Liderlik məharəti və missiyası

 

İqtisad elmi hələ ki iqtisadi inkişafın əsas prinsip və qanunlarını əks etdirən kamil bir universal nəzəriyyə yarada bilməmiş, bu istiqamətdə göstərilən səylər hələlik konkret bir nəticəyə gətirib çıxarmamışdır. Lakin aparılan tədqiqatlar bir məsələni dəqiqləşdirmişdir ki, iqtisadi inkişafın əsasını institutlar təşkil edir. Bununla belə, müxtəlif istiqamətlərdə aparılan çoxsaylı tədqiqat işlərində müxtəlif institutlar iqtisadi inkişafın səbəbləri kimi göstərilsə də, bu nəticələr real həyatda tam deyil, təsdiqini qismən tapır.

Həmin tədqiqat işlərinin təhlili kifayət qədər ziddiyyətli məqamları üzə çıxarmışdır. Apardığımız tədqiqat nəticəsində belə qərara gəlmək olur ki, iqtisadi inkişaf üçün zəruri olan institutları əsas və törəmə institutlara ayırmaq lazımdır. Əvvəlcə göstərmişdik ki, iqtisadi inkişaf üçün zəruri olan əsas institut liderlik institutudur. Qalan digər institutlar isə ikinci dərəcəli, ondan törəmədir. Fikrimizi əsaslandırmaq üçün liderlik institutuna bir qədər dərindən yanaşacağıq və bu zaman "lider kimdir” sualına müəyyən qədər aydınlıq gətirməyə çalışacağıq.

Reallıq budur ki, istənilən institut, yəni "oyun qaydaları” hakimiyyətin nəticəsidir. Yəni hakimiyyət birincidir, institutlar isə hakimiyyətin törəməsi kimi ikincidir. Hakimiyyət məsələsi həmişə müəyyən şəxslərlə, liderlərlə bağlı olmuşdur. Tarixdə baş verən böyük hadisələrin başında həmişə liderlər dayanmışlar və tarix sübut edir ki, liderlər tarixin gedişinə güclü təsir göstərirlər. Liderlik insan fəaliyyətinin bütün sahələrinə xasdır və ona hər yerdə rast gəlinir.

Bu səbəbdən bəşər tarixində baş vermiş istənilən hadisə konkret bir tarixi şəxsiyyətin adı ilə bağlıdır. Əslində tarix dediyimiz də əsasən elə böyük şəxsiyyətlərin gördüyü işlər, özlərindən sonra insanlara saxladıqları zəngin irs və onların məzmunlu həyatıdır. XV əsrin sonu, XVI əsrin əvvəllərində yaşayıb- yaratmış, siyasi fəlsəfə elmində inqilab etmiş böyük italyan mütəfəkkiri N.Makiavelli insanları iki qrupa bölmüşdür. Bir qrupa tarixi yaşayan insanları, digər qrupa isə tarixi yaradan insanları aid etmişdir. Əsl liderlər də, əlbəttə, məşğul olduqları sahələrdə böyük inqilablara imza atan, tarixi yaradan insanlardır. Bu məqaləmizdə də söhbət elə tarixi yaradan şəxsiyyətlər, liderlər haqqında gedəcəkdir.

İlk növbədə ondan başlayaq ki, əksər hallarda insanlar rəhbərlə lideri səhv salırlar. Liderlik psixoloji fenomendir, rəhbərlik isə sırf idarəetmə ilə əlaqəlidir. Geniş mənada lider - insanlararası münasibətlər sistemində dominantlıq və tabelik, təsiretmə və əməletmə münasibətləridir. Lider cəmiyyətin əksər üzvlərinin açıq və ya gizli razılığı əsasında dominant vəziyyəti ələ alaraq hakimiyyətin favoritinə çevrilir, təsiri və nüfuzu əsasən "qeyri-formal” xarakter daşıyır. Rəhbər isə rəsmi vəzifə tutan formal liderdir. Formal liderlər müəyyən qaydalara əsasən təyin olunurlar və funksional münasibətlər daşıyıcılarıdır. Qeyri-formal liderlər isə qrup üzvlərinin şəxsi qarşılıqlı münasibətləri əsasında meydana çıxır. Hər rəhbər lider ola bilməz, lakin hər bir liderin həm də rəhbər olmaq şansı var. Rəhbərin başçılıq etdiyi kollektivin idarəolunmasında əsas məqsədi insanların işləri düzgün yerinə yetirməsidir, liderlikdə isə əsas məqsəd düzgün, lazım olan işlərin reallaşdırılmasıdır. Formal liderlər, yəni rəhbərlər başqasının ideya və göstərişlərini, qeyri-formal həqiqi liderlər isə öz ideyalarını həyata keçirirlər. Birincilər tabeliklərində olan insanlardan, ikincilər isə ardıcıllarından, tərəfdaşlarından istifadə edirlər.

