Böyük Qafqazın geoloji
incisi
Aprel ayının
ilk həftəsinin sonuncu
günü...
Hər il təqvimin bu günündə Müstəqil Dövlətlər
Birliyində Geoloq Günü qeyd edilir. Bu il
isə Geoloq Günü 7 aprel tarixinə təsadüf edib. Azərbaycan geoloqları da
bu günü bayram kimi qeyd
edirlər.
Bu peşə bayramı 1966-cı il martın 31-də
SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanı
ilə Sovet İttifaqının mineral-xammal
bazasının yaradılmasında
geoloqların xidmətlərinin
qeyd edilməsi məqsədilə təsis
olunub. Bayramın keçirilmə vaxtı kimi aprel ayının əvvəllərinin seçilməsi
qış fəslinin
sona çatması və müvafiq sahə üzrə fəaliyyət göstərən
mütəxəssislərin çöl-tədqiqat işləri,
eləcə də ekspedisiyalara hazırlıqları
ilə əlaqədardır.
Bu gün
geoloqlardan başqa, həm də axtarış və faydalı qazıntıların
hasilatı ilə bağlı peşəyə
sahib olan bütün insanların bayramı hesab edilir.
Azərbaycanda geoloji tədqiqatlara nə zaman başlanılıb?
Azərbaycanın geoloji mühiti və faydalı qazıntıları 180 ildən
artıq müddət
ərzində yerli və xarici mütəxəssis-geoloqların bir neçə nəsli tərəfindən
ətraflı tədqiq
edilib. Azərbaycanda geoloji tədqiqatların
başlanması məşhur
avstraliyalı alim G.Abiün adı ilə bağlıdır.
Alimin ən böyük xidməti regionun müxtəlif hissələrində
inkişaf etmiş çöküntülərin statiqrafik
bölgüsünü və
xarakterini verməsi olmuşdur.
Uzun müddətdir tədqiq edilən Azərbaycan geologiyası, müasir dövrdə yaşanan yeniliklərdən xəbər
tutmaq üçün
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri,
AMEA-nın müxbir üzvü Tələt Kəngərli ilə həmsöhbət olduq.
Mürəkkəb və
rəngarəng geoloji
quruluş
Müsahibimiz deyir ki, Şərqi
Avropa tavası ilə Afrika-Ərəbistan
tavalarının toqquşduğu
sərhəddə yerləşən
Azərbaycan ərazisi
mürəkkəb və
rəngarəng geoloji
quruluşa malikdir.
- Azərbaycan
Aralıq dənizi qırışıqlıq qurşağının
Qafqaz seqmentinin şərq hissəsini əhatə edir. Bütün Qafqaz
regionunda olduğu kimi, burada da
yer qabığının
quruluşu tektonik cəhətdən yekcins olmayıb, onu təşkil edən struktur vahidlərin mürəkkəb qarşılıqlı
münasibətləri ilə
səciyyələnir.
Məmləkətimizin geoloji quruluşunda Böyük və Kiçik Qafqaz dağ-qırışıqlıq
sistemləri, onların
arasında yerləşən
Kür dağarası
çuxuru və Talış qırışıqlıq
əyaləti ayrılır
ki, onlar da öz növbəsində
daha kiçik struktur elementlərdən ibarətdir. Geoloji inkişaf tarixinin müasir mərhələsində
Afrika və Avrasiya qitələrinin toqquşması baş verir ki, bu
proses çərçivəsində
Afrika qitəsinin parçası olan Ərəbistan plitəsi şimal istiqamətdə hərəkət edərək
Şərqi Anadolu, Mərkəzi İran və onların önündə yerləşən
Qafqaz bərzəhinin
müxtəlif ölçülü
bufer strukturlarına yeridilir. Azərbaycan ərazisinin müasir geoloji quruluşu da məhz bu
proses nəticəsində
formalaşıb.
Beynəlxalq "Təbiət
abidəsi” statusu
Azərbaycanın geologiya elmi daim inkişafdadır. Tələt Kəngərli
də bu sahədə son illər ərzində bir sıra nailiyyətlərin
əldə edildiyini xüsusi vurğulayır.
- Bu nailiyyətlərin
sırasında bir çoxu mühüm əhəmiyyətlidir. Belə
ki, H.Zərdabi adına Təbiət-tarixi
muzeyinin əməkdaşları
son illər ərzində
Mingəçevir su anbarı ətrafında geniş çöl işləri aparıb və onun cənub
sahilindəki Bozdağ
və Qaraca silsilələrində inkişaf
tapmış cavan (Abşeron və Bakı regiomərtəbələri)
çöküntülərdən onurğalı heyvanların
yeni növlərini (ibtidai öküz - Bos trochontery, qədim kərkədan - Merki, Wüsti ya da Trogonteri
filinin kəlləsi, qədim atın (Kabalus forması) və nəcib maralın postkranial sümükləri), həmçinin
qədim insanların
(Paleolit dövrü) hazırladığı əmək
alətləri aşkar
edilib.
Aparılan tədqiqatların nəticəsində
müəyyən edilib
ki, Mingəçevir su anbarının ətrafları qazıntı
halında tapılan onurğalı heyvanların
dünyada analoqu olmayan nəhəng regionudur və bu ərazinin qorunması baxımından
ona beynəlxalq "Təbiət abidəsi” statusunun verilməsi böyük əhəmiyyət
kəsb edir.
