Dünyanın ögey,
amma şən övladları
- Sən o yanındakı qızın qara gözləri...
- Çəkil yolumdan!
- Ay oğlan, sən qayınananın şirin canı...
- Heç olmasa əlinizi açın falınıza baxım...
15-16 yaşlarındakı qaraşın qız gənclərin yaxasından əl çəkmir...
Daha sonra başlayır ətrafda dolaşan digər insanları saf-çürük etməyə...
Üz-gözündən şıltaqlıq yağan qaraçı qızı insanlara dəfələrlə yaxınlaşıb dil tökməkdən bezmir, elə bil bundan zövq alır...
Milli Elmlər Akademiyası metrostansiyasının yaxınlığında şahidlik edirik bu məzəli hadisəyə, amma hər birimiz paytaxtın müxtəlif məntəqələrində hər gün eyni hadisəni müşahidə edirik ...
Bir az mistik, bir az sirli...
Bir yandan boşalıb, bir yandan dolan dünyanın
gələni-gedəni arasında
qaraçı adlanan bir tayfa da
var. Çox az
adam tapılar ki, onlarla mütəmadi
rastlaşmasın. Avtobusda,
küçədə, yeraltı
keçiddə...
Harada desəniz,
rast gəlmək olar onlara. Özlərinə məxsus geyim tərzi, danışığı,
hərəkətləri insanı
müasir zamandan ayıraraq mistik aləmə aparır.
Zamanın sürətinə qarşı üzür və hər saniyə başqalaşan,
özündən uzaqlaşan
bu dünyada olduqları kimi olmaq, qalmaq dirənişi
göstərirlər. Çox azaddırlar, çox da sirlidirlər...
Digər insanlarla aralarında daim bir sədd var. Heç kimə icazə vermirlər həmin səddi keçməyə...
Bu ifadə qaraçılar üçün
tam yerinə düşər,
deyək ki, onlar həyatın bir az sevimli, bir az
soyuq üzüdür.
Qaraçıları yaxından
tanımağa dəyər,
əslində...
Qaraçı günü
1971-ci ilin
aprel ayında qaraçıların problemlərini
müzakirə etmək
üçün Londonda
ilk Beynəlxalq Roman Konqresi
toplanıb və beləliklə də,
1990-cı ildən etibarən
8 aprel Beynəlxalq Qaraçı günü
kimi qeyd edilir.
Onlar Hind-Avropa xalqlarına aid edilirlər və indiyədək formalaşmış
dilləri Hind-Ari dil qrupuna daxildir. Qaraçılar ilk dəfə 1505-ci ildə İrlandiyada, 1514-cü ildə
İngiltərədə rəsmi
sənədlərə düşüb.
Onların yarısı köçəri
həyat sürdüyü
üçün dəqiq
statistikaları yoxdur.
Nə qədər dünya dərdindən uzaq görünsələr də,
onların taleyində
faciələrin, qətliamların
sayı-hesabı yoxdur. Orta əsrlərdə
kütləvi təqiblərə,
ölümə, sürgünlərə
məruz qalıblar və bu tale son dövrlərədək davam
edib. II Dünya
müharibəsi zamanı
faşistlər tərəfindən
Şərqi-Avropadan həbs
olunan 21 min qaraçı
Polşa ərazisində
yerləşən Osvensim
- Bjezinka həbs düşərgəsinə gətirilmiş
və öldürülmüşdür.
Bunların içərisində uşaqlar və qocalar da var
imiş.
Qadınlar qaraçı
ailələrinin iqtisadi
qoruyucusudur, ev
işlərindən əlavə,
ailənin dolanmasını
təmin etməkdə
önəmli rol oynayırlar. Onlar gündəlik işçi,
xadimə, dilənçilik,
falçılıq, sehrbazlıq
və çiçəkçilik
edərək, ev iqtisadiyyatının
yükünü əhəmiyyətli
dərəcədə üzərlərində
daşıyırlar. Adətən ağır işlər qadınların üzərinə
düşür, ailədə
mütləq avtoritar isə atadır.