Həqiqi lider insanlar üçün taleyüklü məsələlərdə bir ümid yeridir. Lider öz şəxsi nümunəsi vasitəsilə ictimai maraqları reallaşdıran insandır və o, cəmiyyətdə tərəqqini, həyatı stimullaşdırır, təkamülə təkan verən dialektikanı aşkarlayır. Onlar cəmiyyətdə siyasi, iqtisadi və digər prosesləri aktivləşdirir, sürətləndirir, tarixi inkişafın katalizatoru rolunu oynamaqla onun istiqamətini müəyyən edən proqramlar irəli sürür, epoxal dəyişikliklərin başında dururlar. Daha parlaq liderlər isə bir dövrü qapayaraq yeni bir dövr açırlar.

Lider həm də yeni ideyaları generasiya etməyə qabil, simasını, sərbəstliyini qoruyaraq cəmiyyətin bütövlüyü və rifahını təmin etməyi, lazım gələndə məsuliyyəti öz üzərinə götürməyi, qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləməyi və komandasını arxasınca aparmağı bacaran şəxsdir. Liderlər kommunikabelliyə, yaradıcı analitik zəkaya malik ambisiyalı, streslərə dayanıqlı, səbirli və təmkinli, kreativ, provokasiyaya uymayan, başqasının əlində oyuncağa çevrilməyən, öz iradəsinin sahibi kimi təxribat aləti olmayan, intriqalarda iştirak etməyən, heç kəsin qarşısında əyilməyən, sınmayan polad iradəyə malik şəxslərdir. Adətən bu tip insanlar xarizmaya, yəni onları başqalarından kəskin surətdə fərqləndirən tamamilə başqa bir keyfiyyətə malik olurlar. Bu, liderə xas olan əsas fərqli xüsusiyyətdir. Xarizmanı əsaslandıran bu fərqli xüsusiyyətlər müxtəlif, o cümlədən məsələlərə hamı kimi standart deyil, fərqli yanaşma, fərqli baxış bucağı, fərqli düşüncə tərzi, leksikonunda qeyri-standart ifadə və kəlmələrdən geniş istifadə, iti ağıl və hazırcavablıq, istedad, incə yumor hissi, geniş bilik diapazonu və s. kimi keyfiyyətlər ola bilər. Əsl lider əksər menecerlərin riayət etdiyi qəbul olunmuş standartlara, yazılmayan qaydalara, qanunlara deyil, öz prinsiplərinə uyğun hərəkət edirlər və başqalarını da buna uyğun hərəkət etməyə sövq edirlər.

Qədim yunan filosoflarından biri demişdir: "Qanun hörümçək toru kimidir - zəiflər orada çabalayaraq ilişib qalırlar, güclülər isə onu yırtıb dağıdırlar”. Bu mənada əsl lideri heç bir yazılan və ya yazılmayan qanun qorxutmur, o, sırınan istənilən oyun qaydasını heçə çevirərək öz qaydalarını diktə edir. Lider yalnız öz bildiyi qaydalara uyğun yaşayır və fəaliyyət göstərir. Bir gerçəkliyi, əsas məsələni dərk etmək lazımdır ki, əsl lider hamı kimi olmur, o, tamamilə fərqli bir insandır. Xarizmatik lideri müəyyən edən digər əsas amil onun missiyasıdır. Məhz missiya liderin həyatının əsas məqsədi, qələbələrə aparan əsas amildir. Məqsədsiz lider isə sadəcə nonsesdir.

Həqiqi liderin gücü həmişə insanlara şəxsiyyət kimi yanaşmasında, onun öz dəyərlərinə, həyat kredosuna sadiq olmasındadır və onlar heç bir halda bu dəyərlərə xəyanət etmirlər, arxa çevirmirlər. Hamıda olmayan bu keyfiyyətlər liderə güc, qüdrət verir və onun arzularından, ehtiraslarından yüksəkdə durur. Əsl liderin dəyərlər sistemini heç kəs dağıda bilmir, çünki bu dəyərlərdən imtina liderin özündən imtina etməsi deməkdir.

Liderlərə xas olan digər bir xüsusiyyət onlarda olan səmimi yumor hissidir. Yüksək yumor hissi yüksək intellektual səviyyənin mövcudluğundan xəbər verir. Yumor hissi şit zarafat deyil, ali düşüncədir.

