Kiş Alban məbədi
Bu abidə
indi əcnəbi turistlərin daha çox ziyarət etdikləri məkana çevrilib
Son illər
respublikamızın şimal-qərb
bölgəsinə səfər
edən turistlərin daha çox üz tutduqları ünvanlardan biri də Şəkidəki Kiş Tarix-Memarlıq Qoruğu və oradakı Alban məbədidir. Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il
2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli
abidələr siyahısına
daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən
qorunur.
Məlumat üçün
bildirək ki, eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin
özülü üzərində
qurulan Kiş məbədi bütün Qafqazda təqribən iki min il
bundan əvvəl xristianlığın yayıldığını
rəmzləşdirən məşhur
tarixi abidədir. Əhəngdaşıdan tikilən bu
abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.
2001-ci ilin mayında
abidədə Azərbaycan-Norveç
birgə "Kiş” layihəsi üzrə bərpa işlərinə
başlanılıb və
2003-cü ilin sentyabrında
məbədin açılışı
olub. Layihə məşhur norveçli
səyyah, etnoqraf və alim Tur
Heyerdalın dəstəyi
ilə həyata keçirilib. Alimin xatirəsini
əbədiləşdirmək üçün məbədin
qarşısında onun
büstü də qoyulub.
Ziyarətçilər ilbəil
artır
Kiş Dövlət Tarix-Memarlıq
Qoruğunun direktoru İlhamə Hüseynova deyir ki, bu
abidəni ziyarət edənlərin sayı dinamik şəkildə artır. Əgər 2017-ci ildə
burada 16 min 500 nəfər
qonaq olmuşdusa, onlardan da 7727 nəfəri xarici vətəndaşlar idi. Keçən il
isə bu rəqəm 27 min nəfərlik
həddi keçib. 2018-ci ildəki ziyarətçilərin
arasında xaricilər
daha çox üstünlük təşkil
edib. Beləliklə də xarici
turistlərin sayı
14 min 234 nəfər olub.
Onların arasında ilk yerdə
İsraildən gələn
turistlərdir. Bundan
əlavə, ötən
il Kiş məbədini Rusiya, Cənubi Koreya, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya,
Çin Xalq Respublikası və digər ölkələrdən
çoxsaylı turistlər
ziyarət ediblər. Həmçinin təhlili aparılan
dövrdə Fransa,
ABŞ və İspaniyadan
da Kiş məbədinə xeyli sayda turist gəlib.
Ümumilikdə isə
keçən il Kiş məbədinə gələn
turistlər dünyanın
72 ölkəsini əhatə
ediblər.
"Gələrsən, görərsən”
qalasına turlar təşkil olunacaq
Qoruğun direktoru deyir ki, qarşıda onların əsas məqsədlərindən biri
burada əlavə turların təşkilinə
nail olmaqdır. Bu zaman
hədəf Kiş
Alban məbədindən əlavə
təxminən 5-6 kilometrlikdə
yerləşən "Gələrsən,
görərsən” qalasına
turların təşkil
olunmasıdır. Bununla əlaqədar
artıq zəruri layihənin həyata keçirilməsi üçün
ilkin hazırlıq görülür. Azərbaycan Respublikası
Turizm Agentliyinin dəstəyi ilə həmin işlərin reallaşdırılması nəzərdə
tutulur. Yolla bağlı problem həllini tapdıqdan sonra rahat şəkildə
turistlərin həmin
məkanı da ziyarət etmələri mümkünləşəcək. "Gələrsən, görərsən” qalasına
pilləkən formasında
yol çəkilişi
təmin olunacaq.
Hesab edilir ki, qeyd
olunan məkana turların təşkili bura gələn insanların sayının
artmasına da təsirsiz ötüşməyəcək.
Müsahibimiz bildirdi ki, Prezident İlham
Əliyevin 2017-ci il 27 sentyabr tarixli sərəncamının
icrası olaraq, Kiş məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və ərazinin abadlaşdırılması
istiqamətində də
işlər davam etdirilir. Layihə çərçivəsində
indiyədək məbədə
gedən yolun bəzi hissələrində
genişlənmə işləri
aparılıb. Bundan başqa,
yolun kənarındakı
uçuq hasarlar yeni daş hörgü
ilə təzələnib.
Görülən işlər, aparılan
səliqə-sahman məbədə
gələn turistlərdə
də xoş ovqat yaradır.
4 qalalı,
15 məhəlləli Kiş
Məbədi ziyarət etməklə yanaşı, bura gələn insanlar üçün Kiş kəndi və onun tarixi də
maraq kəsb edir. Hazırda təxminən 8 min əhalisi olan kənd 15 məhəllədən
ibarətdir. Təsadüfi deyil ki, bu
kəndin hazırkı
məhəllə adları
qədim toponimlərdən
ibarətdir. Məsələn,
Maaflar məhəlləsi
(bütün vergilərdən
azad olan, lakin buna görə
dövlət sərhədlərini,
dinc vaxt asayişi qoruyan təbəqənin adı),
Duluzlar məhəlləsi
(dulusçuların qədim
məhəllələrindən biri; buradakı sənətkarlar dulusçuluqla
məşğul olurdular)
və s. bu kənddə yerləşir.
