Liderlik nümunəsi
Uğurlarının təməlində
ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi
kursunun, strateji proqramların, konsepsiyalar və islahatların
dayandığı müstəqil Azərbaycan son illər ərzində
həm bölgədə, həm də dünyada çox
böyük nüfuz qazanmış sürətli inkişaf edən
ölkələr sırasına daxil olub.
Ulu öndər Heydər
Əliyev tərəfindən formalaşdırılan
inkişaf strategiyasını siyasətinin ana xəttinə
çevirən, yüksək dövlətçilik və idarəçilik
təfəkkürünə malik lider Prezident İlham
Əliyev ölkənin sürətli tərəqqisini təmin
edir.
Müasir Azərbaycanın
qurucusu ulu öndər Heydər Əliyevin həyat amalı,
möhtəşəm fəaliyyəti, uzaqgörən və
müdrik siyasəti sayəsində ölkəmiz bu gün
azad, müstəqil və güclüdür. Prezident
İlham Əliyevin apardığı məqsədyönlü
siyasət suveren Azərbaycana şanlı tariximizin ən
uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə
regionun aparıcı dövlətinə çevirib.
Bu gün Azərbaycan
uğurla gerçəkləşdirilən sosial-iqtisadi
islahatların - davamlı və tarazlı inkişafı
stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın
bütün sahələrini əhatə edən fərman və
sərəncamların nəticəsi olaraq dünyanın
sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi
böhrandan uğurla çıxan dövlətlərindən
biri kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasət nəticəsində
Azərbaycan son 16 ildə olduğu kimi, 2018-ci ildə də
iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə
çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin
beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin ən mühüm-əlamətdar
hadisəsi prezident seçkilərinin keçirilməsi və
cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm
qələbə qazanması oldu. Azərbaycan xalqı cənab
İlham Əliyevə yüksək etimad göstərdi və
bir daha sabitliyə, inkişafa səs verdi.
Ötən il aprelin 11-də
xalqımız cənab İlham Əliyevin siyasətinə -
inkişafa, sabitliyə, "Yeni hədəflərə
doğru” müddəalarına yenidən "HƏ” deməklə
bu inkişafın davamlılığını, dinamizmini
şərtləndirdi və sürətləndirdi. Dövlət
başçısı Azərbaycan xalqına müraciətində
qeyd etdiyi kimi: "Bu seçkilərdə Azərbaycan
xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə
səs vermiş, son 15 il ərzində görülən
işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə
qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü
siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə
çevirmişdir. Azərbaycanın beynəlxalq
nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta
bilmişik. Bu gün Azərbaycan
dünyada çox böyük hörmətə, rəğbətə,
dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə
hesablaşırlar və biz beynəlxalq aləmdə öz
mövqelərimizi böyük dərəcədə gücləndirə
bilmişik”.
Azərbaycan xalqı Yeni Azərbaycan
Partiyasının sədri, dövlət
başçısı cənab İlham Əliyevə yüksək
inam və etimad göstərməklə ölkəmizin
qarşıdakı dövrdə də möhtəşəm
nailiyyətlər, uğurlar qazanmasına mandat verdi.
Azad, şəffaf şəraitdə Azərbaycan
seçicilərinin yüksək fəallığı ilə
yenidən Prezident seçilən cənab İlham Əliyevin
xalq qarşısında çıxışında səsləndirdiyi
fikirlər, verdiyi vədlər hər biri tam şəkildə
yerinə yetirilib və yetirilməkdədir.