Liderin ünsiyyət qurmaq bacarığı, kommunikabelliyi, söhbətcil, maraqlı müsahib ola bilməsi də vurğulanmalıdır. İnsanlar böyük məmnuniyyətlə onunla münasibət qurur, ünsiyyətə can atırlar. Liderlər bu zəruri alətdən kifayət qədər uğurla istifadə edirlər. Ünsiyyət qurmağı, öz ideyalarını ifadə etməyi, onları insanlara hamının başa düşə biləcəyi şəkildə ötürməyi bacarmayan şəxs heç vaxt insan kütlələrini ardınca apara bilməz.

Liderin həmişə əlinin altında hazır strategiyası olur, hətta strategiyası olmasa belə, yeni və fərqli biliklərə malik olduğu üçün ani olaraq strategiya işləyib hazırlamağı bacarır. O öz diqqətini həm xırda detallarda, həm də qlobal məsələlərdə cəmləşdirməyi bacarır, strategiya yarada və öz ideyalarını reallaşdırmaq üçün atacağı hər bir addımın alqoritmini müəyyən edə, problemin ümumi mənzərəsini görə bilir.

Lider üçün standart qaydalar mövcud deyil, o, nadir yaradıcı təfəkkürə malik bir insandır, öz təfəkkürünün gücünə və həyat təcrübəsinə əsaslanaraq qaydaları özü yaradır. Hislərinə, güclü intuisiyasına, dəmir məntiqinə əsaslanaraq öz dəyərlər sisteminə uyğun qərarlar qəbul edir. Lider həmişə öz fəaliyyətini və ideyalarını mümkün olan bütün vasitələrlə genişləndirir. O, ətraf mühit üçün açıqdır, istənilən yeni imkanlara, ağıllı ideyalara "hə” deyir və hətta uğursuzluğa düçar olduqda belə ruhdan düşmür, hər şeyi yenidən başlamağı bacarır. Lazım olduqda risk etməyə hazır olması liderin əsas xüsusiyyətlərindən biridir. Lider öz istəklərini ətrafdakıların istəyilə uzlaşdırır, onlarla ümumi dil tapır, tələbatlarını eşitməyə və nəzərə almağa hazır olur.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, liderlik qabiliyyətini, bacarığını sonradan həyat fəaliyyəti nəticəsində qazanmaq mümkün deyil, lider elə anadan lider kimi doğulur. Bu cür anadangəlmə xüsusiyyəti olan əsl lider hamının hörmət və fəxr etdiyi, oxşamaq istədiyi insandır. Bəzən elə bir kritik vəziyyət meydana çıxır ki, liderlər onlar üçün diskomfort yaradan qərarlar qəbul etməyə məcbur olurlar. Amma liderin kritik məqamlarda qəbul etdiyi taleyüklü qərarlar müəyyən zaman keçdikdən sonra onun strateji cəhətdən nə qədər uzaqgörən olmasını sübut edir.

Liderlərin fəaliyyətini təhlil edən R.Taker siyasi favoritləri üç tipə bölmüşdür: konservatorlar, islahatçılar və inqilabçılar. Konservatorlar həmişə status-kvonun saxlanılmasında maraqlı olurlar. İnqilabçıların məqsədi prinsipial olaraq tamamilə fərqli bir sistemə keçiddir. Lider-islahatçı isə yenidən qurandır, onlar yaradıcılıq nümayiş etdirir, öz ardıcıllarını vəddən vədə deyil, nəticədən nəticəyə aparır, insanları dividendlərə yox, əməyə, zəhmətə istiqamətləndirirlər.

Yalnız lider-qəhrəmanlar tarixin axarını müəyyən edir, bir dövrü qapayaraq yeni bir dövr, era, epoxa açırlar. Makedoniyalı İskəndər, Çingizxan, Əmir Teymur, Qanuni Sultan Süleyman, C.Vaşinqton, T.Cefferson, U.Çörçil, Atatürk, Şarl de-Qoll kimi tarixi şəxslər məhz bu tip lider-qəhrəmanlar olmuşlar və tarixin axarını başqa istiqamətə yönəltməyi bacarmışlar. Məhz buna görədir ki, liderlər arasında siyasi xadimlər və böyük sərkərdələr çoxluq təşkil etməklə diqqəti daha çox cəlb edirlər. Lakin müasir dövrün öz xüsusiyyətləri var və onun tələbləri dövrə uyğun olur. Müasir dövrün liderlərində yuxarıda sadalanan müsbət keyfiyyətlərdən əlavə, kütlələrin maraqlarını ifadə etmək, innovasiyalara meyillilik, yəni daim yeni ideya, proqramlar irəli sürmək, həmişə siyasi cəhətdən məlumatlı olmaq, siyasi zamanı hiss etmək, duymaq, lazım olan anda kompromisə gedə bilmək bacarığı kimi keyfiyyətlərə də malik olmalıdır. İrəli gedərək bildirək ki, Heydər Əliyev məhz belə liderlərdən idi.

