Dünya şöhrətli
pianoçu Bakıda konsert verib
Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri
Denis Matsuyev konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.
Konsertdə Denis Matsuyev
L.Bethovenin fortepiano üçün
"17 nömrəli Sonata”sını,
S.Raxmaninovun fortepiano üçün
Korelli mövzusunda variasiyalarını, F.Şopenin
"4 nömrəli Ballada”sını,
P.Çaykovskinin "Düşüncə”sini,
S.Prokofyevin fortepiano üçün
"7 nömrəli sonata”sını
və digər əsərləri ifa edib.
Denis Matsuyev
haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından
biri hesab edilir. Onun səhnə tərəfdaşları
arasında ABŞ, Fransa,
Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin
məşhur simfonik orkestrləri və dirijorları olub. P.Çaykovski orkestri ilə
fortepiano konserti Böyük
Britaniyanın ən nüfuzlu "Gramophone” jurnalı
tərəfindən 2014-cü ilin aprelində "Ayın albomu” adına layiq görülüb.
Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi
ailəsində anadan olub. Valideynləri balaca Denisdə
musiqi qabiliyyətini görərək onu
fortepiano dərslərinə yazıblar. İrkutskda
o, Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub.
Pianoçu 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva
Dövlət Konservatoriyasının
nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskva Dövlət Konservatoriyasına daxil olub və tanınmış
musiqiçilərdən dərs
alıb.
D.Matsuyev 23 yaşında
olarkən P.Çaykovski
adına XI Beynəlxalq müsabiqədə
uğurlu çıxışından
sonra şöhrət
qazanıb. Pianoçu öz yaradıcılığında
novatorluq və Rusiya fortepiano məktəbinin
ənənələrini birləşdirir.
Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən böyük musiqi festivallarının mühüm iştirakçısı,
Rusiyanın, Avropa, Şimali Amerika və Asiya ölkələrinin
aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.
Azərbaycan.- 2019.- 10 aprel.- S.2.