Son bir ildə Prezidentin rəhbərliyi
ilə Azərbaycanın dinamik inkişafı davamlı
xarakter daşıyıb. Siyasətinin əsasında
Azərbaycan xalqının maraqlarını müdafiə etməyin
vacibliyinin dayandığını söyləyən cənab
Prezident xalqın rifah içində, təhlükəsizlik
şəraitində yaşaması üçün əlindən
gələni edir. Əhalinin rifahının
yaxşılaşdırılması, sosial problemlərin həlli
istiqamətində ardıcıl addımlar atır. Ötən bir ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə
bir sıra uğurlar qazanılıb. Ümumi daxili məhsulun
artımı, sənaye və kənd təsərrüfatı
istehsalının yüksəlməsi, yeni iş yerlərinin
açılması, bütövlükdə əhalinin real gəlirlərinin
artması kimi faktorlar bunun əyani sübutudur. Prezident
İlham Əliyevin sosialyönümlü dövlət
quruculuğunun təmin olunması istiqamətində
apardığı uğurlu siyasət nəticəsində
işsizliyin və yoxsulluğun aradan qaldırılması
istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentin bu tədbirləri bir daha sübut
edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi
daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə
artırılması da bu sahəyə Azərbaycan Prezidentinin
qayğısını bir daha təsdiq edir.
Azərbaycan dinamik inkişaf
yolunda əmin addımlarla irəliləyir, ölkəmizin
beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla
yanaşı, zamanın çağırışlarına
uyğun olaraq genişmiqyaslı islahatlar həyata
keçirilir, ölkəmizin qüdrətinin daha da
artmasına xidmət edən mühüm addımlar
atılır. Son zamanlar Prezident İlham
Əliyevin imzaladığı fərman və sərəncamlara
uyğun olaraq həyata keçirilən tədbirlər sosial,
iqtisadi və digər sahələri əhatə edən
islahatların davamlı xarakter
daşıdığını göstərir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
böyük inkişaf yolu keçərək regionun lider
dövlətinə çevrilib, paytaxt Bakının və
regionların siması əhəmiyyətli dərəcədə
dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib
və bütün bunlar Azərbaycanın qüdrətinin
artmasını təmin edib.
Bütün bunlar göstərir
ki, güclü iqtisadi və sosial siyasət Azərbaycanda
dövlət siyasətinin əsas istiqamətlərindən
biridir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli
və rəqabətədavamlı inkişafının təmin
olunması istiqamətində həyata keçirilən
iqtisadi islahatlar nəticəsində bu sektorun potensial
imkanları genişlənib, yeni istehsal sahələri
yaradılıb, idxalı əvəz edən məhsulların
yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma
səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb.
İqtisadiyyatın neft sektorundan
asılılığının azaldılması, qeyri-neft
ixracının artırılması və dünya iqtisadiyyatına
inteqrasiya istiqamətində həyata keçirilən siyasət
növbəti 10 ildə ölkəmizdə qeyri-neft sektorunun əvvəlki
onilliklə müqayisədə daha çox
artacağını şərtləndirir. Prezident İlham Əliyevin inkişaf siyasəti
özündə uzunmüddətli və çoxşaxəli
perspektiv hədəfləri ehtiva edir. Belə
ki, dövlət başçısı tərəfindən təsdiq
olunmuş müxtəlif proqramlar bütövlükdə, Azərbaycanın
uzunmüddətli inkişafı üçün strateji vəzifələr
müəyyən edir.
Azərbaycan artıq
dünyada iqtisadi inkişafın özünəməxsus
modelinə sahib olan ölkə kimi tanınır və qəbul
edilir. Postsovet məkanında keçid dövrünü
uğurla başa vuran ilk dövlət kimi əldə edilən
nailiyyət göstəriciləri
düşünülmüş, məqsədyönlü siyasətin
nəticələridir. Bunlar həm də
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda
həyata keçirilən siyasətin
düzgünlüyünün real isbatı və daha sürətli
inkişafın zəminidir.
"İslahatlar dərinləşəcək. İslahatlara
alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi
islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq
sistemində islahatlar, - artıq müvafiq göstərişlər
verilib və sənədlər paketi hazırlanır, - təhsil,
səhiyyə sahələrində, hər bir sahədə...”
