Niyə kitab oxumuruq?
Günahkar kimdir:
kitabı satılmayan yazıçı, çap
xərcini çıxara bilməyən nəşriyyat, yoxsa tənbəlləşən oxucu?
...Hər birimizin həyatında uşaqlığımızın xatirəsinə çevrilmiş bir kitab var. Bəlkə yatağımızın baş ucunda anamızın avazla oxuduğu, şəkillərini seyr eləməkdən doymadığımız, "böyüyəndə mən də onun kimi olacam”, - dediyimiz, özümüzü onun qəhrəmanına bənzətdiyimiz bir kitab.
Hər birimizin həyatında dünyagörüşümüzü formalaşdıran, həyata baxışımızı, düşüncələrimizi dəyişdirən, həqiqətlərə "gözümüzü açan”, xasiyyətimizə "əl gəzdirməyə” vadar edən bir kitab var. "Bu əsər elə bil mənim həyatımı danışır”, - deyə təəccübləndiyimiz, bizi bizə aynadakı əksimiz kimi göstərən kitab...
Hər birimizin həyatında təkrar-təkrar oxumaqdan usanmadığımız, hər səhifəsini vərəqləyəndə ilk dəfəki qədər eyni güclü hislər yaşadığımız kitab var. Günlərlə təsirindən çıxa bilmədiyimiz, hansısa sətirlərini beynimizdə həkk edib, öz-özümüzə təkrarladığımız kitab. Bəlkə oxuduqca göz yaşlarımızı saxlaya bilmədiyimiz, "bu kitabı gərək hamı oxusun”, - deyə fikirləşdiyimiz... Yaxud əksinə, "kaş bunu heç oxumazdım”, - dediyimiz...
Hər birimizin həyatında bizə "mən də nə vaxtsa belə bir kitab yazacam” dedirtdirən, yaradıcılığa sövq edən bir kitab var. Bəlkə içimizdəki istedadı üzə çıxaran, qələmimizi kəşf etdirən, həyatın yeni dönəminə istiqamətləndirən... Həyatını dəyişən... Hər birimizin həyatında "o kitabı oxudum, həyatım dəyişdi”, - dediyimiz kitab mütləq olub. Həyatımızın ən unudulmaz kitabı...
Unuda bilməyəcəyimiz bir nəsnə də kitab qoxusudur. Təzə, yonulmuş taxta ilə çap maşının bir-birinə hopmuş spesifik, özünəməxsus qoxusu. Heç bir ətrin əvəz edə bilməyəcəyi, yaddaşımızda əbədilik qazanmış doğma qoxu. O qoxu sanki keçən zamanla birgə axıb gedib. Müasir dövrdə çap olunan kitablardan məhz həmin qoxunu duymaq olmur ki olmur... Yeni və keyfiyyətli çap maşınları bizi o sevimli qoxuya tamarzı qoydu. Və getdikcə kitabdan da uzaqlaşdıq elə bil. Kitabla yadlaşdıq, kompüterlə doğmalaşdıq. Nəticədə kitab oxumayan, oxumaq istəməyən nəsil yetişdi. Bəs bunun günahkarı kimdir? Yazdığının qarşılığı olaraq qonorar qazana bilməyən və kitabı satılmayan yazıçılar, çap xərcini çıxara bilməyən nəşriyyatlar, yoxsa tənbəlləşən oxucular? Məgər Azərbaycanda maraqlı, zövq oxşayan kitablar çap olunmurmu? Çap olunursa, onda niyə oxucu-alıcı qıtlığı var? Problemin həlli istiqamətində nə kimi işlər görmək olar? Mövzunu mütəxəssislərin - naşirlərin müzakirəsinə verdik.
