Bakıda üçüncü milli BMT modeli konfransının açılış mərasimi keçirilib

 

Aprelin 5-də Bakıda üçüncü milli BMT modeli konfransı (Milli MUN) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevin yürütdüyü uğurlu strategiya nəticəsində bu gün Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirərək həm regional, həm də beynəlxalq səviyyədə bir sıra sahələrdə liderlik əldə etdiyini deyib. Bildirib ki, BMT modeli hərəkatı “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması” layihəsi çərçivəsində formalaşıb. Konfrans Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə reallaşdırılır.

Nazir qeyd edib ki, layihənin və tədbirin əsas məqsədi Azərbaycanda BMT modeli (MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək şəbəkəsinin yaradılmasıdır. Eyni zamanda, gənclərin qlobal siyasi müzakirələrdə fəallıqlarını dəstəkləmək üçün yeni platformaların yaradılması da tədbirin əsas hədəflərindəndir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 30 gənc dünyanın müxtəlif ölkələrində Milli MUN Modeli çərçivəsində konfranslarda iştirak edib.

A.Rəhimov bildirib ki, əvvəllər Daşkəsəndə, Naxçıvanda, İsmayıllıda keçirilmiş BMT modeli üzrə konfranslaryay məktəbləri region gənclərinin bu tədbirə qatılmalarında böyük rol oynayıb. Bu model gənclərə fərdi bilik və bacarıqlarını inkişaf etdirmələri üçün böyük dəstəkdir. Gənclər burada BMT ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər. Konfransın davam edəcəyi növbəti üç gün ərzində gənclər aparılan müzakirələrdə və qaldırılan problemlərin həllində fəallıq göstərəcək, təkliflərini verəcəklər.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti çıxışında təmsil etdiyi qurumun ölkəmizlə bu sahədə altı il əvvəl başladığı əməkdaşlığın nəticəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycanın müxtəlif regionlarından olan gənclərin də qatıldıqları konfransın gənclərin inkişafı, onların BMT-nin qurumları və üzv ölkələr haqqında, həmçinin müzakirəyə çıxarılan mövzular barədə biliklərini təkmilləşdirmək, eləcə də qlobal müzakirələrdə diplomat qismində iştirak edərək fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. BMT nümayəndəsi layihə çərçivəsində 17 gənc səfirin seçilməsinin təqdirəlayiq olduğunu qeyd edib.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudov çıxışında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qısa müddətdə ölkəmizdə bütün sahələrdə, o cümlədən gənclərin inkişafı sahəsində dövlət tərəfindən böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışlarında gənclər sahəsinə xüsusi diqqətini daim vurğulayır. Azərbaycan Prezidenti gənclərimizə dövlət tərəfindən yaradılan geniş imkanlardan istifadə edərək bilikli, savadlı və müasir texnologiyalardan yüksək səviyyədə istifadə etməyi bacaran vətənpərvər gənclər kimi yetişməyi tövsiyə edir”.

U.Davudov bildirib ki, yer üzündə ən böyüknüfuzlu beynəlxalq təşkilat olan BMT-də baş verən proseslər dünyanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Bugünkü gənclərimiz gələcəkdə həm BMT, həm də digər beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını müdafiə etməyə qadir və hər zaman hazır olmalıdırlar.

Təhsil nazirinin müavini Firudin Qurbanov güclü infrastrukturun yaradılmasının təhsil sahəsində uğurların əsasını təşkil edən amillərdən biri olduğunu qeyd edib. Müasir dövrdə bütün sosial-iqtisadi inkişaf meyillərinin kökündə insan amilinin dayandığını vurğulayan nazir müavini bildirib ki, məhz zəngin biliyi və təcrübəsi olan vətəndaşlar inkişaf etmiş ölkələrin ən mühüm sərvəti və insan kapitalı fondunu təşkil edir. Azərbaycanda insan kapitalının inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən F.Qurbanov deyib: “Hökumət xarici ölkələrdə təhsil alan gənclərin sayının artırılması, onların tədris xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü addımlar atır. Azərbaycanda 3 mindən çox məktəb istifadəyə verilib, təmir olunub, müasir texniki avadanlıqla təmin edilib. Təhsil sahəsində bir sıra mühüm dövlət proqramları qəbul edilib. 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsi sayəsində 3558 gənc dünyanın ən qabaqcıl ali universitetlərində təhsil alıblar. Gənclərimiz müasir biliklərə malik, elmli gənclərdir və onlar dövlət və özəl qurumlarda uğurla çalışırlar”.