- deyən Prezident İlham Əliyev bu ilin ilk 2 ayında əhalinin
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
inqilabi islahatlara imza atıb. 3 milyondan çox vətəndaşımızın
maddi vəziyyətini yaxşılaşdıran sosial paketin təsdiqlənməsi,
minimum əməkhaqqı və minimum pensiyanın 40 faiz
artması, sosial müavinətlərin iki dəfə
artması, məcburi köçkünlərə verilən
müavinətlərin 50 faiz artması, tələbələrin
təqaüdlərinin, şəhid ailələrinə verilən
müavinətlərin, xarici valyutada
götürülmüş kreditlərin artan hissəsinin
ödənilməsi barədə qərarın qəbul edilməsi
islahatların tərkib hissəsi olaraq xalqın rifahına
yönəlib.
Prezident İlham Əliyevin
Novruz bayramı ərəfəsində imzaladığı əfv
sərəncamı dövlət başçısının
humanizm siyasətinin parlaq nümunəsidir. Sadalanan bu
faktlar Azərbaycanın inkişaf, tərəqqi, sabitlik
ölkəsi olduğunun, dünyada və bölgədə
gedən proseslərdən asılı olmayaraq öz müstəqil
yolu ilə, inkişaf yolu ilə uğurla irəlilədiyinin əyani
sübutudur.
Azərbaycan bu gün
güclü dövlət quruculuğu istiqamətində
möhkəm dayaqlar üzərində irəliləyir və
bu dayaqlardan biri, bəlkə də birincisi
xalqımızın öz milli-mənəvi dəyərlərinə
bağlılığıdır. Cənab Prezidentin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə
edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində
də özünü göstərir. Xüsusilə
böyük tarixə malik məbədlərimizin bərpası
və xalqımızın istifadəsinə verilməsi sahəsində
ardıcıl tədbirlərin həyata keçirilməsi
milli-mənəvi dəyərlərimizə olan böyük
xidmətdir.
Prezident İlham Əliyev
tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin
dirçəldilməsinə, həmçinin dini ziyarətgahların
əsaslı təmirinə və yenidən qurulmasına
xüsusi diqqət ayırır. Maddi-mədəniyyət
abidələrinin bərpası və mühafizəsini daim
diqqət mərkəzində saxlayan dövlət
başçısının sərəncamları ilə son
bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların
bərpası ilə bağlı görülən silsilə
tədbirlər dini-mənəvi dəyərlərə verilən
yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə,
müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli-mənəvi dəyərlərə həssas
münasibətin dövlət siyasətinin mühüm
prioritetlərindən birinə çevrilməsi, ölkədə
güclü tolerantlıq ənənələrinin getdikcə
daha da möhkəmləndirilməsi Azərbaycanı
dünyada multikulturalizmin əsas mərkəzinə
çevirib.
Dini, mədəni və tarixi abidələrin
bərpasına, onların yenidən xalqın qan
yaddaşına qaytarılmasına həssaslıqla yanaşan,
bu sahədə həyata keçirilən layihələrə
ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə
bir çox dini abidələrin bərpası ilə
bağlı imzaladığı sərəncamlar, verdiyi
tapşırıqlar ölkəmizdə mövcud olan milli mənəvi
dəyərlər sisteminin ayrılmaz hissəsinə
çevrilib. Bütün bunlar bir daha göstərir
ki, Prezident İlham Əliyev tarixi keçmişimizin
unudulmasına imkan vermir və çalışır ki, gələcək
nəsillər xalqımızın milli mənəvi
dünyasına daha çox bağlı olsunlar. Bu gün Azərbaycan müsəlman aləmində
çox böyük hörmətə, nüfuza malikdir.
İslam həmrəyliyinə müstəsna
töhfələr verir. 2018-ci ildə də
Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü
fəaliyyətini uğurla davam etdirib.
Heydər Əliyevin dövlət-din
münasibətləri sahəsində əsasını
qoyduğu siyasətin onun layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla
aparılmasının nəticəsidir ki, bu gün Azərbaycanda
mövcud olan dini dözümlülük və tolerantlıq
dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət
dünya ölkələri tərəfindən məqbul model
kimi qəbul olunur və bəyənilir. Bu
istiqamətdə Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun fəaliyyəti təkcə ölkə daxilində deyil,
onun hüdudlarından kənarda da böyük əks-səda
doğurur. Bütün bunlar ölkəmizdə
dinə dövlət qayğısının bariz nümunəsi,
ümumiyyətlə, dövlət-din münasibətlərinin
ən yüksək məcrada davam etməsinin təzahürüdür.