Qaraçı toplumlarını dəstəbaşı
idarə edir. Qaraçılar üçün ən dəhşətli cəza
- onların qaraçı
icmalarına üzv olmaqdan məhrum edilməsidir. Bu cəza ən ağır cinayət törədənlərə tətbiq
edilir.
Zövq üçün
yox, yaşamaq naminə musiqi
Musiqi qaraçı həyatının
ayrılmaz hissəsidir. Qaraçılar üzərində araşdırma
aparan elm adamlarının
ümumi qənaəti
odur ki, dünyadakı heç bir etnik qrupun
qaraçılar qədər
musiqi zövqü və istedadı yoxdur. Musiqi ilə də
sənət üçün
deyil, yaşamaq naminə məşğul
olurlar.
Qaraçıları digərlərindən fərqləndirən
ən önəmli xüsusiyyət paltarlarıdır. Xüsusilə qadın paltarlarında canlı rənglər ön planda durur. Qısa saç qaraçılar
üçün təhqir
hesab edilir. Saçın kəsilməsi, qırxılması
qaraçı dəstələrindən
uzaqlaşdırılan və
təcrid olunanlara tətbiq edilir. Qaraçıların qənaətcilliyi və qida yığma
alışqanlıqları yoxdur. Əsas milli yeməkləri
kirpi ətindən hazırlanan yeməklərdir.
Fala baxma və baxdırma
qaraçı həyatında
əhəmiyyətli yer
tutur, bunu isə yalnız qadınlar həyata keçirir. Sehrbazlıqla məşğul olmaq da qaraçıların
əhəmiyyətli xüsusiyyətlərindən
biridir. Onlar bir çox
heyvan orqanlarından sehr üçün istifadə edirlər.
Dovşan yağının sevgi mövzularında böyük önəmi olduğunu düşünür,
qumar oyunlarında qazanmaq üçün oyun boyu sol qollarının
altında yarasa ürəyi saxlayırlar.
Qaraçıların əksəriyyəti hipnozu yaxşı bilir və əksərən
bunu heç də xeyirli məqsədlər üçün
istifadə etmirlər.
Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə
baxmaq təhlükəlidir.
Qrup içi evlilik adətlərini yüz illərdir davam etdirən qaraçılarda
evlilik yaşı qızlarda 13-17, kişilərdə
isə 15-19 arasında
dəyişir. Evliliklər satın alma, dəyişmə və qaçırma formasında
həyata keçirilir.
Ailə qurarkən qızlar bir qayda olaraq
yalnız qaraçı
tayfasından olan oğlanlara ərə gedə bilərlər.
Toylar isə 3 gün çəkir.
Çoxarvadlı evliliyin sərbəst olduğu qaraçılarda
boşanmaq da asandır. Xüsusilə köçəri qaraçılarda ər arvadını qayınatasının
çadırının qarşısına
qoyaraq bunu həyata keçirir.
Çarli Çaplin,
"Flaminqo” rəqsi,
"Romen” teatrı...
Qaraçıların arasından tanınmış
aktyorlar, müğənnilər,
rəqqaslar, tarixçilər,
hərbçilər, hətta
filosoflar da çıxıb. Dahi Çarli Çaplinin
də qaraçı köklü olması təsdiqini tapıb.
Moskvada
"Romen” adlı qaraçı teatrı fəaliyyət göstərir.
Bütün dünyada məşhur
olan "Flaminqo” rəqsinin yaradıcıları
da onlardır. Müxtəlif dövrlərin böyük
yazıçıları, mütəfəkkirləri
qaraçılara maraqla
yanaşıb, öz əsərlərində onların
müsbət obrazlarını
yaradıb, eyni zamanda qaraçı həyatının çətinliyindən
bəhs ediblər.
Sırf qaraçı həyatından
bəhs edən yüzlərlə kino, sənədli film və
serial var. Azərbaycan tamaşaçısı
isə Tutu obrazı ilə "Qaraca qız” filmində onlarla daha yaxından
tanış oldu. "Qaraca
qız” öz fədakarlığı ilə
hər birimizin qəlbində taxt qurdu...
