoru avadanlığı
ilə təmin olunub. Bu da lokomotivdə
cərəyan olmadıqda
vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat
fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili
bu ilə planlaşdırılıb. "Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin "Stadler
Rail Group” şirkəti arasında
imzalanan müqaviləyə
əsasən ikinci mərhələdə daha
10 vaqonun gətirilməsi
nəzərdə tutulur.
Xatırladaq ki, müstəqillik tariximizin möhtəşəm
layihələrindən olan
Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabr ayında Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli
mərasimlə istifadəyə
verilib. Asiya ilə
Avropanı birləşdirən və Avrasiya
məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu
xətti Prezident İlham
Əliyevin siyasi iradəsi sayəsində
reallığa çevrilib. Qonşu Türkiyə və Gürcüstanla
sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-Qars layihəsi ölkələrimiz
arasındakı əlaqələrin strateji
təzahürünü də nümayiş
etdirir. Bu yolla artıq yüklərin
daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm
transmilli neft-qaz kəmərlərinə
malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda,
bütünlükdə Avrasiya qitəsindəki
əhəmiyyətini artırıb. Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin işə
düşməsi Azərbaycanın dövlət müstəqilliyinin
gücləndirilməsində, iqtisadi
qüdrətinin artırılmasında yeni
mühüm strateji
amilə çevrilib və regionda sabitliyə, xalqlarımızın daha da
yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir.
Azərbaycan.- 2019.-4 aprel.- S.1-2.