Azərbaycan dünyaya həm də
kosmosdan baxır
Qafqazın ilk peyk
operatoruna sahib olan ölkəmiz 6 ildə kosmosa
3 peyk göndərib
"Kəhkəşan yolu”, "Böyük süd yolu”...
Peyk əməliyyatları, uçuş dinamikası, fəzadakı görüntülər...
Avropada, Amerikada deyilik... Azərbaycandayıq.
Bu, xəyal da deyil, gerçəklikdir. Bir vaxtlar təsəvvürümüzdə canlandırdığımız prosesin real mənzərəsi ilə üz-üzəyik...
Bura "Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzidir...
Bu gün, yəni 12 aprel təqvim günü Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Biz də jurnalist marağı ilə dünyanı peyk nəzarətində saxlayan "Azərkosmos”a üz tutduq.
4 tikilidən ibarət peyk idarəetmə
kompleksi
Hava çox küləklidir. Amma bu ərazi kompleks üçün xüsusi olaraq seçilib. Bakı-Şamaxı avtomagistralının 37-ci kilometrliyindəki Babacan qış otlaq sahəsi "Azərkosmos”un idarəetmə mərkəzi üçün əlverişli sahədir.
Şirkətin Korporativ Kommunikasiya Departamentinin direktoru Aysel Soltanova deyir ki, 10 hektar sahəni əhatə edən peyk idarəetmə kompleksi üçün bu ərazinin seçilməsini bir sıra amillər şərtləndirib. Belə ki, bu zaman peykin yerləşdiyi orbital mövqeyə daha açıq və maneəsiz baxış bucağının olması, ərazinin üzərindən hava nəqliyyatı xətlərinin keçməməsi kimi amillər nəzərə alınıb. Kompleks özü 4 tikilidən ibarətdir: əsas bina, texniki bina, nəzarət-buraxılış məntəqəsi və üstüörtülü avtomobil dayanacağı.
Kompleksin yerləşdiyi ərazi iqlim və relyef baxımından mürəkkəb xarakterlidir. Burada yay ayları qızmar, qış isə sərt keçir. Bu məqsədlə əsas inzibati bina relyefə elə yerləşdirilib ki, şimal küləklərindən qorunma, istilik enerjisinə qənaət və ətraf mühitə uyğunlaşma təmin edilsin.
Az-az layihələr var ki, onlar həm gündüz görünüşdən, həm də gecə görünüşündən eyni dərəcədə uğurlu alınsın. Mərkəz bu tip nadir binalardandır, burada həm gündüz, həm də gecə görüntüsü bir-birindən özünəməxsus gözəlliyi ilə fərqlənir.
Meteoritin 4 yerə böldüyü qaya parçası
Müəllifi əməkdar memar Nəriman İmaməliyev olan Əsas Yerüstü Peyk İdarəetmə Kompleksinin tikintisi layihəsinə 2011-ci ildə start verilib və mürəkkəb konstruktiv həllinə baxmayaraq, qısa vaxt ərzində tikintisi başa çatdırılıb. Kompleks bir çox cəhətlərinə görə ölkəmizin memarlıq tarixinə düşəcək nadir layihələrdəndir.
Bu bina dekonstruktivizm üslubunda həll olunmuş binadır. Layihənin ideyası səma cisminin Yer səthinə enərək yerdə olan qaya parçası ilə toqquşması və toqquşma nəticəsində qaya parçasının dörd yerə ayrılmasını simvolizə edir. Memar obrazı daha canlı və dinamik etmək üçün material, forma və rəng seçimlərinə xüsusi diqqətlə yanaşıb. Belə ki, binanın əsas üzlük materialı olan mərmərin iki fərqli növündən istifadə olunub, mərmər üzlükdə üfüqi xətlərlə daha canlı səth yaradılıb və rəng seçiminə görə ətraf mühitin landşaft quruluşuna tam şəkildə uyğunlaşdırılıb.
"Kosmos və onun ram edilməsi”
Layihənin kompozisiya həlli futurizm və suprematizm üslublarına
yaxındır. Hər iki üslubda
əsas süjet xətti "kosmos və onun ram edilməsi”dir ki, bu da təyinatına
görə Azərbaycanda
ilk dəfə istifadə
olunan memarlıq üslublarıdır. Binanın interyeri
də bu üslubda layihələndirilib.
Mərkəzdə fasiləsiz
olaraq iş rejimi mövcuddur və kompleksin ərazisi 24 saat 7 gün rejimində mühafizə olunur. Sahənin perimetri boyunca, eləcə də binadaxili ofis sahələrində müşahidə
kameraları quraşdırılıb.
