Cəbhə bölgəsində əhaliyə nümunəvi mədəni xidmət göstərilir

 

Təbiətin nazlı gəlini baharın müjdəsini gətirən mart ayının ilk günündə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdikləri tarixi görüş gündəmin əsas mövzusudur.

Cəbhə bölgəsində yerləşən Tərtərin dövlətin qayğısından güc alaraq sosial-iqtisadi inkişafın bütün istiqamətlərində və mədəniyyət sahəsində böyük uğurlar qazanması rayon sakinlərində razılıq yaradır, fərəh doğurur. Xalqların tanınmasında mədəniyyətin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruqçox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, həm də öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğururbütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir”.

Dövlətimizin güclənən iqtisadiyyatı xalqımızın milli sərvəti olan mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi üçünstimul yaratmışdır. Son illər ölkəmizin paytaxtı Bakıda olduğu kimi bölgələrdə də muzeylər inşa olunmuş, köhnə teatr binaları, mədəniyyət evləri... zövqlə əsaslı şəkildə təmir edilmişdir.

Prezident İlham Əliyevin cəbhə bölgəsi olaraq hər zaman xüsusi qayğı və diqqət göstərdiyi Tərtər rayonu da son illər təsərrüfat, tikinti, abadlıq-quruculuq sahəsində olduğu kimi mədəniyyətin inkişafında da böyük uğurlara imza atmışdır.

Rayon mərkəzi abadlığı, səliqə-sahmanı ilə göz oxşayır. Şəhərdə milli memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, əsaslı təmirdən sonra müasir görkəm almış Mədəniyyət Evi daha çox diqqət çəkir.

Dövlətin qayğısından güc alan, yaradılan imkan və şəraitdən məqsədyönlü şəkildə faydalanan mədəniyyət işçiləri tapşırılan vəzifəni layiqincə yerinə yetirmək bacarıqlarını əsirgəmir, səmərəli yaradıcılıq axtarışları edir, rayon əhalisinə nümunəvi mədəni xidmət göstərmək üçün inamla çalışırlar. Müəyyən edilmiş hədəflərə uyğun olaraq uşaqların və yeniyetmələrin istedadlarının erkən yaşlarında aşkar edilməsi məqsədilə rayonun mədəniyyət müəssisələrində vaxtaşırı müsabiqələr, yarışlar və festivallar təşkil olunur. Aşkar edilən istedadlı uşaqların bilik və bacarıqlarını artırmaları üçün onlar mədəniyyət müəssisələrinin nəzdində fəaliyyət göstərən kurs və dərnəklərə cəlb edilir, xüsusi qayğı və diqqətlə əhatə olunurlar.

Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümunəsi göstərmiş döyüşçülərin, o cümlədən tərtərli milli qəhrəmanlar Elman Hüseynovun, Vəzir Orucovun şərəfli döyüş yolu, qürurverici vətənpərvərlik missiyası rayonun mədəniyyət müəssisələrində geniş təbliğ olunur. Bu isə öz növbəsində gənc və yeniyetmələrin fəal vətəndaş, əsl vətənpərvər kimi formalaşmasına əhəmiyyətli təsir göstərir. Rayon mədəniyyət mərkəzində, mərkəzi kitabxanada, Heydər Əliyev Mərkəzində "Gənclər gələcəyin qarantıdır”, "İnkişaf edən gənclik” adlı "dəyirmi masalar, gənc rəssamların əl işlərindən ibarət sərgilər, aktual mövzularda keçirilən diskussiyalar, söhbətlər gənc və yeniyetmələrin intellektual səviyyəsinin yüksəlməsində, müasir dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Tarix-Diyarşünaslıq Muzeyi Tərtərin mədəniyyət müəssisələri sırasına yeni daxil olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində ucaldılmış bu yaraşıqlı bina şəhərin simasına yeni naxış vurur. Burada toplanmış eksponatlar ziyarətçilərdə böyük maraq doğurur, xalqımızın, dövlətimizin şanlı keçmişinə dair elmi məlumatlar verir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ilin "Nəsimi ilielan olunması Tərtərin mədəniyyət işçilərinin fəaliyyətinə yeni istiqamət vermişdir. Bu məqsədlə xüsusi plan hazırlanmış, keçiriləcək mədəni-kütləvi tədbirlər müəyyənləşdirilmişdir. Böyük Azərbaycan şairi Nəsimini daha yaxından tanımaq, onun yaradıcılıq fəlsəfəsini geniş təbliğ etmək üçün rayonun mədəniyyət müəssisələrində poeziya axşamları, bədii qiraətlər, şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiyalar keçirməyə artıq start verilmişdir.

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəliyinin qayğılı günləridir. Baharın gəlişi mədəniyyət işçilərinin fəaliyyətində qeyri-adi bir canlanma yaratmışdır. Rayonda "Baharxoş gəlir...” adlı geniş ədəbi-bədii kompozisiya hazırlanmışdır. Möhtəşəm Novruz şənliyi ötən illərdə olduğu kimi, yenə də şəhərin mərkəzi meydanında keçiriləcək. Tərtər rayonu üzrə mədəniyyət nümayəndəliyinin rəhbəri Ceyhun İsmayılzadə bizimlə söhbətində dedi:

- Martın 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşü respublikada mədəniyyətin inkişafına dövlət səviyyəsində verilən böyük önəmin, göstərilən qayğı və diqqətin parlaq ifadəsidir. Bu isti münasibət bizi üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə ruhlandırır. Rayonumuz cəbhə bölgəsində yerləşsə də, mədəniyyət sahəsində güclü maddi-texniki baza yaradılmışdır. Biz bu imkandan yararlanaraq rayon əhalisinə göstərilən mədəni xidmətin səviyyəsini hər vasitə ilə yüksəltməyə çalışırıq. Rayonun ictimai-siyasi həyatındakı bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirik. Ərazidə yerləşən hərbi hissələri də fəaliyyət dairəsinə daxil edə bilərik. Bir qayda olaraq ərazidəki hərbi hissələrdə Yeni il şənliyi, Novruz bayramı, hərbi hissələrin yaranma günlərində, Müdafiə Nazirliyinin "Açıq qapı” tədbirlərində, andiçmə mərasimlərində konsert proqramları ilə iştirak edirik.

Ölkəmizin iqtisadiyyatının inkişafı hər bir ölkə vətəndaşında olduğu kimi, biz mədəniyyət işçilərində də böyük ümidlər doğurur. Bəzi kəndlərimizdə mədəniyyət müəssisələrinin təmirə ciddi ehtiyacı var. Belə mədəniyyət müəssisələrinin yararsız vəziyyətə düşməsinin əsas səbəbi isə uzun illərdən bəri orada qaçqın və məcburi köçkün soydaşlarımızın məskunlaşması olmuşdur. Dövlətimizin sürətlə artan iqtisadi gücü sayəsində, şübhəsiz ki, bu problemlər də tezliklə aradan qaldırılacaq.

Dövlət başçısının mədəniyyətə verdiyi yüksək dəyər təbii ki, hər bir mədəniyyət işçisinin üzərinə məsul və şərəfli vəzifələr qoyur. Əmək meydanında, Qarabağ döyüşlərində gerçək qəhrəmanlıq nümunəsi göstərən tərtərlilər mədəniyyətimizin inkişafına da öz sanballı töhfələrini verirlər.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.-11 aprel.- S.11.