Sənətə Məcnun eşqi
...Dünya yeni bir baharına gülümsəyirdi. Martın 20-si idi. Bayram günündə Bakının özü kimi qədim İçərişəhərində dünyaya göz açan körpə ailəsinə sevinc, ümid gətirmişdi.
İllər sonra - milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutacaq, professional musiqi teatrının banilərindən biri, Azərbaycanın xalq artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi olaraq tanındığı vaxtlarda o yazacaqdı: "Mən bakılıyam. 1879-cu ildə Bakının İçərişəhər adlanan hissəsində Yeddilər məhəlləsinin məscidi sayılan Giley məscidinin yaxınlığındakı evimizdə doğulmuşam. Bu ev ana babam Məşədi Rəhim Hüseynoğlunun mülkü idi. Atam dənizdə işləyirdi. O zamanın gəmiləri əsas etibarilə yelkənli gəmilər idi. ...Atam da muzdur idi”.
Bakılıların bir çoxu kimi, Məlik kişinin də çörəyi dənizçilikdən çıxırdı. Gündəlik dolanışıq qayğıları ilə dolu həyatının ən işıqlı arzularından biri isə oğlu Hüseynqulunu oxutmaq idi... Ancaq faciəli ölümü arzularını gözündə qoydu. Gəmidə işləyən Məlik kişinin əcəli də dənizdən gəldi. Amansız fırtınada həlak oldu. Onun həyatdan vaxtsız gedişi ailəsinin çətin güzəranını daha da ağırlaşdırdı. Hüseynqulu kiçik yaşlarından evə qazanc gətirmək məcburiyyətində qaldı. Papaqçı şagirdi oldu, gəmidə yunqa, tikintidə palçıqdaşıyan, daşyonan, susatan, qırçı işlədi.
Oxumaq arzusu...
Ömrünün uşaqlıq çağlarında həyat üzünə gülmürdü. Ancaq çəkdiyi məşəqqətlər onu ümidsizliyə düçar edə bilmirdi. Oxumaq həvəsi qəlbini çuğlayırdı. Ağır zəhmətə qatlaşan Hüseynqulu neçə illər bu arzuyla yaşadı. Əlində qalan qəpik-quruşu dəftər-kitaba verdi. Gördüyü təhsilli adamlara böyük rəğbətlə baxdı, bir yol tapıb onlara yaxınlaşmağa, imkan verdikləri qədər söhbətə tutmağa çalışdı...
Ümidlərinin qəlbində heç solmadığı, amma onu arzulara çatdıracaq həyat yollarında əlindən tutanı olmadığı o illərin xiffətini sonralar yazdığı və "Köhnə Bakı” adı ilə dərc olunan kitabında ustad qələm adamı kimi gözlərimizin önündə belə canlandırır: "Məhəllə uşaqlarının qoltuqlarında Quran, əllərində heybə və rəhl dəstə-dəstə məktəbə getdiklərini görər və evə qayıdıb anama deyərdim:
- Ana, məni də məktəbə qoy. Oxumaq istəyirəm.
Anam cavab verərdi ki, əgər səni məktəbə qoysam, gərək ayda 3 abbası pul verəm. O da ki, yoxdur.