Ölkəmizdə dövlət
başçısı tərəfindən müəyyən
edilən dövlət-din münasibətlərinin yüksələn
xətlə inkişafında Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi
ilə birgə fəaliyyət göstərir, milli-mənəvi
və ənənəvi dini dəyərlərimizi cəmiyyətə
düzgün şəkildə çatdırmaq məqsədilə
mütəmadi maarifləndirici tədbirlər, beynəlxaq səviyyəli
konfranslar keçirir və keçirməkdədir.
Ötən günlərdə
Prezident İlham Əliyevin bütün həyatı boyu cəmiyyətdə
mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin
bərqərar olunması yolunda səmərəli fəaliyyət
göstərən, yaxın tarixi keçmişdə
xalqımızın yaşamış olduğu
taleyüklü hadisələr zamanı həm dini rəhbər,
həm də ictimai xadim kimi yüksək vətənpərvərlik
və əsl vətəndaş mövqeyi nümayiş
etdirmiş, ölkəmizdə beynəlxalq hüquq
normalarına və mütərəqqi tarixi ənənələrə
əsaslanan dövlət-din münasibətlərinin
formalaşması, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması və
təbliği sahəsində xidmətlər göstərmiş
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin anadan
olmasının 70, şeyxülislamlıq fəaliyyətinin
40 illiyinin tamam olması münasibətilə
yubileyinin qeyd edilməsi barədə imzaladığı sərəncam
dövlətin din sahəsinə verdiyi dəyərin bariz
nümunəsidir.
Azərbaycan dövlətinin din siyasətinin
örnək olmasının çoxsaylı nümunələrindən
biri də Prezident İlham Əliyevin müsəlmanlarla
yanaşı, yəhudi və xristian icmalarına hər il qeyd etdikləri dini bayramlarda təbrik
ünvanlamasıdır.
Sadalanan faktlar bir daha göstərir
ki, dünyada dini ayrı-seçkiliyin gücləndiyi və
dini zəmində qarşıdurmaların artdığı
bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin
tərkib hissəsidir. Fəxrlə deyə bilərik ki, bu
gün bütün dünyada demokratik dəyərlərdən
biri kimi təbliğ olunan dini dözümlülük
xalqımızın əsrlər boyu formalaşan və bir
çoxlarına örnək olan xarakterik xüsusiyyətidir
və bu, inkaredilməz həqiqətdir. Bu
gün Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı,
bir çox xristian, yəhudi dini tədris müəssisələrinin
sərbəst şəkildə fəaliyyət göstərməsi
və onlara dövlət tərəfindən lazımi dəstək
verilməsi də buna əyani sübutdur.
Dövlət başçısı
cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə
yüksək ehtiram və qayğısının sonuncu
nümunəsi onun 2017-cu il oktyabrın 10-da Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin tabeliyində
Mənəvi Dəyərlərin Təbliği Fondunun
yaradılması ilə bağlı imzaladığı fərmandır.
Fond ölkədə mövcud olan dini
konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin
qorunmasını və inkişafını, habelə bu sahəyə
dövlət dəstəyinin gücləndirilməsini təmin
etmək məqsədilə yaradılıb.
Eyni zamanda, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında imzaladığı sərəncam və sadalanan bütün faktlar birmənalı şəkildə deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur.
Mövcud mürəkkəb geosiyasi durumda bu uğurları daha da genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq möhtərəm Prezident İlham Əliyevin həqiqətən də görkəmli dövlət xadimi və qüdrətli lider olduğuna əyani sübutdur. Dövləti idarə etmək yəqin ki, siyasi bir şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilər. Ən azından elə ölkəmizin siyasi tarixi bunu göstərir. Amma dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır. Buna görə də, tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Beləliklə də, öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir.
Mübariz QURBANLI,
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini
Azərbaycan.- 2019.- 11 aprel.- S.1; 4.