Xoşbəxtsən ki, vətənin
Azərbaycandır sənin...
Salam, 10 milyonuncu vətəndaş! Dünyamıza, yurdumuza xoş gəldin. Sağlam böyü, xoşbəxt yaşa. Ayağın sayalı olsun.
Bu il aprelin 6-da Bakı şəhərində Rauf Həsənov və Nigar Orucovanın ailəsində Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya göz açması bütün xalqımızın sevincinə səbəb olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.
Ölkə sakinlərinin sayının 10 milyona çatması münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq və konsert oldu. Camaat əsl bayram əhvali-ruhiyyəsində idi. Bu da təsadüfi deyil.
Azərbaycanın əhalisi ildən-ilə artır. Əhali əsasən təbii artımla, yəni yeni doğulanların hesabına çoxalır. Doğumun səviyyəsi ölümün səviyyəsini iki dəfədən çox üstələyir. Bu isə heç də hər xalqa, hər ölkəyə nəsib olan xoşbəxtlik deyil. Başqa sözlə, Azərbaycan digər sahələrdə olduğu kimi, demoqrafiya baxımından da nümunəvi ölkədir.
Dünyanın bir çox ölkələrində demoqrafik vəziyyətin gərgin olduğu indiki zamanda əhalinin təbii artımla çoxalması müsbət və sevindirici haldır. Odur ki, qoy düşmən də baxıb xar olsun. İqtisadiyyatı çökən, əhalisi dəstə-dəstə baş götürüb ölkədən qaçan Ermənistanın rəhbərlərinə, ölkəni bu acınacaqlı vəziyyətə salan separatçılara və vandallara görk olsun. Biz isə artırıq, çoxalırıq. Torpağımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda verdiyimiz şəhidlərin yeri boş qalmır. Şair demişkən: "Yüz-yüz öldüksə də, yarandıq min-min”.
10 milyonuncu vətəndaşımızın ata-anası Qarabağdandır. Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkünlərdir. Onların ailəsində çəkisi 3,6 kiloqram, boyu 52 santimetr olan tam sağlam bir uşağın dünyaya gəlməsi də sıradan bir fakt deyil.
Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin səhhətini, məişətini, güzəranını daim diqqətdə saxlayır.
Ümumiyyətlə, ölkədə əhalinin sayının dinamik şəkildə artması dövlətin apardığı uğurlu sosial-iqtisadi siyasətdən qaynaqlanır. Son vaxtlar, o cümlədən bu ilin əvvəlindən Prezident İlham Əliyevin sosial sahədə hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının yüksəldilməsinə böyük təkan verir. Sosial-iqtisadi inkişaf isə əhalinin artım tempini qoruyub saxlayan başlıca amildir.
Dövlətin həyata keçirdiyi ardıcıl tədbirlər bu artıma da hesablanır. Bu, yalnız yeni doğulanlara görə hər ailəyə verilən müavinətlərlə, çoxuşaqlı analara ödənilən aylıq vəsaitlə, uşaqların və qadınların sağlamlığına yönəldilən və digər bu kimi tədbirlərlə məhdudlaşmır. Getdikcə artan əhalinin hərtərəfli ehtiyacını qarşılamaq üçün genişmiqyaslı işlər həyata keçirilir. Bunlar uşaq bağçaları və məktəblərin, müalicə ocaqlarının, idman komplekslərinin şəbəkəsinin genişləndirilməsi, ərzaq bolluğu yaradılması, yeni iş yerlərinin açılmasına yönəldilən tədbirlərdir.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində Prezident İlham Əliyev bu barədə demişdir: "Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”.
Necə deyərlər, Azərbaycan dünyaya gələn vətəndaşlarını əliboş qarşılamır.
10 milyonuncu vətəndaşımız xoşbəxt doğulub ki, vətəni Azərbaycandır. Xoşbəxt doğulub ki, ailəsevər, oğul-uşaqla pərvazlanan, qürurlanan bir xalqın övladıdır.
Valideynləri ona Mehriban adı
veriblər. Bu, Azərbaycan
analarının və
uşaqlarının böyük
himayədarı olan Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevaya insanların sevgi və ehtiramının ifadəsidir.
Adı ilə böyüsün bu balaca qız! Adına layiq olsun! Mehribanlığı
və Azərbaycan xanımlarına məxsus
bütün digər ali keyfiyyətləri
yaşatsın şəxsiyyətində!
Qız övladı Azərbaycan ailəsində həmişə
sevimli olub. Nənələrimiz deyiblər ki, qız uşağı xoşqədəm olar, öz gəlişi ilə ruzi-bərəkət,
əmin-amanlıq gətirər.
Lakin bu da bir
həqiqətdir ki, indi bütün dünyada bir sıra ailələr qız uşağına mənfi münasibət göstərir. O cümlədən,
Azərbaycanda bəzi
gənc valideynlərin
günahı ucbatından,
yəni qızların
dünyaya gəlməsinə
sədd çəkildiyindən
ölkə əhalisinin
tərkibində qadınların
sayı ildən-ilə
azalır. Belə bir zamanda 10
milyonuncu vətəndaşın
qız olması Tanrının bizlərə
bir bəxşişi olmaqla yanaşı, həm də təbiətin qanunlarını,
yaratdığı tarazlığı
pozanlara bəlkə bir xatırlatmasıdır?!
Xoş gəlmisən
bu dünyaya, qız bala! Bakımız qürur mənbəyin,
Xəzər seyrəngahın,
Göygöl güzgün
olsun. Ömrünün illəri Kürün,
Arazın suları kimi axıb tükənməsin.
Ağdərə çəmənlərində
lalə dəstələyəsən,
Şuşa dağlarında
xarıbülbül dərəsən!..
Azad, müstəqil
Azərbaycanın xoşbəxt
vətəndaşı ol!
Flora SADIQLI
Azərbaycan.-
2019.- 9 aprel.- S.1.