"Bu gün
ölkəmizdə kitab biznesi
yoxdur”
"Hədəf nəşrləri”nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq deyir ki, uzun illərdir cəmiyyətin mütaliə qabiliyyətinin aşağı düşməsi, oxucu sayının az olması ilə bağlı şikayətlər edilir. Bəzən alıcıların sayının az olmasını əhalinin maddi rifahı ilə əlaqələndirirlər. Lakin Ş.Sadiq bu fikirlə razı deyil: "Mən problemi qətiyyən maddiyyatla əlaqələndirməzdim. Sadəcə olaraq, hələ də keçid dövrünün təsirini yaşayırıq. Əmin olun ki, kitab alanların əksəriyyəti daha çox orta və kasıb təbəqənin nümayəndələridir. İmkanı yaxşı olanlar kitabdan uzaq durur sanki. Kitab bir qidadır, ehtiyac hiss edən alır, etməyən yox! Ya da bu qidanın dadını bilənlər alır, bilməyənlər yox! Bununla belə, əlbəttə, ölkəmizdə kitab oxuyan zümrənin sayı qaneedici deyil. Azərbaycan oxucusu, demək olar ki, yoxdur! Bu gün əsas oxucu yazıçıların dost-tanışı, qohum-əqrəbasıdır. Bir naşir olaraq biz populyar nəşrlərə üstünlük vermədiyimizdən ümumilikdə kitabın alış səviyyəsi, yəni əhalinin alıcılıq qabiliyyəti bizi qane etmir. Əgər 10 milyon əhalisi olan ölkədə nəşriyyat bir kitabı 1000 tiraj sata bilirsə, onu "bestseller” hesab edir. Bu isə acınacaqlı durumdur. Bu baxımdan kitabın təbliğinə ciddi ehtiyac var. Son bir neçə ildə paytaxtda kitab mağazalarının sayı artıb, ümid edirəm ki, bu, zamanla oxucu sayının da artımına təsir edəcək”.
Naşirin sözlərinə görə, dünyanın hər bir ölkəsində daha çox detektiv, kriminal, macəra tipli janrlar oxunur. Bu göstərici satılan əsərlərin statistikası ilə müəyyən olunur. Ümumilikdə isə roman janrı bütün janrları üstələyib. Ancaq Şəmil Sadiq nəşriyyat rəhbəri olaraq oxucu zövqündən, tələbindən daha çox əsərin keyfiyyətinə, dəyərinə fikir verdiyini söyləyir: "Bəzən nəşriyyatı yaşatmaq üçün məcbur olub axına qoşulursan. Amma əsas əsərin keyfiyyətidir. Və təəssüf ki, ən populyar əsərlərin belə satışı qənaətbəxş, istənilən səviyyədə deyil. Heç bir nəşriyyat deyə bilməz, biz hansısa kitabdan il ərzində 5000 tiraj satmışıq. Həqiqəti etiraf edək ki, bu gün ölkəmizdə kitab biznesi yoxdur. Çünki gəlirlilik çox aşağıdır. Burada sadəcə fədakarlar çalışır. Mərkəzdən başqa, rayon və kəndlərimizə kitab çatmır, PR işini qurmaq çox çətindir. Digər reklam növləri çox bahadır. Ona görə də başqa vasitələrdən istifadə edilmir. Sosial şəbəkələrdə isə, sadəcə, öz dost-tanışını məlumatlandırırsan. O kütlə də doymuş kütlədir. Kitabın reklamı, təbliğatı üçün televiziya, radiolarda dövlətin tələbi ilə müəyyən sosialyönümlü vaxt ayrılmalı, nəşriyyatlara dəstək olunmalıdır. Bir problem də odur ki, nəşriyyat dərslik və dərs vəsaitlərindən başqa, heç bir bədii əsər üçün müəllifə qonorar verə bilmir. Təəssüf ki, yüzdə 95% yazar öz əsərini özü maliyyələşdirir. Əgər bir nəşriyyat bir yazarın əsərini çap edirsə, bu, bu gün üçün böyük uğur hesab edilir”.
"Tərcümələrin keyfiyyətsizliyi oxucuları
əsəbiləşdirir”
Son illər ölkəmizdə nəşr olunan kitabların dizayn və poliqrafiya işləri yüksək standartlara cavab verir. Azərbaycan nəşriyyat və mətbəələri yüksək texniki göstəricilərə malikdir. Bəs bu göstəricini yaradıcı keyfiyyətə də şamil etmək olarmı?
