Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Ölkəmizin davamlı tərəqqisinin
təmin edilməsi üçün bütün sahələrdə
həyata keçirilən islahatlar məhkəmə-hüquq
sisteminin inkişafında yeni mərhələnin
başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini
zəruri edir.
Müasir dövrün tələblərinə
cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət
mühakiməsinin formalaşdırılması prosesini
sürətləndirmək məqsədilə məhkəməyə
müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin
fəaliyyətində şəffaflıq
artırılmalı, məhkəmə icraatının
effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının
tam və vaxtında icra edilməsi təmin olunmalı,
süründürməçiliyin və digər neqativ
halların aradan qaldırılması üçün görülən
tədbirlər gücləndirilməlidir.
Eyni zamanda, ədalət
mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin
edilməsi üçün hakim və məhkəmə
aparatı işçilərinin sosial müdafiəsi daha da
yaxşılaşdırılmalı, müvafiq infrastrukturun
yenilənməsi işləri davam etdirilməli, məhkəmə
icraatında müasir informasiya texnologiyalarının tətbiqinin
üstünlüklərindən hərtərəfli istifadə
edilməli, digər mühüm məsələlər həll
olunmalıdır.
Ədalət mühakiməsinin
keyfiyyətinin və səmərəliliyinin
artırılması məqsədilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
bütün məhkəmələrinin sədrlərinə və
hakimlərinə tövsiyə edilsin ki, məhkəmə
hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə
məhkəmələrə etimadın möhkəmlənməsi
üçün fəaliyyətlərində ədalət,
qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin
qanun və məhkəmə qarşısında bərabərliyi
və Azərbaycan Respublikasının Konstitusiyası və
qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin
digər prinsiplərinə dönmədən riayət etsinlər.
2. Cəza siyasətinin humanistləşdirilməsi
və cinayətlərin dekriminallaşdırılması
üzrə tədbirləri davam etdirmək məqsədilə
Azərbaycan Respublikasının Ali Məhkəməsinə və
Azərbaycan Respublikasının Baş Prokurorluğuna
tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini
hazırlayıb üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsinlər.
3. Azərbaycan Respublikasının
Ali Məhkəməsinə və Məhkəmə-Hüquq
Şurasına tövsiyə edilsin, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə
tapşırılsın ki, aşağıdakı məsələlərə
dair normativ hüquqi aktların layihələrini
hazırlayıb iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsinlər:
3.1. sahibkarların məhkəməyə
müraciət imkanlarının asanlaşdırılması
və sahibkarlıqla bağlı mübahisələrə
müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi
olan hakimlər tərəfindən baxılmasını təmin
etmək məqsədilə vergi və gömrük ödənişləri,
məcburi dövlət sosial sığorta haqlarının
ödənilməsi ilə bağlı yaranan mübahisələrə,
habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar
digər məsələlərə dair işlər üzrə
ixtisaslaşmış məhkəmənin yaradılması;
3.2. məhkəmələrin
hüquqi məsələlərin həllinə
yanaşmasının sabitliyini və normativ hüquqi
aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin
proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə
təcrübəsi formalaşdırmaq vəzifəsinin və
həmin vəzifənin icra olunması mexanizminin təsbit
edilməsi;
3.3. hakimlərin
müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin
fəaliyyətinə müdaxilənin
qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi
və belə müdaxiləyə görə məsuliyyətin
artırılması;
3.4. hakimlərin
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
onların maddi təminatının əhəmiyyətli dərəcədə
artırılması;
3.5. məhkəmələrdə
baxılan işlər üzrə ödənilən dövlət
rüsumunun dərəcələrinin verilən iddiaların
qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;
3.6. məhkəmələrdə
baxılan işlər üzrə ödənilən dövlət
rüsumunun müəyyən hissəsinin məhkəmə
aparatları işçilərinin sosial müdafiəsinin
gücləndirilməsinə və məhkəmələrin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
yönəldilməsi;
3.7. məhkəmə
icraatının obyektivliyini daha dolğun şəkildə təmin
etmək üçün bütün məhkəmə
iclaslarının fasiləsiz audioyazısının
aparılması və protokolun məhkəmə
iclasının audioyazısına uyğun tərtibi tələbinin
müəyyən edilməsi;
3.8. mülki
işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati
mübahisələrə dair işlər üzrə məhkəmə
ekspertizasının keçirilməsi və ekspert rəyinin
verilməsi müddətlərinin dəqiqləşdirilməsi,
məhkəmə prosesi tərəflərinin ekspertiza təyin
edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.