Bir qoca nənəm var idi. O, anama dedi ki, bir arvad var, ayda bir abbasıya Qurandan dərs deyir. Mənim toyuqlarım yumurtlayır, yığıb satdıqdan sonra bir abbasını mən verərəm. Anam da razı oldu. Sabahı gün nənəm əlimdən yapışıb məni İçərişəhərdə, Şah məscidinin yanında, 9 nömrəli evdə yaşayan molla Anaqız adlı arvadın yanına apardı. Çox sevinirdim. Məndən ötrü bir əlifba çərəkəsi də aldılar. Beş ay o molla mənə dərs verdi. Amma bir kəlmə də olsun öyrənə bilmədim. Dərs əvəzinə döyülmək və qışqırıq eşitdim. Evdə həmişə molladan şikayət edərdim. Beş aydan sonra məni bu mollanın yanından çıxarıb İçərişəhərdə, Kazımbəy hamamının yanında, 80 nömrəli evdə yaşayan Məsməxanım adlı ikinci bir arvad mollasına tapşırdılar. Ayda 6 şahı dərs haqqı kəsildi. Yeddi ay da orada oxudum. Səhər saat səkkizdə gedib, saat on ikiyədək orada olardım. Məsməxanım iki saat bizimlə məşğul olub sonra bizə ev işi gördürərdi. Bir mən deyildim, məndən başqa iki qız, iki oğlan şəyirdi də vardı. Bizi gah dənizə göndərər, gah ev süpürtdürər, qab yudurdar, samovar sürtdürərdi. Görürdüm ki, biz burda qulluqçu əvəziyik. Bir gün molla mənə: "Oğlum, mən hamama gedirəm, bu satıl və boxçanı mənim üçün hamama apar, bir-iki saatdan sonra gəl, evə gətir”, - buyurdu. Mən ona dedim ki, ay mollabacı, mən dərs oxumağa gəlmişəm, nökər olmağa gəlməmişəm ki? Molla bunu eşitdikdə çubuğu kürəyimə çəkib dedi: "Sənin borcundur mollaya nökər də olasan, qulluqçu da, hələ cavab da qaytarırsan?” Baxdım ki, əgər dayansam, mükəmməl döyüləcəyəm, çərəkəmlə Quranımı qapıb qaçdım. Evdə əhvalatı nəql elədim. Atalığım bunu eşitdikdə durdu məni təpiyinin altına saldı və başladı: "Bir il deyil ki, sən iki molla dəyişmisən. Nə oldu, elə bunların ikisi də pis oldu? Görünür, sən özün tənbəl, korazehinsən!”
Səhər atalığım dübarə məni həmin mollanın yanına göndərdi. Anam və nənəm qorxularından bir söz deyə bilmədilər. Mən də evdəki döyülməkdən mollaya bir söz deməyib dərsi qanar-qanmaz oxumağa başladım. Bu əhvalatdan sonra mollabacı acığa düşüb evin çox işini mənə gördürərdi. Bu şəraitlə iki aydan sonra qanar-qanmaz Quranı xətm elədim. O vaxtın qaydası idi, uşaq Quranı başa çıxardısa, anası, ya nənəsi ona güləbətindən araqçın bağışlardılar. Mənim üçün bunların heç biri olmadı. Mən də Qurandan heç bir şey bilmədiyimi nəzərə alıb danışmadım”. Bundan sonra ailənin oxumuşu sayılmağa başladım. Hər cümə axşamı nənəm çağırıb: "Bala, gəl ölülərimiz üçün "Yasin” oxu” deyərdi”. Onu yaxşıca yedizdirirdilər. Hüseynqulu da çətinliklə Qurandan "Yasin” surəsini tapıb oxuyurdu. Səsinin gözəlliyi, yanıqlı avazı imdadına çatırdı. Evlərinə gələn qonşu arvadları da nənəsinə qoşular, "özlərinə əl qatıb şaxsey-vaxsey gedərdilər”.
Nəinki Hüseynqulugildə, bütün məhəllədə bir savadlı adam yox idi ki, onun Quranı bilmədiyini aşkara çıxarsın. Amma bir gün... Çox çətinliklə düyü tapıb plov bişirən anası və nənəsi mollabacını qonaq çağırdılar. Axşam mollabacı gəldi. Hüseynqulu sakitcə evin bir küncündə oturmuşdu. Qorxduğu başına gəldi. Mollabacı ondan xəbər aldı: "Oğlum, Quranı yaddan çıxartmamısan ki?” Anası ilə nənəsi dil-ağız elədilər: "Maşallah, ay mollabacı, Allah atana rəhmət eləsin, ona yaxşı dərs vermisən. Hər cümə axşamı "Yasin” oxuyur”. Mollabacı özünü öydü: "Hə, hə, heç bilmirsiz ki, onun üstündə mən nə zəhmət çəkmişəm”, - dedi. ...Anam dedi ki, tez-tez oxuyur, özü də rəvan oxuyur. Yarım saatda on dənə "Yasin” oxuyur.