Siyasi liderlərə xas olan əksər keyfiyyətləri iqtisadiyyat, təsərrüfat, istehsal sahəsində çalışan insanlara da aid etmək olar. Bəllidir ki, inkişafın innovasiya tipi bazar sistemli ölkələrdə aparıcı rol oynayır. Bu sahədə innovativ liderlər sırasında C.Ford, S.Rokfeller, N.Rotşild, A.Düpon, T.Edison, B.Geyts, S.Sobs, S.Xonda kimi biznes dünyasının nəhəngləri var. Onlar dəyişikliklərə, "yaradıcı dağıdıcılığa” səy göstərmək, ənənələrə qarşı qiyam, biliyə həvəs, hər şeyi öyrənmək və bilmək marağı, "iş hər şeydən üstündür” prinsipinə uyğun davranış, sarsılmaz optimizm, xarizmatik liderlik, insanlara təsir edə bilmək bacarığı, həyatda və işdə risk etmək, təşəbbüskarlıq, novatorcasına öncəgörməlik və gələcəyi proqnozlaşdıra bilmək qabiliyyəti kimi təkrarsız xüsusiyyətlərə malik olmuşlar.

Elm sahəsindəki liderlik də özünəməxsus xüsusiyyətlərə malikdir. Məlumdur ki, elmi tədqiqatlar iki - fundamental və tətbiqi istiqamətlərdə aparılır. Bu sahədə liderlik əsasən birinci istiqamətdə, yəni fundamental kəşflər edən alimlərə məxsusdur. Fundamental tədqiqatlara təbiət qanunlarının kəşfinə, hadisələr və real gerçəkliyin, həqiqətin obyektləri arasındakı münasibətlərin müəyyən olunmasına yönələnlər aid edilir. Kəşfin fundamentallığının əsas əlaməti öz əksini konseptual universallıq və məkan-zaman ümumiliyində tapır. Tətbiqi elm köhnə metodları təkmilləşdirirsə, fundamental elm yeni metodlar yaradır, tətbiqi elm islahatlara aparırsa, fundamental elm inqilablara gətirib çıxarır. Fundamental tədqiqatlarda əsas məsələ problemin qoyuluşudur və bu, xüsusi qabiliyyət, istedad tələb edir.

Belə bir fikir mövcuddur: istedadlı insan o insandır ki, qarşıya qoyulan problemi hamıdan yaxşı həll edir, dahi odur ki, qoyduğu problem heç kəsin ağlına gəlmir. Yaxud istedadlı insan heç kəsin bilmədiyi, dahilər isə heç kəsin başa düşmədiyi suallara cavab tapırlar. Məsələnin gizli əsasını görə bilmək bacarığı, daha sonra məsələni qoymaq qabiliyyəti, onu kənar, yad, təsadüfi vəziyyətlərin, şəraitlərin böyük kütləsi içərisindən taparaq ayırmaq və nəhayət, onun pərdələnərək gizli qalan mahiyyətinə qədər gedib çıxmaq qarşıya qoyulmuş məqsədə nail olmağa zəmanət verir.

Fundamental elmi kəşflər digər kəşflərdən həm də onunla fərqlənir ki, onlar mövcud prinsiplərdən deduksiya əsasında alınmırlar. Böyük kəşflər yeni prinsiplərin işlənilməsi nəticəsində olur. Elm tarixində fundamental olaraq Evklid həndəsəsi, Lobaçevski həndəsəsi, Kopernikin heliosentrik sistemi, Nyutonun klassik mexanikası, Mendel genetikası, Eynşteynin nisbilik, Darvinin təkamül, iqtisad elmində A.Smitin liberal iqtisadiyyat, C.M.Keynsin səmərəli tələb, R.Konzun sosial xərclər nəzəriyyələrini misal göstərmək olar. Adları çəkilən bu böyük zəka sahibləri məşğul olduqları elm sahələrində təkrarsız liderlik keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirmişlər. Onların kəşfləri bütövlükdə həqiqət, gerçəklik haqqındakı mövcud təsəvvürlərin, baxışların əsasını sarsıdaraq kökündən dəyişmişdir.