4. Mülki işlər və iqtisadi
mübahisələr üzrə məhkəmə
icraatının effektivliyinin artırılması, xüsusən
sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə
daha sürətli və səmərəli həllinin təmin
edilməsi məqsədilə Azərbaycan
Respublikasının Ali Məhkəməsinə, apelyasiya
instansiyası məhkəmələrinə, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasına və Azərbaycan
Respublikasının Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasına tövsiyə
edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə,
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və
Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
tapşırılsın ki, mülki prosessual qanunvericiliyi
kompleks şəkildə birgə təhlil edib, bu sahədə
qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini
altı ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsinlər.
5. Məhkəmə-Hüquq
Şurasına tövsiyə edilsin ki:
5.1. hakimlərin
müstəqilliyinin təmin edilməsi, məhkəmələrin
fəaliyyətinə müdaxilə və digər neqativ
halların aradan qaldırılması məqsədilə
müvafiq məlumatların qəbulu üçün qaynar xətt
yaratsın;
5.2. hakimlərin və
məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin
qiymətləndirilməsi prosedurlarında şəffaflığı
daha da artırsın, bu sahədə tətbiq edilən
meyarları təkmilləşdirsin;
5.3. hüquq
pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin
pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin
labüdlüyünü təmin etsin;
5.4. ədalət
mühakiməsinin həyata keçirilməsində
aşkarlığın və qərəzsizliyin daha dolğun
şəkildə təmin edilməsi məqsədilə
aşağıdakı sahələrdə "Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə məhkəmələrin riayət
etməsinin mütəmadi monitorinqini aparsın:
5.4.1. məhkəmə
qərarlarının elektron qaydada dərc edilməsi;
5.4.2. məhkəmələrdə
işlərin təsadüfi və avtomatik şəkildə
elektron qaydada bölüşdürülməsi;
5.4.3. qeyri-prosessual münasibətlərin
yolverilməzliyinin təmin edilməsi.
6. Azərbaycan Respublikasının
Ali Məhkəməsinə tövsiyə edilsin ki:
6.1. məhkəmələrdə
hüquqi məsələlərin həllinə
yanaşmanın sabitliyini təmin etmək məqsədilə
vahid məhkəmə təcrübəsinin
formalaşdırılması üçün ciddi tədbirlər
görsün;
6.2. ədalət
mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə
məhkəmə təcrübəsinin öyrənilməsi və
ümumiləşdirilməsi sahəsində fəaliyyətini
gücləndirsin;
6.3. məhkəmə
təcrübəsinin ümumiləşdirilməsi nəticəsində
müəyyən edilmiş, sistemli xarakter daşıyan
nöqsanların aradan qaldırılması üçün
müvafiq mexanizm yaradılması barədə təkliflərini
iki ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi:
7.1. məhkəmələrin
və digər orqanların qərarlarının qanunla müəyyən
edilmiş müddətdə icrasının təmin edilməsi,
"Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi,
icra məmurlarının süründürməçilik və
sui-istifadə hallarına yol vermələrinin
qarşısının alınması məqsədilə
ciddi tədbirlər görsün;
7.2. məhkəmələrin
və digər orqanların qərarlarının
icrasının sürətləndirilməsi və
effektivliyinin artırılması məqsədilə bu sahədə
qanunvericiliyin təkmilləşdirilməsi ilə
bağlı təkliflərini iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
7.3. məhkəmələrin
və digər orqanların qərarlarının
icrasının alternativ mexanizmləri, o cümlədən
icranın özəl qurumlara həvalə edilməsi ilə
bağlı qabaqcıl beynəlxalq təcrübəni öyrənsin
və həmin təcrübənin Azərbaycan Respublikasında
tətbiqinin mümkünlüyü barədə üç
ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
7.4. məhkəmə
ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o
cümlədən ekspertizanın özəl qurumlar tərəfindən
həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni
təhlil etsin və müvafiq təkliflərini üç ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
7.5. ədalət
mühakiməsinin əlçatanlığını və
şəffaflığını daha da artırmaq məqsədilə:
7.5.1. "Elektron məhkəmə”
informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati
işlərin yekunlaşdırılmasını təmin
etsin;
7.5.2. "Elektron məhkəmə”
informasiya sistemində dərc edilən məhkəmə qərarları
üzrə müxtəlif meyarlar əsasında effektiv
axtarış aparmaq üçün müvafiq funksional imkan
yaradılması məqsədilə tədbirlər
görsün;
7.5.3. fiziki və
hüquqi şəxslərin "Elektron məhkəmə”
informasiya sistemindən istifadəsinin təşviqi
üçün tədbirlər görsün;
7.6. mediasiya
prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və
təşviqat tədbirlərini həyata keçirsin.