Mollabacı üzünü mənə tutdu:
- Oğlum, Quranı gətir, "Yasin” oxu, qulaq asaq.
Bu sözləri eşitcək dizlərim titrədi. İstər-istəməz gedib Quranı gətirdim. Eyni zamanda, bu fikir məndən əl çəkmirdi: "Kələyim açılsa, nə olacaq?”
Döyülməyimi gözümün önünə aldıqdan sonra Quranı açıb "Yasin”i başladım. Ağzıma hər nə gəldi oxuyurdum. Mollabacı: "Ay balam! Bu, "Yasin” oxumayır, dərədən, təpədən, hər nə ağzına gəlir deyir”. Bu sözləri dedikdən sonra qulağımdan tutub şapalaqlamağa başladı. Atalığım gəlib əhvalatın nə olduğunu eşitdi. Hərəsi bir tərəfdən döyməyə başladılar. Mən də qaçıb qonşumuz Ağabacıgilin evində gizləndim. Nənəmin ürəyi yanır, gecəynən soraqlaşıb məni Ağabacıgildən tapır.
Mən nənəmə deyirdim ki, bu arvad mollaları heç bir şey bilməyir, dərsi mənə qandığım şəkildə vermirlər. O olan oldu, molla işi bitdi”.
Onun ilk müəllimi həyatın özü oldu. Bir də görüb-götürdüyü mühit... "Köhnə Bakı” kitabında həmin günlərini belə xatırlayırdı: "Anadan olduğum gündən Bakı mühitində böyüyüb tərbiyə almışam. Bu mühit qaranlıq və mövhumatla zəhərlənmişdi. Dədə-babadan qalma bir çox adət-ənənələrlə sıx bağlı idim. Mənim uşaqlığım və gəncliyim bu mühit içərisində keçmişdi”.
Bakıda o vaxtlar çayçı və dəllək dükanları çox idi. Bekar adamlar, cahil uşaqlar dəllək dükanına, çayxanaya yığışırdılar. Gecələr fincan oynayır, çalıb-oxuyurdular. Oxumağa həvəsi olduğundan gedib onlara qoşulardı. Məhərrəmlik mərasimlərində mərsiyə deyərdi. El şənliklərində, toy-bayramlarda muğamlara, təsniflərə, mahnılara qulaq asar, öyrənərdi. Beləcə, onun musiqi sevdasını və gözəl səsi olduğunu bilməyən qalmadı.
İlk tamaşanın unudulmaz təəssüratı...
1891-ci ildi. On iki yaşlı Hüseynqulu ilk dəfə həvəskarların ifasında "Xan Sarabi” adı ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına baxdı. Tamaşa ona unudulmaz təsir bağışladı. Həmin gün cazibəsinə düşdüyü teatr ömrünü nurlandırdı, bundan sonra gedəcəyi yolu aydınlatdı. Əsl soyadını - Rzayevi də Sarabski ilə əvəz edən baxdığı ilk tamaşanın təəssüratı oldu.
Hüseynqulu Rzayev Sarabski təxəllüsü ilə ilk dəfə səhnəyə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası” pyesində Rəsul rolu ilə çıxdı.
Həvəskar artistlərin təşkil etdikləri dram cəmiyyətlərinin işində isə 1903-cü ildən iştirak etdi. Orada Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, daha sonralar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və Zülfüqar Hacıbəyovla tanış oldu, dostlaşdı.