Bu məqalə liderlik institutu və iqtisadi inkişaf arasında səbəb-nəticə əlaqəsinin araşdırılmasına həsr olunduğu üçün biz təkcə dövlət idarəçiliyi sahəsində liderlik etmiş tarixi şəxsiyyətləri deyil, konseptuallıq baxımından liderliyin təsərrüfat və iqtisadiyyat, elm sahəsində oynadığı rola da qısa nəzər salıb müəyyən təhlillər aparmağı zəruri hesab edirik. İnkişaf etmiş və yüksək iqtisadi artım tempi göstərən dövlətlərin keçdiyi yolu təhlil etdikdə belə bir fikrə gəlmək olur ki, onların bu səviyyəyə çatmasında əsas səbəb güclü liderlik və siyasi iradə institutlarının mövcudluğu olmuşdur. Həmin ölkələr indiki uğurlara asanlıqla nail olmamış, bu yolda mübarizə aparmışlar. Bu mübarizədə onlara qüdrətli tarixi şəxsiyyətlər liderlik etmişlər. Siyasi iradə və güclü liderlik kimi institutlara malik olmaları bu xalqlara belə bir inkişaf səviyyəsinə çatmağa imkan yaratmışdır. Zənnimizcə, məhz bu iki institut Avropada inkişafa səbəb olan digər səmərəli institutların əsasını təşkil etmişdir. Əgər bu iki institut olmasaydı, iqtisadi inkişaf və bazar mexanizminin səmərəli fəaliyyəti üçün zəmin yaradan digər institutlar da meydana çıxmazdı və deməli, həmin iqtisadi artım, yüksək rifah baş verməzdi.

Müharibədən sonrakı dövrdə Almaniya iqtisadiyyatının dirçəlməsi və "alman iqtisadi möcüzəsi” ölkədə 1949-1969-cu illərdə hakimiyyətdə olmuş xristian-demokratların xidmətidir. Müharibədən sonra Almaniyada reallaşan iqtisadi islahatların memarı sosial bazar iqtisadiyyatının müəllifi professor Lüdviq Erxard (1897-1977) olmuşdur. O, Almaniya Federativ Respublikasının (AFR) xalq təsərrüfatı naziri (1949-1963), 1957-ci ildən federal kanslerin müavini və 1963-1966-cı illərdə AFR-in federal kansleri olmuşdur. Məhz onun birbaşa rəhbərliyi altında "alman iqtisadi möcüzəsi” baş vermişdir. XX əsrin 50-ci illərinin ortalarında ölkədə fasiləsiz iqtisadi artım başlamış və bu proses 60-cı illərin sonunadək davam etmişdir.

Yaxud götürək gündoğan ölkəni. İki atom bombası və İkinci Dünya müharibəsində məğlubiyyət nəticəsində viranəyə çevrilmiş Yaponiyanı bu fəlakətli vəziyyətdən imperator Mutsuxito xilas etmişdir. Onun öz komandası ilə birgə apardığı islahatlar Yaponiyanı dünya miqyaslı bir iqtisadi gücə çevirmişdir. "Yapon möcüzəsi” 1950-ci ildən başlayaraq 1973-cü ildəki böhranadək davam edən və ölkə iqtisadiyyatında rekord artımla müşayiət olunan tarixi bir fenomendir. Bu dövrdə hər il, demək olar ki, 10 faiz təşkil edən iqtisadi artım o illər inkişaf etmiş ölkələr arasında ən yüksək göstərici idi. Çox sürətli iqtisadi artım tempi ilə Yaponiya öz iqtisadi gücünə görə dünyada ikinci yerə çıxmışdır. O, Fransa, İtaliya, Kanada, Böyük Britaniya, AFR, SSRİ kimi ölkələri ötüb keçmiş və yalnız ABŞ-dan geri qalmışdır. Yaponiya iqtisadiyyatı 1968-ci ildən 2010-cu ilədək dünyanın ikinci iqtisadiyyatı hesab olunurdu. Yalnız 2010-cu ildən sonra bu rolu Çin oynamağa başlamışdır.

