Mehriban Əliyeva: "Belə xalqla, belə əsgərlərlə,
biz Qarabağı mütləq qaytaracağıq"
Birinci vitse-prezident savaş qəhrəmanlarına
"mənim qardaşlarım" deyərək onlara bundan
sonra da hər zaman dəstək olacağını bəyan
etdi
Heydər Əliyev Fondu tərəfindən
yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə
aprelin 3-də görüş keçirilib.
AZƏRTAC xəbər verir
ki, Heydər Əliyev Mərkəzində keçirilən
görüşdə əvvəlcə Aprel döyüşləri
şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev
Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə
çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu
"2016-cı ilin Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin yüksək
texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə
başlayıb. Artıq bu layihənin ikinci mərhələsi
yekunlaşıb. Ötən 3 il ərzində
100-dən çox zabit və əsgər yüksək
texnologiyalı protezlərlə təmin olunub. Bugünkü
görüşün üç il bundan əvvəlki Aprel
döyüşlərinə, ordumuzun qələbə
gününə təsadüf etdiyini deyən Anar Ələkbərov
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
görüş iştirakçılarına müraciətini
oxuyub.
Müraciətdə deyilir: "Azərbaycanın
əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və
digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan
respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində
torpaqlarımızın 20 faizi işğal altına
düşüb, bir milyondan çox azərbaycanlı öz
doğma torpağında qaçqın və
köçkün vəziyyətində yaşayır.
1994-cü ildə atəşkəs
razılığının əldə olunmasına baxmayaraq,
Ermənistan Azərbaycana qarşı dəfələrlə
silahlı təxribat törətmiş, lakin
xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı
və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların
qarşısını alaraq düşmənə hər zaman
layiqli cavab vermişdir.
Siz Vətən yolunda qəhrəmanlıq
göstərərək Azərbaycanın ərazi
bütövlüyünün bərpası, müstəqilliyi,
ölkəmizin daha qüdrətli, daha möhkəm olması
yolunda sağlamlığınızı itirmisiniz. Bununla da
öz ölkənizə, xalqınıza, Prezident və Ali
Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz.
Azərbaycan dövləti sizin fəaliyyətinizi
yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli
oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq
mübarizəsidir. Azərbaycan dövləti
münaqişənin ədalətli, beynəlxalq hüququn
prinsipləri və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunması üçün əlindən gələni əsirgəmir.
2016-cı ildə baş vermiş
Aprel döyüşlərindən 3 il
ötür. Bu döyüşlər bir daha
bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan
dövləti işğalla heç zaman barışmayacaq.
Aprel döyüşləri Azərbaycan
xalqının vətənpərvərliyini, həmrəyliyini
və yenilməz iradəsini bir daha nümayiş etdirdi.
Məhz Aprel döyüşlərinin cəsarətli
iştirakçılarının qəhrəmanlığı
nəticəsində bu gün Füzuli, Cəbrayıl və
Ağdərə rayonlarının işğaldan azad
edilmiş ərazilərində Azərbaycan bayrağı
dalğalanır. Bu döyüşlər
zamanı bizim itkilərimiz oldu. Bu itkilər
bizim hamımız, hər bir azərbaycanlı
üçün böyük dərddir. Azərbaycan
gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq
göstərərək ömürlərini Vətən
yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban
vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə
daim yaşayacaqdır.
Azərbaycan dövləti və
Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir,
dəyərlidir. Sizin sağlamlığınızın bərpası
və normal həyata qayıtmağınız
üçün Azərbaycan dövləti bütün
lazımi addımları atır və bundan sonra da
atacaqdır. Mən sizin hər birinizə
cansağlığı və uğurlar arzulayıram”.
Görüşdə polkovnik-leytenant
Eldəniz Sadıqov çıxış edərək deyib
ki, 3 il bundan əvvəl baş vermiş
Aprel döyüşlərində Azərbaycan Ordusu
düşmənə və bütün dünyaya öz
gücünü sübut etdi. 2016-cı ilin
aprel ayında düşmənin kəşfiyyat və diversiya
qruplarının hücumunun qarşısı Azərbaycan
Ordusu tərəfindən alındı. Düşmənin
müdafiə xətti tez bir zamanda yarılaraq mühüm
strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və
nizami ordumuz var. Biz öz torpaqlarımızı geri
qaytaracağıq. Azərbaycanın Ali
Baş Komandanı ordumuza yüksək qayğı göstərir,
hərbçilərin məişət şəraitinin
yaxşılaşdırılmasına, müasir hərbi hissələrin
tikilməsinə, zabitlərin yeni evlərlə təmin
olunmasına böyük diqqət ayırır.