Şəmil Sadiqin fikrincə, yaradıcı baxımdan əsas problem tərcümə zamanı yaranır: "Tərcümələrin keyfiyyətsizliyi oxucuları əsəbiləşdirir, lakin burada nəşriyyatın günahı yoxdur. Yaxşı tərcümə üçün tərcüməçiyə bir səhifəyə azı 10 manat verməlisən. Bunu edə bilmirsən, çünki 500 tirajlı bir kitab 300 səhifə olarsa, bu, 3000 manat deməkdir. 2 manatdan da sadəcə mətbəə xərci hesablasan, 1000 manat qonorar versən, bu rəqəm 6000 manat edir. Mən hələ redaktor, dizayner, korrektə, vergi və digər xərcləri demirəm. 6000 manata başa gələn bir kitabın maya dəyəri 12 manat olur, nəşriyyat da bunu bazara 15 manata çıxarsa, gərəkdir ki, oxucuya da 20 manata satıla. Amma bu formatda kitablar bizdə 10 manatdan baha deyil. Çünki bir-iki manatlıq diletant və orijinaldan olmayan tərcümələrə üstünlük verilir ki, bu da tərcümənin faciəsidir”.
Naşir hesab edir ki, Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün dövlətin dəstəyinə böyük ehtiyac var. Bu yöndə bəzi təklifləri də var. Həmin təkliflər aşağıdakılardır: kitabı, ümumiyyətlə, kağızı vergidən azad etmək; rayon və qəsəbələrdə heç olmasa beş illik icarə haqqından azad mağazalarla nəşriyyatları təmin etmək; televiziya, radio, metro və digər yerlərdə çox cüzi məbləğdə reklam yerləri ayrılsın; ədəbiyyatımızın xaricdə nəşri üçün naşirlərə və müəlliflərə maliyyə dəstəyi göstərilsin; müasir yazarların əsərlərinin dövlət məktəb kitabxanaları üçün alışı təşkil edilsin; insanların kütləvi olduğu məkanlarda kitab satışına şərait yaradılsın; obyektiv müsabiqələr keçirilsin; xarici ədəbiyyatın nəşri üçün obyektiv tenderler təşkil olunsun; ildə iki dəfə böyük kitab yarmarkaları keçirilsin; vacib və önəmli bədii əsərlərin filmlərinin çəkilişi və dünyaca məşhur yazarların Azərbaycana gəlişi təmin olunsun.
Siqaret, yoxsa kitab?
"Mütərcim” nəşriyyatının icraçı direktoru, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əliş Ağamirzəyev cəmiyyətin mütaliə qabiliyyətinin aşağı düşməsi fikrinə fərqli yanaşır. Deyir ki, müasir gəncliyin az mütaliə etməsindən şikayətlənmək dəb halını alıb. Halbuki bu vəziyyət hərtərəfli, elmi metodlarla tam araşdırılmayıb: "Əksər ölkələrdə, xüsusilə Avropa dövlətlərində ayrıca institutlar əhalinin mütaliə səviyyəsini, kitaba tələbatını, mövcud problem və perspektivləri sistemli, elmi şəkildə araşdırır, öz tədqiqatlarının nəticələrini, tövsiyələrini təqdim edirlər. Biz isə daha çox şəxsi müşahidələrimizdən çıxış edərək fikir yürüdür və əsasən də çap kitabının az mütaliə olunmasından şikayətlənirik. Ancaq kitab elə təkcə ənənəvi formada qəbul etdiyimiz çap kitabı deyil ki... Zaman keçdikcə kitab öz fiziki formasını dəyişir. Amma daş kitabələrdən bugünkü elektron nəşrlərə qədər yol keçmiş kitab öz mahiyyətini heç vaxt dəyişməyib. Məncə, mütaliədən danışarkən elektron nəşrlərdən istifadəni də nəzərə almaq lazımdır. Oxuyan zümrənin sayı hazırda qaneedici olmasa da, hesab edirəm ki, düşündüyümüz qədər faciəli səviyyədə də deyil! Son illərdə kitaba, ədəbiyyata marağın artdığını müşahidə edirik”.