Qaraçılar Azərbaycanda
Azərbaycanda yaşayan
qaraçılar iki qrupa bölünürlər:
fars dilində
və kurmanc dilində danışanlar.
Farsdilli qaraçılar Balakən
rayonu ərazisinə
I Şah Abbasın hakimiyyəti dövründə
köçürülüblər və sayları 2 min nəfərdən artıqdır. Özlərini
pars adlandıran bu qrup Qax rayonunda
da məskunlaşıb.
Kurmanc dilli qaraçılar Azərbaycana XX əsrin
50-60-cı illərində Qazaxıstandan
köçürülüblər və özlərini kürd adlandırırlar. Onlar əsasən
Yevlax rayonu olmaqla Bərdə, Göyçay, Ağsu, Ağdaş, Şamaxı,
Zaqatala və Xaçmaz rayonlarında kütləvi şəkildə
yaşayırlar. Yevlax rayonunda
yaşayan qaraçıların
sayı 2 mindən artıqdır.
2012-2014-cü illərə aid qeyri-rəsmi
məlumata əsasən,
Azərbaycanda yaşayan
qaraçıların ümumi
sayı 10 min nəfərə
yaxındır. Təəssüf ki, bütün
dünyada olduğu ki, ölkəmizdə də onların statistikası aparılmır.
Yad münasibət
Müasir dünyanın qaraçılara
baxış prizması
isə olduqca qəribə və sual doğurucudur. Qaraçılara qarşı bu ögey münasibət isə onların cəmiyyətdən daha da təcrid olunmasına zəmin yaradır.
Qaraçıların hüquqi
vəziyyətləri ilə
bağlı məlumat
verən hüquqşünas
Azər Allahverənov
deyir ki, bir müddət əvvəl apardıqları
tədqiqatlar zamanı
məlum olub ki, yerli bələdiyyələrdə,
icra qurumlarında işləyən qaraçılar
var. Bu isə onu göstərir ki, onlar dövlətdə baş verən proseslərdən heç
də kənarda deyillər. Hazırda Azərbaycanda fəaliyyət
göstərən ali təhsil müəssisələrində roman tayfalarının nümayəndələri
də təhsil alır: "Amma bu, heç də onu göstərmir
ki, qaraçılar dövlətin həyatında
baş verən bütün proseslərdə
aktiv iştirak edirlər. Onların elələri var
ki, öz uşaqlarını təhsilə
yox, başqa işlərlə məşğul
olmağa yönləndirirlər.
Digər
tərəfdən bəzilərinin
heç şəxsiyyətini
təsdiq edən sənədləri belə
yoxdur”.
Dilənmək üçün
münbit zəmin...
Dünyada çox məşhur qaraçı milyonçular
var. Hətta ən sivil ölkələrdə
belə onların sərvətlərinin əsasında
dilənçilik durur. Elə əksəriyyətimiz
də bu fikirdəyik ki, qaraçıların peşəsi
yalnız dilənməkdir.
Amma bu fikirlər tamamilə yanlışdır. Çünki onlar arasında düzgün şəkildə
maarifləndirmə işi
aparılarsa, sosiallaşmalarına
şərait yaradılarsa,
bu gün dilənməyi özü
üçün hədəf
seçən şəxslərin
özləri də tutduqları bu yanlış mövqedən
çəkinərlər.
Qaraçılar, qaydalara,
qanunlara, heç bir çərçivəyə
sığmazlar...
Yemək, onlara sadəcə yaşamaq üçün lazımdır...
İşləmək, sadəcə
yaşamağa yetəcək
qədər pul qazanmaq üçündür...
Sevgilərini əbədiləşdirmək
üçün nikah
kağızına heç
lüzum görməzlər...
Amma düşünmək
olmaz ki, onların bu həyatda tabe olduqları, bağlandıqları
heç bir şey yoxdur...
Var...
Musiqi, - ruhlarının
qidalandığı yeganə
nəsnə, - musiqi...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 7 aprel.- S.8.