Hərbi güc Azərbaycandadır

 

Cəbhədə yeni savaş başlasa, Ermənistan tarixinin ən böyük fəlakətini yaşayacaq

 

Üç il əvvəl ordumuzun əks həmlə ilə düşmənə vurduğu sarsıdıcı zərbə ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş imkanlarının təsdiqi kimi tarixə düşdü.

Eyni zamanda Aprel döyüşləri onu göstərdi ki, xalqımız ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün istənilən an müqəddəs savaşa hazırdır.

 

Böyük tarixi qələbə

 

Ermənistan hərbi birləşmələri 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusundan layiqli cavab aldılar. Ciddi tələfat verərək geri çəkilmək məcburiyyətində qalan erməni hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin gücünü və qüdrətini bir daha gördülər. Nə qədər gizlətməyə çalışsalar da, ayrı-ayrı erməni mənbələri Ermənistan ordusunun çoxsaylı canlı qüvvə və hərbi texnika itirdiyini etiraf etdi. Bu hadisəyə Azərbaycan cəmiyyətinin reaksiyası isə xalqımızın vətənpərvərlik ruhunun, torpaqlarımızı işğaldan azad etmək əzminin nə qədər yüksək olduğunu göstərdi.

2016-cı ilin aprelinə qədər Azərbaycan və eləcə də beynəlxalq ictimaiyyət ordumuzun hansı gücə malik olduğunu parad və təlimlərdə görmüşdü. Dördgünlük müharibənin yekunu olaraq düşmənin 22 il ərzində möhkəmləndikləri mövqelərindən, xüsusən strateji yüksəkliklərdən geri otuzdurulması, iki min hektar işğal olunmuş ərazinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən əzici gücə və üstünlüyə malikdir.

Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu.

Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, ordumuz təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edib istədiyi tədbiri görə bilsin.

İki gün əvvəl Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N” saylı hərbi hissəsində hərbçilərlə görüşdə Prezident İlham Əliyev Aprel döyüşlərini böyük tarixi qələbə adlandırdı: "Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır”.

 

Ordumuz üçün nə lazımdırsa edilir və ediləcək

 

Ümumiyyətlə, güclü dövlətin əsas sütunlarından biri ordudur. Müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsi də göstərir ki, məhz güc amili yaranan problemlərin həllində əsas rol oynayan vasitədir. Artıq bəşəriyyət elə bir dövrə gəlib çatıb ki, beynəlxalq hüquqonun prinsipləri anlayışı tədricən aktuallığını itirməyə başlayıb. Bu gün ayrı-ayrı ölkələrin müxtəlif bəhanələrlə xarici hərbi müdaxilələrə məruz qalması bunun təzahürüdür.

Azərbaycan beynəlxalq hüququn subyekti kimi dünyada gedən bu cür neqativ prosesləri yaxından izləyir və özü üçün nəticələr çıxarır. Çünki respublikamız artıq 30 ildir hərbi təcavüzlə üz-üzədir və torpaqlarımızın 20 faizə qədəri Ermənistan tərəfindən işğal edilib. Bütün bu hadisələrdə ilk gündən beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin təəssüflə qeyd etməliyik ki, Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları hələ ki nəticəsiz qalmaqdadır.

Bu baxımdan Azərbaycanın yeganə həll olunmamış problemi ərazilərinin işğal altında olmasıdır. Ona görə Azərbaycanda ordu quruculuğu məsələləri daim gündəmdə olmaqla dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanın son illərdəki sürətli inkişafı və maliyyə imkanlarının artması bu sahədə aparılan işlərin yeni keyfiyyət mərhələsinə qaldırılmasına təkan verib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti sayəsində Silahlı Qüvvələrimizin əsasını təşkil edən bütün hərbi birləşmələrin döyüş qabiliyyəti yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ötən 15 ildə Azərbaycanda həyata keçirilən ordu quruculuğu cəmiyyət həyatının bütün sahələrində baş verən yüksəlişin əsas səhifələrindən birini təşkil edib. Belə ki, ölkəmizin artan maliyyə imkanları nəticəsində ordumuz da güclənib, qüdrətlənib, döyüş imkanlarını ən müasir hərbi tələblər səviyyəsinə çatdırıb. Bu illərdə həyata keçirilən silahlanmada kəmiyyətlə yanaşı, keyfiyyətə də üstünlük verilib. Ordumuzun arsenalına xüsusən müasir hərbi sənayenin ən son texnologiyaları cəlb olunub ki, bununla da Azərbaycan Silahlı Qüvvələrinin modern hərbi gücə çevrilməsi baş verib.

Bu gün istifadəsində hədəfləri uzaqdan ən yüksək dəqiqliklə məhv edən yaylım atəş sistemləri var. Ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri, artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raketminaatan kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycana öz hərbi potensialını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. O cümlədən hava hücumundan müdafiə sistemimiz hava məkanımızı inamlı şəkildə nəzarətdə saxlayır. Bu istiqamətdə ordumuzun döyüş qabiliyyəti ən yaxşı silah istehsalçılarının texnologiyaları ilə gücləndirilib.

İndiyədək keçirilmiş hər bir parad Azərbaycan Ordusunun arsenalının sürətlə dəyişdiyini, ən modern hərbi texnikanın silahlanmaya cəlb edildiyini göstərir. Prezident İlham Əliyev hərbçilərlə görüşdə bir daha bəyan etdi ki, ordumuz üçün nə lazımdırsa edirik və edəcəyik: "Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”.

Silahlı Qüvvələrimizin imkan və qabiliyyətinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması və hərbi hissələrdə silahlanmaya qəbul edilməsi istiqamətində işlərin görülməsi davamlı şəkildə aparılır. Müasir döyüş texnikaları ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyəti ilə yanaşı, həm də yüksək nizam-intizama malikdir.

Bu cür yüksək keyfiyyət göstəricilərinə malik olan ordunun qarşısında Ermənistanın duruş gətirə bilməyəcəyi əlbəttə ki, gün kimi aydındır. Bunu vaxtaşırı ermənilərin özləri də etiraf edirlər. Lakin Ermənistanın başqa çıxış yolu da yoxdurmövcud iqtisadi vəziyyəti ordunu yeni hərbi texnika ilə gücləndirməyə imkan vermir. Heç perspektivdə də bu ölkənin inkişafı üçün işıq görünmür. Bir sözlə, əgər qarşıda Aprel döyüşlərinə bənzər növbəti hadisə baş versə, Ermənistan tarixinin ən böyük fəlakətini yaşayacaq. Çünki İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi güc də, hərbi gücbizim tərəfimizdədir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 5 aprel.- S.1; 3.