Ərazidə yerləşən
texniki binada peykə siqnalı ötürmək və qəbul etmək məqsədilə quraşdırılmış
xüsusi çanaq antenaları, eləcə də müvafiq texniki avadanlıqlar var. Bundan əlavə, burada kompleksi fasiləsiz elektrik enerjisi, istilik və havalandırma, su ilə təmin
etmək üçün
lazımi infrastruktur təmin edilib.
Dünyanın 1/3 hissəsini
əhatə edən telekommunikasiya peyki
Artıq iş saatı başlayıb. Hər kəs öz otağında işinin başındadır. Üçmərtəbəli binada Fəza,
Lütfi Zadə, Tusi, Peyk əməliyyatları,
iclas, istirahət və əyləncə otaqları, kitabxana, yeməkxana mövcuddur.
Bayıra açılan qapılardan
biri "kəhkəşan
yolu” adlandırılıb.
"Azərkosmos”un sədr müavini Dunay Bədirxanov deyir ki, bu gün
Azərbaycan dünyada
3 peykə sahib olan azsaylı ölkələrdəndir.
"Azərkosmos”un idarəçiliyində
olan ilk milli peykimiz - "Azerspace-1” telekommunikasiya
peyki 8 fevral 2013-cü
il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan "Ariane-5” daşıyıcı
raketi vasitəsilə
46° şərq uzunluğu
orbital mövqeyinə çıxarılıb.
"Azerspace-1” peyki bu gün Azərbaycan
üzərində ən
güclü siqnala malik peyklərdəndir.
Gün ərzində
6 milyon km2 ərazinin şəklini çəkə
bilən "Azersky”
2014-cü ilin dekabr ayında isə Fransanın
"Airbus DS” şirkəti və "Azərkosmos” arasında imzalanmış
strateji əməkdaşlıq
sazişi çərçivəsində
Azərbaycanın sayca
ikinci, təyinatına
görə Yer səthinin məsafədən
müşahidəsi peyki
olan "Azersky” "Azərkosmos” tərəfindən
təhvil alınıb.
Bununla da "Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi
üzrə kommersiya fəaliyyətinə başlayıb.
"Azersky”
peyki bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə
bilir. Bu o deməkdir
ki, Yer kürəsinin
hər bir nöqtəsi hər gün "Azersky” peyki tərəfindən yüksək ayırdetmədə
müşahidə oluna
bilər. Peykin termal izolyasiyası onun minimum 12 il
tam işləməsinə təminat verir.
Bu gün
ölkəmizin "Azersky”
peyki sayəsində dünyanın istənilən
nöqtəsinin yüksək
ayırdetməli peyk təsvirlərinə birbaşa,
qeyd-şərtsiz çıxış
imkanı var.
Ötən il sentyabrın 26-da isə Kuru kosmodromundan
uğurla orbitə buraxılan "Azerspace-2” peyki
də artıq kommersiya fəaliyyətinə
başlayıb. Peyk müasir
elekrik mühərrikləri
ilə təchiz olunub.
"Azerspace-2” peyki Avropa, Mərkəzi
və Cənub-Qərbi
Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini
əhatə edir. Yeni peyk
"Azərkosmos”un xidmət
spektrinin və fəaliyyət coğrafiyasının
genişləndirilməsi ilə
yanaşı, birinci telekommunikasiya peyki -
"Azerspace-1” peykinin orbitdəki
ehtiyatıdır. Peyk regionda
dövlət və özəl qurumlara şəbəkə xidmətləri
sahəsində artmaqda
olan tələbləri
qarşılamaq üçün
yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.
Ümumilikdə dəyəri
190 milyon dollar olan
"Azerspace-2” peykinin ölkə
iqtisadiyyatına 400 milyon
dollar gəlir gətirəcəyi
proqnozlaşdırılır.
100-ə yaxın televiziya və radio kanalı
Burada ən maraqlı qruplardan biri də Faydalı Yük və Şəbəkə Əməliyyatları
qrupudur. Qrupun aparıcı müştəri
mühəndisi Günay
Feyziyeva ilə söhbət zamanı bəlli olur ki, hazırda
"Azerspace-1” peyki üzərindən
100-ə yaxın televiziya
və radio kanalı yayımlanır.