Kitaba maraq artsa da, Azərbaycanın kitab bazarında satış hələ ki ürəkaçan deyil. Naşir bunu əhalinin alıcılıq qabiliyyəti ilə bağlamağı düzgün saymır. Onun fikrincə, ölkəmizdə kitabların qiyməti dünyanın başqa yerləri ilə müqayisədə yüksək deyil. Bu vəziyyət daha çox kitab mağazalarının azlığı və mövcud kitab mağazalarının öz işlərində yeni texologiyalardan, yeni satış metodlarından, marketinq üsullarından lazımi səviyyədə yararlanmamaları ilə bağlıdır: "Hərdən deyirlər, kitab almırlar, çünki maddi imkanları yoxdur. Bu fikirlə razı deyiləm. Hər gün sağlamlığa zərərli siqaretə 2-3 manat xərcləyən insanın ayda 5-10 manata bir kitab alması elə də çətin olmaz. Biz insanları mütaliəyə təşviq etməyi bacarmalıyıq. Onlara bu kitabı niyə oxumalı olduğunu izah etməli, mütaliənin zəruriliyini aşılamalıyıq. Ümumiyyətlə, cəmiyyətdə kitaba münasibəti dəyişməliyik. Hazırda bizdə kitaba əksər hallarda universitetə daxil olmaq üçün vasitə kimi baxırlar. Biz insanlara mütaliənin bütün ömür boyu davam edən, sistemli proses olduğunu, mənəvi qida kimi zəruriliyini aşılamalıyıq. Kitab mağazaları, nəşriyyatlar öz məhsullarını, bir növ, oxucunun "ayağına aparmalıdır”. Gözləməməlidir ki, hansısa oxucu gəlib kitab alsın. Xarici ölkələrdə kitab mağazaları çoxdandır ənənəvi satışla yanaşı, yeni marketinq üsullarından da istifadə edir”.
"Nəşriyyatlar müəlliflərə
lazımi qədər qonorar verə bilmir”
Mütəxəssis deyir ki, hazırda təhsillə bağlı kitablara, tədris vəsaitlərinə, lüğət və ensiklopediyalara tələbatın çox olduğu müşahidə olunur. Bu da təbiidir, xalqımız həmişə təhsilə böyük önəm verib. Valideynlər, elə şagirdlərin özləri də tədrislə bağlı kitabları, ümumi dünyagörüşü inkişaf etdirən ədəbiyyatları, lüğətləri həvəslə alırlar. Bədii əsərlərdən isə xarici ədəbiyyatdan tərcümələrə üstünlük verildiyini görmək olar: "Onu da qeyd edim ki, hazırkı kitablar yaradıcılıq baxımından poliqrafik keyfiyyətdən geri qalmır, mən deyərdim, bəzən hətta onu qabaqlayır. Poliqrafik keyfiyyət həm də texnika ilə, yeni texnoloji nailiyyətlərlə bağlıdır. Yaradıcılıq isə fərdidir, sırf insanın şəxsi nailiyyətləri ilə bağlıdır. Bizim, xalq olaraq, savadlı, yüksək intellektli yaradıcı insanlarımız çoxdur”.