7.7. Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və
Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi,
infrastrukturunun və maddi-texniki təchizatının
yaxşılaşdırılması üçün Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təkliflərini
hazırlayıb iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
7.8. birinci
instansiya məhkəmələrində
kargüzarlığın aparılması ilə bağlı
dövlət büdcəsində nəzərdə tutulmuş
vəsaitin birbaşa hakimlərin bank hesablarına
köçürülməsi barədə təkliflərini
bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
8. Azərbaycan
Respublikasının Baş Prokurorluğuna tövsiyə
edilsin ki, məhkəmələrdə dövlət ittihamının
müdafiəsi və protest verilməsi təcrübəsini
mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin
artırılması üçün tədbirlər
görsün.
9. Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasına tövsiyə
edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibini
həyata keçirən orqanların əməkdaşları
ilə qeyri-prosessual münasibətlərə yol verməsinin
qarşısının alınması üçün tədbirləri
gücləndirsin.
10. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi:
10.1. bu fərmanın
3.1-ci və 3.4-3.6-cı bəndlərində nəzərdə
tutulmuş layihələrin hazırlanmasında iştirak
etsin;
10.2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi ilə birlikdə
aşağıdakı məsələlər barədə təkliflərini
bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin:
10.2.1. məhkəmələrdə
mövcud olan iş yükünü nəzərə alaraq,
onlara məhkəmə icraatının təmin edilməsi, o
cümlədən kargüzarlığın aparılması
üçün ayrılan vəsaitin ehtiyaclara uyğun
artırılması;
10.2.2. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə məhkəmə
infrastrukturunun təkmilləşdirilməsi və məhkəmələrdə
"Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə
əlaqədar təşkilati işlərin
yekunlaşdırılması məqsədilə əlavə
maliyyə vəsaitinin ayrılması.
11. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan
Respublikasının Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasına tövsiyə
edilsin ki, sahibkarlıq fəaliyyəti ilə bağlı
mübahisələrin məhkəmədənkənar həlli
vasitələrinin genişləndirilməsi məqsədilə,
xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə
alınmaqla ölkəmizdə səmərəli beynəlxalq
arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərini
üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsinlər.
12. Məhkəmələrin fəaliyyətinin
daha optimal şəkildə qurulması, ədalət
mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və
məhkəmələrdə işlərə baxılma
müddətlərinin qısaldılması məqsədilə
Azərbaycan Respublikasının məhkəmə sisteminə
daxil olan məhkəmələrin hakimlərinin ümumi
sayı 200 nəfər artırılsın.
13. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
13.1. dövlət hesabına həyata
keçirilən hüquqi yardım üçün tələb
olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını
və mərkəzləşdirilmiş uçotunu təmin
etmək məqsədilə cari ilin və növbəti illərin
dövlət büdcəsində dövlət hesabına
göstərilən hüquqi yardıma görə vəsaitin
birbaşa Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasına ayrılması barədə müvafiq normativ
hüquqi aktların layihələrini hazırlayıb bir ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
13.2. bu fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
3 aprel 2019-cu il
Azərbaycan.-
2019.-4 aprel.- S.2.