Müştərilərə göstərilən
peyk xidmətləri içərisində televiziya
və radio yayımı,
müxtəlif məntəqələrə
video-məzmunun çatdırılması,
korporativ şəbəkə,
internet, videokonfrans, uzaq
məsafədən idarəetmə,
uzaq məsafədən
rabitənin qurulması,
canlı videobağlantı
və s. xidmətlər
var. Burada həmçinin
canlı yayım xidməti də təklif edilir. Bunlar əsasən idman və müxtəlif oyunlar, xəbərlər,
dövlət tədbirləri
çəkilişlərinin yayımlarıdır.
Peyk xidmətlərimizdən əsasən
MDB regionu, Avropa, Afrika, Orta və
Yaxın Şərq və Asiya regionlarında
istifadə olunur. Müştərilərə 4 dildə (Azərbaycan,
rus, ingilis və türk) 24/7 rejimdə fasiləsiz xidmət göstərilir.
Digər maraqlı qrup isə Peyk və
yerüstü sistemlər
departamentinin peyk əməliyyatları qrupudur. Qrupun böyük
peyk mühəndisi Fariz Əliyev 7 ildir burada çalışır.
Onun sözlərinə görə,
peyk əməliyyatlarının
əsas məqsədi
peykin ona ayrılmış 46 dərəcə
şərq uzunluğunda
qalmasını təmin
etmək, peykin sazlığı və faydalı yükünün
müştərilərin istəyinə
uyğun olaraq konfiqurasiya olunmasıdır.
Mövsümə uyğun olaraq peykin durumu yoxlanılır. Məsələn, yaz və payız
mövsümündə peyk
üçün günəş
tutulmaları olur, yəni Yer peyklə
günəşin arasına
daxil olur. Bu zaman elektrik
üçün peyk günəşdən enerji
ala bilmədiyindən daxili
batareyalardan istifadə
edilir. Həmin müddətdə peykə xüsusi nəzarət edilməlidir.
Bütün peyklər
yerli mütəxəssislər
tərəfindən idarə
olunur
Yarandığı gündən "Azərkosmos”da
yüksəkixtisaslı kadrların
hazırlanmasına xüsusi
diqqət yetirilib. Texniki heyət mərhələli
şəkildə ABŞ, Malayziya,
Çin, Almaniya, Hindistan və s. ölkələrdə müxtəlif
kurs və təlimlərdə iştirak
edib. Əsas məqsəd milli
peyklərin idarə və istismar edilməsinin azərbaycanlı
mütəxəssislər tərəfindən
həyata keçirilməsini
təmin etməkdir.
Hazırda qurumun işçilərinin
hamısı yerli kadrlardan ibarətdir. Fariz Əliyev
qeyd edir ki, artıq bütün peyklər ölkə ərazisindən
tamamilə azərbaycanlı
mütəxəssislər tərəfindən
idarə olunur. Onların əksəriyyəti gənclərdən
ibarətdir. Ümumiyyətlə, peyk layihələri yüksək texnologiyaların
ölkəyə transferi,
eləcə də kosmik proqramların idarə edilməsi, kosmik layihələrin müstəqil həyata keçirilməsi üzrə
peşəkar bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə
xidmət edir.
"Azərkosmos”un Yerüstü sistemlərə xidmət qrupunun rəhbəri Emil Abbasov deyir ki,
burada qrupun işi peykə göndərilən komandaların
davamlılığını təmin etmək, antenaların peykləri izləməsinə və
avadanlıqların sazlığına
nəzarətdir. Çanaq antenalarının
istənilən hava şəraitinə davamlılığı
da təmin olunub. Qar, çovğun, leysan belə işə mane ola bilməz.
6 ildə
3 peyk
Beləcə, "Azərkosmos”da
çalışan mütəxəssislərin
bir iş gününü izlədik.
Burada çox maraqlı proseslər baş verir...
Onu da əlavə edək ki, bütün proseslərin bir-birinə zəncirvarı bağlılığı var. Ona görə də bütün işlər "zərgər dəqiqliyi” prinsipi ilə həyata keçirilir. Qürurverici məqamlardan biri də odur ki, yerli kadrlardan ibarət mütəxəssislərin əməyi sayəsində "Azərkosmos” Azərbaycana böyük iqtisadi-siyasi dividendlər qazandırır.
Ötən il "Azerspace-2”nin orbitə göndərilməsi münasibətilə xalqı təbrik edən Prezident İlham Əliyev bunu xalqın, dövlətin növbəti qələbəsi adlandırmışdı: "Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.
Son 6 il ərzində orbitə 3 peyk çıxaran Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və bayrağımız ən yüksək zirvələri fəth edir.
Bir sözlə, "Azərkosmos” beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıq qurur ki, bu da, öz növbəsində, müstəqil Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 12 aprel.- S.1; 5.