Cənubi Koreyaya gəldikdə, bu ölkənin iqtisadiyyatı 2011-ci ildə ÜDM-in həcminə görə (alıcılıq qabiliyyəti pariteti üzrə) dünyada 12-ci yerdə olmuşdur. Adambaşına düşən ÜDM 1963-cü ildəki 100 dollardan 2011-ci ildə 31000 dollara çatmışdır. Bu uğurların bünövrəsi 1961-ci ildə general Pak Çonxinin hakimiyyətə gəlişindən sonra qoyulmuşdur. Onun öz xalqı qarşısında əsas xidməti Cənubi Koreyanı geridə qalmış aqrar ölkədən müasir sənaye ölkəsinə çevirmək olmuşdur. General Pak belə hesab edirdi ki, iqtisadi inkişafda əsas rolu mərkəzi idarəetmə oynamalıdır.

Məlumdur ki, dünya ölkələri iqtisadi inkişaf səviyyəsinə görə üç qrupa bölünür: inkişaf etmiş, inkişaf edən və geridə qalan. Bu bölgü məntiqi olaraq belə bir sual doğurur: görəsən, geridə qalmış ölkələrdə yaranan vəziyyətdən çıxış yolu nədir? Doğrudanmı dünyanın bəzi xalqları iqtisadi inkişafa, yüksək həyat standartlarına, firavan yaşayışa, digər əksəriyyət isə aclığa, səfalətə, yoxsulluğa, məhrumiyyətlərə məhkum olunmuşlar? Bu xalqların ağır vəziyyətə düşməsinin əsas səbəbi, görəsən, nədir?

Neoklassik nəzəriyyələrdə iqtisadi inkişafın səbəbi kimi investisiya, insan kapitalı, təhsil və s. amillər göstərilir. Lakin institusionalist alimlər sübut etmişlər ki, neoklassiklərin göstərdikləri bu amillər iqtisadi inkişafın səbəbləri deyil, iqtisadi inkişafın özüdür, onun nəticəsidir.

İnkişafdan geri qalmaq kimi bir problem keçmiş SSRİ-nin tərkibinə daxil olmuş əksər respublikalarda da mövcuddur. Məlum olduğu kimi, SSRİ dağıldıqdan sonra bu məkanda baş verən bir çox prosesləri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Dünyanın iqtisadi tarixində baş vermiş ən dəhşətli iqtisadi böhranların heç biri ölkələrə, xalqlara, onların təsərrüfat həyatına öz zərərli təsirinin miqyasına görə SSRİ-nin dağılması nəticəsində vurulan zərərlə müqayisə edilə bilməz. Bu sistem transformasiyası tarixdə nadir hallarda rast gəlinən bir fenomen olduğu üçün onun təsiri də keçmiş ittifaq respublikaları üçün çox sarsıdıcı və acınacaqlı idi. Ona görə də keçmiş ittifaq respublikalarının SSRİ-nin süqutundan sonra keçən 28 ildə hələ də ciddi bir inkişafa nail ola bilməmələri öz aktuallığını saxlamaqdadır.

Onu da unutmaq olmaz ki, SSRİ-nin, ümumiyyətlə, sosializm düşərgəsinin dağılmasından sonrakı illərdə böyük güc mərkəzləri arasında dünyanın yenidən bölgüsü uğrunda amansız mübarizə gedirdi. Həmin proses bu gün də davam edir. Hər bir güc mərkəzi ortaya müəyyən bir ideya atmaqla insanları öz tərəfinə çəkib rəqiblərinə qarşı istifadə edir. Böyük dövlətlərin ortaya atdığı demokratiya, insan haqları, mətbuat və söz azadlığı kimi ideyalar əslində zəif dövlətlərin daxili işlərinə qarışmaq üçün bir vasitə, bəhanədir. Sözsüz ki, bu cür institutlar, "oyun qaydaları” iqtisadiyyata da təsirsiz ötüşmür.

Əlbəttə, demokratiya, insan haqları, mətbuat və söz azadlığı kimi institutlar, yəni dünyaya sırınmış "oyun qaydaları” öz həqiqi mahiyyətinə uyğun, səmimi olaraq tətbiq edilsəydi, onda buna yalnız sevinmək olardı. Əgər bu ölkələr öz ərazilərində hökm sürən demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi "oyun qaydaları”nın yenicə müstəqillik qazanmış, geridə qalmış dövlətlərdə bərqərar olmasına səmimiyyətlə yanaşsaydılar, bu istiqamətdə onlara kömək etsəydilər, onda onlara inam və etibar da yüksək olardı. Lakin hadisə və proseslərin gedişi göstərir ki, məsələ heç də belə deyil. Hazırda Yaxın Şərqdə, o cümlədən ərəb ölkələrində təsir sferaları, bölgənin təbii resurslarına sahib olmaq uğrunda gedən vətəndaş müharibələri, qanlı toqquşmalar, terror hadisələri, indiki MDB ərazisində mövcud olan etnik münaqişələr, demokratiya adı altında dünyanın digər qitələrində baş verən vətəndaş və etnik qarşıdurmalar məhz böyük dövlətlərin, beynəlxalq güc mərkəzlərinin dünyaya sırıdığı həmin üzdəniraq "oyun qaydaları”nın nəticələridir. Bütün bu proseslər həmin ölkələrə öz iqtisadiyyatlarını qurmağa, gələcəkdə sakit, dinc, firavan yaşamağa imkan vermir.

