Səmərəsi əsrlərə bərabər 25 yaşlı saziş

 

Sentyabrın 20-də "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 25 ili tamam olacaq. Bu, "Əsrin müqaviləsi” adını almış mühüm kontraktın, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının 25 illik yubileyi deməkdir.

Ötən illər ərzində saziş özünü doğrultmuş, Azərbaycanın iqtisadi inkişafına böyük töhfə vermişdir. Bu, eyni zamanda təkcə ölkəmizə deyil, bütün regiona, tərəfdaşlara və əlaqədar tərəflərə böyük mənfəətlər gətirmiş bir sazişdir.

Hazırda AÇG-də 2 texnoloji və 6 hasilat platforması fəaliyyət göstərir. Kompleksdən neftin və səmt qazının çıxarılması ahəngdar davam edir.

2018-ci ildə AÇG-dən ümumi hasilat təqribən 213 milyon barel - 29 milyon ton olub. "Çıraq” platformasından gündə orta hesabla 46 min, "Mərkəzi Azəri”dən 154 min, "Qərbi Azəri”dən 126 min, "Şərqi Azəri”dən 97 min, "Dərinsulu Günəşli”dən 105 min və "Qərbi Çıraq”dan 57 min barel neft çıxarılıb. İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat, 44 su injektor və 7 qaz injektor quyusu istismarda olub.

İl ərzində AÇG-də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb. SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilikdə isə 2,3 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına görə, AÇG üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən 2019-cu il yanvarın 1-dək 138 milyard 206 milyon ABŞ dollar təşkil edib. Keçən il AÇG-nin gəlirləri 9 milyard 720 milyon dollar olub. O cümlədən "Şahdəniz” kondensatının satışından il ərzində 245 milyon dollar gəlir əldə edilib.

Layihənin əməliyyatçısı olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: "Ötən illər nə qədər uğurlu olubsa, biz gələcəyin də bu qədər uğurlu olacağına ümid bəsləyirik. Bunu hesablamalarımız da göstərir. Cari ilin ikinci rübündə AÇG-nin gələcəyi üçün bir platformanın - "Mərkəzi Şərqi Azəri” platformasının sanksiyası veriləcək. Bu istiqamətdə SOCAR-la və digər tərəfdaşlarımızla işlər aparılıb”.

Yeni platforma Xəzərdə "Mərkəzi Azəri” və "Şərqi Azəri” platformaları arasında mərkəzi nöqtədə yerləşəcəyindən "Mərkəzi Şərqi Azəri” (MŞA) adlanacaq.

"Mərkəzi Şərqi Azəri”dən gözlənilən hasilat isə belədir: gündə 100 min barelə qədər neft (lay suları ilə birlikdə) və 350 milyon standart kubfutadək qaz. Quraşdırma, öncə qazma quyularının platformaya birləşdirilməsi və işəsalma tədbirləri tamamlandıqdan sonra hasilata 2023-cü ildə başlanacağı gözlənilir.

Yeni platformanın üst modullarının və dayaq blokunun inşa edilməsi üçün potensial tikinti-quraşdırma meydançaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və Bibiheybətdəki "AMEK-Tekfen-Azfen” sahələridir. Qurudakı tikinti-quraşdırma meydançalarında inşaatistismara hazırlıq işlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi nəzərdə tutulur. Layihənin qiymətləndirilməsi nəticəsində belə qənaətə gəlinib ki, tikinti mərhələsinin ən qaynar çağı 2021-ci ilin əvvəlinə təsadüf edəcək. Bu zaman işçi qüvvəsinin təxminən 3700 nəfərə çatacağı gözlənilir. Həmişə olduğu kimi, bu layihədə də Bakının tikinti meydançalarına yaxın olan Səbail və Qaradağ rayonlarının sakinləri məşğulluq problemlərini həll etmək imkanı qazanacaqlar. Əvvəlki neft-qaz tikinti layihələrində çalışarkən bacarıq nümayiş etdirmişetimad qazanmış işçilərə üstünlük veriləcək.

MŞA platformasından karbohidrogenlər "Dərinsulu Günəşli”nin neftqaz ixracı borularına yataqdaxili xətlərlə köçürüləcək. Hasil edilən neft AÇG-nin digər platformalarında olduğu kimi, Səngəçal terminalına çatdırılacaq və burada ixrac üçün lazım olan səviyyədə emal ediləcək. Çıxarılan qazın bir hissəsi platformada yanacaq kimi istifadə olunacaq, qalan qaz yataqdaxili xətlərlə "Mərkəzi Azəri”yə, oradan AÇG-nin mövcud ixrac borularına ötürüləcək.

Xatırladaq ki, bu işlər 2017-ci il sentyabrın 14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş Hasilatın Pay Bölgüsü Sazişinə əsasən görüləcək. Məlum olduğu kimi, AÇG layihəsinin müddəti 2049-cu ilin sonunadək uzadılıb. "Yeni əsrin müqaviləsi” adlandırılan sazişin imzalanmasından sonrakı 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması nəzərdə tutulub. Beynəlxalq tərəfdaş şirkətlər ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Artıq keçən il yanvarın 29-da ARDNF-yə 450 milyon dollar həcmində ilk bonus ödənişi həyata keçirilib.

Beləliklə, "Əsrin müqaviləsi”nin və "Yeni əsrin müqaviləsi”nin mənbəyi olan AÇG-nin salnaməsi uğurla davam edir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.-11 aprel.- S.8.