Bəs kitabın təbliği və satışı ilə kim məşğul olmalıdır - nəşriyyatlar, yoxsa müəlliflər? Ə.Ağamirzəyevin fikrincə, müəllif öz qonorarını almalı, əsərinin yayım hüquqlarını nəşriyyata verməlidir. O, satışla, təbliğatla məşğul olmamalı, yeni əsərlər haqqında düşünməlidir. Əmtəə kimi kitab nəşriyyatın məhsuludur: "Xarici ölkə nəşriyyatlarının bu istiqamətdə böyük təcrübələri var. Nəşriyyatlar ədəbi dərgilər nəşr edir, rəylər, tənqidi məqalələr dərc edir, müzakirələr, təqdimatlar təşkil edirlər və s. Bunlar ənənəvi üsullardır. Hazırda daha yeni metodlara əl atırlar. Məsələn, hər hansı bir əsərin onlayn müzakirəsini təşkil edirlər və ya oxucuların suallarını cavablandırırlar. Əsərin ən maraqlı məqamlarını bəzən səhnələşdirib, kiçik videoroliklər şəklində təqdim edirlər. Yəni kitabların reklamı, təbliği üçün kifayət qədər əmək sərf edirlər. Onların bu təcrübəsindən yararlanmaq lazımdır. O ki qaldı kitabın tirajının müəyyənləşməsinə, bu, bir sıra amillərlə bağlıdır: əhalinin sayı, mütaliə, yəni savad səviyyəsi, alıcılıq qabiliyyəti, kitabın mövzusu, kitab ticarəti şəbəkəsinin vəziyyəti və s. Əhalisi bizim ölkənin əhalisi qədər olan dövlətlərdə kütləvi nəşrlərin tirajı təxminən 5-10 min arası dəyişir. Azərbaycanda isə bu rəqəm 500-1000 nüsxə arası olur. Bizdə mövcud vəziyyət, fikrimcə, kitabı lazımi qədər təbliğ edə bilməməyimizlə və kitab mağazalarının sayının az olması ilə bağlıdır. Kitabların tirajı aşağı və kitab satışı zəif olduğu üçün, təbii ki, nəşriyyatların gəliri də az olur. Ona görə də müəlliflərə lazımi qədər qonorar verə bilmirlər. Kitab nəşrində 10-15 il bundan əvvəlki vəziyyətlə müqayisədə nəzərəçarpacaq irəliləyiş var. Ancaq kitab nəşrinin gəlirli biznesə çevrilməsindən danışmaq, məncə, hələ tezdir”.
Hər bir halda nəşriyyat işi yaradıcılıq işi olmaqla bərabər, həm də biznesdir. Biznes maarifçilik missiyasını həyata keçirmək üçün vasitə olmalıdır. Yəni uğurlu biznes olmalıdır ki, bu missiyanı yerinə yetirə, əhaliyə xidmət edə biləsən. Ona görə də kitab nəşrində maarifçilik missiyası və biznes maraqları paralel gözlənilməlidir. Ancaq Azərbaycanda kitab çapı sahəsində sağlam biznes mühitinin yaradılması üçün dövlətin dəstəyinə böyük ehtiyac var: "Dövlətimiz kitab nəşrinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Respublikası Prezidentinin latın qrafikası ilə təkrar nəşrlərin həyata keçirilməsi və "Dünya ədəbiyyatı kitabxanası” seriyasının nəşri haqqında məlum sərəncamları əsasında çap olunan kitablar, Heydər Əliyev Fondunun nəşrləri, Mədəniyyət Nazirliyinin nəşr etdiyi kitablar və s. buna bariz sübutdur. Mədəniyyət Nazirliyinin "Bərpanəşr” layihəsi əsasında yenidən çap olunan kitablar tariximiz, mədəniyyətimiz üçün çox vacib kitablardır. Mənə elə gəlir ki, dövlət kitab nəşrinin inkişafı istiqamətində nəşriyyatların ayrı-ayrı layihələrini dəstəkləməklə, nəşriyyat fəaliyyəti üçün uzunmüddətli faizsiz və ya aşağı faizli kreditlər verməklə öz dəstəyini davam etdirməlidir”.
Bunlar sadəcə naşirlərin problemə baxış bucaqları idi. Bucaqlar müxtəlif, baxışlar çoxdur. Yazıçılar problemə hansı bucaqdan baxırlar, görəsən? Bu isə artıq başqa yazının mövzusudur...
Xəyalə MURADLI
Azərbaycan.- 2019.-10 aprel.- S.5; 8.