Qədəmlərin mübarək, MEHRİBAN!..

 

Gəlişinlə milyonları sevindirdin...

Uğur rəmzinə çevrildin...

Qüdrətli Azərbaycanın, yaralı Qarabağın övladı...

Süngülənən körpələrimizin, şəhid oğul-qızlarımızın ölməz ruhundan pərvəriş tapan...

Dünyaya gəlişinlə Azərbaycan xalqının əbədiyaşar olduğunu sən də müjdələdin...

Düşmənə göz dağı doğuldun...

Sabaha inamımız, xalqımızın sevinci...

Mehribanımız...

 

***

 

Elə körpə Mehriban gəlişiylə haqq səsimizi də bu nahaq dünyaya hayqırmış oldu...

O, ana yurdu düşmən tapdağında olan məcburi köçkün kimi gözlərini açdı bu dünyaya...

Taleyinə, qismətinə hələ doğulmamış qaçqınlıq, köçkünlük yazıldı...

Xocalının, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın körpələri kimi...

Amma onun doğuluşu həm də ümidlərimizi şölələndirdi, qeyri-rəsmi bayramımıza çevrildi...

Keçmiş Ağdərə rayonunun sakini balaca Mehriban Ağdamın Baş Güneypəyə kəndindəki məcburi köçkünlər üçün salınmış qəsəbədə böyüyəcək...

Amma o günuzaq deyil ki, tezliklə Mehriban işğaldan azad olunmuş vətən torpaqlarımızda təhsil alacaq, sevdiyi sənətə sahib olacaq, gəlin köçəcək...

 

***

10 milyonuncu sakinimizin qız doğulmasının özübu gün bütün dünyada diskriminasiyaya məruz qalan qız uşaqlarının qaranlıq dünyasına bir nur saçdı...

Onun doğuluşu hələ ana bətnlərində doğulmamış qətl edilən minlərlə qız uşağının həyata vəsiqə qazanmasına bir vəsilə oldu...

Heç təsadüfi deyil ki, məhz bu körpəyə də Azərbaycan qadınlarının simvoluna çevrilmiş Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı qoyuldu...

Birinci xanım kimi Azərbaycan xalqının layiqli övladı olması, bəşəri ideyaların davamçısı, həm də əsl vətənpərvər olması arzusunu diləyirik...

 

Bu gün hər bir ailədə minlərlə körpənin qayğısız, şən gülüş sədası yüksəlir...

Bu isə hər birimizdə əminlik yaradır ki, Azərbaycan bilikli, cəsur, igid balaları sayəsində bu günvar, gələcəkdə də daim var olacaq...

Xoş gəldin, balaca Mehriban!

Qədəmlərin mübarək, doğma yurdumuzun 10 milyonuncu sakini...

Mehribanımız...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 9 aprel.- S.1.