On milyonuncu vətəndaşın doğum haqqında şəhadətnaməsi
valideynlərinə təntənəli surətdə təqdim
olunub
Bu il
aprelin 6-da respublikamızın
on milyonuncu vətəndaşının
dünyaya gəlməsi
ilə Azərbaycan demoqrafik inkişaf baxımından nəinki keçmiş sovet ittifaqı dövlətləri,
həmçinin bir çox Avropa ölkələri arasında
liderə çevrilib.
Bu əlamətdar hadisə münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik edərək xeyir-dua veriblər.
AZƏRTAC xəbər verir ki, aprelin 10-da körpənin valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırdıqlarını bildiriblər.
Valideynlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.
Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova on milyonuncu vətəndaşımız Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsini təntənəli surətdə valideynlərinə təqdim edib.
Sonda
valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub, övladlarına uzun
ömür və uğurlu
gələcək arzulanıb.
Azərbaycan.- 2019.- 11 aprel.- S.10.