Bizi deyib gələn və bizimlə qalan yazıçı
Cəlil Məmmədquluzadə - 150
Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış, yeni ədəbi məktəb formalaşdırmış görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə həyata keçirilən tədbirlər davam edir. Qeyd edək ki, Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.
Yazıçı-dramaturqun "Ölülər”, "Anamın kitabı”, "Danabaş kəndinin əhvalatları”, "Dəli yığıncağı” və digər pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir. Qələm ustası həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirməyə müvəffəq olub.
Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparan ziyalılarımızdan biri idi. Mirzə Cəlilin dəyərli nəsr əsərləri, parlaq publisistikası elə öz dövründə də ədəbi-mədəni və mətbu mühitdə şöhrət qazanmışdı. Görkəmli ədibin dühasının məhsulu olan "Molla Nəsrəddin” jurnalı xalqı milli oyanışa, yeniliyə səsləyir, azadlıq ideyalarını təbliğ edirdi.
Yubiley tədbirləri çətrçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminin keçirilməsi, eləcə də ölkəmizin mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub.
Yubiley ilində mədəniyyət mərkəzləri, klub və mədəniyyət evlərinin nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən yazıçının əsərlərindən ibarət tamaşaların hazırlanması nəzərdə tutulur.
Həmçinin tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə ədibin yubileyinə həsr olunmuş tədbirlər həyata keçiriləcək.
Bakı Xoreoqrafiya Akademiyasında "Cəlil Məmmədquluzadə
və Molla Nəsrəddin ədəbi məktəbi”
mövzusunda elmi-nəzəri konfrans və "Böyük
demokrat publisist Cəlil
Məmmədquluzadənin dramaturgiya
yaradıcılığı” mövzusunda
"dəyirmi masa” keçirilməsi nəzərdə
tutulub.
Bundan başqa, Azərbaycan Milli
Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda "Cəlil Məmmədquluzadə
idealları və müasir dövr” mövzusunda beynəlxalq
elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda "Cəlil
Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda
elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda "Molla Nəsrəddin” jurnalının
transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya,
Folklor İnstitutunda "Cəlil Məmmədquluzadə və
xalq gülüş mədəniyyəti” mövzusunda elmi
konfrans, A.Bakıxanov adına Tarix İnstitutunda "Cəlil
Məmmədquluzadənin dövrü və ictimai-siyasi proseslərin
başlıca problemləri” adlı respublika konfransı, Fəlsəfə
İnstitutunda "Maarifçilik və Cəlil Məmmədquluzadənin
sosial-ideoloji görüşləri” mövzusunda respublika
konfransı, eləcə də Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Bizi deyib
gələn və bizimlə qalan Mirzə Cəlil”
mövzusunda elmi sessiya keçiriləcək.
Əlyazmalar İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yazıçı-dramaturqun həyat və yaradıcılığına və "Molla Nəsrəddin” jurnalına həsr olunan sərgilər təşkil olunacaq.
Həmçinin yubiley ilində nəşr layihələri də nəzərdə tutulub. "Molla Nəsrəddin” Ensiklopediyası”, "Ustad Mirzə Cəlil Məmmədquluzadə” monoqrafiyası, "Azərbaycan satirik mətbuatında gizli imzalar (1906-1920)” adlı biblioqrafik göstərici nəşr ediləcək.
Tədbirlər planına əsasən,
Azərbaycan Yazıçılar Birliyinin
"Natəvan” klubunda, birliyin
bütün filiallarında və Mirzə
Cəlilin Bakıdakı ev-muzeyində anım gecələri
təşkil olunacaq.
Azərbaycan.-
2019.- 4 aprel.- S.7.