"Geotektonika
və regional geologiya”
şöbəsində aparılan
tədqiqatlar nəticəsində
isə Azərbaycan torpaqlarının UNESCO-nun tələblərinə
cavab verə bilən beynəlxalq əhəmiyyətli milli geoparkların yaradılması
baxımından böyük
potensiala malik olduğunu göstərib. Bizim fikrimizcə, beynəlxalq səviyyəli geoparkın
yaradılması baxımından
Naxçıvan MR daha böyük imkanlara malikdir. Burada aparılmış tədqiqatlar
nəticəsində 100-ə yaxın geosayt qeydə alınıb.
Bununla yanaşı, əraziyə
məxsus zəngin arxeoloji, mədəni-memarlıq,
bioloji müxtəliflik
potensialı, inkişaf
etmiş infrastruktur və insan faktoru
UNESCO-nun geoparklar üçün
irəli sürdüyü
tələblərə tam uyğun
gəlir.
Öyrənilməmiş nadir torpaq elementlərinin axtarışı
Bu gün
AMEA Geologiya və Geofizika İnstitutunun alimləri əldə edilən nəticələrlə
yanaşı, yeni elmi istiqamətlərdə
də öz tədqiqatlarını davam
etdirməkdədirlər. Müsahibim deyir
ki, tədqiqatların
elmi istiqamətlərindən
biri ölkə ərazisində yeni, bu günədək demək olar ki, öyrənilməmiş
nadir torpaq elementlərinın
(NTE) axtarışı və
onların ehtiyat potensialının qiymətləndirilməsi
ilə bağlıdır.
- Tədqiqat işlərinə 2018-ci ildə
başlanılıb və
2023-cü ilin sonunadək
aparılması nəzərdə
tutulur. Cari və gələcək
illərin çöl
tədqiqatları çərçivəsində
NTE yığıntılarının intruziv və effuziv konplekslərdə, müxtəlif filizlərdə,
müxtəlif növ
səpintilərin, konqlomeratların,
çökmə və
biogen-çökmə törəmələrin,
həmçinin yeraltı
şoraba suların tərkibində axtarışı
həyata keçiriləcək.
İkinci Göygölün
yaranma ehtimalı
1139-cu il
sentyabrın 30-da Gəncədə
baş vermiş 9 ballıq zəlzələ
zamanı Kəpəz
dağının bir hissəsi uçaraq Ağsu çayının
qabağını kəsmiş
və təbii gözəlliyi ilə fərqlənən Göygöl
gölü yaranmışdır.
Müasir dövrdə
belə bir geoloji dəyişikliyin yaşanması ehtimalına
toxunan Tələt Kəngərli qeyd edir ki, Azərbaycanda,
ümumilikdə Qafqaz
regionunda bu cür dağıdıcı
zəlzələlər, ətraf
ərazilərlə, xüsusən
İranla müqayisədə
daha az müşahidə
edilir və son oxşar hadisə 1988-ci ildə hazırkı Ermənistan ərazisində
baş verib.
- Bu cür durumu onunla izah
etmək olar ki, əsas dağıdıcı
zəlzələ ocaqları
Ərəbistan plitəsinin
Anadolu və Mərkəzi İran blokları ilə maksimal geodinamik gərginlikli toqquşma zolağında yerləşir.
Qafqaz ərazisi isə buradan xeyli məsafədə
arxa plandadır.
Strateji əhəmiyyətli
tibbi geologiya
Azərbaycanda tibbi geologiya istiqamətində tədqiqatlar
2010-cu ildən başlayaraq
aparılır. Sosialyönümlü yeni elm sahəsi
olan tibbi geologiya son illər respublikamız üçün
strateji əhəmiyyətli
bir istiqamətə çevrilmişdir.
Müsahibim deyir ki, Azərbaycanda
tibbi geologiya üzrə həyata keçirilmiş tədqiqatların
əsas məqsədi
respublika ərazisinin radiasiya, geokimyəvi və ekoloji xüsusiyyətlərinin öyrənilməsi
və ekoloji problemlər nöqteyi-nəzərindən
ərazinin rayonlaşdırılmasıdır. 2010-cu ildən başlayaraq aparılmış tədqiqat
işləri nəticəsində
müəyyən işlər
görülüb.
- Bundan başqa, şöbədə
respublika ərazisində
yayılmış mərgümüşlü
suların ətraf mühit və insan sağlamlığına
göstərdiyi təsirin
qiymətləndirilməsi istiqamətində
tədqiqat işləri
aparılır, həmçinin
ölkənin yüksək
təbii radiasiya müşahidə olunan bölgələrində radioekoloji
və tibbi-statistik xarakterli tədqiqat işləri də həyata keçirilir. Gələcəkdə Azərbaycanın
yüksək təbii
radioaktiv fon
və radon qazının
anomal konsentrasiyaları
müşahidə olunan
bölgələrində tədqiqat
işlərinin daha da genişləndirilməsi
və adıçəkilən
faktorların əhalinin
sağlamlığına göstərdiyi
təsirin qiymətləndirilməsi
planlaşdırılır.
Həmçinin radonun həcmi aktivliyinin yüksək olduğu bölgələrdə
yaşayan əhali üçün tövsiyələr
işlənib hazırlanmaqdadır. Bundan başqa,
neft-qaz çıxarma
ərazilərində yataqların
istismarı nəticəsində
insan həyatı üçün təhlükəli
olan ekoloji şəraitin qiymətləndirilməsi
də planlaşdırılır.
Göründüyü kimi, illərdir öyrənilən, araşdırılan
Böyük Qafqazın
bir incisi - Azərbaycanın mürəkkəb
geoloji quruluşunda aparılan tədqiqatlar nəticəsində hələ
çox yeniliklərə
rast gəlinəcək.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 7 aprel.- S.6.