İndi də Duluzlar məhəlləsində qazıntılar
zamanı qədim saxsı qablara və digər tapıntılara rast gəlinir. Kənddə Dokum, Cor, Yanıqlar və sair məhəllələr
də var.
Həmçinin qeyd edək ki, Kiş kəndində
dörd qala kompleksi mövcuddur. Bunlardan üçü
işarə, biri isə müdafiə xarakterlidir. İşarəverici qalalar da Salayuşağı, Maaflar
və Duluzlar məhəlləsində yerləşir.
Əhali
əsasən ticarətlə,
qalanlar isə maldarlıq və əkinçiliklə məşğuldurlar.
Ermənilər məbədləri
də özününküləşdiriblər
Qoruq ərazisində olan məbəd maketləri də diqqətimizi çəkir. Burada ölkəmizin fərqli
bölgələrində olan
alban məbədlərinin
maketləri var. İlk
növbədə haqqında
bəhs etdiyimiz Kiş Alban məbədinin
inkişaf dövrünü
əhatə edən 3
maketə baxırıq.
Məbəd I əsrdə tikilib
və o dövrdə kiçik otaq şəklində olub.
Günbəzi qülləsiz idi.
V əsrdə isə mehrab və ya altar hissə tikilib ki, oradan da
dua etmək üçün istifadə
olunub. İkincisi VIII əsrə aid olan maketdir. XII əsrə qədər
olan dövrdə günbəz hissə tikilib və hər tərəfi kirəmitlə örtülüb.
Növbəti isə XIX əsrə
aid olan maketdir. 1836-cı ildə bütün alban məbədləri çarizm
siyasətinə uyğun
olaraq erməni kilsəsinə həvalə
olunub. Bundan istifadə edən
ermənilər həm
məbədə gələrək
dua edib, həm də oranı özününküləşdirmək
məqsədilə bir
sıra əlavələr
ediblər. Qabaq hissəyə
balkon, arxa hissəyə daşqala divar artırıblar.
Əlavə olaraq üzərinin
günbəz hissəsinin
kirəmitini sökərək
onun yerinə sarı dəmir çəkiblər. Lakin bu hal çox da uzun çəkməyib.
Restavrasiya illərində material analizindən bura əlavə olunan daşların məbədin
daşları ilə eyni olmaması aşkarlanıb. Ona görə
də bütün əlavələr sökülərək
atılıb və məbəd özünün
əvvəlki görünüşünə
qayıdıb.
Digər bərpa olunan məbəd isə Qəbələdəki Çotari
məbədidir. Hazırda Qəbələnin Nic kəndində yaşayan udilər orada öz ayinlərini yerinə yetirirlər.
Qax, Kəlbəcər və Qarabağda da alban məbədləri
var. Artıq Qarabağdakı
alban məbədinin üzərinə xaç
işarəsi vurulub və kilsə kimi fəaliyyət göstərir. Öz memarlıq üslublarına
uyğun olaraq kirəmitlərini söküb
dəmirlə əvəz
ediblər. Ümumilikdə isə məbədlə kilsəni bir-birindən fərqləndirən əlamətlər
var. Qapının üzərində
xaç işarəsinin
olması kilsə, pəncərə şəkli
isə məbəd anlamına gəlir.
Qəbələ, Zaqatala və Qax rayonlarındakı məbədlər isə memarlıq üslubu baxımından çox oxşardır. Dairəvi tipli məbədləri
günbəz tiplilərdən
fərqləndirən memarlıq
üslubunun daha mürəkkəb konfiqurasiyaya
malik olmasıdır.
Onların girinti-çıxıntıları
daha çoxdur. Günbəz
tipli məbədlərdə
isə cəmi 1 giriş yeri olur.
Bir sözlə, görünən
odur ki, yaşadığımız coğrafiyada
forma və məzmununa
görə çoxsaylı
məbədlər mövcud
olub və bəziləri hələ
də qalmaqdadır. Lakin hər
şeyi özününküləşdirməkdə
mahir olan ermənilər dəfələrlə
bizim bu mədəni irsimizə də əl qoymağa, öz adlarına çıxmağa
cəhdlər ediblər.
İnanırıq ki, şərəfli
Azərbaycan Ordusu işğal altındakı
yüzlərlə tarixi
abidəmizi azad edərkən o torpaqlarda kilsəyə çevrilən
məbədlər də
yenidən əvvəlki
görkəminə qaytarılacaq.
Əli SƏLİMOV
Azərbaycan.- 2019.-7 aprel.- S.8.