Dünyanı idarə edən güc mərkəzlərinin müxtəlif ölkələrə tətbiq etdikləri yanaşmalar siyasətdə məşhur olan "ikili standartlar” tipli "oyun qaydaları”na əsaslanır. Bu tip siyasət yürüdən həmin dövlətlərin əlində güclü iqtisadiyyatdan əlavə güclü və modern ordu kimi bir institut da var. Müstəqilliyi təzə qazanmış və münaqişəli vəziyyətdə olan ölkələrdə müəyyən vasitələrlə bəzi insanları öz adamlarına, əlaltılarına çevirərək onları hakimiyyətə gətirmək, daha sonra həmin insanların əli ilə öz iqtisadi və siyasi məqsədlərini reallaşdırmaq istəyən böyük dövlətləri heç vaxt digər xalqların yüksək həyat səviyyəsi, iqtisadi inkişafı, firavan yaşayışı maraqlandırmır. Hakimiyyətə gətirdikləri insanlar isə xalqın, dövlətin malik olduğu təbii sərvətləri dəyər-dəyməzinə, su qiymətinə topdan və pərakəndə şəkildə sağa- sola satmaqla məşğul olurlar.

Təəssüflər olsun ki, dünyada və keçmiş SSRİ məkanında baş verən bu hadisələr Azərbaycandan da yan ötməmişdir. 90-cı illərin əvvəllərində ölkəmizdə baş verən hadisələr, xaos, kriminogen vəziyyət, iqtisadi tənəzzül, az qala vətəndaş müharibəsinə gətirib çıxaran qarşıdurmalar, ictimai-siyasi qeyri-sabitlik, dünyanın böyük güc mərkəzləri tərəfindən "demokratiya”, "insan haqları” kimi müxtəlif bəhanələrlə ölkəmizə edilən təzyiqlər və s. heç kimin yaddaşından silinməmişdir.

Yalnız xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu neqativ proseslərin qarşısına sipər çəkilmişdir. Başqa ölkələrə, o cümlədən Azərbaycana münasibətdə də tətbiq edilən "ikili standartlar” kimi "oyun qaydaları”na qarşı Heydər Əliyev öz siyasi doktrinasını, müəllifi olduğu balanslı siyasət konsepsiyasını ortaya qoymuşdur. Məhz onun güclü, sarsılmaz siyasi iradəsinin, təkrarsız liderlik keyfiyyətlərinin, sağlam, analitik düşüncəsinin və siyasi uzaqgörənliyinin nəticəsi idi ki, dövlətimizə edilən təzyiqlərə, qoyulan maneələrə baxmayaraq, bu gün ölkəmiz dinamik iqtisadi inkişaf yolunda inamla addımlayır. Vaxtilə Heydər Əliyevin bütün sahələrdə, o cümlədən iqtisadiyyatda apardığı islahatlar bu gün öz bəhrəsini verir. ÜDM-in, orta aylıq əməkhaqqının, dövlət büdcəsinin, məşğulluğun, büdcədən sosial məqsədlərə ayrılan vəsaitlərin ilbəil bir neçə dəfə artırılması məhz ulu öndərin qoyduğu iqtisadi təməlin nəticəsidir. Heydər Əliyevin titanik səyləri sayəsində 1994-cü ildə imazalanan "Əsrin müqaviləsi” nəticəsində qoyulan ovaxtkı investisiyanın multiplikativ effekti ölkə iqtisadiyyatına bu gün də öz təsirini köklü şəkildə göstərir. Burada hər hansı bir rəqəmi, statistik məlumatı göstərməyə heç bir lüzum, ehtiyac yoxdur, bu məlumatlarla hamı tanışdır.