"Aprel döyüşlərində mən və mənim
silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və
ya sağ qalacağıq. Biz o haqda heç
düşünmürdük. Çünki
inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan,
Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız
bizim ailələrimizin yanında olacaq”, - deyə Eldəniz
Sadıqov bildirib.
Xidməti vəzifələrini yerinə
yetirərkən sağlamlıqlarını itirən zabitlərin,
əsgərlərin özlərini cəmiyyətdən kənar
hiss etmədiklərini söyləyən kapitan Amil Dadaşov
bununla qürur duyduqlarını qeyd edərək deyib:
"Aprel döyüşlərində yaralanan hərbçi
yoldaşlarım artıq üç il ərzində dinamik həyat
fəaliyyəti ilə məşğul olurlar, insanların
arasındadırlar”. Amil Dadaşov onlara göstərilən
diqqət və qayğıya görə Prezident İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü
bildirib.
Baş leytenant Namiq Əliyev
qeyd edib ki, Aprel döyüşlərində yaralanmış əsgər
və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın
tapşırığı ilə ən müasir, hər
cür hərəkət qabiliyyətinə malik protezlərlə
təmin edilib.
"Bütün bunlar bizlərə verilən dəyər
və qiymətdir. Bu gün biz
ayağımızı, gözümüzü itirsək də
qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan
alırıq”, - deyə Namiq Əliyev bildirib.
Görüşdə
MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov Heydər
Əliyev Fonduna minnətdarlığını bildirərək,
protezlərlə təmin edilən hərbçilərimizə
də layihə çərçivəsində görülən
işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü
bildirib.
Sonra hərbçilərə
Heydər Əliyev Fondunun təşəkkürnamələri
təqdim edildi.
Daha sonra Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək
texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə
görüşdü, onlarla səmimi söhbət etdi.
Söhbət zamanı Birinci vitse-prezident
vətənpərvər övladlarımızın qəhrəmanlığını,
şücaətini yüksək dəyərləndirdiyini, hər
zaman onlara dəstək olacağını vurğulayaraq dedi:
-Siz hər bir insan üçün
çox dəyərli olan sağlamlığınızı
Vətən, torpaq yolunda qurban vermisiniz. Siz
güllələr, bomba altında Azərbaycan uğrunda,
torpağımız, Vətənimiz uğrunda həyatınızı
qurban verməyə hazır olmusunuz. Mən
fəxr edirəm ki, Azərbaycanın belə oğulları
var, mənim belə qardaşlarım var.
Mən hər zaman deyirəm
ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri,
gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz
Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da
Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar
yetirib. Analarımız fəxr etməlidirlər
ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə,
belə qardaşlarla biz Qarabağı mütləq
qaytaracağıq. Qarabağın hər
bir kəndində, hər bir şəhərində Azərbaycan
bayrağı dalğalanacaq.
Mən bir daha sizə dərin
minnətdarlığımı bildirirəm. Mən bilirəm
ki, Heydər Əliyev Fondunun əməkdaşları daim
sizinlə ünsiyyətdədirlər. Bir
daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində
biz əlimizdən gələn hər şeyi etməyə
hazırıq. Siz müraciət edirsiniz,
bilirəm ünsiyyətdəsiniz. Hər
bir problemin həllini şəxsən özüm diqqətdə
saxlayacağam. Mən mümkün olan
köməyi ən yüksək səviyyədə göstərəcəyəm.
Sağ olun.
Hərbçilər göstərdiyi
diqqət və qayğıya görə Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli
çəkdirildi.
Qeyd edək ki, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın
tapşırığı ilə Heydər Əliyev Fondu
"2016-cı ilin Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin yüksək
texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini
həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq
dövlət qurumlarının nümayəndələrinin
iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı
yaralanmış və protezləşməyə ehtiyacı
olan hər bir əsgər və zabitlə görüşlər
keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin fərdi
xüsusiyyətləri, onların aktivlik dərəcələri,
həyat tərzləri, məşğuliyyətləri və
hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri
təhlil edilərək hərbçilərimiz
üçün uyğun, müasir protez
istehsalçıları olan qabaqcıl şirkətlərin
yüksək texnologiyalı məhsulları seçilib.
Tətbiq edilən yeni protezlərin
texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət
uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və
yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur.
İstifadəçi protezi amputasiya olunmuş hissənin
davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət
edir.
Qarabağ müharibəsi əlillərinə
dövlət qayğısı siyasətinə dəstək məqsədi
daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu
illərdə daha bir qrup Qarabağ müharibəsi əlili
Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək
texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə
çərçivəsində protezlərlə təmin
olunan 100-dən çox Qarabağ müharibəsi əlili
artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini
davam etdirir.
Azərbaycan.- 2019.- 4 aprel.- S.1; 3.