1903-1908-ci illərdə
dram tamaşalarında bir
sıra rollar oynadı. 1906-cı ildə təşkil olunan "Nicat” maarif cəmiyyətinin işində uzun illər fəal iştirak etdi.
Hüseynqulu Sarabski bu sənətə
elə bir vaxtda gəldi ki, teatra üz
tutanlar, aktyor kimi səhnəyə çıxanlar tənələrə,
hədələrə, təhqirlərə
məruz qalırdılar. Qorxaqlar, özünü
teatr sənətindən
çox sevənlər
burada qala bilməzdilər. Hüseynqulu Sarabski
isə bu sənətin çoxdan Məcnunu olmuşdu.
Azərbaycanın tanınmış
ziyalılarından olan
Nəriman Nərimanov,
Əbdürrəhimbəy Haqverdiyev,
Rəhimbəy Məlikov,
Hüseyn Ərəblinski,
Cahangir Zeynalov və başqaları ilə sənət meydanında olmaq da ona mənəvi
güc verirdi.
Sənətkara ehtiram
O, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev və digər Azərbaycan dramaturqlarının,
eləcə də Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərləri əsasında
hazırlanmış tamaşalarda
çıxış edirdi.
Henrix Heynenin "Əlmənsur” pyesində
ərəb səyyahı
rolunu oynayan Hüseynqulu Sarabski oxuduğu "Hicaz” muğamı ilə həmin vaxtlar Şərqin ilk operası
olan "Leyli və Məcnun” üzərində işləyən
Üzeyir Hacıbəylinin
diqqətini çəkdi.
1908-ci ildə Üzeyir bəy onu öz operasında
baş rola - Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu
Sarabskiyə böyük
hörmət və şöhrət gətirdi.
O, 400 dəfə Məcnun
kimi tamaşaçıların
qarşısına çıxdı.
Hər dəfə də ifası heyranlıqla qarşılandı. Əziz
Şərif bu barədə yazırdı:
"Sarabskinin oyunu misilsiz idi. Onun
nəğmələri bulaq
kimi axır... Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən,
öz Leylisindən Füzulinin qəzəlləri
ilə ölməz muğam üstündə
danışır, insan
qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü
çətin boğa
bilirdim. Lakin göz
yaşlarım durmadan
axırdı. Qəlbimi isə
qəribə hislər
doldururdu. Zavallı,
uğursuz, divanə Məcnun! Sarabski öz rolunu
böyük məharətlə
oynadı. O, Məcnun
surətini səhnədə
tam mənası ilə
canlandırdı”.
Onu Azərbaycan səhnəsinin əfsanəvi Məcnunu kimi tanıdılar, sevdilər. Amma o, həm də Üzeyir Hacıbəylinin opera və operettalarında - "Əsli və Kərəm”də Kərəm, "Şeyx Sənan”da Şeyx Sənan, "Şah Abbas və Xurşidbanu”da Şah Abbas, "Rüstəm və Söhrab”da Söhrab, "O olmasın, bu olsun”da Sərvər, "Ər və arvad”da Mərcan bəy, "Arşın mal alan”da Əsgər, Müslüm Maqomayevin "Şah İsmayıl”ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib”ində Aşıq Qərib oynadı. Hüseynqulu Sarabski bu rolların ilk və bənzərsiz ifaçısı oldu.
Hüseynqulu Sarabskinin altmış altı illik ömrünün qırx üç ili səhnə ilə keçdi. Azərbaycan teatrının inkişafı yolunda məhəbbətlə, fədakarlıqla çalışdı. Böyük sənətkarın xidmətləri unudulmadı. Hüseynqulu Sarabskinin 140 illiyinin dövlət səviyyəsində qeyd olunması da bu hörmətin və sevginin təzahürüdür. Prezident İlham Əliyevin XX əsrin bu əvəzolunmaz sənətkarının yubileyinin qeyd olunması barədə imzaladığı sərəncamda deyilir: "Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir”.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 4 aprel.-
S.7.