Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib
Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, "Macarıstanın Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib. ADA Universitetində keçirilən mərasimdə səfir ölkəsinin Prezidenti Yanoş Aderin adından təbrikləri çatdırıb və mükafatı təqdim edib. O vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.
Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O deyib: "Hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirmək vacibdir ki, gələcəyimiz əmin əllərdə olsun”.
Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın xarici siyasət və ticarət naziri Peter Siyartonun ADA Universitetindəki çıxışı barədə yüksək təəssüratını bölüşüb. O qeyd edib ki, nazir ADA-nın tələbə və müəllim heyəti qarşısındakı çıxışını və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yaddaqalan hissəsi kimi xatırlayır.
Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırlayıb və bildirib ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi.
Tərəflər
ADA Universitetinin Macarıstanın hazırda
üç ali təhsil
ocağı ilə imzaladığı əməkdaşlıq
anlaşmalarının nəticələrini nəzərdən
keçirib, artan sayda tələbə və müəllim heyəti
üzvünün mübadilə
proqramlarında iştirakını məmnunluqla qeyd ediblər. Vurğulanıb ki, ADA Macarıstan universitetlərinə 27 nəfər
göndərməklə, qarşı tərəfin 7 tələbəsini
mübadilə semestrlərinə qəbul edib.
Tərəflər bu rəqəmləri daha da
artıracaqlarını bildirilər. ADA Universitetində
Vışeqrad Qrupunun 25 illik
yubileyinin elmi konfransla qeyd edilməsi də
əməkdaşlığın uğurlu
nəticələrindən biri kimi qeyd olunub.
Azərbaycan.- 2019.-11 aprel.- S.8.