Nazir müavini Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hazırlandığını və bu proqram sayəsində xaricdə doktoranturada təhsil alanların sayının artacağını bildirib. Belə mühüm konfransda gənclərimizin iştirakının əhəmiyyətini xüsusi qeyd edən F.Qurbanov BMT modelinin gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu deyib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, nazirlik bu layihənin başlandığı ilk gündən aidiyyəti qurumlarla birlikdə bu istiqamətdə sıx əməkdaşlıq edir. Nazirlik konfransda informasiya-kommunikasiya texnologiyalarına aid mövzuların müzakirəsinə fəal dəstək verir. Konfrans çərçivəsində təşkil olunan simulyasiya oyunları gənclərimizin dünyanı narahat edən problemləri yaxından dərk edərək, onların həlli ilə bağlı qərar vermək bacarıqlarının inkişafında vacib rol oynayır.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müasir dövrdə ətraf mühit məsələlərinin bəşəriyyəti narahat edən başlıca problemlərdən olduğunu diqqətə çatdırıb. O, bu problemlərin həllinin bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanda bu sahəyə ciddi diqqət yetirildiyini, həmçinin təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edildiyini deyən nazir müavini vurğulayıb: “İnsanların sağlam təbii mühitdə yaşaması üçün ölkəmizdə sosial-iqtisadi islahatlar ardıcıl davam etdirilir. Dövlətin diqqət və qayğısı sayəsində sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin mühafizəsinə əhəmiyyət verilir. Reallaşdırılan ardıcıl tədbirlər nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşır”.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov çıxışında deyib ki, Azərbaycan gənclərin əhalinin çox hissəsini təşkil etməsinə görə Avropa ölkələri arasında ilk sıralardadır. Gənclərimizin keyfiyyətli təhsil alması və uğurlu karyera qurmasının daim dövlətin diqqət mərkəzində olduğunu bildirən F.Abdinbəyov onların idarəetmənin bütün sahələrində yaxından iştirak etdiklərini deyib. Tədbirin bu baxımdan çox faydalı olduğunu bildirən səfir qeyd edib ki, bu gün gənclərlə sıx işləməklə biz cəmiyyətimizi və dövlətimizin gələcəyini təmin etmiş oluruq. Mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Bakı mədəniyyətlər və sivilizasiyalararası dialoqu təşviq edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, Ümumdünya Mədəniyyətlərarası DialoqQlobal Bakı forumlarına uğurla ev sahibliyi edib. Azərbaycanın mədəniyyətlərarası dialoqun təbliğində oynadığı rol BMT-nin baş katibi tərəfindən yüksək qiymətləndirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiyaanalitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da çıxışında ölkəmizdə gənclərin fəal rolundan danışıb. Qeyd edib ki, bu cür tədbirlərdə iştirak edən gənclər bir müddətdən sonra BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. O, gender bərabərliyi, insan hüquqları, ətraf mühitin qorunması və s. məsələlərin müzakirəsi baxımından tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.

Üç gün davam edəcək konfransın bütün iştirakçıları seçim, müsahibə və təlim mərhələlərindən keçiblər. Tədbirdə diplomat qismində 250 gənc iştirak edir. Konfrans çərçivəsində BMT-nin üç komitəsinin işi simulyasiya ediləcək. Belə ki, gənclər “BMT Təhlükəsizlik Şurası – Mərkəzi Afrika Respublikasındakı böhran”, “BMT Qadınlar Təşkilatı (UNWOMEN) – Qadınlar və kişilər arasında bərabər ödəniş”, BMT Baş Məclisi – Rəqəmsal vətəndaşlığa keçidin perspektivləri və BMT Ətraf Mühit Proqramı (UNEP) – Tekstil sənayesinin ətraf mühitə təsiri” mövzularında müzakirələr aparacaqlar.

 

Azərbaycan.- 2019.- 6 aprel.- S.7.