Heydər Əliyevin qoyduğu bu ənənəni səmərəli şəkildə davam etdirən Prezident İlham Əliyev yeni uğurlara imza atmaqla ölkənin iqtisadi inkişafının bir mərhələsini sona çatdıraraq növbəti mərhələyə keçmişdir. Onun dövlət başçısı seçildiyi vaxtdan indiyə qədər ölkə iqtisadiyyatı bir neçə dəfə böyümüşdür. Son 2-3 ildə aparılan iqtisadi islahatlar, qəbul edilən qanun və qərarlar, imzalanan fərman və sərəncamlar ölkəmizin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artmasına, daxili istehsalçıların dünya bazarına çıxmasına, orada pay sahibinə çevrilməsinə və Azərbaycana xarici valyuta axınının təmin edilməsinə, ümumiyyətlə, iqtisadiyyatımızın həcminin böyüməsinə, vətəndaşların gəlirlərinin və məşğulluğun artmasına, sosial problemlərin həllinə gətirib çıxarmışdır. Cənubi Qafqazda beynəlxalq infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsində, onun beynəlxalq arenada siyasi çəkisinin artmasında, regionda bütün məsələlərdə söz sahibinə çevrilməsində böyük rol oynamışdır. Ölkəmiz və xalqımız artıq yürüdülən iqtisadi siyasətin, aparılan iqtisadi islahatların bəhrəsini görməkdədir.

Lakin həmin layihələri reallaşdırılmaq asan başa gəlməmişdir. Bu məsələlərin həllində Azərbaycana rəqib olan dövlətlərin yaratdıqları maneələr, edilən təzyiqlər, ölkəmizin iqtisadi inkişafını istəməyən bəzi güc mərkəzləri həmin layihələrin reallaşdırılmasını bir qədər ləngitsələr də, ölkə başçısı İlham Əliyevin qətiyyəti, sarsılmaz polad iradəsi qarşısında geri çəkilməyə məcbur olmuşlar. Prezidentimizin heç bir təzyiqdən çəkinməyərək öz mübarizəsilə hər bir gücə qarşı gördüyü işlərlə, siyasi etika çərçivəsində istifadə etdiyi "fənd”lərlə verdiyi cavablar həmin gücləri Azərbaycanla hesablaşmağa məcbur etmişdir. Bu cür taleyüklü, məsuliyyətli qərarların qəbulunda İlham Əliyevin siyasi iradəsi və liderlik keyfiyyətləri bir daha öz sözünü demişdir. Təəssüflər olsun ki, bu məsələyə dodaq büzənlər, əsassız tənqidlə yanaşanlar, qərəzli mövqedən çıxış edənlər də var. Lakin onlar bilməlidirlər ki, bu misilsiz işləri qərəzli, əsassız olaraq tənqid edənlər xalq və tarix qarşısında məsuliyyət daşıyırlar.

Bizim bu məsələyə toxunmağımızda əsas məqsəd təkcə Azərbaycanın son 25 ildə deyil, ümumiyyətlə inkişaf etmiş ölkələrin nail olduğu iqtisadi inkişafın fundamental səbəblərini elmi cəhətdən aşkar etməkdir. Elm, məlum olduğu kimi, heç kəsin istəyindən və iradəsindən asılı olmayan obyektiv reallığı, həqiqəti, gerçəkliyi aşkar və sübut edir. Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişafının tarixinin qısa təhlili də sübut edir ki, iqtisadi inkişafın fundamental səbəbləri "siyasi iradə” və "liderlik” institutlarıdır. AFR-də L.Erxardın, Yaponiyada imperatorun, Cənubi Koreyada general Pak Çonxinin, Tayvanda Çan Kayşinin, Sinqapurda Li Kvan Yunun öz xalqlarının həyatında oynadığı misilsiz rolu Azərbaycanda bugünkü iqtisadi inkişafın banisi Heydər Əliyev oynamışdır. İndi isə bu missiyanı Prezident İlham Əliyev uğurla davam etdirir.

Çox maraqlıdır, nəyə görə bu cür şəxsiyyətlər tarixin məhz kritik dönəmində meydana çıxırlar? Bu sualın yeganə cavabı var: tarixi zərurət. Həmin insanlar həmişə lazım olan anda lazım olan yerdə olurlar. Onlar öz sarsılmaz siyasi iradələri ilə rəhbəri olduqları dövlətin daxili işlərinə qarışmağa heç bir xarici gücə imkan vermirlər. Məhz buna görə deyə bilərik ki, inkişaf etmiş bütün ölkələrin inkişafının ən fundamental səbəbi "siyasi iradə” və "liderlik” institutlarıdır. Yuxarıda göstərilən ölkələrin, o cümlədən Azərbaycanın timsalında biz bir daha bunun şahidi oluruq.

 

Nazim HÜSEYNOV,

iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 6 aprel.- S.7.